Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Bahar Muradova Goranboy rayonuna səfəri çərçivəsində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində olub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Goranboy rayonuna səfəri çərçivəsində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində olub. Komitə sədri aktiv terapiya, psixoloq, ünsiyyət terapiyası, fərdi məşğələ, sosial iş, dərnək, təlim, konfrans otaqlarının şəraitinə baxıb və əhaliyə göstərilən xidmətlər haqqında məlumat alıb. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 rayonda bu cür mərkəzlər fəaliyyət göstərir və bu Mərkəzlərin fəaliyyətinin əsas istiqaməti icmada risk qrupundan olan ailələrlə sosial işin aparılmasıdır. Belə ki, mərkəzlərin fəaliyyəti uşaqların internat müəssisələrinə düşməsinin, təhsildən yayınmasının, erkən nikah, məişət zorakılığı hallarının qarşısının alınmasından, yeniyetmələrin və uşaqların təhlükəli yaş dövründə problemlərinin araşdırılaraq, onlarla psixoloji işin aparılması, uşaq və yeniyetmələr üçün asudə vaxtın təşkili və digər sosial problemlərlə bağlı qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Bahar Muradova Mərkəzin işinin daha da təkmilləşdirilməsi, qadınların məşğulluğunun daha da artırılması, risk qrupundan olan ailələrin dəstəklənməsi istiqamətində müvafiq tövsiyələrini diqqətə çatdırıb.

Ətraflı
Bahar Muradova Goranboy rayonunda vətəndaşları qəbul edib

13 mart 2024-cü il tarixində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilən qəbulda Naftalan şəhəri, Goranboy və Xocalı rayon sakinlərinin müraciətləri dinlənilib.   Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.   Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Mövzular əsasən ailədaxili münasibətlər, uşaqların müalicəsi, alimentin ödənilməsi, işlə təmin olunma, boşanma nəticəsində yaranan hüquqi problemlərin həlli və digər məsələlərlə bağlı olub.   Vətəndaşların Komitənin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

Ətraflı
“Uşaqların doğulanadək cins seçiminə YOX deyək ” mövzusunda növbəti tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Uşaqların doğulanadək cins seçiminə YOX deyək ” mövzusunda növbəti tədbir təşkil edib. 13 mart 2024-cü il tarixdə Bakı Qızlar Universitetində keçirilən tədbirdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva təqdimatla çıxış edərək, bildirib ki, uşaqların doğulanadək cinsiyyətinin müəyyən edilməsi doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına gətirib çıxarır. K.Əliyeva yeniyetmə və gənclərə ailədə oğlan uşaqlarına verilən üstünlüyün səbəblərindən, onun kökündə dayanan gender stereotiplərinin aradan qaldırılması və ailələrdə doğulan uşaqlar arasında cins nisbətinin bioloji normaya uyğunlaşması istiqamətində Dövlət Komitəsi, eləcə də Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən görülən işlərdən bəhs edib. Sonra Mərkəzi Klinikanın həkim-ginekoloqu Fidan Həsənova iştirakçılara hamiləliyin süni yol ilə pozulmasının qadınların reproduktiv sağlamlığına və psixoloji durumuna göstərdiyi mənfi təsirləri, arzuolunmaz hamiləliyin qarşısının alınmasına dair mövcud olan müasir  üsullar barədə geniş məlumat verib. Tədbirdə Universitetin rektoru Sevinc Rəhimova və Tərbiyə işləri üzrə prorektor Həvva Abdullayeva da iştirak ediblər. Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan sosial çarx nümayiş etdirilib. Görüşdən 127 nəfər faydalanıb.  

Ətraflı
Qohumlar arasında nikahlarla bağlı ictimai müzakirə keçirildi

Cəmiyyətin aktual məsələlərindən biri kimi dövlət qurumlarının, millət vəkillərinin, vətəndaş cəmiyyəti institutlarının, sahə üzrə mütəxəssislərin və media nümayəndələrinin iştirakı ilə qohumlar arasında nikahlarla bağlı geniş tərkibdə ictimai müzakirə keçirilib. 12 mart 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və “Xalq” qəzetinin birgə təşkilatçılığı ilə baş tutan müzakirə STM-in Media və kommunikasiya departamentinin rəhbəri Əziz Əlibəylinin moderatorluğu ilə baş tutub. Hər kəsi salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, ictimai müzakirənin vacib və aktual məsələyə həsr olunduğunu qeyd edib. Ailənin cəmiyyətin və dövlətin nüvəsi olduğunu vurğulayan sədr, Azərbaycanda haqqında danışılan mövzuda ənənələrin hər zaman üstün tutulduğunu bildirib. O, ailədəki mühit və münasibətin sonradan cəmiyyətə də daşındığını əlavə edərək, qarşıya qoyulan məqsədlərə çatmaq üçün bu məsələlərin ciddi şəkildə müzakirə olunmağını və həyatımıza mane olan cəhətlər kimi arxa plana keçməli olduğunu qeyd edib. Ailə Məcəlləsinin 12-ci maddəsi ilə qohumlararası nikahın qadağan edildiyini bildirən Komitə sədri əlavə edib: “Bu istiqamətdə dövlətin apardığı siyasətin əsas məqsədlərinə çatması üçün qanunvericiliyimizə, bu qanunların icrası mexanizmlərinə, onları həyata keçirən dövlət orqanlarının fəaliyyətinə, ictimaiyyətin bu məsələdə iştirakı və mövqeyinə zaman-zaman baxış etməli və onları aradan qaldırmağın yolllarını araşdırmalıyıq”. Sözügedən məsələnin Komitənin fəaliyyət istiqamətlərinə aid olduğunu əlavə edən sədr, eyni zamanda aidiyyəti dövlət orqanlarının hər birinin bu istiqamətdə öz  öhdəlikləri və vəzifələri olduğunu qeyd edib. Qeyd edib ki, Komitə uzun müddətdir bu məsələlərin əlaqələndirilmiş müzakirəsi prosesinə başlayıb. B.Muradova cəmiyyətin imkanlarını bu məsələnin həllinə yönəltməyin və bundan sonrakı addımları atarkən mövqeyinin nəzərə almağın vacibliyini qeyd edib. Məsələnin hökumətin də diqqətində olduğunu vurğulayan sədr, 2015-ci ildə Ailə Məcəlləsinə dəyişiklik edildiyini və nikahdan əvvəl hər kəsin tibbi müayinədən keçdiyini, hazırda bu addımın çox gözəl nəticələr verdiyini söyləyib. O, Nazirlər Kabinetinin (NK) “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qayda”sını  xatırladaraq, bu qaydanın tətbiqinin də müəyyən nəticələr verdiyini deyib. B.Muradova bildirib ki, Dövlət Komitəsi bununla bağlı bütün dövlət orqanlarının fəaliyyətinə dair məlumatları toplayır və ildə 1 dəfə NK-ya təqdim edir. Son iki ilin rəqəmlərini diqqətə çatdıran sədr, həmin nəticələr əsasında Komitənin sifarişi ilə tədqiqatlar aparıldığını da deyib. Sonda məsələnin aradan qaldırılması istiqamətində düşüncələrini səsləndirən Komitə sədri qeyd edib ki, əsas məsələ qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsidir və dördüncü dövrə qadağalar qoyulması, müəyyən nəticə verə bilər: “İnanıram ki, biz həm qanunverici aspektdən, həm də effektiv icra mexanizmlərinin yaradılması ilə bağlı müəyyən təkliflərlə çıxış edəcəyik. Bu istiqamətdə həyatımıza mane olan hər bir məsələni müzakirə edərək, həm onların ictimaiyyətə çatdırılması, həm də tarixləşdirilməsi işinə töhfə verəcəyik. Uzaq olmayan dönəmdə qanunvericiliyimizə həm erkən nikahlarla bağlı, həm də qohum nikahları ilə bağlı dəyişikliklər edək və hüquqi çərçivəni ciddiləşdirək”. Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc dünya əhalisinin təxminən 20%-inin sosial faydalarına görə qohum evliliklərinə üstünlük verdiyini və daha çox iqtisadiyyatı qapalı, savadsızlıq səviyyəsi yüksək olan və məlumatlı olmayan cəmiyyətlərdə baş verdiyini qeyd edib. O, ailəni milli varlığın qoruyucusu adlandıraraq, qeyd edib ki, ailə institutu xüsusi transformasiyaya uğrayır, ona yalnız xaricdən basqı edilmir, eləcə də tarixi, ənənələr, dini və digər amillər ailələrin dayanıqlıq və möhkəmliyinə təsir edir: Bu prinsipdən çıxış edərək, yaxın qohumlar arasında nikahın ən mühüm fəsadlarından biri məhz bu nikahların sağlamlıq problemlərinə səbəb olmasıdır. Belə ki, bu tip evliliklər qan qohumluğuna əsaslanır və bu, həmin nikahdan doğulan şəxslərə müəyyən genetik xəstəliklərin ötürülməsi riskini artırır.” Çıxış yolları istiqamətində fikirlərini diqqətə çatdıran Z. Oruc bildirib ki, ailənin maliyyə vəziyyətinin yaxşılaşdırılması, səhiyyə sahəsində ictimaiyyətin məlumatlandırılması və qadınlar üçün ali təhsil qohumluq nisbətlərini azalda bilər. Digər tərəfdən, ən çox rast gəlinən genetik pozuntuları müəyyən etmək üçün nikahdan əvvəl genetik müayinə təklif edilməlidir. Risk altında olan ailələr üçün genetik məsləhət xidmətləri təmin edilməlidir. Ən vacib addımlardan biri-qohumluq və onun fəsadları haqqında dini müzakirələrin geniş aparılmasıdır. Qohum evliliklər üçün genetik test yönləndirmə mərkəzləri yaradıla bilər. Genetik xəstəliklərlə bağlı araşdırmalar təşviq edilməlidir. Daha sonra "Xalq" qəzetinin baş redaktoru Əflatun Amaşov qeyd edib ki, yaxın qohum evliliklərinin qarşısını almaq üçün qanunvericilik sərtləşdirilməlidir. Onun sözlərinə görə, dinləmədə iştirak edənlər arasında sorğu keçirilsə, 50 faizə qədər insanın ailəsində və ya yaxınında öz qohumu ilə evlənən şəxslərin olduğu ortaya çıxar: “Belə bir söz var, əmiqızı ilə əmioğlunun nikahını Allah göydə kəsir. Bax, biz bu problemlərin qurbanı oluruq. Mütləq qanunvericiliyi sərtləşdirməliyik. Yaxın qohumların nikaha cəhdinin qarşısı ciddi alınmalıdır. Burada cərimələr belə rol oynamayacaq. Maarifləndirmə məsələsində isə əsas güc jurnalistlərin üzərinə düşür. Media ilə birgə müxtəlif layihələr, konkurslar keçirilə bilər" - o qeyd edib. Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov ailənin bütövlükdə həm cəmiyyətin, həm dövlətin sağlamlığının göstəricisi olduğunu vurğulayıb və qeyd edib ki, bu, həm strateji bir problemdir, həm cəmiyyətin problemidir, həm də fərd səviyyəsində problemdir. Əgər bizdə bu kimi halların yayılma dərəcəsi artsa, genofondumuza və gələcək nəsillərimizə təsir edər: “Dövlət və cəmiyyət arasında bir münasibət var. Bəzən dövlət cəmiyyətin arxasınca getməlidir. Bəzi hallarda isə dövlət önə çıxaraq cəmiyyəti öz arxasınca çəkməlidir. Bu məsələdə vəziyyət göstərir ki, uzun illərdir maarifləndirmə aparılsa da, məsələ hələ də qalır. Bu baxımdan bəlkə də bu məsələdə dövlətin daha qabağa keçməsi, bunu qadağan etməsi zəruri ola bilər.” Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov qeyd edib ki, ailə dəyərlərinə, eləcə də cəmiyyətin və fərdlərin sağlamlığına xələl gətirən müəyyən faktorlar var. Onlardan biri də qohum evlilikləridir. Bu bizim qədimdən qalan adət-ənənəmizdir. Biz adətə-ənənəyə hörmət etməliyik, onları inkişaf etdirməliyik, lakin eyni zamanda da yalnış stereotiplərə söykənən adət-ənənələrdən imtina etməyi bacarmalıyıq. Cəmiyyətin sağlamlığı naminə proqressiv addım atmağı bacarmalıyıq. Qanunvericilik çərçivəsində atıla biləcək ilk addım 3-cü və 4-cü dərəcəli qohumların yaxın qohumlar siyahısına daxil olunması və bununla da onlar arasında nikahın qadağan olunmasıdır. Maarifləndirmə işlərinin aparılmasına baxmayaraq görünən odur ki, bu yolla məqsədlərə çatmaq tam mümkün deyil. Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, qohum nikahlarına münasibətin öyrənilməsi məqsədilə 1354 respondent arasında sorğu keçirilmişdi: "Əksəriyyət mənfi yanaşsa da, müsbət yanaşanlar da var. Əsas məsələlərdən biri yaşlı nəslin təkidi, ataların öz qızlarının təhlükəsizliyini təmin etdiyini sanması, nəsildən-nəslə keçən gərəksiz stereotiplər, erkən nikahlardır. Boşanma proseslərində qohumlar arasındakı nikahlara xitam verilirsə, nəsillər arasında düşmənçilik ciddi həddə çatır, hətta gələcək nəsillərə ötürülür.” O bildirib ki, erkən nikahları qəbul etmədiyimiz kimi, qohum nikahlarını da qəbul etməməliyik. Qanunvericilik sərtləşdirilməli, baba və nənələri eyni olan şəxslərin nikahı qadağan edilməlidir. Qohum evliliklərində əlil uşaqların doğulması riski yad şəxslərin evlilikləri ilə müqayisədə iki dəfə yüksəkdir. Çıxış edən millət vəkili Fazil Mustafa diqqətə çatdırıb ki, Azərbaycanda təkcə qohum nikahı deyil, bölgə nikahı problemi də var. Gənclərə deyilir ki, bu kənddən, qəsəbədən, rayondan kənar biri ilə evlənə bilməzsən. Bu da bizi narahat edən məsələlər sırasındadır. O əlavə edib ki, bölgələrdə gənclərin sosiallaşması üçün mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsi və mədəni mühitin yaradılması zəruridir. F. Mustafa bildirib ki, qohum evliliklərinin qadağan edilməsi nəticə kontekstindən zəruridir. Mövzu ilə əlaqədar münasibətini bildirən millət vəkilləri Məlahət İbrahimqızı, Sevil Mikayılova və Jalə Əhmədova qohumlar arasında nikahın mənfi təsirlərinin qarşısının alınması üçün əsas ana xəttin maarifləndirmə və təbliğat olduğunu vurğulayıblar. Eləcə də qanunvericilikdə müəyyən sərtləşdirmələrin tətbiq edilməsinin əhəmiyyətini qeyd edərək, xüsusilə də uşaq yaşlardan, təhsil ocaqlarında maariflənmə işinin aparılmasının vacibliyini bildiriblər. Qeyd edilib ki, demoqrafik təhlükəsizliyin təmin edilməsi, cəmiyyətin sosial psixoloji tərəqqisi üçün bu məsələyə insan hüquqlarının məhdudlaşdırılması kimi yanaşılmamalıdır. Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva diqqqətə çatdırıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir.  Sənədin icrasına 13 dövlət qurumu, 76 icra hakimiyyəti və qeyri-hökumət təşkilatları cəlb edilib: “Müşahidələrimiz, eləcə də statistika göstərir ki, maarifləndirmə tədbirlərinin əhəmiyyətli təsiri olsa da, bu məsələ ləng gedir və nəticələri 20-30 il sonra özünü göstərə bilər. Lakin geridə qoyduğumuz dövrlərdə genefondumuz ciddi təsirlərə məruz qalacaq. Bu səbəbdən də iki seçim arasında qalaraq, ya dövlətin gələcəyi kimi sağlam genefondumuzu, ya da fərdlərin arzu və istəklərini düşünməliyik”. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Vətəndaş cəmiyyəti institutlarının, tibb mütəxəssislərinin, hüquqşünasların və ekspertlərin fikirləri dinlənilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin baş həkimiXuraman Cəfərova, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin genetik həkimi Ağarza Ağayev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya institutunun həkim mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Kifayət Adıgözəlova, “Hemofiliyalı xəstələrin Respublika Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Ayaz Hüseynov çıxış edərək, qeyd ediblər ki, qohumlar arasında baş verən evliliklərin fəsadları arasında sonsuzluq, vaxtından əvvəl doğuşların meydana gəlməsi, bətndaxili ölüm hallarının baş verməsi, irsi genetik xəstəliklərin daşıyıcısı olan uşaqların doğulması halları yer alır. Dünya standartlarına baxdıqda qohum evliliklərindən doğulan uşaqların sayının Azərbaycanda iki dəfə çox olduğunu bildirən çıxışçılar əlavə ediblər ki, hər bir insan altı-səkkiz fərqli xəstəliyə görə daşıyıcı olursa, 3-cü və 4-cü dərəcəli qohum evliliklərindən doğulan uşaqlarda genomon səkkizdə birdən artıqdır. Bu isə, daha çox xəstəliklərin ortaya çıxmasına səbəb olur.          

Ətraflı
Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində maarifləndirici görüşlər davam etdirilir

Elm və Təhsil Nazirliyinin dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi” mövzusunda maarifləndirici görüşlər davam etdirilir.  Nərimanov rayonu 45, Xətai rayonu 245 nömrəli məktəblərdə və Səbail rayonu 2 nömrəli Texniki Humanitar liseydə keçirilən görüşlərdə Dövlət Komitəsinin Ailə Məsələləri şöbəsinin müdiri Gülnarə Məmmədova   milli-mənəvi, ailə dəyərləri, uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi, gələcək nəsillərə milli-mənəvi dəyərlərin aşılanmasının vacibliyi haqqında danışıb. Daha sonra, G.Məmmədova  erkən nikahların, qohum evliliyinin, qızların təhsildən yayındırılmasının səbəbləri, qarşısının alınması və bu problemlərin cəmiyyətə və insanlara mənfi təsirləri barədə fikirlərini səsləndirib. Həmçinin Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi və Aprel döyüşlərinin iştirakçıları Anar Məmmədov və Arif Hacıyev, məktəb direktorları çıxış edərək gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıblar.   Tədbirlərdə iştirakçılara mövzuya uyğun olaraq “Ailə bir ağacdır” və “Xoşbəxtliyin açarı” qısametrajlı filmləri nümayiş etdirilib.  Tədbirlərdə ümumilikdə 350 nəfər  iştirak edib.

Ətraflı
Bakı Dövlət Universitetində “Abituriyentlərə dəstək” proqramı başa çatıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi tərəfindən “Gələcəyini qur!” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində “Abituriyentlərə dəstək” proqramının sonuncu təlimi baş tutub. Əvvəlcə abituriyentlər təlim çərçivəsində BDU-nun Heydər Əliyev muzeyi, Genetika, eləcə də, Təkamül muzeyindəki eksponatlar ilə tanış olublar. Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Jalə Muradlı və Xəlil Babayev tərəfindən təlimin yekunlarına dair testlər keçirilib, ixtisas seçimi zamanı mütəxəssislərə müraciət etməyin vacib olduğu bildirilib. Sonda Komitənin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva proqramın uğurla başa çatması münasibətilə uşaqları təbrik edib və gələcək təhsil həyatlarında uğurlar arzulayıb.

Ətraflı
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə regionlarda silsilə tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid və qazi ailələrindən olan qadınlar, mərkəzlərin fəaliyyətinə dəstək olan, rayonun ictimai-mədəni həyatında aktiv iştirak edən, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən, xaricdə təhsil alan qızlar və qadınlar, nümunəvi valideynlər, Uşaq Səfirlər Məclisinin nümayəndələri, mərkəzlərin ekspert qruplarının üzvlərinin iştirakı ilə “Qadınların cəmiyyətdə fəal iştirakının təşviqi” mövzusunda dəyirmi masa, gender əsaslı cins seçiminin qarşısının alınması məqsədilə maarifləndirici görüşlər keçirilib, şəhid ailələri, əlilliyi olan qadınların ailələrinə səfərlər edilib. Aidiyyəti qurumların, sosial tərəfdaşların dəstəyi ilə keçirilən tədbirlərdə çıxış edənlər ölkəmizdə uğurla həyata keçirilən dövlət qadın siyasəti barədə məlumat verib, qadınlarımızın cəmiyyətdə fəal iştirakı üçün hər cür şərait yaradıldığından, bəşər sivilizasiyasının yaranması və inkişafında, müasir səviyyəyə çatmasında kişilərlə bərabər qadınların çox böyük rolu və xidmətləri olduğundan danışıblar. Ailə səfərləri zamanı mərkəzlərin əməkdaşları qadınların qayğıları ilə maraqlanıb, onları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, xoş arzularını bildiriblər.

Ətraflı
8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

6 mart 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə Fəxri xiyaban ziyarət edilərək, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, alim Zərifə Əliyevanın xatirəsinə dərin ehtiram ifadə olunub, məzarı önünə gül dəstələri düzülüb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın Prezident cənab İlham Əliyevin qadınlara təbrik məktubunu səsləndirməsi ilə davam edib. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, ölkə Prezidenti cənab İlham Əliyevə tədbir iştirakçılarına və onların timsalında bütün Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubuna görə təşəkkürünü bildirib, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib. Azərbaycanda keçirilən sonuncu prezident seçkilərində əldə edilən inamlı qələbədən bəhs edən Komitə sədri, ölkəmizin dünyada gedən ictimai-siyasi, iqtisadi sosial, humanitar, mədəni, daha çox isə hərbi siyasi proseslərin ən fəal aktoruna çevrildiyini bildirib. Çağdaş Azərbaycan qadınının cəmiyyətin hərtərəfli inkişafı və dövlət quruculuğu prosesindəki mühüm roluna diqqət çəkən sədr, ölkədə keçirilən Prezident seçkiləri zamanı qadınların aktiv şəkildə iştirakını xüsusi vurğulayıb. O, dövlət qadın siyasəti və son 20 ildə gender amilinə diqqətin artırıldığını, həmçinin qadın hüquqlarının təminatı, onların səlahiyyətləndirilməsi və iqtisadi cəhətdən gücləndirilməsində böyük irəliləyişlər əldə edildiyini vurğulayıb. Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğuna diqqət çəkən Komitə sədri, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Təşkilat Komitəsində qadınların da yer almasının bu prosesə qadınların töhfə vermək imkanlarını daha da artırdığını vurğulayıb. O, Azərbaycan qadınlarının hər bir sahədə qazandığı uğur və nailiyyətlərə diqqət çəkərək, ölkəmizdə bərqərar olan mühitin qadınların zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaratdığını qeyd edib. Sonda bir daha bütün qadınları qarşıdan gələn bayram münasibətilə təbrik edib, qarşıda dayanan hədəf və məqsədlərə çatmaq yolunda cəsarət və inam arzu edib. Sonra şəhid və qazi analarının, həyat yoldaşlarının, ictimai-siyasi xadimlərin, həmçinin müxtəlif sahələrdə çalışan qadınların xoş arzularının əks olunduğu video-çarx nümayiş etdirilib. Tədbir bədii proqram ilə davam edib.

Ətraflı
Dövlət Komitəsində Meksika Birləşmiş Ştatlarının səfiri ilə görüş keçirilib.

5 mart 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktoriya Romero ilə ikitərəfli görüşü baş tutub. Qonaqları salamlayan Komitə sədri, görüş təşəbbüsünə görə təşəkkürünü bildirib. B.Muradova Meksika Birləşmiş Ştatları ilə ikitərəfli və çoxtərəfli əsasda münasibətlərin qarşılıqlı maraqlara, dostluğa və əməkdaşlığa əsaslandığını qeyd edib. O, əlaqələrin həm parlamentlər, həm də hökumətlər səviyyəsində inkişafında maraqlı olduğumuzu vurğulamaqla, aidiyyatı qurumları arasında əlaqələrin intensivləşməsinin də əhəmiyyətini diqqətə çatdırıb. Qadınların ictimai-siyasi həyatda aktiv rolundan bəhs edən B.Muradova, qısa müddət öncə ölkədə keçirilən Prezident seçkilərində onların fəallığına diqqət çəkib. Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə aid məsələlərdən bəhs edən sədr qeyd edib ki, bütövlükdə ailə, qadın və uşaq məsələləri ilə bağlı siyasətin müəyyənləşdirilməsi, bu siyasətin reallaşdırılaşdırılması üçün səlahiyyəti olan qurumlar arasında işin əlaqələndirilməsi, həssas qrupa daxil olan təbəqə və onların hüquqlarının müdafiəsi üzrə görülən işlər gündəliyimizin əsas bəndlərini təşkil edir. Səmimi qəbula görə Komitə sədrinə təşəkkürünü bildirən səfir Viktoriya Romero, Azərbaycan cəmiyyətində hər sahədə qadınların rolunun artdığını bildirib. Tarix boyu həm Azərbaycan, həm də Meksikanın qadın hüquqlarının müdafiəsinə xüsusi önəm verdiyini qeyd edən Səfir, qadınların rolu ilə bağlı səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Görüş hər iki ölkədə qadın hüquqlarının mövcud vəziyyəti, eləcə də mümkün əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.

Ətraflı