Media
Xəbərlər

“Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir
Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verən nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir. Layihəmizin növbəti qonağı Ağdam rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən Qarayevlər ailəsidir. Cəlil Qarayev 1953-cü ildə Ağdam rayonunun Güllücə kəndində müəllim ailəsində anadan olub. Bakı İncəsənət İnstitutunu və Moskva Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1994-cü ilə qədər Güllücə kənd Mədəniyyət Evində rəssam kimi fəaliyyət göstərib, kəndin mədəni həyatında fəal iştirak edib. Həyat yoldaşı Şəfiqə Qarayeva 1960-cı ildə Ağam rayonunun Güllücə kəndində anadan olub, orta təhsillidir, 2025-ci ilədək Güllücə kənd Mədəniyyət evində texniki işçi kimi fəaliyyət göstərib. Hazırda təqaüddədir. 48 ildir evli olan Qarayevlərin bu evlilikdən 6 övladı, 12 nəvəsi var. Övladları müxtəlif peşələrdə çalışaraq ölkəmizin rifahına öz töhfələrini verirlər. Qarayevlər ailəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi zamanı öz doğma yurd-yuvalarını tərk etməyə məcbur olaraq 1994-cü ildə Bərdə rayonu ərazisində yerləşən çadır şəhərciyində məskunlaşıblar. Bütün çətinliklərə baxmayaraq, C.Qarayev sənətindən uzaq düşməyib, rəsm əsərləri yaratmağa davam edib. Əsərləri bu gün də mütəmadi olaraq müxtəlif sərgilərdə nümayiş olunur. Rəssamlıqla məşğul olmaq, tar alətində ifa etmək onun üçün daxili dünyasını ifadə etməyin, insanların qəlbinə yol tapmağın bir yoludur. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yaşatmaq məqsədilə onların portretlərini kətan üzərində işləyərək təmənnasız şəkildə ailələrinə təqdim edən C.Qarayev qeyd edib ki, “Bu işi mən özüm üçün sadəcə bir sənət nümunəsi deyil, vətəndaşlıq borcu, mənəvi məsuliyyət hesab edirəm. Düşünürəm ki, bu yolla şəhidlərimizin əziz xatirəsinə kiçik də olsa töhfə verirəm və bu, mənə dərin mənəvi rahatlıq, qürur hissi bəxş edir”. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik. - Xoşbəxt evliliyin sirri nədədir? - Xoşbəxt evliliyin sirri qarşılıqlı hörmət, etibar və anlayışdadır. Sevgi ailənin təməlidir, amma uzunömürlü olması üçün səbirli olmaq, bir-birini dinləmək və anlayış göstərmək vacibdir. Biz ailədə ‘”mən” yox, “biz” anlayışını ön planda tuturuq.Ailə həyatında müxtəlif mərhələlər olur və hər mərhələdə insanın səbirli olması, qarşı tərəfi başa düşməsi çox önəmlidir. Həmçinin ailədə “mən haqlıyam” düşüncəsindən daha çox “biz necə razılaşa bilərik” yanaşması üstün olmalıdır. Bir-birini dinləmək, incitməməyə çalışmaq və ən əsası, münasibəti qorumaq istəyi ailəni uzunömürlü edir. - Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? - Hər ailədə olduğu kimi bizim ailəmizdə də bəzən fikir ayrılıqları olur. Bu, həyatın təbii bir hissəsidir. Əsas məsələ bu vəziyyəti necə idarə etməkdir. Biz çalışırıq ki, əsəbi halda qərar verməyək. Sakitləşdikdən sonra məsələni müzakirə edirik. Hər kəs öz fikrini açıq şəkildə bildirir və qarşı tərəfi dinləyir. Çox vaxt ortaq bir məxrəcə gəlmək mümkün olur. Ona görə də ailədə açıq və səmimi ünsiyyət çox vacibdir. - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? - Biz uşaqlara yalnız sözlə deyil, öz davranışımızla da tərbiyə veririk. Onlara diqqət, qayğı və sevgi göstərərək onların özünəinamını artırmışıq. Hər uşaq fərqlidir, buna görə fərdi yanaşma da çox önəmlidir. Uşaq ilk tərbiyəni ailədə alır və valideynin davranışı onun üçün ən böyük nümunə olur. Uşaqlara kiçik yaşlarından vətən sevgisi, dövlətə bağlılıq, milli dəyərlərə hörmət aşılanmalıdır. Bunun üçün valideyn özü də bu dəyərləri yaşatmalıdır. Eyni zamanda, uşağın təhsili, dünyagörüşü və ətraf mühitlə düzgün münasibəti də çox vacibdir. Yalnız savadlı deyil, həm də vətəninə faydalı, məsuliyyətli və vicdanlı vətəndaş yetişdirmək əsas məqsəd olmalıdır. - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? - Münasibətlər qarşılıqlı hörmət və etibar üzərində qurulub. Biz uşaqlara sərt nəzarət etmək əvəzinə, düzgün istiqamət göstəririk. Biz çalışmışıq ki, uşaqlarla münasibətlərimiz qorxu üzərində deyil, etibar üzərində qurulsun. Uşaqlar bilməlidir ki, istənilən məsələdə gəlib valideyni ilə danışa bilərlər. Onların fikirlərinə hörmətlə yanaşırıq, eyni zamanda düzgün istiqamət verməyə çalışırıq. Nəzarət var, amma bu nəzarət sərt qadağalar şəklində deyil, daha çox izah və yönləndirmə formasındadır. - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? - Gənclərə tövsiyəmiz odur ki, ailə qurmaq qərarını düşünülmüş şəkildə versinlər. Sevgi kifayət deyil, hörmət, uyğunluq və məsuliyyət hissi vacibdir. Həyat yoldaşını yaxşı tanımaq, məqsədləri və gözləntiləri bölüşmək önəmlidir. Ailə qurmaq bir ömürlük qərardır və tələskənlik olmamalıdır. Qarşılıqlı hörmət, səbir və anlayış olmadan sağlam ailə qurmaq çətin olur. Ona görə də bu dəyərləri əvvəlcədən formalaşdırmaq vacibdir. Hörmətli Qarayevlər ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.

“Rəqəmsal mühitdə uşaqların müdafiəsi üzrə beynəlxalq siyasət və təcrübə mübadiləsi” mövzusunda konfrans davam edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin köməkçisi və mətbuat katibi Teymur Məmmədov konfrans çərçivəsində keçirilən “Uşaqların onlayn təhlükəsizliyinin təmin edilməsi üçün hüquqi və siyasi çərçivələr” adlı panel müzakirəsində çıxış edərək rəqəmsal texnologiyaların sürətli inkişafından qaynaqlanan risklərdən danışıb. Teymur Məmmədov bildirib ki, uşaqların, valideynlərin və müəllimlərin rəqəmsal savadlılığının artırılması risklərin qarşısının alınmasında mühüm rol oynayır. Bu istiqamətdə Azərbaycan Respublikasının “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanununun xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Komitə rəsmisi qeyd edib ki, qanun uşaqların fiziki, psixoloji və mənəvi inkişafına zərər verə biləcək informasiyadan qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edir. Eyni zamanda, uşağın mənafeyinin üstün tutulması prinsipi bütün tədbirlərin mərkəzində dayanmalıdır. Monitorinq və qiymətləndirmə mexanizmlərinin gücləndirilməsinin əhəmiyyətindən bəhs edən T. Məmmədov əlavə edib ki, qəbul edilən siyasətlərin təsiri mütəmadi ölçülməli, mövcud boşluqlar operativ şəkildə aradan qaldırılmalıdır. O, həmçinin vurğulayıb ki, rəqəmsal mühit sərhəd tanımadığından beynəlxalq əməkdaşlıq da bu sahədə mühüm rol oynayır. “Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır. “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” və “Uşaq hüquqları haqqında” Qanun bu sahədə sistemli yanaşmanı gücləndirir. Güclü qanunvericilik, effektiv icra, geniş maarifləndirmə və çoxtərəfli əməkdaşlıq birlikdə tətbiq olunduqda uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür”, - deyə o qeyd edib.

Bahar Muradova uşaqların rəqəmsal mühitdə müdafiəsi ilə bağlı mühüm mesajlar səsləndirib
Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə 21 aprel 2026-cı il tarixində Ankara şəhərində nazirlər səviyyəsində keçirilən dəyirmi masada rəqəmsal mühitdə uşaqların qorunması və gücləndirilməsi mövzusu müzakirə edilib. 17 ölkədən yüksək səviyyəli nümayəndələrin iştirak etdiyi dəyirmi masada Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təmsil edib. O çıxışında bildirib ki, rəqəmsal texnologiyalar artıq uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib və internetlə sosial media onların təhsilinə, düşüncəsinə və davranışına ciddi təsir göstərir.Kiberzorakılıq, şəxsi məlumatların sui-istifadəsi, zərərli kontentə çıxış və onlayn istismar artıq qlobal problemə çevrilib. Bu səbəbdən hüquqi çərçivələrin mövcudluğu kifayət deyil - əsas məsələ onların real və effektiv tətbiqidir. Burada dövlətin həm tənzimləyici, həm də qoruyucu və preventiv rolu xüsusi əhəmiyyət daşıyır. Komitə sədri qeyd edib ki, Azərbaycanda bu sahədə ardıcıl siyasət həyata keçirilir. Onun sözlərinə görə, uşaqların zərərli informasiyadan qorunması üçün hüquqi baza yaradılıb, kibertəhlükəsizlik strategiyaları tətbiq olunur və süni intellektlə bağlı normativ yanaşmalar hazırlanır. Eyni zamanda monitorinq və koordinasiya mexanizmləri gücləndirilir. B. Muradova vurğulayıb ki, uşaqların qorunması yalnız məhdudiyyətlərlə mümkün deyil, əsas diqqət onların gücləndirilməsinə yönəlməlidir. Bu məqsədlə dövlət qurumları, media və vətəndaş cəmiyyəti ilə birgə maarifləndirmə proqramları, təlimlər və innovativ təşəbbüslər həyata keçirilir. O, rəqəmsal təhlükəsizliyin ailədən başladığını və valideynlərin rəqəmsal savadlılığının artırılmasının bu baxımdan mühüm rol oynadığını diqqətə çatdırıb. Ailə daxilində açıq ünsiyyət və etimadın uşaqlar üçün ən effektiv qoruyucu mexanizm olduğunu bildirib. Çıxışında beynəlxalq əməkdaşlığın əhəmiyyətinə də toxunan B. Muradova qeyd edib ki, sərhədsiz rəqəmsal mühitdə BMT, Avropa Şurası və digər platformalar çərçivəsində əməkdaşlıq xüsusi rol oynayır. Müxtəlif ölkələrin, o cümlədən Türkiyə və Azərbaycanın təcrübəsi də göstərir ki, kompleks və birgə yanaşma effektiv həllər və nəticə əldə etməyə möhkəm əsaslar yaradır. Tədbirdə müxtəlif ölkələrdən yüksək səviyyəli rəsmilər də çıxış ediblər. Belə ki, Mahinur Özdemir Göktaş (Türkiyə), Claudia Bauer (Avstriya), Maya Morsy (Misir), Damir Gutić (Monteneqro), Imaan Sulaiman-Ibrahim (Nigeriya), Asma Jabri (Tunis), Mansurbek Polvonozoda Olloyorov (Özbəkistan), Tatjana Macura (Serbiya), Stéphanie Rist (Fransa, video müraciət) və Camilla Waltersson Grönvall (İsveç, video müraciət) tədbirdə çıxış edərək rəqəmsal platformalarda uşaqların təhlükəsizliyinin təmin edilməsi, zərərli informasiyadan qorunması və onların sağlam inkişafı üçün effektiv mexanizmlərin müəyyənləşdirilməsi və digər mövzular ilə bağlı fikirlərini səsələndiriblər.

Sağlam ətraf mühit, sağlam gələcək” mövzusunda maarifləndirici görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Qorxmaz Baxşıyev adına 179 və 182 nömrəli tam orta məktəblərdə “Sağlam ətraf mühit, sağlam gələcək” adlı maarifləndirici görüşlər keçirilib. Yuxarı sinif şagirdləri ilə keçirilən görüşlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssisləri Ülkər Camalova və Sevinc Bağırova çıxış ediblər. Çıxışçılar sağlam ətraf mühitin insanın həyatına, səhhətinə təsirindən, ekoloji mədəniyyət, ekoloji davranış və tullantıların düzgün idarə olunmasından danışıb, uşaqların ətraf mühitin qorunmasında fəal iştirak etmələrinin vacibliyini qeyd ediblər. Tədbirlərdə iştirakçılar üçün interaktiv müzakirələr təşkil olunub, suallar cavablandırılıb.
Məişət zorakılığının qarşısının alınması sahəsində yaradılan monitorinq və əlaqələndirmə qrupunun iclası keçirilib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli, 367 nömrəli Qərarına əsasən 17 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupunun 2026-cı ilin birinci rübünün yekununa dair iclası keçirilib. İclası monitorinq və əlaqələndirmə qrupunun rəhbəri, Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova açaraq gündəlikdə duran məsələlərin əhəmiyyətini diqqətə çatdırıb. Məişət zorakılığından zərərçəkmiş şəxslərin sığınacağa yerləşdirilməsi ilə bağlı qanunvericilikdə olan boşluqlar, məişət zorakılığı faktları və üç aylıq hesabat iclasın gündəliyində duran əsas məsələlərdən olub. Daha sonra məişət zorakılığından zərərçəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş 8 qeyri-dövlət yardım mərkəzinin rəhbərlərinin də iştirakı ilə keçirilən iclasda zərərçəkmiş şəxslərin sığınacağa yerləşdirilməsi ilə bağlı yaranan çətinliklər, yardım mərkəzlərinin maddi texniki təminatının gücləndirilməsinin zəruriliyi və müvəqqəti saxlama mərkəzlərinin yaradılması ilə bağlı geniş müzakirələr aparılıb. Monitorinq və əlaqələndirmə qrupunun üzvləri iclasın yekununda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli, 367 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”nın 4.1.3, 5.1.1-ci bəndlərini nəzərə alaraq, yuxarıda qeyd olunan məsələlərlə bağlı aidiyyəti dövlət orqanlarına tövsiyələrin göndərilməsini məqsədəmüvafiq hesab ediblər.

Ankarada qlobal səviyyədə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi müzakirə olunub
Türkiyənin Ankara şəhərində “Rəqəmsal mühitdə uşaqların müdafiəsi üzrə beynəlxalq siyasət və təcrübə mübadiləsi” mövzusunda konfrans keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva konfrans çərçivəsində keçirilən “Önlənmə, savadlılıq və qoruyucu ekosistemlər” adlı panel müzakirəsində çıxış edərək, uşaqların rəqəmsal mühitdə rastlaşdığı təhlükələr və onlardan qorunma yollarından danışıb. O, bu sahədə əsas qoruyucu sistemlər kimi ailə, məktəb və icmanın rolunu vurğulayıb. Həmçinin qeyd edib ki, rəqəmsal savadlılıqla yanaşı, uşaqlara onlayn riskləri tanımaq, idarə etmək bacarıqları da aşılanmalıdır. Ceyran Rəhmətullayevanın sözlərinə görə, son araşdırmalar göstərir ki, onlayn risklərdən qaçmaq və sərt valideyn nəzarəti səmərə vermir. Ona görə də valideynlər və müəllimlər "təhlükəsiz təmas" metodundan istifadə etməli, uşaqlara dəstəkləyici çərçivə daxilində əsaslı öyrənmə və refleksiya vasitəsilə rəqəmsal mühitləri araşdırmaq imkanı verməlidirlər. O, panel müzakirəsi zamanı Azərbaycanda bu sahədə görülən işlərdən, informasiya və kibertəhlükəsizlik, rəqəmsal inkişaf sahəsində qəbul edilən strategiyalar, uşaqları zərərli informasiyalardan qorumaq üçün informasiya məhsullarının yaş kateqoriyaları üzrə bölünməsi və digər sahələrdə görülən tədbirlərdən bəhs edib. Qeyd edək, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikigünlük yüksəksəviyyəli tədbirdə ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Dövlət Komitəsinin sədri Bahar Muradova Ankarada işgüzar səfərdədir
21–22 aprel tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində “Rəqəmsal mühitdə uşaqların müdafiəsi sahəsində beynəlxalq siyasət və təcrübə mübadiləsi” mövzusunda beynəlxalq dəyirmi masa keçiriləcək. Dəyirmi masa çərçivəsində təşkil olunacaq yüksək səviyyəli toplantıda Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Dəyirmi masa çərçivəsində müxtəlif ölkələrin aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və ekspertlərin iştirakı ilə tematik müzakirələr və panel sessiyalar keçiriləcək. Tədbirin əsas məqsədi rəqəmsal mühitdə uşaqların hüquqlarının qorunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl siyasətlərin müzakirəsi və bu istiqamətdə ölkələr arasında əməkdaşlığın gücləndirilməsidir.

“Valideynlik bacarıqlarının artırılması” mövzusunda maarifləndirici tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 13-17 aprel 2026-cı il tarixlərində “Valideynlik bacarıqlarının artırılması” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə mərkəzlərin əməkdaşları, valideynlər, nənə-babalar, psixoloqlar, sosial pedaqoqlar iştirak ediblər. İnteraktiv şəkildə keçirilən tədbirlərdə valideyn-övlad münasibətlərinin sevgi, diqqət və qarşılıqlı hörmət əsasında qurulmasının əhəmiyyəti vurğulanıb, uşaqlarla düzgün ünsiyyətin vacibliyi qeyd edilib, nənə və babaların ailədaxili tərbiyə prosesində rolu xüsusi qeyd olunub, uşaqların sağlam psixoloji inkişafının və davranış bacarıqlarının formalaşdırılması ilə bağlı zəruri tövsiyələr verilib. Tədbirlərdə valideynlərin sualları cavablandırılıb, mövzu ilə əlaqəli videoçarxlar nümayiş etdirilib, iştirakçılara “Ailədə uşaqlara psixososial dəstəyin göstərilməsi” adlı buklet paylanılıb.

“Uşaqların zərərli vərdişlərdən qorunmasında ailənin rolu” mövzusunda maarifləndirici tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 13-17 aprel 2026-cı il tarixlərində “Uşaqların zərərli vərdişlərdən qorunmasında ailənin rolu” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə mərkəzlərin əməkdaşları, rayonların idarə və müəssisələrinin nümayəndələri, valideynlər, psixoloqlar, sosial pedaqoqlar iştirak ediblər. İnteraktiv şəkildə keçirilən tədbirlərdə ekspertlər tərəfindən mövzunun aktuallığı vurğulanıb, uşaqların sağlam gələcəyinin təmin edilməsi, zərərli vərdişlərdən qorunmasında valideyn, məktəb və şagird əməkdaşlığının əhəmiyyəti qeyd edilib. Eyni zamanda uşaqlarda zərərli vərdişlərin yaranma səbəbləri və psixoloji amilləri haqqında məlumat verilərək, ailədaxili münasibətlərin, valideyn diqqətinin və emosional dəstəyin uşaqların davranışına təsirindən bəhs edilərək, valideynlərə uşaqlarla düzgün ünsiyyət qurmaqla bağlı tövsiyələr verilib. Görüşlərdə iştirakçılara mövzu ilə əlaqəli maarifləndirici materiallar paylanılıb, valideynlərin sualları cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi