“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Babayevlər ailəsidir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Növbəti qonağımız İsmayıllı rayonunun sayılıb-seçilən, nümunəvi ailələrindən biri olan Babayevlər ailəsidir.
Ailənin başçısı Əlaləm Babayevin 73 yaşı var, İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində anadan olub. Azərbaycan Dövlət Politexnik İnstitutunu, Ali Hərbi Məktəbi və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 30 il hərbi sahədə çalışıb, 2016-cı ildən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İsmayıllı Rayon Şurasının sədridir, “Mübarizədən keçən ömür” adlı kitabın müəllifidir.
Əlaləm Babayev və həyat yoldaşı Xuraman xanım 47 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 3 övladları var. Böyük oğlu Baba Babayev İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında məhkəmə tibb ekspertizası şöbəsinin müdiridir, digər oğlu təhlükəsizlik orqanlarında işləyir. Qızı İfadə xanım da həkimdir, o da qardaşı ilə eyni xəstəxanada şöbə müdiri işləyir. Gəlinləri də həkimdirlər. Övladlarının hamısı ailəlidirlər. 8 nəvələri (6 oğlan, 2 qız) var, 3 nəvə tələbədir, digərləri isə məktəblidirlər.
Bu zəhmətkeş, uzun və nümuməvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi Sizə təqdim edirik.
Hörmətli Əlaləm müəllim və Xuraman xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. Müsahibəmizə ənənəvi sualımızla başlayaq. İstərdik ki, 50 ilə yaxın davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Xuraman xanım, əvvəlcə Sizdən başlayaq.
-Xoşbəxt evliliyin düsturu, qanunu yoxdur. Ən əsası odur ki, ər və arvad bir-birinə güzəştə gedə bilsinlər, çətinliklərin öhdəsindən gələ bilsinlər, o çətinliklərdən qorxmasınlar, çəkinməsinlər.
Cənab polkovnik, bu mövzuda Siz nə deyə bilərsiz?
-Ailə kiçik dövlətdir. Nə mən, nə də Xuraman xanım heç vaxt ailənin sirrini heç kimlə bölüşməmişik. Ailənin ayaq üstündə durmasında, xoşbəxt olmasında əsas səbəbkar qadındır.
Xuraman xanım, ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?
-İkimiz öz aramızda müzakirə edərək, haqsız tərəf haqlıya güzəştə getməklə. Belə hallarda güzəştə getməyi bacarmaq lazımdır və biz hər ikimiz bunu bacarmışıq.
Cənab polkovnik, Sizcə vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?
-Mən işimə çox vurğun insan olmuşam. Övladların tərbiyəsi ilə Xuraman xanım məşğul olub. Dünyaya uşaq gətirən ailə birbaşa uşağın tərbiyəsinin də məsuliyyətini daşıyır. Ailələr uşaqları cəmiyyətə, ailəyə, millətə və dövlətə yararlı şəxsiyyət kimi böyütməlidirlər.
Xuraman xanım: “Vətəni əvvəl özüm sevmişəm, doğulduğum yurda ilk özüm Vətən demişəm, sonra da bunu övladlarıma aşılamışam”.
Əlaləm müəllim, valideyn-övlad münasibətlərini Siz ailənizdə necə tənzimləmisiniz?
-Bu gün demək olar ki, biz dostuq, oğlanlarımla da, qızımla da. Əvvələr isə ailəmiz daha mühafizəkar ailə olub.
Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz?
- Övlad üçün atanın, ananın edə biləcəyi ən vacib şey onun tərbiyəsidir, təhsilidir. Təhsildən böyük sərvət yoxdur. Biz onlara gözəl tərbiyə vermişik, təhsil vermişik, elə bir təəssüf hissi keçirdiyimiz hallar olmayıb.
Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?
Xuraman xanım: “Ailədə bir-birlərini başa düşsünlər, güzəştə getməyi bacarsınlar, hər şeydən ötəri mübahisə salmasınlar evə. Evin sirrini evdən çıxartmasınlar, hər şeyi öz aralarında həll etsinlər”.
Əlaləm müəllim: “Yenə deyirəm, ailə kiçik bir dövlətdir. Gənclərimiz o dövlətin bünövrəsini elə qoysunlar ki, onu hər cür müdaxilələrindən, çətinliklərdən qoruya bilsinlər”.
Hörmətli Əlaləm müəllim, dəyərli Xuraman xanım, bir daha bizi ailənizdə qəbul etdiyinizə, dəyərli fikirlərinizi bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, Sizə möhkəm can sağlığı və sağlam, uzun ömür arzu edirik.