Axtar

Tarixdən
Tarixədək

Xəbərlər

“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Babayevlər ailəsidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Növbəti qonağımız İsmayıllı rayonunun sayılıb-seçilən, nümunəvi ailələrindən biri olan Babayevlər ailəsidir. Ailənin başçısı Əlaləm Babayevin 73 yaşı var, İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində anadan olub. Azərbaycan Dövlət Politexnik İnstitutunu, Ali Hərbi Məktəbi və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 30 il hərbi sahədə çalışıb, 2016-cı ildən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İsmayıllı Rayon Şurasının sədridir, “Mübarizədən keçən ömür” adlı kitabın müəllifidir. Əlaləm Babayev və həyat yoldaşı Xuraman xanım 47 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 3 övladları var. Böyük oğlu Baba Babayev İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında məhkəmə tibb ekspertizası şöbəsinin müdiridir, digər oğlu təhlükəsizlik orqanlarında  işləyir. Qızı İfadə xanım da həkimdir, o da qardaşı ilə eyni xəstəxanada şöbə müdiri işləyir. Gəlinləri də həkimdirlər. Övladlarının hamısı ailəlidirlər. 8 nəvələri (6 oğlan, 2 qız) var, 3 nəvə tələbədir, digərləri isə məktəblidirlər. Bu zəhmətkeş, uzun və nümuməvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi Sizə təqdim edirik. Hörmətli Əlaləm müəllim və Xuraman xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. Müsahibəmizə ənənəvi sualımızla başlayaq. İstərdik ki, 50 ilə yaxın davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Xuraman xanım, əvvəlcə Sizdən başlayaq. -Xoşbəxt evliliyin düsturu, qanunu yoxdur. Ən əsası odur ki, ər və arvad bir-birinə güzəştə gedə bilsinlər, çətinliklərin öhdəsindən gələ bilsinlər, o çətinliklərdən qorxmasınlar, çəkinməsinlər. Cənab polkovnik, bu mövzuda Siz nə deyə bilərsiz? -Ailə kiçik dövlətdir. Nə mən, nə də Xuraman xanım heç vaxt ailənin sirrini heç kimlə bölüşməmişik. Ailənin ayaq üstündə durmasında, xoşbəxt olmasında əsas səbəbkar qadındır. Xuraman xanım, ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? -İkimiz öz aramızda müzakirə edərək, haqsız tərəf haqlıya güzəştə getməklə. Belə hallarda güzəştə getməyi bacarmaq lazımdır və biz hər ikimiz bunu bacarmışıq.    Cənab polkovnik, Sizcə vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? -Mən işimə çox vurğun insan olmuşam. Övladların tərbiyəsi ilə Xuraman xanım məşğul olub. Dünyaya uşaq gətirən ailə birbaşa uşağın tərbiyəsinin də məsuliyyətini daşıyır. Ailələr uşaqları cəmiyyətə, ailəyə, millətə və dövlətə yararlı şəxsiyyət kimi böyütməlidirlər. Xuraman xanım: “Vətəni əvvəl özüm sevmişəm, doğulduğum yurda ilk özüm Vətən demişəm, sonra da bunu övladlarıma aşılamışam”. Əlaləm müəllim, valideyn-övlad münasibətlərini Siz ailənizdə necə tənzimləmisiniz? -Bu gün demək olar ki, biz dostuq, oğlanlarımla da, qızımla da. Əvvələr isə ailəmiz daha mühafizəkar ailə olub. Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz? - Övlad üçün atanın, ananın edə biləcəyi ən vacib şey onun tərbiyəsidir, təhsilidir. Təhsildən böyük sərvət yoxdur. Biz onlara gözəl tərbiyə vermişik, təhsil vermişik, elə bir təəssüf hissi keçirdiyimiz hallar olmayıb. Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Xuraman xanım: “Ailədə bir-birlərini başa düşsünlər, güzəştə getməyi bacarsınlar, hər şeydən ötəri mübahisə salmasınlar evə. Evin sirrini evdən çıxartmasınlar, hər şeyi öz aralarında həll etsinlər”. Əlaləm müəllim: “Yenə deyirəm, ailə kiçik bir dövlətdir. Gənclərimiz o dövlətin bünövrəsini elə qoysunlar  ki,  onu hər cür  müdaxilələrindən, çətinliklərdən qoruya bilsinlər”. Hörmətli Əlaləm müəllim, dəyərli Xuraman xanım, bir daha bizi ailənizdə qəbul etdiyinizə, dəyərli fikirlərinizi bizimlə bölüşdüyünə görə  təşəkkürümüzü bildirir, Sizə möhkəm can sağlığı və  sağlam, uzun ömür arzu edirik.

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsi davam edir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Növbəti qonağımız İsmayıllı rayonunun sayılıb-seçilən, nümunəvi ailələrindən biri olan Göyüşovlar ailəsidir. Ədalət Göyüşov və Sabirə xanım 32 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 4 övladları (3 qız, 1 oğlan), 8 nəvələri var, bütün övladları ali təhsillidirlər. Ədalət Göyüşov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakütəsində təhsil alıb. Təyinatla İsmayıllı rayonunun əvvəllər Əzizbəyov sovxozu adlandırılan Ruşan kəndində baş aqronom kimi fəaliyyətə başlayıb, sonralar İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Ruşan kənd İnzibati Dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri kimi fəaliyyətini davam etdirib. Hal-hazırda sahibkarlıqla məşğul olur. Həyat yoldaşı Sabirə Göyüşova evdar qadındır, həyatını övladlarının təlim-tərbiyəsinə həsr edib. Sabirə Göyüşova: Xoşbəxt evliliyin sirri qarşılıqlı anlaşmadadır. Bir-birini başa düşməkdə, bir-birinə qarşılıqlı hörmət etməkdədir. Sevgi də hörmətdən yaranır. Ailədə bir-birinə olan qarşılıqlı hörmət, ətrafında olan, tanıdığın, ünsiyyət qurduğun və tədricən tanımadığın insanlara belə sirayət edir. Ədalət Göyüşov: Valideyn olmaqdan başqa biz həm də övladlarımızla dostuq, ürək sözlərimizi bir-birimizə deməyi bacarırıq. Uşaqlara sevgi, diqqət, qayğı göstərəndə onlar da qarşılığında həmin münasibəti sənə göstərirlər.

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsi davam edir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Növbəti qonağımız Hacıqabul rayonunun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan İbrahimovlar ailəsidir. Hüseyn İbrahimov və həyat yoldaşı İradə xanım 43 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 2 övladları və  5 nəvələri  var. Böyük oğlu Azər İbrahimov zərgər işləyir, ailəlidir, 3 övladı var. Digər oğlu İsmayıl İbrahimov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-iqtisad fakültəsi, mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsini bitirib, hazırda Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədridir, ailəlidir, 2 övladı var. Bu zəhmətkeş, uzun və nümuməvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi Sizə təqdim edirik. Ailənin başçısıHüseyn İbrahimovun 67 yaşı var, Hacıqabul şəhərində anadan olub. 1974-1978 ci illərdə Azərbyacan Pedaqoji  İnstitutunun fizika fakültəsində təhsil alıb. 1978-ci ildə təyinatla Əli Bayramlı (indiki Şirvan) şəhər Təhsil Şöbəsində filmoteka müdiri vəzifəsində əmək fəaliyyətinə başlayıb, sonralar Əli Bayramlı şəhər “Azad Komsomol” Komitəsinin katibi, Əli Bayramlı şəhər Uşaq Yaradıcılıq Mərkəzi və Hacıqabul Uşaq Yaradıcılıq Mərkəzində direktor, 2013-2022-ci illərdə isə Hacıqabul şəhər 4 saylı tam orta məktəbdə direktor kimi fəaliyyət göstərib. Hazırda təqaüddədir. Həyat yoldaşı İradə xanım 12 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub, 1976-1980-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə ilə bitirib. Əmək fəaliyyətinə 1980-ci ildə təyinatla Bilgəhdə yerləşən sanatoriyada tərbiyəçi pedaqoq kimi başlayıb. Ailə qurduqdan sonra, 1981-ci ildən Hacıqabul şəhər 4 saylı tam orta məktəbdə tarix müəllimi kimi çalışıb. 2003-cü ildə “İlin müəllimi” diplomu ilə təltif edilib, 2004-cü ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Əmək veteranıdır, hazırda təqaüddədir. Hörmətli Hüseyn müəllim və İradə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. Müsahibəmizə ənənəvi sualımızla başlayaq. İstərdik ki, 43 ilə yaxındır davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. İradə xanım, əvvəlcə Sizdən başlayaq. Bu sualı belə cavablandırardım ki, insanlar ailə həyatında hisslərlə deyil, ağılla hərəkət etməlidirlər. Çünki, çox vaxt hisslər insanı aldadır, gənclik emosiyalarına qapılıb hər hansı bir yanlış addım bəzən insan həyatında böyük çuxur yarada bilər. Xüsusilə ailə həyatında buna diqqət yetirmək lazımıdr, çünki burda artıq sən tək deyilsən, səninlə birlikdə addımlayan şəxslər var ki, onların gələcəyi bizdən asılı olur. Bunu xüsusən bir valideyn - ana olaraq qeyd edirəm ki, mənim yanlış hisslərə qapılıb atdığım hər hansı bir addım övladlarımın gələcəyi bahasına başa gələ bilərdi. Ona görə səbirlə, təmkinlə ailədə olan çətinliklərə dözmək və hər açılan günə şükür etmək lazımdır. Hüseyn müəllim bu mövzuda siz nə deyə bilərsiz? Mən bu sualınıza atalar sözlərimizlə fikir bildirmək istərdim: “Güc birlikdədir”, “Aslanın erkəyi dişisi olmaz”. Həqiqətən də, bu atalar misalını biz ailə həyatımızda yaşamışıq. Belə ki, qadın zəkasının üstünlüyü, qadının zərif qəhrəman olaraq gücü deyərdim ki, ailənin xoşbəxtlik açarıdır. İradə xanım,  ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Fikrimcə belə hallarda güzəştə getməyi bacarmaq lazımdır, xüsusilə sevdiyimiz insanın qəlbini qırmaq təhükəsi yarandığı hallarda mən öz emosiyalarımı hər zaman idarə etməyə çalışmışam. Hüseyn müəllim Sizcə vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? Vətənə məhəbbət deyərdim ki, insanlığın ən ali hisslərindəndir. Şeirdə deyildiyi kimi: Vətəni sevməyən insan olmaz, Olsa da, o şəxsdə vicdan olmaz! Vətən bizim namusumuzdur, onu sevib qorumaq borc deyil, müqəddəs vəzifəmizdir. Və biz valideynlərin də ən ali öhdəliklərindən biri bu sevgini övladlarımıza düzgün aşılamaqdır. İradə xanım, valideyn-övlad münasibətlərini Siz ailənizdə necə tənzimləmisiniz? Valideyn-övlad münasibətlərində mən övladlarımdan minnətdarlıq gözləmirəm. Çünki onlar mənim üçün ən gözəl nemətdir, bəxşişdir. Onlara diqqətim, qayğım mənim bir ana olaraq müqəddəs vəzifəmdir. Çalışmışam ki, onların istər tərbiyəsində, istərsə də, təhsilində hər iki övladıma ayrı-ayrılıqda öz xarakterlərinə görə ümumi deyil, fərdi yanaşım. Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz? Bu sualla əlaqədar elə bir təəssüf hissi keçirdiyim hallar olmayıb. Çünki onların həyat yoluna məncə düzgün istiqamət vermişəm. Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Onlara təmkinli olmağı, şükür etməyi, bir-birinin fikirlərinə hörmətlə yanaşmağı tövsiyə edirəm. Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə İbrahimovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.      

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Quliyevlər ailəsidir

Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verən nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir.  Layihənin növbəti qonağı Hacıqabul rayonundan olan Quliyevlər ailəsidir. Ağalar Quliyev və həyat yoldaşı Rəfiqə  xanım 46 ildir ki birgə ömür sürürlər. Ağalar Quliyev 17 noyabr 1945-ci ildə Şamaxı rayonunun Dağ Kolanı kəndində anadan olub. 1962-1968-ci illərdə Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb. 1968-ci ildən Hacıqabul rayon Dəmiryol Xəstəxanasında işləyib, 1973-cü ildən həmin xəstəxanaya baş həkim təyin edilib. Həyat yoldaşı Rəfiqə Həmzəyeva 1954-cü il mayın 24-də Mingəçevirdə anadan olub, 1971-1978-ci illərdə Tibb Universitetində mamalıq-ginekologiya ixtisası üzrə təhsil alıb, təhsilini bitirdikdən sonra Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında ginekoloq olaraq fəaliyyət göstərib, 3 ildir təqaüddədir. Quliyevlərin bu evlilikdən 3 övladı (bir qız, iki oğlan), 6 nəvəsi var. Hər üç övlad ali təhsillidir.   İndi isə bu zəhmətkeş, uzun və nümunəvi ömür yolu olan ailə ilə müsahibəmizi təqdim edirik. -           Hörmətli Ağalar müəllim və Rəfiqə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 46 ildir davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Rəfiqə xanım, əvvəlcə Sizdən başlayaq. -           Belə deyək ki, xoşbəxt ailənin sirri ondadır ki, ailədə ər-arvad arasında hər zaman həmrəylik olmalıdır. Bəzən olur ki, ailədə kiçik mübahisələr düşür. Çox vaxt uşaqlarla bağlı olur bu mübahisələr. Bu zaman hər iki tərəf elə davranmalıdır ki, ana ya atanın fikri səhv olsa belə övladların yanında bir-birilərinə irad bildirməsinlər. -           Ağalar həkim, bu mövzuda Siz nə deyə bilərsiz? -           Əsas ailədə hörməti, mehribanlığı qorumaq lazımdı. Biz kişilərin borcudur ki, həyat olan, həyatın təməli olan qadınlarımızı hər zaman qoruyaq, onların həssas qəlbini sınmağa yol verməyək. -           Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? -           Hər zaman bir-birimizin fikirlərinə  hörmətlə yanaşmışıq. Elə ev yoxdur ki, orada problem  olmasın. Əsas odur ki, valideynlər bir-birlərini dinləmə mədəniyyətinə sahib olsunlar. Bəzən olub ki, müəyyən məsələlərdə Ağalar müəllim mənim fikrimlə razılaşmayıb, amma bilirsiniz ki, qadın zəkası iti olur, elə halda fikrimi ona elə çatdırmışam ki, sanki onun öz fikridir, beləcə razılaşıb (gülür). -           Ağalar həkim Sizcə vətənə, dövlətə layiqli övladlar yetişdirmək üçün nə etmək lazımdır? -           Onu deyim ki, mən dağ  rayonunda dünyaya gəlmişəm. Mənim valideynlərim sadə kənd adamları olublar. Onlardan hər zaman gördüyüm Allaha inam və sədaqətlə  həyat sürmək olub. Bildiyiniz kimi Vətən sevgisi imandandır, bircə gün Vətənin keşiyində durmaq bütün dünyadan və dünyanın içində var olan hər şeydən daha üstün və xeyirlidir. Mənə valideynlərimdən miras qalan bu nəsihəti hər zaman övladlarıma aşılamışam, nəinki övladlarıma hətta gündəlik həyatımda və işlədiyim kollektivdə belə gəncləri bu amala doğru xidmət etməyə səsləmişəm. Bunun nəticəsidir ki, övladlarımın hər üçü istər vətəndə, istərsə də vətəndən xaricdə dövlətə, vətənə sədaqətlərini tutduqları vəzifələri ilə layiqincə nümayiş etdirirlər. -           Rəfiqə xanım, valideyn-övlad münasibətlərini Siz ailənizdə necə tənzimləmisiniz? -           Övladlarımla aramızda hər zaman səmimi, mehriban ünsiyyət olub. Onların səhvləri ilə doğruları ilə çalışmışam ki, hər zaman yanlarında olum. İşimin gərgin olmasına baxmayaraq bir ana kimi daima onların gündəlik qayğılarını ən öndə məsələm hesab etmişəm. Mən onlara uşaq kimi deyil, şəxsiyyət kimi yanaşmışam. Bu istər abituriyent dönəmlərində ixtisas seçimində olsun,  istərsə ailə quranda, yaxud da başqa  məsələlərdə. -           Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Etmədiyinizə görə təəssüfləndiyiniz hər hansı bir məqam varmı? -           Əsla elə bir “kaş”larım yoxdur. Məncə təməldə düzgün təlim-tərbiyə olduqda insan geriyə dönüb heyiflənməz, əksinə zəhmətinin bəhrəsini görüb daha da qürur hissi duyar. -           Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? -           Ailə kiçik dövlətdir və bu dövləti quran da kişi və qadındır. Onlar sağlam düşüncəli, möhkəm iradəli olmalıdır ki, ailə də möhkəm olsun. Ailə qurarkən qohumluq əlaqələri genişləndiyinə görə hər addımı atanda onları da düşünmək lazımdır. Əsas zahiri görünüş deyil, şəxsi keyfiyyətlərdir. Xüsusilə cütlüklər bir-birini düzgün anlamalıdırlar. Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə Quliyevlər ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Əzizovlar ailəsidir

Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir.   Layihənin növbəti qonağı İsmayıllı rayonunda yaşayan, uzun illər həkim kimi insanların sağlamlığının keşiyində duran Əzizovlar ailəsidir. Əzizovlar Tibb Universitetini bitirdikdən sonra təyinatla uzun müddət Şirvan şəhərində işləyib, sonra İsmayıllıya qayıdaraq buradakı xəstəxanada fəaliyyətlərini davam etdiriblər. 50 ildən çox müddətdə Əziz Əzizov cərrah və həyat yoldaşı Xeyriyyə Abdullayeva onunla birgə anestezioloq kimi çalışıb. 4 övlad (2 oğlan, 2 qız), 7 nəvə sahibidirlər.  Bu gözəl və zəhmətkeş ailə ilə müsahibəmizi Sizə təqdim edirik. Hörmətli Əziz müəllim və Xeyriyyə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 50 ilə yaxındır davam edən, xoşbəxt evliliyinizin sirrini bizimlə bölüşəsiniz. Bilirik ki, həkimlərin iş saatı olmur. 45-50 il həkimlik fəaliyyəti, 4 uşaq və onlara ali təhsil vermək, evləndirmək. Bunlar əlbəttə ki, böyük əzm və zəhmət tələb edir. Eyni zamanda bu böyük bir xoşbəxtlikdir. Buna necə nail olmusunuz? -       Bunun gizli bir sirri yoxdur. Bunların hamısını əldə etmək üçün böyük əziyyət çəkmişik. Məsələn, əvvəl işlədiyimiz Şirvan şəhərində bir də görürdün ki, əməliyyat vaxtından çox çəkirdi, uşaqlar bağçadaqalırdı. Və ya gecəyarı təcili əməliyyata ehtiyac olurdu, balaca uşaqları evdə tək qoyub getməli olurduq. Belə çətinliklərimiz olub. Bunların hamsını planlaşdırmaq lazım idi. Planlaşdırdıqdan sonra görürsən ki, ailə də möhkəm olur, iş də qaydasında gedir. Əsas da budur ki, ailədə ər və arvad bir-birilərini başa düşsünlər. Əgər mən evə gec gəlirəmsə, mənim həyat yoldaşım bilib ki, mən xəstəxanadayam. O vaxtlar cib telefonları da yox idi, hər dəqiqə əlaqə saxlamaq olmurdu. Belə bir çətin şəraitdə hamımız bir-birimizi başa düşürdük. Bizim ən çox önəm verdiyimiz məsələ uşaqlarımızın, nəvələrimizin tərbiyəsi və təhsili olub.  “Ev sözsüz olmaz” deyiblər. Bəs ailədə söz-söhbət olarkən onu necə həll etmisiniz? -       Hər ailədə söz-söhbət olur. Amma biz heç vaxt küsülü qalmamışıq. Aramızda söz-söhbət olanda da onu öz aramızda həll etmişik, evin sözünü çölə çıxarmamışıq. Bu gözəl ailədə gözəl övladlar da tərbiyə etmisiniz - ailəsinə, vətəninə, millətinə layiqli övladlar. Bəs buna necə nail olmusunuz? -       İşimiz nə qədər çox olsa da, biz həmişə  uşaqlarımızla birlikdə torpaqda işləməyə vaxt tapmışıq. Torpağı sevmişik, uşaqlarımıza da sevdirmişik. Azərbaycanı başdan-başa – aranını, yaylağını qarış-qarış, sevgi ilə, məhəbbətlə gəzmişik və o sevgi balalarımızın da qanına, canına hopub. Torpaq vətəndir, anadır. Böyüklərimizdən belə görmüşük, belə bilmişik, övladlarımıza da belə ötürmüşük. Valideyn-uşaq münasibətlərini ailədə necə tənzimləyirsiniz? Uşağa tam müstəqillik vermisiniz, yoxsa hədd olub? -       Uşağa müstəqillik vermək olar, amma  onun da ölçüsü olmalıdır və olub. 4 uşaq böyütmüsünüz. İndi olubmu ki, geri dönüb baxanda hansısa uşağın tərbiyəsində nəyinsə peşmanlığını çəkəsiniz? -       Tərbiyə baxımından yox. Başqa olub, çatdıra bilməmişəm, vaxt baxımından, imkan baxımından nəyisə edə bilmədiyim anlar olub, amma tərbiyədə yox. İndi boşanmaların sayı artır, yəqin ki, siz də eşidirsiniz. 50 ilə yaxındır ki evlisiniz, ailə başçısı kimi böyük həyat təcrübəniz var. Necə edək ki, gənc ailələrin də evliliyi sizin evliliyiniz kimi  uzunömürlü olsun? Əziz Əzizov – Sovetlər dövründə deyirdilər ki, ən az boşanma Azərbaycandadır. Çünki o zaman ailə quranların tələbləri az, dözümlülüyü çox idi. İndi isə gənclərimiz yetkinlik yaşına çatana qədər internet vasitəsi ilə yaşlarından çox informasiya ilə məlumatlanırlar. Tələblər, istəklər də bu informasiyaya uyğun olur. Və təəssüf ki, ailədə o tələblər tam ödənə bilmir. İstəyin çox, dözümün az olması ailədə münaqişələrə və boşanmalara gətirib çıxarır. Xeyriyyə Abdullayeva –Xoşbəxt ailə qurmaq, xoşbəxt ailənin təməlini qoymaq üçün hərtərəfli fikirləşib, hərtərəfli düşünüb addım atmaq lazımdır. Bunun çox böyük əhəmiyyəti var. Bizim Azərbaycanın özünəməxsus, dünyaya nümunə göstərilən ailə dəyərlərimiz var, o dəyərlərə uyğun hərəkət etmək lazımdır. Belə olarsa, ailələrimiz möhkəm olar.   Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə Əzizovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm can sağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsinin qonağı Sabirabad rayonundan olan Rüstəmovlar ailəsidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır.  Növbəti qonağımız Sabirabad rayonundan olan Rüstəmovlar ailəsidir. Ailənin başçısı Dadaş Rüstəmov 1958-ci ildə orta məktəbi bitirib və 1960-1964-ci illərdə Azərbaycan Pedaqoji Universitetində ibtidai fakültədə təhsil alıb. 1973-1978-ci illərdə həmin universitetin filologiya fakültəsində oxuyub. D.Rüstəmov 1964-ci ildə Sabirabad rayonunun Qəzli kənd 8 illik məktəbində pedaqoji fəaliyyətə başlayıb, 1968-1976-ci illərdə həmin məktəbdə müavin, 1993-1994-cü illərdə direktor olaraq fəaliyyət göstərib. 2010-cu ildə ilin ən yaxşı “Vətənpərvər direktoru” adlı qızıl medalı ilə təltif olunub. D.Rüstəmov həm də yaradıcılıqla məşğuldur. Həyat yoldaşı Tərbiyə xanım evdar qadındır. 55 ildən çoxdur ki, birgə ömür sürürlər. Bu evlilikdən 4 övlad, 8 nəvə, 6 nəticələri var. Oğlanları – Vasif Rüstəmov 12 saylı peşə məktəbində təhsil alıb, 1994-cü ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub, GündüzRüstəmov müharibə veteranıdır, Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib məktəbdə laborant işləyir, Heydər Rüstəmov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib, 2012-ci ildən Qəzli kənd orta məktəbində direktor işləyir. Qızı Şəfəq Quliyeva evlidir, 3 oğlu var. Bu zəhmətkeş, uzun və nümunəvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi Sizə təqdim edirik. Hörmətli Dadaş müəllim və Tərbiyə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə, səmimi və mehriban qarşıladığınıza görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 56 ilə yaxın davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Dadaş müəllim, əvvəlcə sizdən başlayaq. Ailə xoşbəxtliyimizin sirrini səbr və ağılda görürəm. Sağlam ailənin təməli sevgi, səmimi münasibətlərə söykənir. Ömür-gün yoldaşımla həyatımızı anlayışlı, bir-birimizə hörmət edərək yaşayırıq. Övladlarımıza örnək olmağa, mehriban, deyib-gülən ailə nümunəsi göstərməyə çalışırıq. Onlar da bu yolu davam etdirirlər. Bütün bunlar isə ailə dayaqlarını daha da möhkəmləndirir, ömrümüzü uzadır. Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Anlaşılmazlıqlar olduqda bir-birimizin fikirlərinə hörmətlə yanaşırıq, eyni zamanda aramızdakı inam və güvən hissinin güclü olması xırda problemlərin böyüməsinin qarşısını alır. Dadaş müəllim, Sizin bir övladınız Vasif şəhid olub, digər övladınız Gündüz müharibə veteranıdır. Siz onların vətənə, dövlətə layiqli övladlar olması üçün nə etmisiniz? Həmişə onlara vətəni sevmələrini demişik.  Hər zaman övladlarımıza aşılamışıq ki, anasını sevən ilk əvvəl torpağını, vətənini sevməlidir. Vətən bizim həm ana, həm atamız, həm də torpağımızdır. Valideyn-övlad münasibətləri  ailənizdə necə tənzimlənir? Övladlarımızla aramızda çox möhkəm dostluq münasibətimiz var. Övladlarımız görəcəkləri işlər barədə hər zaman bizimlə məsləhətləşirlər. Ailə kiçik dövlətdir və övladlarımız bizim balaca ordumuzdur, ordunun möhkəmliyi üçün ailə arasında güvən hissi önəmlidir. Ailə qurmaq istəyən gənclərə nə tövsiyə edərdiniz? Yeni ailə quran gənclərə tövsiyəmiz odur ki, bir-birlərinə hörmət etsinlər, hər zaman başa düşməyə çalışsınlar. Hər bir çətinliyin öhdəsindən birlikdə gəlməyi bacarmalıdırlar. Bacardıqları qədər problemlərini ailədən kənara çıxarmamalıdırlar. Güc birlikdədir atalar sözünü hər zaman yaddaşlarına həkk etməlidirlər.Bütün ailələrə xoşbəxtlik arzulayırıq. Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə Rüstəmovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

Ətraflı
Ailələrimizi tanıyaq” layihəsinin qonağı Ağdam rayonundan olan Məmmədovlar ailəsidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır.   Növbəti qonağımız Ağdam rayonundan olan Məmmədovlar ailəsidir. Rayonun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan Məmmədovlar ailəsi Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində yaşayırlar.   Ailə başçısı Vaqif Məmmədov və həyat yoldaşı Zərqələm Nəsirova 45 ildən çoxdur ki, birgə ömür sürürlər. Bu evlilikdən 2 övladları və 5 nəvələri var. V.Məmmədov tarix müəllimidir, 45 illik əmək fəaliyyətinin 20 ilini məktəb direktoru kimi fəaliyyət göstərib, Z.Nəsirova 45 il kənd icra nümayəndəliyində mühasib işləyib. Hal-hazırda hər ikisi təqaüddədirlər.   Məmmədovların oğlu Vüsal dövlət qulluqçusu, gəlini Samirə həkim, qızı Zabilə dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərirlər. 2 nəvəsi ali təhsilli, kiçik nəvələri isə məktəblidirlər. Vaqif Məmmədov pedaqoji fəaliyyətə Xocavənd rayonunda başlayıb, Ağdam rayonunun Güllücə kəndində direktor müavini və direktor kimi fəaliyyətini davam etdirib.  Bu zəhmətkeş, uzun və nümunəvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi Sizə təqdim edirik.  Hörmətli Vaqif müəllim və Zərqələm xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə, səmimi və mehriban qarşıladığınıza görə təşəkkürümüzü bildiririk.  Siz hal-hazırda məcburi köçkün qəsəbəsində yaşayırsız. Əvvəlcə istərdik ki, özünüz haqqında bizə məlumat verəsiniz, keçmiş həyatınızdan danışasınız. Ömür kitabınızı vərəqləsəniz bizə hansı incilərdən söhbət aça bilərsiz? Ömür kitabını vərəqləyəndə 30 illik köçkünlük həyatının çətinlikləri, məşəqqətləri yada düşür. İşlədiyim Güllücə məktəbinin fəaliyyətini çadır siniflərdə davam etdirməsi, o ağrı-acılı günlər ağır xatirə kimi gözümün önündən keçir və təəssüflənirəm. Allaha şükür ki, qəlbimizdəki nisgil, gözümüzdəki həsrət bitdi. Torpaqlarımız müzəffər ordumuz tərəfindən düşmən tapdağından azad olundu.  İstərdik ki, 45 ildən çox davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Vaqif müəllim, əvvəlcə Sizdən başlayaq. Xoşbəxtlik nisbi anlayışdır. Xoşbəxtliyi qazanmaq üçün insan çox əziyyətdən keçməli olur. Ailədə xoşbəxt olmaq üçün ailə üzvlərinin təmkinli olması, ailədə səmimiyyət, mehriban olmaq, bir-birinə güzəştə getməyi bacarmaq, diqqət və qayğı göstərmək lazımdır. Ailə özü nümunə, digər gənc ailələrə örnək olmalıdır.  Ailələr unikaldır, bir-birini təkrar etmir. Hər bir ailənin özünəməxsusluğu var. Ailədə bəzən ailə üzvləri arasında söz-söhbət, anlaşılmazlıqlar olur. Belə problemlərlə qarşılaşarkən bunu necə həll etmisiniz? Ailə kiçik bir dövlətdir. Kişi ailənin başçısı, qadın ailənin yaraşığıdır və ailənin idarə edilməsində rolu böyükdür. Mənə elə gəlir ki, ailədə ər-arvad bir-birinə güzəştə getməlidir. Bizim ailədə də söz-söhbət olub. Həmin anda səbr edib, söhbətdən kənara çəkilmişəm. Bəzən də həyat yoldaşıma məkanını dəyişməsini təklif etmişəm ki, ailəmdə olan gənc oğlumla gəlinim bizdən nümunə götürsün. Səbrli, təmkinli olmaq lazımdır.  Biz daim istəyirik ki övladımız tərbiyəli, təhsilli olsun. Əsl vətəndaş olub vətənini sevsin, qorusun, dövlətinə bağlı olsun, onun milli-mənəvi dəyərlərinə hörmətlə yanaşsın. Vətənə, dövlətə layiqli övlad yetişdirmək üçün nə etmək lazımdır? Vətəni uşaqlara tanıda bilsək onlar vətəni sevəcəklər. Gənclik bu gün bizə sübut etdi ki, vətəndaş olub vətəni sevmək tamam başqa şeydir. Mən xatirələr kitabı yazıram. Həmin kitabda gənclərimizdən də yazıram. Tarix dərsindən 3 alan uşaqlar müharibə vaxtı döyüşlərdə vətənpərvərlikdən 5 aldılar. Təkcə bizim kəndin 32 şəhidi var. Bu o deməkdir ki həqiqətən biz vətənini sevən, lazım gələrsə vətən üçün canından keçən əsl vətəndaşlar yetişdirmişik.   Vaqif müəllim Sizin bir oğlunuz var və onunla birgə yaşayırsız. Bəzən gənclər sərbəst olmaq istəyir, özləri müstəqil öz ailələrini idarə etmək istəyirlər. Elə övladlar olur ki valideynlə məsləhətləşmir, valideyndən asılı olmaq istəmirlər. Siz valideyn-övlad münasibətlərini ailənizdə necə tənzimləmisiniz? Yaxşı bilirəm ki, özün nümunə olmasan heç kimə heç nə öyrədə bilməzsən. Ailədə ağsaqqala, ağbirçəyə hörmət etmək lazımdır. Fikirləşirəm ki, gənclərin müstəqil olması, müasir zamanla uyğunlaşması təbiidir. O ailə xoşbəxtdir ki, onun ağsaqqalı, ağbirçəyi var. Böyüklərə evdə hörmət, ehtiram olmalıdır. Gənc ailələr heç olmasa 5 il böyüklərlə yaşasalar, onların təcrübəsindən yararlansalar yaxşı olar.  Yeni ailə quranlara nə tövsiyəniz var? 25 yaşdan sonra ailə qurmaq lazımdır. Birinci təhsil almaq lazımdır, ikinci ailə qurmaq üçün işin, yaşayış şəraitin olmalıdır. Gənclərə ailə münasibətlərində səbrli olmağı, bir-birinə qarşılıqlı hörmət və dəyər verməyi tövsiyə edirəm.  Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə Məmmədovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsinin qonağı Əhmədovlar ailəsi ilə müsahibə

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Növbəti qonağımız İsmayıllı rayonundan olan Əhmədovlar ailəsidir. Rayonun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan Əhmədovlar ailəsi İsmayıllı rayonunun ən gözəl kəndlərindən olan Talıstanda yaşayırlar. Əkrəm Əhmədov və həyat yoldaşı Hənifə xanım 66 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 9 övladları (4 qız, 5 oğlan),14 nəvə və 5 nəticələri var. Bir oğlu Ramiz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Ramiz evli olub, Orxan və Ayxan adlı 2 övladı var. Hər ikisi universitet bitiriblər. Orxan kənd məktəbində işləyir və “İlin ən yaxşı müəllimi” seçilib. Ayxan Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında şöbə müdiri işləyir. Qızlarından ikisi evli, biri subaydır. Bu zəhmətkeş, uzun və nümuməvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi Sizə təqdim edirik. Ailənin başçısı Əkrəm Əhmədov 1965-ci ildə Kənd Təsərrüfatı Universitetini bitirdikdən sonra istehsalat idarəsində aqrokimya laboratoriyasının müdiri, daha sonra rayon Partiya Komitəsində 1-ci katibin təlimatçısı, kolxoz sədri, baş aqronom kimi əmək fəaliyyətini davam etdirib. Rayonda üzüm bağlarının salınması onun təşəbbüsü olub. Həyat yoldaşı Hənifə xanım isə evdar qadındır. Hörmətli Əkrəm müəllim və Hənifə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 66 ilə yaxındır ki, davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Əkrəm müəllim, əvvəlcə sizdən başlayaq.             Belə deyək çətinlik də olub, xoşbəxtliyimiz də olub. Şükür Allaha ki, çətinliyimiz olubsa da 66 il zarafat deyil. Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?             Hər zaman bir birimizin fikirlərinə  hörmətlə yanaşmışıq. Ailədə düzlük, dürüstlük, səmimilik ön planda dayanmalıdır. Bir-birini duymaq, bir-birinə inam, sədaqət və ailədə dostluq da əsas şərtlərdəndir. Ailənin uzunömürlü olması üçün, hər şeydən əvvəl bu kiçik dövlətdə hamı bir-birinə hörmət etməli, hər kəs öz yerini bilməlidir. Əkrəm müəllim, Sizin bir övladınız dövlət işində işlədiyi halda, müharibə başlayanda hərşeyi yarımçıq qoyub vətənin müdafiəsinə qalxıb. Siz onların vətənə, dövlətə layiqli övladların olması üçün nə etmisiniz? Həmişə onlara vətəni sevmələrini demişik. Vətən bizim həm anamızdır, həm atamızdır, həm də torpağımızdır. Şəhid oğlum həm də əlaçı idi. Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? Övladlarımla aramızda dostluq da olub, hökmranlıq da. Ananın (Hənifə xanımın) övladlarına münasibəti: - Övladlarımla münasibətim çox yaxşı olub. Hər zaman övladlarıma aşılamışam ki, Anasını sevən ilk əvvəl torpağını, Vətənini sevməlidir, yoxsa nə o torpaq Ana Torpaq olar, nə o Vətən Ana Vətən olar. Ata (Əkrəm bəy) - Övladlarım bu yaşa çatsalar da yenə görəcəkləri işlərdə bizimlə məsləhətləşirlər, bizim tövsiyələrimizə hər zaman önəm verirlər. 14 nəvəmdən doqquzu ali təhsil alıb. Nəticələrimdən 2-si kollecdə oxuyur, qalanları məktəblidirlər.             Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Birinci məsləhətim ondan ibarətdir ki, ailə quranda ilk öncə böyükləri ilə məsləhətləşsinlər. İndi ailə quranlar böyüklərlə məsləhətləşmədən ailə qururlar, 2-3 övladları olduqdan sonra yola getmir, boşanırlar. Ailələrin möhkəm olmaları üçün ər və arvad bir-birilərini dinləyib-anlamalıdırlar. Ailə kiçik dövlətdir, bu dövləti quranda mütləq böyüklərlə məsləhətləşmək, dönə-dönə götür-qoy etmək lazımdır ki, o dövlət möhkəm, uzunömürlü olsun. Hənifə nənə deyir ki, tərəflər bir-birini işarədən anlamalı, başa düşməli, bir narahatçılıq, bir problem olanda öz aralarında həll etməlidirlər, zərurət yarandıqda ailə böyüklərindən, mütəxəssislərdən dəstək, məsləhət almalıdırlar. Aramızda inciklik olub, ancaq uzağı yarım saatdan sonra barışmışıq, kiçik bir incikliyi böyüdüb boşanmaya gətirməmişik, ailəni qorumaq üçün hər iki tərəf güzəştə getməyi bacarmalıdır. Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə Əhmədovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm can sağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

Ətraflı