Zəfər Günü münasibətilə regionlarda silsilə tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən Zəfər Günü münasibətilə silsilə tədbirlər, o cümlədən mərkəzlərdə və təhsil müəssisələrində vətənpərvərlik mövzusunda görüşlər keçirilib, şəhid və qazi ailələrinə səfərlər, Şəhidlər xiyabanlarına ziyarətlər təşkil edilib.
Mərkəzlərin, Rayon İcra Hakimiyyətlərinin, təhsil müəssisələrinin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdiyi tədbirlərdə Zəfər Gününün tarixi əhəmiyyətindən, Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Qeyd edilib ki, Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edir. Bu qələbə xalqımızın birliyini bir daha bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadətinin, əsgərlərimizin cəsarətinin, vətən sevgisinin bugünkü və gələcək nəsillər üçün ən gözəl vətəndaşlıq nümunəsi olduğu xüsusi vurğulanıb.
Çıxışlarda işğaldan azad olmuş ərazilərdə həyata keçirilən yenidənqurma, bərpa və quruculuq işlərindən, sakinlərin ata-baba yurdlarına qayıtması məsələlərindən danışılıb.
Vətən müharibəsi iştirakçıları keçdikləri döyüş yolundan söz açıb, tədbir iştirakçılarının müharibə xatirələri ilə bağlı suallarını cavablandırıblar.
Görüşlərdə şagirdlər tərəfindən qələbəyə həsr olunmuş şeirlər səsləndirilib, bədii kompozisiyalar nümayiş etdirilib.
Ailə səfərləri zamanı igidlərimizin keçdiyi Zəfər yolu haqqında söhbətlər aparılıb. Qeyd edilib ki, şəhidlərimizin əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq, bu gün hər birimiz onların qəhrəmanlığı nəticəsində qalib dövlətin qalib vətəndaşları kimi yaşayırıq. Ailələrə mərkəzlər tərəfindən xatirə hədiyyələri təqdim edilib.