“Bələdiyyə seçkisində qadınların fəallığının yüksəldilməsi” layihəsi davam edir

16 yanvar 2025 17:34

Paylaş:

16 Yanvar 2025-ci il tarixində Neftçala rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə əməkdaşlığı, Neftçala Qadın Resurs Mərkəzinin iştirakı ilə “Bələdiyyə seçkisində qadınların fəallığının yüksəldilməsi” mövzusunda növbəti tədbir keçirilib.

Tədbirdə çıxış edən “Bərabər İnkişaf Naminə” Koalisiyanın üzvü Sədaqət Həsənova, bütün sahələrdə olduğu kimi siyasi mühitdə də qadınların fəal iştirakının müşahidə olunduğunu vurğulayıb.

Daha sonra 70 saylı Neftçala Dairə Seçki Komissiyasının sədri Ülvi Nəhmədzadə seçki prosesində qadınların passiv seçki hüququndan istifadəsinin əlçatanlığından danışıb. Bildirilib ki, Neftçaladan 70 saylı DSK-nın əhatəsində olan 7 bələdiyyəyə 47 nəfər, 65 saylı DSK-nın əhatəsində olan 1 bələdiyyəyə isə 9 nəfər qadının müraciəti qeydə alınıb.

Neftçala rayon Mərkəzi Xəstəxanasının həkimi Gülnaz Abadova qadınların tibb sahəsindəki uğurlarından, şəhər 2 saylı tam orta məktəbin müəllimi Nazilə Əhmədli qadınların və qızların təhsil sahəsindəki müvəffəqiyyətindən danışıb.

Neftçala Qadın Resurs Mərkəzinin rəhbəri Gülqədəm Mirzəzadə Mərkəzin qadınların iqtisadi və sosial həyatda inkişafına, ictimai mühitdə fəallığının artırılmasına verdiyi dəstəkdən söz açıb, qadınları bələdiyyə seçkisində aktiv iştiraka çağırıb.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.