Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
“Ailə Könüllüləri” layihəsinə Siz də qoşulun!

Hər ailənin sevgisi, qayğısı və etdiyi kiçik bir yaxşılıq cəmiyyətimizdə böyük dəyişikliklərə səbəb ola bilər. “Ailə Könüllüləri” layihəsi ailələri könüllülük fəaliyyəti ətrafında bir araya gətirərək həmrəyliyin və ailə dəyərlərinin gücləndirilməsinə, sosial məsuliyyətin artırılmasına və cəmiyyətimiz üçün daha işıqlı gələcəyin qurulmasına töhfə verir.  Layihəyə qoşulan ailələr: ·         sosial və ictimai əhəmiyyətli təşəbbüslərdə, könüllülük fəaliyyətlərində iştirak edirlər ·         ailə dəyərlərinin, sağlam və fəal həyat tərzinin təbliğinə töhfə verirlər; ·         həssas vəziyyətdə olan ailələrə sevgi, diqqət, qayğı və dəstək göstərirlər; ·         cəmiyyət üçün faydalı sosial layihə və təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edirlər; “Ailə Könüllüləri” layihəsinə qoşularaq: ·         humanizm və xeyirxahlıq prinsiplərinə sadiqliyinizi nümayiş etdirəcəksiniz; ·         Dövlət Komitəsi tərəfindən təşkil olunan tədbir və təşəbbüslərdə iştirak etmək imkanı əldə edəcəksiniz; ·         müəyyən edilmiş istiqamətlər üzrə həyata keçirdiyiniz fəaliyyətə dair müvafiq sertifikatlar əldə edəcəksiniz; ·         ailə, qadın və uşaq siyasətinin inkişafına dair müvafiq sənədlərin hazırlanması və formalaşdırılması prosesində fəal iştirak etmək imkanı əldə edəcəksiniz; ·         ailənizlə birlikdə cəmiyyətə fayda verən təşəbbüslərə töhfə verəcəksiniz. Ən gözəl hekayələr ailədən başlayır. Könüllü ailə – yaxşılığın, sevginin və həmrəyliyin ən səmimi ifadəsidir. Siz də ailənizlə birlikdə bu gözəl təşəbbüsün bir parçası olun! Qeydiyyat və ətraflı məlumat üçün: 🔗 Qeydiyyat linki:  https://drive.google.com/drive/folders/1z28YAOe0fyiu2q0z8z1D2FM-sFaslN9h?usp=sharing 📞 Telefon: (012) 493 79 62  

Ətraflı
İsmayıllıda vətəndaş qəbulu keçirilib

31 avqust 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İsmayıllıda vətəndaşları qəbul edib. Öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib. Qəbul zamanı İsmayıllı və Ağsu rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında işlə təmin olunma, hüquqi yardım, ailə məsələləri, uşağın müalicəsi və əliliyinin təyin olunmasına köməklik göstərilməsi, eləcə də digər mövzular yer alıb. Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Ətraflı
Valideyn və övlad münasibətlərində yaranan çətinliklərlə bağlı məsləhətləşmələr aparılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 24-28 avqust 2026-cı il tarixlərində valideyn və övlad münasibətlərində yaranan çətinliklərlə bağlı psixoloji və pedaqoji məsləhətləşmələr aparılıb. Mərkəzlərin əməkdaşları, psixoloqlar, pedaqoqlar, valideynlər, nənə və babaların iştirak etdiyi məsləhətləşmələrdə ekspertlər tərəfindən iştirakçılara valideyn-övlad münasibətlərində yaranan çətinliklər, ailədə sağlam ünsiyyətin qurulması, ailədaxili münasibətlərdə düzgün sərhədlərin müəyyənləşdirilməsi, həmçinin yeniyetməlik dövründə müşahidə olunan anlaşılmazlıqlar və onların düzgün şəkildə aradan qaldırılması barədə məlumat verilib. İnteraktiv şəkildə keçirilən məsləhətləşmələrdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirici materiallar paylanılıb, zəruri tövsiyələr verilib.

Ətraflı
“Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində Masallı rayonuna növbəti səfər təşkil olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 26-28 avqust 2026-cı il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Masallı rayonuna növbəti səfər təşkil olunub.  Səfər çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qəriblər, İkinci Yeddioymaq, Hişkədərə, Mahmudavar və Həsənli kəndlərində 134 uşağın iştirakı ilə “İnternet təhlükəsizliyi”, “Uşaq hüquqları” və “Asudə vaxtın səmərəli təşkili” mövzularında təlimlər keçirilib. Təlimlərdə Dövlət Komitəsinin əməkdaşı Könül Tağızadə, Milli Kibertəhlükəsizlik Agentliyinin mütəxəssisi Fatimə Həbibova, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov mövzular üzrə iştirakçılara məlumat veriblər. Həmçinin müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb. Eləcə də Uşaq Səfirlər Məclisinin fəaliyyəti diqqətə çatdırılıb. Təlimlərin sonunda uşaqlara kitablar hədiyyə olunub.

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Dosti-zadələr ailəsidir

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Bakı şəhəri Xəzər rayonundan olan Dosti-zadələr ailəsidir.  Onları yaxından tanıyaq.  Oqtay Dosti-zadə 1948-ci ildə anadan olub. Bakı-Sənaye texnikumunun Avtomobilin texniki qulluğu və istehsalı fakültəsini bitirib,45 il nəqliyyat sahəsində fəaliyyət göstərib. 1955-ci il təvəllüdlü Səmayə Dosti-zadə isə ömrünü övladlarının təlim-tərbiyəsinə həsr edib. Hazırda hər ikisi də təqaüddədir.  52 ildir birgə ömür sürən Dosti-zadələrin 4 övladı və 7 nəvəsi var. Övladlarının hər biri ali təhsillidir və ölkəmizin inkişafı üçün çalışırlar.  Ailə ilə müsahibəmizi Sizə təqdim edirik:  - Xoşbəxt evliliyin sirri nədədir?  - O.Dosti-zadə: “Xoşbəxt ailənin təməlində qarşılıqlı hörmət, etibar, səbir və anlayış dayanır. Bir-birimizi dinləməyə, çətin anlarda dəstək olmağa və problemləri birlikdə həll etməyə çalışırıq. Bu illər ərzində sevgi ilə yanaşı, bir-birimizi anlamağı, dinləməyi və çətin günlərdə bir-birimizə dayaq olmağı bacardıq. Ailədə "mən" yox, "biz" anlayışı ön planda olmalıdır.  - Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll  edirsiniz? - S.Dosti-zadə: “Fikir ayrılıqları hər ailədə olur. Əsas məsələ onu necə həll etməkdir. Biz heç vaxt incikliyi uzatmamışıq. Problemləri sakit şəkildə müzakirə edir, bir-birimizi dinləyir və ortaq qərara gəlməyə çalışırıq. Hər zaman qarşılıqlı ünsiyyət quraraq fikirlərimizi bölüşmüşük. Hörmət olan yerdə hər problemin həlli tapılır.  - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?  - Övladın tərbiyəsi ailədən başlayır. Vətəninə, dövlətinə layiqli vətəndaş yetişdirmək üçün uşağın qəlbində hələ kiçik yaşlarından vətən sevgisinin toxumu səpilməlidir. Ona öyrədilməlidir ki, vətən sadəcə yaşadığın torpaq deyil, şəhid qanı ilə yoğrulmuş müqəddəs əmanət, bayrağımız, dilimiz və kimliyimizdir. Uşaqar dürüst, məsuliyyətli və ədalətli olmaq kimi dəyərlərlə böyüdülməli, insanlara və dövlətinə faydalı olmağın ən böyük şərəf olduğu aşılanmalıdır. Valideyn ilk növbədə öz davranışı, əməyi və Vətənə olan sevgisi ilə övladına nümunə olmalıdır. Çünki uşaqlar eşitdiklərindən daha çox gördüklərini mənimsəyirlər. Vətənini sevən, onun uğurlarına sevinən, çətin günündə yanında olmağı bacaran övladlar yetişdirmək hər bir ailənin müqəddəs borcudur. Güclü ailələr güclü cəmiyyətin, güclü cəmiyyət isə qüdrətli dövlətin təməlidir.  Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?  - Ailəmizdə münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır. Övladlarımızın fikirlərinə hörmətlə yanaşır, onlarla açıq ünsiyyət qurmağa çalışırıq. Biz övladlarımızı həm sevgi, həm də məsuliyyət hissi ilə böyütmüşük. Onların fikirlərinə həmişə hörmət etmişik, eyni zamanda düzgün yolu göstərməyə çalışmışıq. Bu gün də münasibətlərimiz  bu formada tənzimlənir.  - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri etmək istərdiniz? Nəyisə etmədiyinizə görə təəssüf hissi keçirirsiniz?  - Ümumilikdə övladlarımızın tərbiyəsindən razıyıq. Bununla belə, bəlkə də onlarla daha çox vaxt keçirməyə və maraqlarını daha yaxından dəstəkləməyə çalışardıq. Hər biri zəhməti ilə öz həyat yolunu qurub. Bəlkə də işlərin çoxluğundan bəzi vaxtlar onlarla daha çox vaxt keçirə bilməmişik. İndi geriyə baxanda düşünürük ki, həmin anlar daha çox olsaydı, daha gözəl olardı. Övladlarımızla keçirdiyimiz hər bir an böyük xoşbəxtlikdir.  Ailə qurmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?  - Ailə qurmaq istəyən gənclərə ilk tövsiyəmiz budur ki, həyat yoldaşını seçərkən yalnız qəlbinizin səsinə deyil, ağlınızın və vicdanınızın səsinə də qulaq asın. Sevgi ailənin ən gözəl başlanğıcıdır, amma onu yaşadan hörmət, etibar, səbir və məsuliyyətdir. Həyat yolunu birlikdə addımlayacağınız insanı dəyişdirməyə çalışmayın, onu olduğu kimi qəbul etməyi və anlamağı öyrənin. Çünki əsl ailə bir-birini dəyişən deyil, bir-birini tamamlayan insanların qurduğu ocaqdır.  Əziz gənclər, ailə həyatında elə günlər olacaq ki, hər şey istədiyiniz kimi alınmayacaq. O zaman inciklikləri susqunluqla böyütmək əvəzinə, səmimi söhbətlə həll etməyə çalışın. Unutmayın ki, danışılan problem həllini tapar, danışılmayan problem isə zamanla ürəklər arasında görünməz divarlar yaradar. Heç vaxt ailənizdə hörməti və etibarı itirməyin. Biz 52 illik ailə həyatımız boyunca öyrəndik ki, xoşbəxt ailənin sirri böyük möcüzələrdə deyil, hər gün göstərilən kiçik qayğılarda, bir xoş sözdə, bir anlayışlı baxışda, çətin anlarda əl-ələ verməkdə gizlidir. Bu illər bizə sübut etdi ki, ailə iki insanın birlikdə yaşaması deyil, iki qəlbin eyni amal uğrunda ömür boyu bir-birinə dayaq olmasıdır. Bütün gənclərə sevgi ilə başlayan, hörmətlə möhkəmlənən, etibarla qorunan və ömür boyu xoşbəxtlik gətirən nümunəvi ailələr qurmağı arzu edirik.  “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində fikir və təcrübələrini bizimlə paylaşdıqlarına görə Dosti-zadələr ailəsinə təşəkkürümüzü  bildirir, onlara möhkəm cansağlığı və xoşbəxt ömür arzu edirik. Qeyd edək ki, layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verən nümunəvi ailələri geniş ictimaiyyətə tanıtmaq və ailə dəyərlərinin təbliğinə töhfə verməkdir.    

Ətraflı
Hüquq-mühafizə orqanlarının əməkdaşları üçün növbəti regional təlim keçirilib

28 avqust 2026-cı il tarixində Mingəçevir şəhərində uşaq hüquqlarının müdafiəsi sahəsində təcrübəli yerli mütəxəssislər (vəkil və psixoloq) tərəfindən “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda hüquq-mühafizə orqanlarının əməkdaşları üçün növbəti regional təlim keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən təlimdə Gəncə, Mingəçevir, Naftalan, Qazax, Tovuz, Ağdaş, Bərdə, İmişli, Sabirabad, Şəmkir, Ağstafa, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, şəhər/rayon polis şöbələrinin və rayon prokurorluqlarının məsul əməkdaşları iştirak edib. İştirakçılara Azərbaycan Respublikasında cinayət təqibi üzrə yetkinlik yaşına çatmayanlar barəsində məhkəməyədək icraatın xüsusiyyətləri, cinayət prosesinin gedişatı zamanı zərərçəkmiş və ya şahid olan uşaqların hüquqlarının müdafiəsinin (dəstək) təminatı, cinayət təqibi orqanlarının istintaq zamanı uşaqlarla davranış qaydaları haqqında məlumatlar verilib. O cümlədən uşaq yönümlü yanaşmadauşağın cinayət prosesində sadəcə “iştirakçı” və ya “hüquq pozuntusunun subyekti” kimi deyil,öz yaşına, inkişaf səviyyəsinə, psixoloji vəziyyətinə və fərdi ehtiyaclarına uyğun hüquqi müdafiəyə ehtiyacı olan şəxs kimi qəbul edilməsi barədə danışılıb və praktik məşğələlər keçirilib. Sonda iştirakçılara Dövlət Komitəsi tərəfindən hazırlanmış “Prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün yetkinlik yaşına çatmayanlarla davranışa dair” metodik vəsait və sertifikatlar təqdim olunub.

Ətraflı
Bakı şəhəri və regionlarda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 17-21 avqust 2026-cı il tarixlərində uşaqların iştirakı ilə “Bizim bölgə” adlı ustad dərsi və rəsm sərgisi keçirilib.   Tədbirlərin keçirilməsində məqsəd uşaqların yay tətilində asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yaşadıqları bölgənin təbiətinə, tarixinə və mədəni irsinə maraqlarının artırılmasıdır.   Rəssamlar tərəfindən keçirilən ustad dərslərində uşaqlara rəsm çəkmək texnikaları, təbiətin, ətraf mühitin təsviri, rənglərin düzgün seçilməsi, eləcə də kompozisiyanın qurulması ilə bağlı məlumat verilib, suallar cavablandırılıb. Uşaqlar yaşadıqları bölgənin təbiətini, mənzərəsini və gözəlliklərini öz rəsmlərində əks etdiriblər.   Yekunda təşkil olunan sərgidə rəsm əsərlərinə baxış keçirilib, fəal uşaqlara təşəkkürnamə və hədiyyələr təqdim edilib.   Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan sərgidə Mərkəzlərin əməkdaşları, yerli idarələrin nümayəndələri, rəsm müəllimləri, uşaqlar iştirak ediblər.

Ətraflı
“Mənim hüquqlarım” təşviqat avtobusu Xocavənd rayonunda

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili, onların hüquqları və maraqlarına toxunan mövzular üzrə maarifləndirilməsi məqsədilə həyata keçirilən “Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər Xocavənd rayonunda təşkil olunub. 18–20 avqust 2026-cı il tarixlərini əhatə edən səfər çərçivəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Hadrut və Qırmızı Bazar qəsəbələrində, Sos kəndində və Xocavənd şəhərində uşaqlar üçün maarifləndirici təlimlər keçirilib. Təlimlərdə ümumilikdə 160 uşaq iştirak edib. Tədbirlər zamanı “İnternet təhlükəsizliyi”, “Uşaq hüquqları” və “Asudə vaxtın səmərəli təşkili” mövzularında iştirakçılara məlumat verilib, müxtəlif interaktiv məşğələlər və qrup işləri təşkil olunub. Tədbirin açılışında xüsusi nümayəndəliyin əməkdaşı çıxış edərək iştirakçıları salamlayıb və layihənin Xocavənd rayonunda keçirilməsinin əhəmiyyətindən danışıb. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev “Mənim hüquqlarım” layihəsi barədə məlumat verib, layihənin məqsəd və vəzifələrindən, eləcə də uşaqların hüquqları ilə bağlı maarifləndirici tədbirlərin aktuallığından bəhs edib. “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov tərəfindən uşaqlara rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, şəxsi məlumatların qorunması, internetdən istifadə zamanı qarşılaşa biləcəkləri risklər və təhlükəsiz internet istifadəsinin əsas prinsipləri izah olunub. Uşaq Səfirlər Məclisinin üzvü Tərlan Əhədzadə Uşaq Səfirlər Məclisinin fəaliyyəti və uşaqların hüquqları və ictimai həyatda iştirak imkanları barədə məlumat verib. Təlimlər çərçivəsində həm də “Azərbaycan Skautlar Assosiasiyası” İctimai Birliyinin nümayəndəsi Abdulrauf Fərhadov tərəfindən ünsiyyət və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi yönündə müxtəlif qrup işləri və interaktiv məşğələlər keçirilib. Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı müxtəlif bədii kitablar və stikerlər təqdim olunub.  

Ətraflı
İsmayıllıda vətəndaş qəbulu keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 31 avqust 2026-cı il tarixində, saat 11:00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.Qəbulda İsmayıllı və Ağsu rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Ətraflı