"Ailələrimizi tanıyaq" layihəsinin növbəti qonağı Kərimzadələr ailəsidir

29 may 2025 15:23

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Ailələrimizi tanıyaq"layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə  dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu  istiqamətdə təşviqat işini aparmaqdır. 

Növbəti qonağımız Xəzər rayonundan olan Kərimzadələr ailəsidir.

Ailənin başçısı Telman Kərimzadə 1951-ci ildə anadan olub. Azərbaycan Tibb İnstitutunun Sanitariya-profilaktika fakültəsini bitirib, əvvəllər hərbi həkim kimi fəaliyyət göstərib, sonra isə Şimal DRES-də mühafizə rəisi vəzifəsini tutub. Hazırda təqaüddədir.

Həyat yoldaşı Sevil Kərimzadə 1963-cü ildə ziyalı ailəsində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) fərqlənmə diplomu ilə bitirib. Hazırda 181 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Peşəkar fəaliyyətinə görə məktəb rəhbərliyi tərəfindən dəfələrlə Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunub. 

41 ildir birgə ömür sürən bu ailənin 3 qız övladı, 5 nəvəsi var.

İlahə Qeybullayeva Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bakalavr və magistr pillələri üzrə fərqlənmə diplomu ilə bitirib, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində çalışır. Ailəlidir, 3 övladı var.

Səbinə Kərimzadə Bakı Dövlət Universitetinin Fizika elektronika fakültəsini bitirib, “Rabitəbank” ASC-də fəaliyyət göstərir.

İranə Qurbanova Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin bakalavr, Bakı Dövlət Universitetinin Politologiya fakültəsinin magistr pillələrini fərqlənmə diplomu ilə bitirib, ailəlidir, 2 övladı var.

 

Bu dəyərli, uzun və nümunəvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi sizə təqdim edirik:

 

Hörmətli Telman müəllim və Sevil  xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə, səmimi və mehriban qarşıladığınıza görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 41 il davam  edən “Xoşbəxt evliliyin sirri nədir?” sualını cavablandırasınız.

 Telman Kərimzadə: “Ailə xoşbəxtliyinin sirrini mən tərəflərin bir-birinə güzəşt etməsində görürürəm. Xoşbəxt evliliyin təməli dost olmağı bacarmaq və bir ömür birlikdə bu hörməti, sevgini davam etdirməkdir. Ömür-gün yoldaşımla bütün çətinliklərin öhdəsindən əzmkarlıqla və səbrlə gəlmişik. Daim övladlarımıza örnək olmağa, mehriban və gözəl ailə  nümunəsi olmağa çalışırıq.

 Ailə daxilində anlaşmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll  edirsiniz?

 Sevil Kərimzadə: Təbii ki, hər ailədə anlaşılmazlıqlar olur. Ailəmiz demokratik əsaslara malikdir. Bir-birimizin fikirlərinə hörmət bütün çətinliklərin həllinin açarıdır. Eyni zamanda ailə üzvləri arasında güvən hissinin yüksək olması problemlərin həllini sürətləndirir.

 Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?

 Telman Kərimzadə: “Övlada layiqli tərbiyə vermək üçün əvvəlcə valideynlər özləri nümunəvi olmalı, vətənini sevməli və bu sevginin dəyərini övladlarına düzgün aşılamalıdırlar”.

 Sevil Kərimzadə: “Bədii dildə belə ifadə edim. Vətəni olmayan qanadı sınmış quşa bənzəyir. Onlar böyük bir dünyada tək olduqlarını hiss edirlər. Bizi biz edən vətənimizdir. Övladlarımızı yetişdirərkən ən böyük məqsədimiz bu amalı və sevgini onların da davam etdirməsidir”.

 Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?

 Övladlarımızla aramızda hörmət və çox möhkəm dostluq münasibətimiz var. Valideynlər gərək övladlarına qarşı səbrli, təmkinli olsun və onların fikirlərinə hörmətlə yanaşsınlar. Məhz bu zaman ailə daxilində valideyn-övlad münasibətləri mükəmməl olar.

 Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz.

 Geriyə dönüb baxanda düşünürük ki, gərək onlara öz hisslərini, fikirlərini ifadə etmələri üçün daha çox şərait yaradardıq. Düşünək bir uşağın nəyə ehtiyacı var, bir uşağın özünü təhlükəsiz hiss etməsinə ehtiyacı var və bu təhlükəsizlik hissini ən çox valideyndən almaq istəyir, evi onun üçün  rahat, təhlükəsiz bir yer olmalıdır. Həmçinin bir uşağın ehtiyacı var ki, ona müstəqillik  verilsin və o nələrisə təcrübə eləsin, öyrənsin, bəlkə, səhv  edəcək, amma öyrənsin. Buna görə də uşağa kiçik yaşlardan hörmətlə yanaşmaq, onu qırmamaq, hisslərini zədələməmək, hörmətsizlik etməmək, onunla daha çox vaxt keçirmək, söhbət etmək, danışmaq, problemlərini dinləmək lazımdır. Bütün gənc valideynlərə məhz bunları etməyi bacarmağı məsləhət görərdik.

 Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?

 Yeni ailə quran gənclərə tövsiyəmiz budur ki, hər zaman anlayışlı olsunlar, aralarındakı hörmət, sevgi daim olsun. Uğurlu ailəni sağlam təməllərlə inşa olunmuş körpüyə bənzətmək daha doğru olardı. Hər iki tərəf möhkəm və sarsılmaz olarsa, o ailə dağılmaz və uzunömürlü olar. İçində sevgi olan hərşey gözəldir, sevgi dolu ailə isə ən gözəl nümunədir.

  

Fikir və təcrübələrini bizimlə paylaşdığına görə Kərimzadələr ailəsinə təşəkkürümüzü  bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt ömür arzu edirik.