İş yerlərində ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlığı ilə “Analığın mühafizəsi, qadınların əmək hüquqları, gender bərabərliyi” və “İş yerlərində əməyin mühafizəsi” mövzusunda tədbirkeçirilib.
Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Xumar İlqarqızı tədbirdə “Analığın mühafizəsi, qadınların əmək hüquqları, gender bərabərliyi” mövzusunda təqdimatla çıxış edib.
Çıxış zamanı əmək münasibətlərində bərabər yanaşma prinsipinin təmin olunmasının əhəmiyyəti vurğulanıb, işə qəbul, əmək şəraiti, əməkhaqqı və karyera yüksəlişi proseslərində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin qadınların əmək hüquqlarının müdafiəsi, analığın mühafizəsi və gender bərabərliyinin təmin olunması istiqamətində mövcud qanunvericilik və dövlət siyasəti barədə ətraflı məlumat verilib.
Dövlət və özəl işəgötürən təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə iş yerlərində ayrı-seçkiliyin qarşısının alınması, sağlam və təhlükəsiz əmək mühitinin formalaşdırılması, eləcə də işəgötürənlərin bu sahədə üzərinə düşən vəzifələr müzakirə olunub. İşçilərin hüquqlarına hörmətlə yanaşılmasının və inklüziv əmək münasibətlərinin təşviqinin sosial rifahın və əmək məhsuldarlığının artırılmasında mühüm rol oynadığı qeyd edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbir “Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın “İş yerlərində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısının alınması üzrə maarifləndirmə işinin təşkili” bəndinin icrası məqsədilə təşkil olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi