“Zəfər yolu” adlı intellektual yarış keçirilib

6 noyabr 2024 17:50

Paylaş:

6 noyabr 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət     Komitəsinin təşkilatçılığı ilə uşaqların bilik və bacarıqlarının, liderlik qabiliyyətinin, milli-mənəvi dəyərlərinin və intellekt səviyyəsinin artırılması məqsədilə Mingəçevir şəhəri da daxil olmaqla ətraf rayonların 9-110ci sinif şagirdləri arasında 8 Noyabr-Zəfər Gününə həsr edilmiş “Zəfər yolu” adlı intellektual yarış keçirilib.

Yarışın ilk mərhələsi oktyabr ayı ərzində Mingəçevir, Yevlax şəhərləri, Ağdaş, Goranboy, Göyçay və Oğuz rayonlarının məktəbliləri arasında keçirilib, beləliklə qalib komandalar Mingəçevir şəhərində baş tutacaq final mərhələsində iştirak hüququ qazanıblar.

Tədbirdən öncə Şəhidlər Xiyabanı və Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Final mərhələsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova iştirakçıları salamlayıb, uşaqların intellekt səviyəsinin artırılması məqsədilə belə yarışlarda iştirak etməyin əhəmiyyətini vurğulayıb. Komitə tərəfindən uşaqların bilik və bacarıqlarının artırılması, onların potensialının aşkar edilməsi, müstəqil özünü ifadə etmək bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirildiyini qeyd edib.

Daha sonra komandaların ilkin mərhələdə iştirak etdikləri yarışlardan video-görüntülər təqdim edilib.  

Sonra Zəfər gününə həsr edilmiş, habelə, ümumi bilik səviyyəsini göstərən suallar ətrafında keçirilən yarışda qaliblər müəyyən edilib.

6 turdan ibarət yarışda Mingəçevir rayonunu təmsil edən komanda üçüncü, Oğuz rayonunu təmsil edən komanda ikinci, Goranboy rayonunu təmsil edən komanda birinci yerə layiq görülmüşdür.

Sonda qaliblərə diplom və mükafat təqdim edilib.