“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Əliyevlərdir

19 mart 2025 12:35

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı İsmayıllı rayonunun sayılıb-seçilən, nümunəvi ailələrindən olan Əliyevlər ailəsidir.

Nəzər Əliyev 1962-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində sənətkar-misgər ailəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (hazırkı Azərbaycan Dövlət Pedaqoji Universitetini) bitirib, təyinatla rayonun Həftəsov kənd məktəbində riyaziyyat müəllimi, Əhən kənd məktəbində isə direktor işləyib. Hazırda “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun müdiridir. Bakı Maşınqayırma Texnikumunu bitirən həyat yoldaşı Şəlalə Əliyeva isə uzun illər peşə məktəbində müəllim kimi çalışıb və hazırda Lahıc kənd kitabxanasının müdiridir. 40 ildir birgə ömür sürən bu ailənin 3 övladı, 5 nəvəsi var.

Böyük oğlu Mirzə Əliyev Azərbaycan Dövlət İqtisad Universitetini, qızı Səriyyə Əliyeva Bakı Dövlət Universitetini, kiçik oğlu Kamal Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetini bitiriblər.

Nəzər Əliyev 1996-cı ildən Bakıda, eləcə də Fransa, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstanda keçirilən Azərbaycan mədəniyyəti günlərində, müxtəlif sərgilərdə iştirak edib, özünün və digər misgərlərin əl işlərini, Lahıca məxsus sənətkarlıq nümunələrini nümayiş etdirib, master-klaslar keçib.Sərgilərdə dəfələrlə Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. 2017-ci ildə növbəti belə bir görüşdə Prezident İlham Əliyevi Lahıca – evlərinə qonaq dəvət edib. Bir il sonra İsmayıllıya səfəri çərçivəsində Lahıcda olan ölkə rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva ilə birlikdə ailənin qonağı olublar. Bu, ailə üzvlərinin yaddaşına həyatlarının ən xoş günü kimi yazılıb.

Bu zəhmətkeş, uzun və nümuməvi ömür yolu olan ailə ilə müsahibəmizi təqdim edirik.

Xoşbəxt evliliyin sirri nədədir?

Ailənin ağbirçəyi, Nəzər Əliyevin anası Püstə Əliyeva: - Xoşbəxt evliliyin sirri zəhməti, əməyi sevməkdədir, zəhmətə bağlı olan, əməyi sevən insan, ailə xoşbəxtdir.

Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?

            Şəlalə Əliyeva: - Güzəştə getməklə, problemi öz aramızda sakit səslə, astadan müzakirə etməklə həll etməyə çalışırıq.

 Vətənə, dövlətə layiq övladların yetişdirilməsi üçün nə etmək lazımdır?

- Nəzər Əliyev: - Özümüz nümunə olmaqla. Valideynlərin davranışları övladlarına təsir edir.

Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?

- Bu məsələdə valideynlərimizi örnək almışıq. Uşaq valideynlərini böyük kimi görməli, bilməlidir, belə olduqda tərbiyədə istədiyinizə nail ola bilərsiniz.

Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz.

- Allaha çox şükür ki, elə hal olmayıb, iş nə qədər çox olsa da uşaqların tərbiyəsinə, təhsilinə vaxt tapmışıq. İş gözləyə bilər, təlim-tərbiyə isə yox.

Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?

           - Püstə Əliyeva: -Böyüyün xeyir-duası olmadan ailə qurmasınlar.

- Şəlalə Əliyeva: -Güzəştə getməyi bacarsınlar.

Hörmətli Əliyevlər ailəsi, bir daha bizi ailənizdə qəbul etdiyinizə, dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüzə görə  təşəkkürümüzü bildirir, Sizə uzun ömür və möhkəm cansağlığı arzu edirik.