“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Ağdam rayonundan olan Məmmədovlar ailəsidir

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Ağdam rayonunun sayılıb-seçilən, nümunəvi ailələrindən olan Məmmədovlar ailəsidir.
Ailə başçısı – Allahverdi Məmmədov1959-cu ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Xudu Məmmədov adına Mərzili kənd tam orta məktəbini, Bakı Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Mərzili kənd tam orta məktəbində coğrafiya müəllimi kimi başlayıb, hazırda Quzanlı qəsəbəsi 68 saylı tam orta məktəbdə direktor müavini və müəllim kimi davam etdirir. Əmək fəaliyyəti dövründə dəfələrlə müxtəlif mükafatlarla, o cümlədən Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Həyat yoldaşı – Tərlan Məmmədova 1963-cü ildə Mərzili kəndində anadan olub. Quzanlı qəsəbəsi 68 saylı tam orta məktəbdə laborant işləyir.
40 ildən çox birgə ömür sürən bu ailənin 3 övladı, 9 nəvəsi var. Oğlu Elnur Məmmədov bank sektorunda, qızları Yeganə Zeynalova və Rabiyyə Məmmədova isə məktəbdə müəllimə kimi fəaliyyət göstərir.
Bu zəhmətkeş, uzun və nümunəvi ömür yolu olan ailə ilə müsahibəmizi təqdim edirik.
Xoşbəxt evliliyin sirri nədədir?
Xoşbəxt evlilik sevgi və hörmət üzərində qurulan möhkəm bir təməldir. Evlilikdə hər iki tərəfin bir-birinə qarşı dürüst və sadiq olması xoşbəxtliyin vacib şərtlərindən biridir. Hər kəsin səhv edə biləcəyini qəbul etmək, bağışlamağı bacarmaq və kin saxlamamaq ailə münasibətində rahatlıq yaradır. Unutmamaq lazımdır ki, hər kəsin şəxsi sərbəstliyə ehtiyacı vardır. Ailədə həm birlik olmalıdır, həm də fərdi fikirlərə hörmətlə yanaşmaq lazımdır. Belə olduqda evlilik sadəcə həyat yoldaşlığı deyil, həm də bir dostluq, bir yol yoldaşlığa çevrilir.
Ailə daxilində anlaşılmazlıq baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?
Hər bir ailədə zaman-zaman fikir ayrılıqları və anlaşılmazlıqlar ola bilər. Bu normal və təbii haldır. Əsas məsələ bu anlaşılmazlıqların necə həll edilməsidir. Biz ailədə hər hansı fikir ayrılığı yaşadıqda ilk növbədə səmimi və sakit ünsiyyətə üstünlük veririk. Bir məsələ üzərində razılığa gəlmək çətin olsa belə birlikdə qərar verməyə çalışırıq.
Vətənə, dövlətə layiqli övladlar yetişdirməsi üçün nə etmək lazımdır?
Vətənə layiqli övlad böyütmək hər bir valdeynin ən ali vəzifələrindən biridir. Ailədə sevgi, hörmət və milli dəyərlərə bağlılıq hökm sürməlidir. Uşaqlar ailədə dürüstlük, əməksevərlik, böyüklərə hörmət, vətənə sevgi və məsuliyyət hissi ilə böyüməlidirlər. Bu işdə valdeyn özü nümunə olmalıdır. Çünki tərbiyə sözlə yanaşı, davranışla da olmalıdır. Tanınmış alim, ictimai-siyasi xadim Xudu Məmmədovun dediyi kimi: “Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil..! Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər.”
Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?
Qeyd edək ki, valideyn övladına yalnız qayğı göstərən şəxs deyil, həm də ona həyat dərsi verən, yol göstərən bir rəhbər olmalıdır. Necə deyərlər, övladınızı tərbiyə etmək istəyirsinizsə, özünüz tərbiyəli olun, övladlarınız da özünüzə bənzəyəcək.
Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz.
Çox gözəl, düşündürücü bir sualdır. Uşaqların tərbiyəsi zamanla dəyişən bir prosesdir və valideynlər, müəllimlər, böyüklər bu prosesə baxıb tez-tez düşünürlər ki, kaş bunu da etsəydim. Uşaqlarla valdeynlərin birlikdə keyfiyyətli zaman keçirməsi onların emosional və psixoloji inkişafında çox böyük rol oynayır. Sevindirici haldır ki, nəinki öz övladlarım, qohum-qardaşlarımın uşaqları, onların ailə üzvilərinin də bizə qarşı çox böyük hörmətləri var. Bu məni çox sevindirir. Deməli, keçmişdən bu günə qədər onların tərbiyəsində heç bir qüsur buraxmamışıq ki, bu gün onlar vətənə, bizə və doğmalarına qarşı çox yüksək səviyyədə sevgi və hörmət bəsləyirlər.
Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?
Ailə qurmaq istəyi gözəl və məsuliyyətli bir addımdır. Amma unutmayın ki, sevgi yetərli deyil. Qarşılıqlı anlayış, hörmət, səbr də bir o qədər vacibdir. Ailə qurmazdan əvvəl insanlar özünü tanımalı, nələrə qarşı dözümlü olduğunu bilməlidirlər. Yoldaşınız sizin yanınızda rahat və güvən hiss eləməlidir. Evdə hər şeydən əvvəl bir-birini dinləyən iki könül evi olmalıdır. Hər şeyi danışın, gizli saxlamayın. Ailə içində səmimiyyət və dürüstlük vacibdir. Heç kim mükəmməl deyil. Bəzən susmaq, bəzən bir “haqlısan” demək ailəni dağılmaqdan qoruyur. Ailə təkcə övlad sahibi olmaq üçün qurulmur, həm də bir yerdə böyümək, öyrənmək, dəstək olmaq üçün qurulur.
Ailənin qorunması, uzunömürlü olması üçün gənc ailələlərə nə məsləhət görərdiniz?
Ailələrin uzunömürlü və möhkəm olması üçün qarşılıqlı hörmət, sevgi və anlayış vacibdir. Ailəni qorumaq üçün açıq ünsiyyət qurmaq, səbirli və anlayışlı olmaq, birgə vaxt keçirmək və çətinliklərdə bir-birinə dəstək olmaq önəmlidir. Kiçik səhvləri böyütmədən bağışlamağı bacarmaq və məsuliyyətləri birlikdə bölüşmək ailəni daha güclü edər. Sevgi və fədakarlıqla qurulan ailələr uzunömürlü və xoşbəxt olar.
Hörmətli Məmmədovlar ailəsi, bir daha bizi ailənizdə qəbul etdiyinizə, dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüzə görə təşəkkürümüzü bildirir, Sizə uzun ömür və möhkəm cansağlığı arzu edirik.