Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
“Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildi

Təcrübə göstərirdi ki, məişət zorakılığı qurbanlarının böyük əksəriyyəti maliyyə baxımından asılı olan və ya  şəxsi gəlirləri olmayan şəxslər idi. Qanunvericilikdə aztəminatlı şəxslərin dövlət vəsaiti hesabına hüquqi  yardımla təmin olunması nəzərdə tutulmuş olsa  da, vahid mexanizmin olmaması zərər çəkmiş şəxsin hüquqi müdafiəsini zəiflədirdi. Azərbaycan Respublikasının Milli Məclisinin 23 fevral 2024-cü il tarixli iclasında qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən məişət zorakılığından zərər çəkmiş şəxsə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardım göstərilməsi nəzərdə tutulmuşdur. Sözügedən Qanunla dövlət hesabına pulsuz hüquqi yardım göstərilməsi qaydasının Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi müəyyən edilmişdir. “Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı 23 iyul 2024-cü ildə təsdiqlənmişdir. Qaydaya əsasən dövlət vəsaiti hesabına hüquqi yardım dedikdə məişət zorakılığından zərər çəkmiş şəxsə onun tərəfindən əvəzi ödənilmədən göstərilən hüquqi xidmət nəzərdə tutulur. Qaydaya hüquqi yardımın növləri və formaları, göstərilməsi şərtləri, bununla bağlı məlumatlandırma və maliyyələşdirilməsi mənbələri ilə bağlı müddəlar daxil edilmişdir. Qaydada dövlət yardım mərkəzləri və müvafiq ərazi üzrə yerləşən vəkil qurumlarında və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər dövlət vəsaiti hesabına hüquqi yardım göstərən subyektlər kimi müəyyən edilmişdir. Qaydaya əsasən hüquqi yardımın aşağıdakı növləri nəzərdə tutulmuşdur: 1.sənədlərin əldə edilməsinə kömək göstərilməsi; 2. zərər çəkmiş şəxsə hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün şifahi və ya yazılı hüquqi məsləhətlərin verilməsi; 3. zərər çəkmiş şəxslərin cinayət prosesini həyata keçirən orqanlarda və ya məhkəmələrdə təmsil edilməsi; 4. ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi. Qaydada hüquqi yardımın aşağıdakı formaları nəzərdə tutulmuşdur: 1.    Dövlət yardım mərkəzləri tərəfindən göstərilən sosial hüquqi xidmət 2.    Dövlət vəsaiti hesabına vəkil tərəfindən göstərilən hüquqi xidmət.   Hüquqi yardım göstərilməsi üçün müraciət olunması: -cinayət işləri üzrə icraat zamanı cinayət prosesini həyata keçirən orqana; -mülki, inzibati mübahisələrə dair və ya inzibati xətalara dair işlər üzrə vəkilə və ya məhkəməyə -zərər çəkmiş şəxslərin cinayət prosesini həyata keçirən orqanlarda və ya məhkəmələrdə təmsil edilməsi istisna olmaqla, digər yardım növləri üzrə sosial hüquqi xidmət göstərilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumuna, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin müvafiq “DOST” mərkəzinə və ya Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına müraciət edilə bilər.Məhz bu halda hüquqi yardımın vəkil tərəfindən göstərilməsi Vəkillər Kollegiyasının qərarı əsasında həyata keçiriləcək.   Hüquqi yardım göstərilməsi üçün aşağıdakı sənədlərdən ən azı biri əsasdır: 1.məişət zorakılığına məruz qalmış şəxsə verilən qısamüddətli və yaxud uzunmüddətli mühafizə orderi; 2. cinayət prosesini həyata keçirən orqanın şəxsin məişət zorakılığı ilə bağlı cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınması barədə qərarı; 3. məişət zorakılığı ilə bağlı şikayət üzrə zərər çəkmiş şəxslə bağlı yerli icra hakimiyyəti orqanının qərarı; 4. məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin arayışı; 5. məişət zorakılığı ilə bağlı məlumat bankının məlumatı   Məişət zorakılığı barədə şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda nəzərdə tutulmuş sənədlər təqdim edilmədən, zərər çəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin müraciəti əsasında hüquqi yardım göstərən subyektlər tərəfindən həyata keçirilir. Hüquqi yardım göstərilməsi ilə bağlı ictimaiyyətin məlumatlandırılması hüquqi yardım  göstərən subyektlər, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək. “Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildi      

Ətraflı
Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masa keçirilib

24 iyul 2024-cü il tarixində Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masa keçirilib. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar təşkil edilən dəyirmi masada dövlət qurumlarının nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyəti institutları və ictimai birliklərin nümayəndələri iştirak edib. İştirakçıları salamlayan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərdə qadınların rolunun böyük olduğunu və ölkəmizdə seçicilərin əksəriyyətini qadınların təşkil etdiyini qeyd edib. O, ölkənin tanıdılmasında qadınların rolunun daha yüksək olduğunu vurğulayaraq bildirib ki, səsvermə günü qadın seçicilərin aktivliyinə önəm veririk. Seçkilərdə, xüsusilə təbliğat-təşviqat proseslərində qadınlardan daha çox müsahibə almaq, onların fikrini öyrənmək, media vasitəsilə onların fəaliyyətini daha geniş işıqlandırmaq arzuolunandır. M. Pənahov 40 minə yaxın Komissiya üzvünün əksəriyyətinin qadınlardan ibarət olduğunu da diqqətə çatdırıb. “Biz artıq yeni Azərbaycanda yaşayırıq. 44 Günlük Vətən müharibəsindən sonra Azərbaycan necə xalq olduğunu dünyaya nümayiş etdirdi. Güclü olduqca kənardan təzyiqlər daha çox olur. Böyük dövlətlər kiçik dövlətlərə təzyiq etməyə çalışır. Azərbaycana olan təzyiqlərin necə artdığını biz müharibədən sonra gördük” - deyən MSK sədri əlavə edib ki, hər kəs öz sahəsində vətəndaş borcunu yerinə yetirməyə çalışmalıdır. Zəfər seçkilərindən sonra parlament seçkilərinin də qalib ölkə olaraq Azərbaycanda bütün dünya tərəfindən tanınan torpaqlarda keçirilməsinin əhəmiyyətini vurğulayan M. Pənahov bildirib ki, Azərbaycanın yüz illərdir arzu etdiyi, həsrətində olduğu halların reallaşdığını görürük və biz də özümüzə aid sahələrdə həmin standartlar üzərində işlərimizi qurmalıyıq. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, hər bir vətəndaşın Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün səviyyələrində bərabər iştirak hüququ var. Tarixən qurucu babalarımızdan bizə miras qalan ideyaları həyata keçirən və müstəqil dövlət quran Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu hüquq tam mənası ilə reallaşdırılmağa başlayıb. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən vətəndaş hüquqları içərisində seçki hüququ əsas fundamental hüquqdur. Məhz bu hüquq əsasında biz hamılıqla bütün seçki proseslərində bərabər, azad və demokratik qaydada iştirak edirik və bu iştiraka özümüzü hazırlayırıq. Seçki Məcəlləsində hər bir vətəndaşın səsinin eyni hüquqi qüvvəyə malik olduğunu nəzərdə tutan seçki hüququnun bərabərliyi prinsipi özündə cinsi mənsubiyyətə görə bərabərliyi də ehtiva edir. Odur ki, biz dövlətin bu sahədə öhdəliklərinə məsuliyyətlə yanaşaraq, cinsi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımızın bu hüquqdan maksimum yararlanmaqla dövlətin idarə edilməsi prosesində iştirakı üçün effektiv mexanizmlərdən istifadə imkanlarının artırılmasına çalışırıq. O, həm milli qanunvericilik, həm də beynəlxalq konvensiyaların vətəndaşların hüquqlarının həyata keçirilməsi üçün dövlətlərin üzərinə öhdəliklər qoyduğunu diqqətə çatdıraraq, əlavə edib ki, seçki hüququnun həyata keçirilməsi üçün onun konvensiya ilə əlaqəsi məsələsinə də diqqət etmək mütləqdir. BMT-nin CEDAW Komitəsinin Azərbaycan Respublikasının son dövri hesabatına dair verdiyi tövsiyə və qeydlərə görə iştirakçı dövlətdə siyasi sabitliyin və dayanıqlı inkişafın əldə olunması üçün tələb kimi siyasi və ictimai həyatda qadınların kişilərlə bərabər əsaslarla tam müstəqil və demokratik iştirakının vacibliyi barədə maarifləndirmə və dəstək kampaniyaları aparmaq, potensialın gücləndirilməsi və təlim tədbirləri və s. təşkil edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həm regionda, həm də post sovet məkanında yeganə ölkə kimi Azərbaycanda “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun mövcud olduğunu vurğulayan B. Muradova Dövlət Komitəsinin Milli Məclisə bu qanunun icra vəziyyəti ilə bağlı təqdim etdiyi məlumatın hər il dinlənildiyini də qeyd edib. Həm milli, həm də beynəlxalq öhdəliklərimiz çərçivəsində görülən işlər barədə danışaraq, qadınların dövlət idarəçiliyi və qərarqəbuletmə prosesində artan təmsilçiliyi haqqında məlumatları diqqətə çatdıran Komitə sədri çıxışının sonunda bir daha qadınlara çağırış edərək, onları parlament seçkilərində aktiv iştiraka dəvət edib. Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov “Seçki hüququnun konstitusion əsasları, onun təmin edilməsi və həyata keçirilməsi formaları”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Qadınların seçkilərdə fəallıqlarını daha da artırması üçün imkanlar” mövzusu üzrə çıxış edib. Seçki kampaniyalarında qadınların aktiv iştirakı, məntəqə və dairə seçki komissiyalarında balanslaşdırılmış iştirakın, eləcə də müşahidəçi, həm də seçici kimi qadınların fəallığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Dünya üzrə parlament seçkilərində qadınların təmsilçiliyi ilə bağlı statistik göstəricilər diqqətə çatdırılıb, həmçinin seçkiqabağı, seçki zamanı, eləcə də seçkidən sonrakı proseslərdə bərabər iştirakın önəmi vurğulanıb. Daha sonra “Bərabər İnkişaf Naminə” Koalisiyanın nümayəndələri - Gender və İqtisadiyyat İB-nin sədri Təranə Kərimova, Gənc Demokratlar İnsitutunun sədri, politoloq Yeganə Hacıyeva, “Ekoloji Maarifçilik və Monitorinq” İB-nin sədri Qəmzə Yusubova müzakirələrdə iştirak edərək, hər kəsin, xüsusilə də qadınların vətəndaşlıq borclarını yerinə yetirməklə seçkilərdə aktiv iştirakının cəmiyyət və dövlət üçün önəmini qeyd ediblər.    

Ətraflı
“Çətin həyat şəraitində, eyni zamanda məişət zorakılığı baş vermiş ailələrdə olan uşaqların hüquqlarının müdafiəsi” mövzusunda onlayn formada görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutmuş görüşün məqsədi çətin həyat şəraitində olan, eyni zamanda məişət zorakılığı baş vermiş ailələrdə olan uşaqların hüquqlarının müdafiəsi, valideynləri barəsində hüquqi qiymətin verilməsi, uşaqların müəssisələrə yerləşdirilməsi, onların qanunvericilikdə nəzərdə tutulmuş yardım və xidmətlərlə təmin edilməsi, həmçinin valideyn himayəsindən məhrum olmuş və dilənçilikdə məşğul olan, uşaq əməyinə məruz qalan uşaqların ailəyə qaytarılması və ailə ilə iş aparılmasıyla bağlı bu sahədə qurumlararası işin  icra mexanizminin təkmilləşdirilməsidir. Görüşdə Səhiyyə Nazirliyininin, Sosial Xidmətlər Agentliyinin əməkdaşları və Şəhər/Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə  komissiyalarının sədrləri iştirak edib.        

Ətraflı
Regionlarda qanunvericiliyə edilən son dəyişikliklərlə bağlı maarifləndirmə işləri aparılıb

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsinin regionlarda təbliği məqsədilə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən maarifləndirici görüşlər keçirilib.  Görüşlərdə mərkəzlərin, idarə və müəssisələrin, yerli icra hakimiyyətləri və bələdiyyələrin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, din xadimləri, mətbuat nümayəndələri, təhsil və səhiyyə işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  Çıxış edənlər layihə əsasında qanunvericiliyə ediləcək dəyişikliklərdə “erkən evlilik” anlayışının daxil edilməsi, nikaha və erkən evliliyə məcbur edilmə, 16 yaşa çatmayan şəxsin erkən evliliyinin təşkili, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlərinin məsuliyyətə cəlb olunması, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə görə məsuliyyətin müəyyən edilməsi nəzərdə tutulduğunu qeyd ediblər. Bildirilib ki, Ailə Məcəlləsində edilən dəyişikliklərə görə, üzürlü səbəblərdən nikaha daxil olma yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməsi ləğv edilib. Həmçinin nikahın bağlanmasına mane olan hallar siyahısına olunan əlavəyə görə, ümumi bioloji baba və (və ya) nənəsi olan şəxslər, eləcə də bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyəcək. İştirakçıların nəzərinə çatdırılıb ki, qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir və qanun pozuntusuna görə cərimələr, azadlığın məhdudlaşdırılması və inzibati həbs cəzaları nəzərdə tutulub. Görüşlərdə aparılan müzakirələr zamanı erkən evlilik hallarının insan hüquq və azadlıqlarını məhdudlaşdırması, yetkinlik yaşına çatmayanların təhsil almaqdan məhrum olması, onların fiziki və psixi sağlamlığına ciddi zərər vurulması məsələləri, həmçinin qohum nikahlarının nəticəsində doğulan uşaqlarda genetik və qan xəstəliklərinin, anomaliyaların yaranma riskinin yüksək olduğu bildirilib. Bu cür halların aradan qaldırılması, milli genofondun sağlamlaşdırılması üçün əhali arasında geniş təbliğat işinin aparılmasının əhəmiyyəti vurğulanıb. Qeyd edək ki,  “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təklifləri əsasında hazırlanıb. Layihənin hazırlanmasında məqsəd erkən evlilik və qohum nikahları nəticəsində yaranan problemlərin aradan qaldırılması, insan hüquq və azadlıqlarının təmin olunması, milli genofondun sağlamlaşdırılmasıdır.

Ətraflı
Göygöldə “Ekoloji maarifləndirmədən başlayan yaşıl gələcək” mövzusunda təlim proqramı təşkil edilib

Göygöl şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 19 iyul 2024-cü il tarixində Uşaq Səfirlər Məclisinin Göygöl, Daşkəsən, Goranboy, Samux, Xocalı, Kəlbəcər rayonları, Gəncə və Naftalan şəhərləri üzrə regional nümayəndələri və fəalları üçün “Ekoloji maarifləndirmədən başlayan yaşıl gələcək” mövzusunda təlim proqramı təşkil edilib. İştirakçıları salamlayan Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaqdan-uşağa prinsipi ilə keçirilən bu cür təlimlərin daha faydalı və məhsuldar nəticələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət uşaq siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların birbaşa iştirakçılıq prosesinə dəstəyi və şəbəkələşməsini təmin etməyi əsas məqsəd kimi müəyyən edib. Günümüzün aktual məsələlərinin uşaqlara aşılanması, onların bu proseslərdə iştirakçılığının təmin edilməsi diqqət edilməsi vacib məqamlardandır: “Bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bizləri qeyd edilən məsələ ətrafında daha təəssübkeş olmağa vadar edir. Bunun üçün bizlər ilk olaraq gələcəyimiz olan uşaqlarımızın maarifləndirilməsindən başlamalı, onların ekoloji tərbiyəsi prosesinə öz töhfəmizi verməliyik. Şəhər və rayonlarımızda keçirilən tədbir və təlimlərimizin bu məqsədə xidmət edir”. Çıxış edən “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov yeni yaranan təşkilat haqqında iştirakçılara məlumat verib. Uşaqların cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə verməsini təmin etməyi əsas məqsədi kimi müəyyən edən Platformanın günün tələblərinə cavab verən və uşaqların fərdi inkişafına töhfə verən müasir mühiti formalaşdıracağını deyib: “Hazırda bizlər dünyamiqyaslı tədbir olan COP29-a ev sahibliyi edən ölkənin vətəndaşları və sizlər gələcəyi olan uşaqlar olaraq bu prosesə birgə öz töhfəmizi verməli, hər birimiz üzərimizə düşən öhdəliyi yerinə yetirməliyik. Bizlər sizlərin inkişafını, siz uşaqlar isə ölkəmizin yaşıl gələcəyinin inkişafını təmin etməlisiniz” – deyə bildirib. Uşaq Səfirlər Məclisinin koordinatoru, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin sədr müavini Əsmər İsmayılova Platformanın fəaliyyət istiqamətləri və vəzifələri barədə təlim iştirakçılarına məlumat verib. Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri İnci Hüseynli və Əliəkbər Babayev yaşıl dünya naminə həmrəyliyin və bütöv bir ilin bu istiqamətdə tədbirlərə və maarifləndirməyə həsr edilməsinin vacib olduğunu qeyd ediblər. Müasirləşən dünyada müsbət dəyişikliklərin mənfi fəsadları da bərabərində gətirdiyini, bunun yalnız birgə səylərin nəticəsində həll oluna biləcəyini deyiblər. Uşaq səfirlər həmçinin dövrün ekoloji problemlərinə toxunaraq qlobal istiləşmə, onun insanlarla bərabər flora və faunaya təsirindən söz açıblar. Su, od, torpaq və hava – təbiətin dörd ünsüründən yola çıxaraq çirklənmənin formaları və onların bu ünsürlərə təsiri nəticəsində baş verən fövqəladə hadisələri ətraflı şəkildə izah ediblər.  İnteraktiv şəkildə davam edən təlimin gedişində iştirakçılar üçün ekoloji problemlər və uşaqlıq dövründə maairfləndirmənin formalarına dair intellektual oyun keçirilib. Yekunda uşaqlara fəal iştiraklarına görə sertifikatlar təqdim edilib. Qeyd edək ki, təlim proqramı “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası məqsədilə “Uşaqdan-uşağa” layihəsi çərçivəsində təşkil edilib.

Ətraflı
Regionlarda növbəti “Açıq qapı” günü keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur. “Açıq qapı” günü 25 iyul 2024-cü il tarixində, saat 09:00-dan 13:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcəkdir. Ünvan və telefonlar

Ətraflı
“İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfransın iştirakçıları şəhərin tarixi-mədəni məkanlarını ziyarət ediblər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşada keçirilən “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfransın iştirakçıları şəhərin tarixi-mədəni məkanlarını ziyarət ediblər, eləcə də hazırda aparılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olublar. Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı İslam düyasının mədəniyyət paytaxtı Şuşada ermənilərin memarlıq, mədəni və dini abidələrini dağıtması barədə ətraflı məlumat verib, işğaldan azad edildikdən sonra görülən abadlıq işləri haqqında danışıb. Səfər çərçivəsində qonaqlar tarixi İsa bulağını, Azərbaycanın görkəmli şairi, ictimai-siyasi xadim M. P. Vaqifin məqbərəsini, Cıdır düzünü və Şuşa qalasını ziyarət ediblər. Səfər iştirakçıları Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ruhlarını ehtiramla yad edib, qazilərimizə və hazırda xidmətdə olan hərbçilərimizə cansağlığı arzulayıblar.

Ətraflı
“İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusu üzrə panel müzakirələr baş tutub

Şuşada keçirilən “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusu üzrə panel müzakirələr baş tutub. Qurani-Kərimdə qadın və kişinin bərabər hüquqlu olmasına dəlalət edən nümunələri səsləndirən G. İsmayılov klassik islam intibahı dövrü ilə müasir islam coğrafiyasında yaşayan qadınların həyatını müqayisəli təhlil edərək, mühüm məlumatları diqqətə çatdırıb. O, VIII-XIII əsrlərdə müsəlman qadınların əldə etdikləri üstünlüklərdən danışıb. Müasir müsəlman qadınlarının təhsil, səhiyyə və iqtisadi cəhətdən vəziyyətini dəyərləndirərək, Azərbaycan qadınlarının xüsusilə təhsildəki uğurlarından bəhs edib. Sədr müavini İslam coğrafiyasında təhsil səviyyəsi yüksək olan 19 islam ölkəsi arasında Azərbaycanın 99% göstərici ilə yer aldığını qeyd edib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva “Qarabağın quruculuğunda və dayanıqlı inkişafında qadınların rolu” mövzusu üzrə çıxış edib. O qeyd edib ki, dövlət rəhbərliyi işğaldan azad olunmuş ərazilərin bərpasına xüsusi önəm verir. Prezident cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar, qəbul edilmiş fərmanlar işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi, sosial həyatın inkişafına böyük dəstək verir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadınların cəmiyyətdəki rolunun artırılmasına olduqca böyük müsbət təsir göstərir. N. Qaracayeva işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşması, ekoloji təşəbbüslər və yaşıl enerjinin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Milli Məclisin deputatı Ceyhun Məmmədov “Milli etnik kontekstdə qadın hüquqları və gender bərabərliyi" mövzusunda təqdimatla çıxış edərək, İslamın qadına qazandırdığı hüquq və azadlıqlar, müsəlman ölkələrində qadına münasibət, Azərbaycanda qadına münasibət, gender bərabərliyi kimi məqamlara toxunub. Cəmiyyətin formalaşması və inkişafında qadının əhəmiyyətli roluna diqqət çəkən deputat digər müsəlman ölkələrində qadınlara olan münasibətdən bəhs edərək, Azərbaycanı müsbət nümunə kimi təqdim edib. Azərbaycanda ailə institutunun önəmindən bəhs edən C. Məmmədov qeyd edib ki, Ailə Məcəlləsinə edilən son dəyişikliklər ölkəmizdə ailə modelinin inkişafına, sağlam nəslin yetişməsinə, düzgün ailə münasibətlərinin qurulmasına öz töhfəsini verəcək. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova “Şuşanın tarixində qadınların rolu" mövzusunda çıxış edərək qeyd edib ki, Şuşa Azərbaycan xalqının tarixinə adları yazılmış dövlət xadimlərinin, sərkərdələrin, şairlərin, xanəndələrin, bəstəkarların vətənidir. XIX əsrdən başlayaraq cəmiyyətin inkişafı qadınların da təhsil almasına siyasi və ictimai həyatda iştirak etməsinə, yaradıcılıqla məşğul olmasına şərait yaratmışdır. O, təqdimat vasitəsilə Şuşada unikal mədəniyyət mərkəzinin formalaşmasında bir sıra görkəmli qadınların rolu haqqında məlumatları diqqətə çatdırıb. “İnsan və ətraf mühit münasibətlərinə islami baxış” mövzusunda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı bildirib ki, İslamın ekologiyaya və ətraf mühit problemlərinə münasibətinin bir neçə konkret aspekti mövcudur. Bu müddəaların da hər biri özünün nəzəri mənbəyi “Qurani-Kərim”də, təcrübi xassələri isə Peyğəmbərin (s) hədislərində özünü büruzə verir. Hər şeydən əvvəl, bütün bizi əhatə edən aləm və ekosistem Allahın yaratdığı və kainatın əşrəfi adlandırdığı insan üçündür. İnsan isə bu kainatı açıq bir kitab kimi oxumağı, onu kəşf etməyi, qorumağı və şükür etməyi bacarmalıdır. “Əhməd Ağaoğlu” İctimai Birliyinin sədri Nigar Axundova isə, öz növbəsində, Əhməd bəy Ağaoğlunun müsəlman cəmiyyətində qadınlara olan münasibətindən söz açıb. Əhməd bəy Ağaoğlunun zəngin irsi, geniş ictimai fəaliyyəti barədə məlumatların daha geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə yaradılan "Əhməd Ağaoğlu Araşdırmalar Mərkəzi" İctimai Birliyinin fəaliyyəti barədə məlumatı diqqətə çatdıran Nigar Axundova Birliyin qarşısına böyük məqsədlər qoyduğunu deyib. Azərbaycan əsilli Ağaoğlular nəslinin Türkiyə ictimai və siyasi həyatında böyük xidmətləri olduğunu qeyd edən N.Axundova, Əhməd bəyin Şuşada dünyaya gələn böyük qızı Sürəyya xanımın Türk dünyasının ilk qadın vəkili olaraq Türkiyəni bütün dünyada, bir sıra beynəlxalq qurumlarda layiqincə təmsil etdiyini vurğulayıb. Qeyd olunub ki, Sürəyya xanım Kimsəsiz Çocuqlar Evi yaradıb, həmçinin uşaqlara təqaüdlərin verilməsi ilə bağlı Fondun yaradılması təşəbbüsü ilə çıxış edib. Konfrans müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.  

Ətraflı
Şuşada “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans keçirilib

18 iyul 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfrans Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı “Tədbirlər Planı” çərçivəsində baş tutub. Konfrans, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, şəhid əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Konfransı açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq bildirib ki, bütün dünya azərbaycanlıları və türk dünyasının milli-mənəviyyatının alınmaz qalası olan Şuşa həm hər birimizin qırılmaz tellərlə sıx bağlı olduğumuz bir şəhər olmaqla yanaşı, həm də cəsarətimizin rəmzidir. Şuşanın Azərbaycanın tarixi və mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayan Komitə sədri bu müqəddəs şəhərin həm də İslam mədəniyyətinə tarixi abidələri, memarlıq, ədəbiyyat və sənətkarlıq nümunələri ilə böyük töhfələr verdiyini qeyd edib. Konfransın məqsədinə diqqət çəkən Komitə sədri İslam dininin qadınlara böyük dəyər verdiyini, onların hüquqları və inkişafına dair tənzimləyici qaydaları müəyyən etdiyini deyib. O, islam tarixində alim, mütəfəkkir və lider qadınların rolunu qeyd edərək, belə qadınların öz xeyriyyəçilik fəaliyyəti ilə seçildiyini, həmçinin mütəfəkkir ziyalılardan başlanan maarifçilik ruhu ilə proseslərin önündə gedərək insanları, xüsusilə qadınları maarifpərvərlik ideyalarını yaymaqla inkişafa və tərəqqiyə səslədiyini bildirib. Azərbaycan qadınlarının uğurlarına diqqət çəkən Komitə sədri bu gün də onların dünyada sülh, təhlükəsizlik, rifah və inkişaf naminə mübarizəyə böyük töhfələr verdiyini, həm ölkə daxilində, həm beynəlxalq arenada geniş təmsil olunduğunu qeyd edib. O, ölkəmizin son illərdə çox mühüm və güclü regional aktora çevrildiyini vurğulayaraq, Azərbaycanın nüfuzunun ildən-ilə artdığını, beynəlxalq arenada yerinin daha da möhkəmləndiyini qeyd edib: Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, ICESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və digər təşkilatlarla sıx əməkdaşlıq edir” deyə o əlavə edib. B. Muradova müvafiq təşkilatlarla Azərbaycan arasında əlaqələrin güclənməsində və faydalı olmasında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə xüsusilə diqqət çəkib. Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşünün Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilməsinin təsadüfi olmadığını vurğulayan Komitə sədri Türk Dövlətləri Təşkilatının imzaladığı “Qarabağ Bəyannaməsi”nin bu təşkilatın beynəlxalq nüfuzunu daha da gücləndirməklə yanaşı, İslam dünyasının da inkişafına və tərəqqisinə mühüm töhfə verəcəyinə inamını ifadə edib. Komitə sədri “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkünün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıtdığını diqqətə çatdırıb: “Onlar həm bu torpağın sakinləri, həm dövlət, özəl və ictimaiqurumların rəhbərləri, siyasi partiyaların üzvləri, mütəxəssis, ekspert, media mənsubu, nəhayət, ana, həyat yoldaşı, qadın olaraq bu ərazilərinictimai, siyasi, mədəni həyatının bərabərhüquqlusubyekti kimi qayıdır. İslam mədəniyyətininpaytaxtı Şuşadan bütün dünyaya sülh, ədalət vətəhlükəsizlik naminə çağırış üçün qayıdır” - deyə o çıxışını sonlandırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında bildirib ki, Azərbaycan tarixdə qazandığı nailiyyətləri ilə bir çox ilklərə imza atıb. Azərbaycan qadınının İslam dünyasında mütərəqqi ənənələrin inkişafına nə qədər önəmli töhfələr verdiyini təsdiqləyən faktlar Xalqımızın böyüklüyünü, müdrikliyini, ümumbəşəri dəyərlərə bağlılığını göstərir. Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərində ən həssas istiqamətlərdən birinin tarixi, dini və mədəniyyət abidələrinin bərpası olduğunu qeyd edən sədr əlavə edib ki, Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında birləşərək öz torpaqlarını işğaldan azad etdi. Bu, həm də 30 il ərzində dağıdılmış, yerlə yeksan edilmiş, təhqir olunmuş 67 məscidin azad edilməsi idi. Ona görə də Vətən müharibəsində qazandığımız zəfər nəinki Azərbaycan xalqı, həm də bütün İslam dünyası qarşısında ən böyük tarixi xidmətlərdən biridir. R. Məmmədov diqqətə çatdırıb ki, işğaldan azad olunmuş torpaqlarda dini abidələrimizin, məscidlərimizin bərpası missiyasını başladan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü isə Azərbaycan qadının İslam dünyasındakı rolunu ən mükəmməl şəkildə ifadə edən nümunlərdən biri kimi tarixin yaddaşına yazılacaq. Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağçı ailə və cəmiyyətin rifahının artırılması üçün qadınların sosial-iqtisadi həyatın hər mərhələsində yer almasının önəmini vurğulayıb. O qeyd edib ki, müsəlman ölkələri kimi Türkiyə və Azərbaycan tarix boyu atdığı addımlarla qadınlara verilən önəm və onların cəmiyyətdəki yeri və inkişafı sahəsində bir çox ölkələrdən öndədir. Səfir hər iki ölkənin müvafiq nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə qurulması, qadın hüquqlarının inkişaf etdirilməsi sahəsində işbirliyinin əhəmiyyətini diqqətə çatdırıb. Türkiyə və Azərbaycanda bir çox dövlətdən öncə qadınlara seçmək və seçilmək hüququ verildiyini bildirən səfir, qadınların bərabərhüquqlu vətəndaş olaraq, cəmiyyətin və siyasi həyatın vacib aktoruna çevrildiyini qeyd edib. Çıxış edən Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, qadının sağlamlığı və rifahı hər bir cəmiyyətin firavanlığının əsasıdır, dinin mahiyyətini dərk etmək isə sülhün və qarşılıqlı anlaşmanın açarıdır. O bildirib ki, müsəlman inancının əsas müddəalarını gender prizmasından obyektiv qiymətləndirməyə çalışmaq, həmçinin islamda və Quranda qadınlarla bağlı fikirləri təhlil etmək lazımdır. H. Hüseynova İslam dininin qadınların vəziyyətinin yaxşılaşdırılması və onlara daha etibarlı hüquqi statusun verilməsi baxımından müsbət təsir göstərdiyini bildirərək, qadının müstəqil şəxsiyyətinə təminat verdiyini və onu layiqli mövqeyə yüksəltdiyini vurğulayıb. Millət vəkili insan haqlarının vacib amillərindən sayılan seçki hüququnu bir sıra Avropa ölkələrindən daha əvvəl əldə edən Azərbaycan qadınlarının bu gün təhsildə, səhiyyədə, mədəniyyətdə və elmdə böyük uğurlar qazanaraq dövlət quruculuğu proseslərinin əsas qüvvələrindən birinə çevrildiyini qeyd edib. Ümumiyyətlə, ötən tarixi dövr ərzində müsəlman qadınlarının sosial statusu daha da yüksəlmiş, onların cəmiyyət həyatında müxtəlif sahələrdə tamhüquqlu iştirakı təmin olunmuşdur. Azərbaycan cəmiyyətində qadının rolunun tarixən önəmli olduğunu vurğulayan mədəniyyət nazirinin müavini Səadət Yusifova qadınların ailə institutunun əsas qoruyucusu kimi kişilərlə çiyin - çiyinə dayanaraq, daha böyük ailə olan xalqın, dövlətin, onun əsas dayaq sütunlarından olan milli-mənəvi dəyərlərin, ənənələrin, sülhün qorucusu olduğunu qeyd edib. VII əsrin əvvəllərində bəşəriyyətin tarixini köklü şəkildə dəyişdirməyə başlayan İslam qadını, əbədi olaraq ən yüksək səviyyəyə qaldırır, qadının ailədə və cəmiyyətdə rolunu nəzərə alaraq, onunla hesablaşmağa, hüquqlarını tanımağa və qorumağa çağırır” - deyən nazir müavini əlavə edib ki, transmədəni coğrafiyada yerləşən Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həllinə öz töhfələrini vermiş, Şərq intibahının mərkəzi fiqurlarından olmuşlar. O qeyd edib ki, Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini daşıyır. Azərbaycan qadınının dünyaya gətirib, vətənpərvər ruhda tərbiyə etdiyi övladlar 44 günlük Vətən müharibəsində vətəninə, torpağına və bayrağına nə qədər bağlı olduğunu bir daha sübut etdilər, qəhrəmancasına vuruşaraq, Vətən uğrunda canlarından keçərək ölkəmizin ərazi bütövlüyü bərpa etdilər. S. Yusifova qadınlarımızın tarixin yeni dönəmində güclü, özgüvənli Azərbaycan quruculuğunda yenə də öndə olduğunu, doğma yurda qayıdışın xoş təfərrüatlarını yaşadığını və Böyük Qayıdışın əsas aparıcı qüvvəsi kimi, öz əməkləri ilə sülh quruculuğuna, yaçıl dünya naminə həmrəyliyə töhfə verdiklərini vurğulayıb. Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusu üzrə panel iclası formatında davam edib.  

Ətraflı