Media
Xəbərlər

Ailəm könüllüləri Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər
21 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailəm könüllüləri”nin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə növbəti info-turu olub. Səfər zamanı Şüvəlan UADM-in direktoru Sitarə Əhmədova könüllüləri mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr və göstərilən sosial xidmətlərlə tanış edib. O, mərkəzin uşaqların və ailələrin sosial rifahının yüksəldilməsinə yönəlmiş fəaliyyətləri, psixososial dəstək proqramları və icma əsaslı təşəbbüsləri barədə ətraflı məlumat verib. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı və “Ailəm könüllüləri” proqramının koordinatoru Rafiq Mahmudov bildirib ki, bu kimi info-turların məqsədi gəncləri Komitənin regionlarda həyata keçirdiyi iş prosesi ilə yaxından tanış etməkdir. O vurğulayıb ki, belə tədbirlər gənclərin sosial sahədə baş verən proseslərə inteqrasiyasına, onların bilik və bacarıqlarının artırılmasına xidmət edir və bu fəaliyyətlər sistemli şəkildə davam etdirilir. Səfər çərçivəsində könüllülər həmçinin mərkəzin əməkdaşları Ayşən Qafarzadə və Nasir Hüseynov tərəfindən keçirilən “Ailələrlə sosial iş” adlı təlimdə iştirak ediblər. Təlim zamanı ailələrlə işin əsas prinsipləri, sosial xidmətlərin təşkili, risk qrupları ilə işləmə metodları və praktiki sosial iş yanaşmaları barədə məlumat verilib. Bundan əlavə, könüllülər üçün “Konstitusiya və Suverenlik” mövzusunda bilik yarışı təşkil olunub. Yarışın məqsədi gənclərin hüquqi maarifliliyini artırmaq, milli dəyərlər və dövlətçilik prinsipləri haqqında biliklərini möhkəmləndirmək olub. Sonda Mərkəzin sosial işçi və psixoloqları tərəfindən könüllülərin sualları cavablandırılıb.
Qızların təhsildən yayınması hallarının qarşısının alınması istiqamətində təlim keçirilib
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə ilə birgə əməkdaşlıq çərçivəsində 20 noyabr Ümumdünya Uşaqlar Günü münasibətilə Bakı şəhər 187 nömrəli tam orta məktəbdə təhsil alan qızların, o cümlədən valideynlərin iştirakı ilə qızların təhsildən yayınması hallarının qarşısının alınması istiqamətində təlim keçirib. Dövlət Komitəsinin əməkdaşı Təranə Piriyeva çıxış edərək “Uşaq Hüquqları Aylığı”nın məqsədi, Ümumdünya Uşaqlar Gününün mahiyyəti və əhəmiyyətindən söz açıb, Dövlət Komitəsi tərəfindən uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən işlərdən, təhsildən yayındırma və erkən evlilik hallarının yaratdığı hüquqi məsuliyyətdən bəhs edib. Tədbirdə zamanı Uşaq Səfirlər Məclisinin nümayəndələri Əsmər Əliyeva və Mələk Niftəliyeva “Uşaqdan-uşağa” layihəsi əsasında “Qızlara kitab verək, həyat yükü yox!” adlı təqdimatla çıxış edib, iştirakçı qızların suallarını cavablandırıblar. Sonda Dövlət Komitəsi tərəfindən məktəbdə uşaqların və valideynlərin görə biləcəyi məkanlarda yerləşdirilməsi məqsədilə hazırlanmış xüsusi maarifləndirici yapışqanlar məktəb rəhbərliyinə təqdim edilib

Regionlarda “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə maarifləndirici tədbirlər keçirilib. Mərkəzlər tərəfindən Konstitusiyanın qəbul edilməsinin 30 illiyi münasibətilə maarifləndirici görüşlər, əlilliyi olan uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların cəmiyyətə inteqrasiyası məqsədilə bədii-əyləncəli tədbirlər və “Hüquqlarımız haqqında nə bilirik?” mövzusunda interaktiv seminarlar keçirilib. Həmçinin Layihə çərçivəsində SOS Uşaq Kəndinə səfər təşkil edilib. Yerli idarə və təşkilatların dəstəyi ilə keçirilən görüşlərdə mərkəzlərlə yanaşı, müvafiq qurumların əməkdaşları, müəllimlər, valideynlər, könüllülər, rayon ictimaiyyətinin və Uşaq Səfirlər Məclisinin nümayəndələri də iştirak ediblər. TədbirlərdəAzərbaycan dövləti tərəfindən uşaq hüquqlarının təmini, müdafiəsi və təşviqi, layiqli həyat səviyyəsinin təmin edilməsi sahəsində həyata keçirilən islahatlardan danışılıb. Silsilə tədbirlər zamanı “Uşaq hüquqları-hər bir uşaq üçün” mövzusunda sosial çarx nümayiş etdirilib, mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində növbəti maarifləndirici görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 19 noyabr 2025-ci i tarixində Elm və Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Emal Sənayəsi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici görüş keçirib. Görüşdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova narkomaniyanın insanların həyat və sağlamlığı üçün yaratdığı ciddi təhlükələr, cəmiyyətinin mənəvi-əxlaqi dəyərlərinə mənfi təsirləri və onunla mübarizə istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumat verərək, sağlam həyat tərzinin əhəmiyyətindən danışıblar. 130 nəfər tələbənin iştirakı ilə keçirilən tədbirin yekununda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Tədbir çərçivəsində “Biz narkotiklərə Yox deyirik” maarifləndirici kitabçalar informativ resurs kimi mərkəzin kitabxanasına təqdim olunub.

Uşaqların Cinsi İstismardan və Cinsi Zorakılıqdan Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən tədbirlər keçirilib. 18 Noyabr-Uşaqların Cinsi İstismardan və Cinsi Zorakılıqdan Müdafiəsi Günü münasibətilə keçirilən görüşlərdə mərkəzlərin və müvafiq qurumların əməkdaşları, müəllimlər, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Görüşlərdə çıxış edən ekspertlər “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Konvensiya (Lanzarote Konvensiyası) uşaqların təhlükəsiz, sağlam mühitdə yaşaması və hərtərəfli inkişaf etməsi üçün ölkəmizdə yaradılan şəraitdən danışıblar. Həmçinin uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi, qarşısının alınması və aidiyyəti qurumların birgə fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər. Tədbirlərdə zorakılıq halları ilə qarşılaşlaşan zaman aidiyyəti qurumlarla əlaqəli iş və uşaq hüquqları mövzusunda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Sonda iştirakçılara 116111 – Uşaq qaynar xətti barədə məlumat verilib və mövzu ilə bağlı sosial çarxlar nümayiş etdirilib.

Bahar Muradova uşaqları maraqlandıran sualları cavablandırıb
“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Regional İnkişaf “İctimai Birliyinin təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aidiyyəti qurumlarla birgə təşkilatçılığı ilə həyata keçirilən “Hüquqlarınla parla!” layihəsi üzrə 18 noyabr 2025-ci il tarixində Dövlət Komitəsinin sədri Bahar Muradova fəal uşaqlarla görüş keçirib. Çıxış edən “Regional İnkişaf “İctimai Birliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova layihə haqqında ətraflı məlumat verərək, bildirib ki, bugünki görüşün məqsədi uşaqların hüquqlarına diqqət çəkmək, onların səsini eşitmək və bu sahədə ölkəmizdə aparılan mühüm təşəbbüsləri geniş ictimaiyyətə təqdim etməkdir. O bildirib ki, layihə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və “Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”nın həyata keçirilməsi çərçivəsində hazırlanıb. Daha sonra Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, uşaqlarla görüşlərin hər zaman xüsusi maraqla qarşılandığını bildirib. O qeyd edib ki, uşaqların düşüncəsində olan yenilik və dinamizm cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Komitə sədri RİİB-lə uzunmüddətli və səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O qeyd edib ki, RİİB ölkənin bütün ərazisində fəaliyyət göstərir və Komitənin işi də bütün regionları əhatə edir: “Biz bir çox hallarda eyni məqsədlər naminə çalışırıq. Bu baxımdan əməkdaşlığımız uğurla davam edir. RİİB-lə çoxsaylı tədbirlər həyata keçirmişik və onların böyük əksəriyyəti uşaqların hüquqlarının müdafiəsi, inkişafı, təhsili, təhlükəsizliyi və sağlamlığı ilə bağlı məsələləri əhatə edir,” – deyə o bildirib. B.Muradova dünyada baş verən proseslərin sürətlə dəyişdiyini, gözlənilməz hadisələrin cəmiyyətlərin, ailələrin və dövlətlərin həyatına ciddi təsir göstərdiyini qeyd edib. Bu çağırışlar fonunda dövlətlərin və idarəetmə sistemlərinin çevik və dinamik olmasının vacibliyini vurğulayan Komitə sədri, bütün qlobal proseslərə operativ reaksiya verməyin zəruri olduğunu diqqətə çatdırıb. Komitə sədri hazırda dünyada çoxsaylı münaqişələrin, aktiv müharibələrin və döyüş əməliyyatlarının davam etdiyini, bu proseslərdə ən çox zərər çəkənlərin ailələr, xüsusilə qadınlar və uşaqlar olduğunu bildirib. O, Azərbaycanın da uzun illər münaqişədən əziyyət çəkdiyini xatırladaraq, ölkənin bütün çətinliklərə baxmayaraq doğru yol seçdiyini, ərazi bütövlüyünü bərpa etdiyini və sülhün əldə olunması üçün ciddi səylər göstərdiyini vurğulayıb. Komitə sədri qeyd edib ki, Azərbaycan qayıdış prosesini ən yüksək səviyyədə təşkil edir. Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə toxunan Bahar Muradova qeyd edib ki, qurum həm ailə, həm qadın, həm də uşaqlar daxil olmaqla cəmiyyətin bütün üzvlərinə dair məsələlərlə məşğul olur. Onun sözlərinə görə, qadınlara qarşı zorakılığın qarşısının alınması, uşaqların təhlükəsiz mühitdə yaşaması və bu sahədə müxtəlif istiqamətlərin müəyyənləşdirilməsi Komitənin əsas prioritetləri sırasındadır. Komitə sədri bu günün tarixinə nəzər salaraq, 18 noyabrın Uşaqların Cinsi İstismardan və Cinsi Zorakılıqdan Müdafiə Günü olduğunu xatırladıb. O həmçinin qeyd edib ki, qarşıdan gələn 20 noyabr BMT tərəfindən təsis edilmiş Dünya Uşaqlar Günüdür və bu günlər uşaqların müdafiəsi, rifahı və hüquqlarının qorunması ilə bağlı məsələlərə diqqətin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Sədr, 20 oktyabr tarixindən 20 noyabradək "Uşaq Hüquqları Aylığı"nın keçirildiyini diqqətə çatdırıb və aylıq çərçivəsində həyata keçirilən tədbirlərin geniş ictimaiyyətə təqdim olunduğunu bildirib. O, adıçəkilən hər bir qurumun öz səlahiyyətləri çərçivəsində uşaq hüquqlarının müdafiəsi naminə çalışdığını qeyd edib və Dövlət Komitəsinin bu qurumlarla əməkdaşlığı çərçivəsində öz fəaliyyət istiqamətlərinə uyğun tədbirlər həyata keçirdiyini deyib və RİİB-in fəaliyyətini vurğulayıb. B.Muradova Komitə yanında fəaliyyət göstərən "Ailəm könüllüləri" və Uşaq Səfirlər Məclisi haqqında danışıb. O, uşaqların tədbirlərdə fəallığının təmin olunması və fəaliyyətləri çərçivəsində bir-biri arasında körpü yaradılmasının əhəmiyyətinə toxunub. Əlavə edib ki, onların hüquqlarının qorunması, inkişafı, təhlükəsiz və rifah içərisində yaşaması üçün öz üzrərimizə düşəni etmək, özümüzü gələcəyə hazırlamaq, bacarıqlar, səriştələr qazanmaq və təcrübələri bölüşmək çox vacibdir. Daha sonra uşaqların ünvanladığı sualları cavablandıran Bahar Muradova, xüsusilə rəqəmsallaşma dövründə uşaqların zərərli informasiyadan qorunması, onların kibertəhlükəsizliyinin gücləndirilməsi və süni intellekt texnologiyalarından səmərəli istifadənin təşviqi ilə bağlı fikir və tövsiyələrini bölüşüb. O, həmçinin uşaqların qərarqəbuletmə prosesinə cəlb olunmasının əhəmiyyətini vurğulayaraq, Ümumrespublika Uşaq Forumlarının bu istiqamətdə mühüm platforma rolunu oynadığını qeyd edib. Muradova bildirib ki, bu forumlar uşaqların öz fikirlərini sərbəst ifadə etməsi, onların sosial fəallığının artırılması və dövlət qurumları ilə açıq dialoqun qurulması baxımından əhəmiyyət daşıyır. Bundan əlavə, o, düzgün peşə seçimi məsələsinə toxunaraq, hər bir uşağın maraq və bacarıqlarına uyğun istiqamət müəyyənləşdirməsinin vacibliyini qeyd edib. Uşaqların təhsil imkanlarının genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı fikirlərini də paylaşan Muradova, həyata keçirilən layihələrin gələcək nəsillərin formalaşmasına mühüm töhfə verdiyini bildirib. Tədbirin sonunda xatirə fotosu çəkdirilib.

“Ailələrimizi tanıyaq”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı İsmayıllı rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən və ömürlərini elmə, təhsilə, gənc nəslin təlim-tərbiyəsinə həsr edən Əsədovlar ailəsidir. Hümbət Əsədov 1950-ci ildə İsmayıllı rayonunun Tağlabiyan kəndində ziyalı ailəsində dünyaya göz açıb. H. Əsədov Tağlabiyan kənd orta məktəbi və Şamaxı Pedaqoji Texnikumunu bitirib. O, uzun illər rayonun Mingə və Tağlabiyan kənd məktəblərində müəllim kimi çalışıb, sonralar rayon Təhsil şöbəsində fəaliyyətini davam etdirib. Lətifə Əsədova 1954-cü ildə İsmayıllı rayonunun Tağlabiyan kəndində anadan olub. O,Tircan kənd tam orta məktəbini vəAzərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. L.Əsədova uzun illər məktəbdə coğrafiya müəllimi işləyib, hal-hazırda təqaüddədir. 50 ildir evli olan Əsədovların bu evlilikdən 6 övladı (qız), 13 nəvəsi (3 qız, 10 oğlan) var. Bütün qızları ali təhsillidir, onlardan biri həkim, digərləri müəllimdirlər. Lətifə Əsədova:“Biz həmişə çalışmışıq ki, həyatda daim xalqımıza xidmət edək. Bu gün də çalışırıq ki, dostlarımıza, qonşularımıza, doğmalarımıza xoş niyyətimiz və rəftarımızla yadda qalaq. Bir ziyalı kimi həmişə nümunə olaq”. Hümbət Əsədov: “Xoşbəxt evlilik üçün ilk növbədə düzgün seçim etmək lazımdır. Elə insanla ailə qurmalısan ki, səninlə həmdəm olsun, səni başa düşsün.

“Uşaq hüquqları aylığı” çərçivəsində “Hər kəs üçün təhlükəsiz internet” mövzusunda maarifləndirici tədbir keçirilib
Uşaq hüquqlarının müdafiəsi sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində məktəblilərin rəqəmsal savadlılığının artırılması məqsədilə maarifləndirici tədbirlər davam etdirilir. 18 noyabr 2025-ci il tarixində Firidun Köçərli adına Respublika Uşaq Kitabxanasında Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi, 1 saylı Uşaq evi sosial xidmət müəssisəsi, 1 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin və Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Hər kəs üçün təhlükəsiz internet” mövzusunda növbəti tədbir keçirilib. Dövlət Komitəsinin əməkdaşları Rafiq Mahmudov, Ləman Mahmudova, Könül Tağızadə rəqəmsal məkanda davranış qaydaları, internetdə təhlükəli situasiyaların tanınması, şəxsi məlumatların qorunması və kibertəhlükəsizlik mövzularında çıxış ediblər. Tədbirlər çərçivəsində iştirakçılara Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın əsas məqsədləri və virtual sistemlərin təkmilləşdirilməsi haqqında məlumat verilib. Həmçinin tədbirdə iştirak edən Uşaq Səfirlər Məclisinin üzvləri iştirakçılara uşaq hüquqları, onların müdafiəsi və müraciət mexanizmləri barədə danışıb, hüquqlardan təhlükəsiz və düzgün şəkildə istifadə qaydalarının əhəmiyyətini vurğulayıblar. Sonda mövzuyla bağlı sosial çarx nümayiş etdirilib və uşaqlara məlumatlandırıcı çap vəsaitləri paylanılıb.

Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” günü keçirəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” günü keçirəcək. “Açıq qapı” günü 26 noyabr 2025-ci il tarixində, saat 10:00-dan 13:00-dək psixoloq vəsosial işçilərin iştirakı ilə Bakı şəhəri Xəzər rayonu, Ağdam, Goranboy, Göygöl, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarının qəsəbə və kəndlərində səyyar şəkildə keçiriləcəkdir. Ünvan və telefonlar
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi