Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Bahar Muradova “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub ilə növbəti görüş keçirib. Proqram çərçivəsində Fatimə Eyyub mentorunu müşayiət edərək idarəçiliyin müxtəlif istiqamətləri ilə yaxından tanış olub. O, rəhbərliyin gündəlik fəaliyyətini müşahidə edib, qərarların qəbul olunması prosesini izləyib və idarəetmə təcrübəsi barədə ətraflı məlumat əldə edib. Proqramın bir hissəsi olaraq menti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin vətəndaş qəbulu prosesində iştirak edib. Burada vətəndaş müraciətlərinin qəbulu, araşdırılması və həlli mexanizmləri ilə tanış olaraq dövlət-vətəndaş münasibətlərinin praktik aspektlərini müşahidə etmək imkanı qazanıb.   Daha sonra Fatimə Eyyub Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən işçi müşavirəyə qatılıb. Müşavirədə 2026-cı ilin ilk yarımilində görülmüş işlərə dair hesabatlar dinlənilib, əldə olunan nəticələr təhlil olunub və ilin ikinci yarısı üçün prioritet fəaliyyət istiqamətləri müzakirə edilib. Görüş çərçivəsində əldə olunan təcrübə mentiyə dövlət qurumlarının fəaliyyət prinsiplərini, idarəetmə mexanizmlərini və strateji qərarların formalaşdırılması prosesini daha yaxından öyrənmək imkanı yaradıb. “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Ətraflı
Bələdiyyələrdə fəaliyyət göstərən “Ailə və bərabər inkişaf” komissiyalarının üzvləri üçün təlimlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bələdiyyələrdə yaradılmış “Ailə və bərabər inkişaf” komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin komissiya üzvlərinin bilik və bacarıqlarının artırılması məqsədilə 16 və 19 iyun 2026-cı il tarixlərində təlimlər təşkil olunub. “Komissiyanın məqsəd, vəzifə, funksiya və səlahiyyətləri” mövzusuna həsr edilən təlimlərin əsas məqsədi komissiyaların institusional potensialının gücləndirilməsi, yerli idarəetmədə gender bərabərliyi və genderə həssas yanaşma prinsiplərinin təşviqi, eləcə də müvafiq qanunvericilik bazası ilə bağlı iştirakçıların məlumatlılığının artırılması olub. Ekspert Abil Bayramov tərəfindən interaktiv formatda keçirilən təlimlər zamanı mövzu ətrafında praktiki nümunələr əsasında fikir mübadiləsi aparılıb, əldə olunan bilik və yanaşmaların komissiyaların gələcək fəaliyyətində tətbiqinin əhəmiyyəti vurğulanıb. Müzakirələrlə davam edən tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.  

Ətraflı
“Çempion ailələr” layihəsi çərçivəsində regionlarda intellektual yarışların keçirilməsi davam edir

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ikinci dəfədir həyata keçirilən “Çempion ailələr” layihəsi çərçivəsində növbəti yarışlar 17, 18, 19  iyun 2026-cı il tarixlərində Yevlax şəhərində, Samux və Gədəbəy rayonlarında keçirilib.Təşkil edilən yarışlarda ümumilikdə 30 ailə iştirak edib. Sonda, yarış iştirakçılarına sertifikatlar təqdim olunub. Yevlax şəhərində İsmayılzadələr ailəsi, Samux rayonunda Namazovlar ailəsi, Gədəbəy rayonunda isə Əsgərovlar ailəsi qalib kimi diplom və hədiyyələrlə mükafatlandırılıb.Layihənin əsas məqsədi ailə dəyərlərinin və milli ənənələrin təbliği, ailələrin asudə vaxtının səmərəli təşkili, eləcə də ailə üzvləri arasında əməkdaşlıq və ünsiyyətin gücləndirilməsidir.

Ətraflı
Sosial cəhətdən həssas qruplardan olan qadınların iştirakı ilə psixoloji məsləhətləşmələr keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 16-19 iyun 2026-cı il tarixlərində sosial cəhətdən həssas qruplardan olan qadınların iştirakı ilə psixoloji məsləhətləşmələr keçirilib. Mərkəzlərin əməkdaşları, psixoloqlar, icma sakinləri iştirak etdiyi tədbirlərin keçirilməsində məqsəd qadınların psixoloji sağlamlıq sahəsində məlumatlılığının artırılması, gündəlik həyatda qarşılaşılan psixoloji çətinliklərin aradan qaldırılması istiqamətində maarifləndirmə işinin aparılması və iştirakçıların onları narahat edən məsələlərlə bağlı peşəkar məsləhətlər əldə etmələrinə şərait yaratmaq olub.  Görüşlərdə iştirakçılara stressin idarə olunması, narahatlıq və gərginlik halları ilə mübarizə üsulları, ailədaxili münasibətlərdə sağlam ünsiyyətin qurulması, özünəinamın artırılması və psixoloji dayanıqlılığın gücləndirilməsi mövzularında ətraflı məlumat verilib. Psixoloqlar tərəfindən gündəlik həyatda tətbiq oluna biləcək praktik tövsiyələr təqdim olunub, iştirakçıların psixoloji sağlamlığın qorunması ilə bağlı sualları cavablandırılıb. Məsləhətləşmələr zamanı həm anonim sual qutuları vasitəsilə, həm də açıq şəkildə səsləndirilən suallar ekspertlər tərəfindən cavablandırılıb, iştirakçıları maraqlandıran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ətraflı
Bakı şəhəri Xəzər rayonu və regionlarda “Açıq qapı” günü keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə  Dəstək Mərkəzləri tərəfindən növbəti “Açıq qapı” günü keçiriləcək. “Açıq qapı” günü 01 iyul 2026-cı il tarixində, saat 10:00-dan 13:00-dək Mərkəzlərin psixoloq, sosial işçiləri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə Bakı şəhəri Xəzər rayonu, Ağdam, Goranboy, Göygöl, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarının qəsəbə və kəndlərində səyyar şəkildə keçiriləcəkdir. “Açıq qapı” gününün keçirildiyi məkanlar barədə məlumatı almaq üçün aşağıdakı linkə keçid edin.    https://family.gov.az/storage/news/April2025/news_22_os1DwjOV48.pdf

Ətraflı
Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması müzakirə edilib

18 iyun 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” mövzusunda ictimai dinləmə keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutan tədbirdə dövlət qurumlarının məsul şəxsləri, media nümayəndələri, sosial media təsirçiləri (blogerlər), vətəndaş cəmiyyəti institutunun təmsilçiləri, psixoloqlar iştirak ediblər. İctimai dinləmənin təşkilində məqsəd uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı mövcud vəziyyətin, qarşıya çıxan risklərin və qoruyucu mexanizmlərin müzakirəsi, aidiyyəti tərəflərin rəy və təkliflərinin öyrənilməsi, eləcə də uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi istiqamətində tövsiyələrin hazırlanmasıdır. Dinləmədə açılış nitqi ilə çıxış edən Akademiyanın rektoru Urxan Ələkbərov iştirakçıları salamlayaraq, ictimai dinləmənin keçirilməsi təşəbbüsünə görə Dövlət Komitəsinə təşəkkürünü bildirib. O, layihənin əhəmiyyətindən bəhs edərək, uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi baxımından vacibliyini vurğulayıb. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, dünyanın sürətlə dəyişdiyini və rəqəmsal texnologiyaların həyatımızın bütün sahələrinə nüfuz etdiyini deyib. Qlobal rəqəmsal platformaların fəaliyyəti ilə bağlı beynəlxalq təcrübəni qeyd edən sədr, dövlətlərin daha qətiyyətli addımlar atmağa başladığını, Azərbaycanın da bu prosesdən kənarda olmadığını bildirib. O, keçirilən ictimai dinləmənin əsas məqsədinin bütün maraqlı tərəflərin fikirlərini dinləmək, müasir çağırışları birlikdə dəyərləndirmək və uşaqlar üçün daha təhlükəsiz rəqəmsal gələcəyin əsaslarının formalaşdırmasına töhfə vermək olduğunu qeyd edib. B.Muradova vurğulayıb ki, hədəf uşaqları texnologiyalardan uzaqlaşdırmaq deyil, onların rəqəmsal mühitdə təhlükəsiz, məlumatlı və məsuliyyətli iştirakını təmin etməkdir. Müzakirəyə çıxarılan qanun layihəsini mühüm hüquqi sənəd kimi qiymətləndirən B.Muradova, layihədə uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi, valideyn məsuliyyətinin artırılması, platformaların hesabatlılığının təmin olunması və fərdi məlumatların qorunması ilə bağlı bir sıra mühüm mexanizmlərin nəzərdə tutulduğunu qeyd edib. Həmçinin layihədə sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi və yaşın təsdiqi zamanı əldə olunan məlumatların xüsusi qorunması kimi məsələlərin hüquqi müstəvidə tənzimləndiyini diqqətə çatdırıb. Zəfərin qazanıldığı dövrdə qarşıya qoyulan hədəflərə çatmaq üçün ailələrin və uşaqların rifahı istiqamətində maneələri aradan qaldırmağın vacibliyindən danışan Bahar Muradova, belə təşəbbüslərlə ölkə Prezidenti İlham Əliyevin müəyyən etdiyi rəqəmsal prioritetlərə ciddi töhfələr verməyin mümkünlüyünü qeyd edib. Sədr çıxışının sonunda hər kəsi uşaqların, ailələrin təhlükə ilə deyil, imkanlarla qarşılaşdığı, güvənli bir rəqəmsal mühit qurmağa çağırıb. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov sosial medianın müasir həyatın ayrılmaz hissəsinə çevrildiyini qeyd edib. O, rəqəmsal mühitin uşaqlara və ailələrə təsiri ilə bağlı bir sıra çağırışları səsləndirib, psixoloji asılılıq, şəxsi məlumatların kommersiya məqsədilə istifadəsi və məxfilik hüquqlarının pozulması kimi risklərə diqqət çəkib. Nazir müavini Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə keçirdiyi sorğunun nəticələrini təqdim edərək bildirib ki, respondentlərin 56,5 faizi sosial medianı uşaqlar üçün zərərli hesab edir, 66,5 faizi isə uşaqların gündə 5 saatdan artıq vaxtını sosial şəbəkələrdə keçirdiyini qeyd edib. Bildirib ki, sorğu iştirakçılarının 38 faizi sosial şəbəkələrdən həddindən artıq istifadənin psixoloji problemlərə səbəb olduğunu, bir qismi asılılıq yaratdığını, digərləri isə yuxu pozuntularına, görmə problemlərinə və təhsildən yayınmaya gətirib çıxardığını düşünür. Layihənin məqsədlərindən danışan E.Məmmədov, bu sahədə beynəlxalq təcrübələrin öyrənildiyini və Azərbaycanda həyata keçirilən təşəbbüslərin də uğurlu xarici təcrübələrə əsaslandığını qeyd edib. Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, uşaqların rəqəmsal mühitdə zərərli məzmundan qorunmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə valideynlərin roluna diqqət çəkib. O, zərərli kontentin uşaqların psixoloji və sosial inkişafına mənfi təsir göstərə biləcəyini qeyd edərək, rəqəmsal risklərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınmasının əhəmiyyətindən danışıb. İ.Hacıyeva çıxışı zamanı süni intellekt və digər müasir texnologiyaların yaratdığı imkanlarla yanaşı, yeni risklərə də diqqət çəkib. O vurğulayıb ki, sürətlə dəyişən rəqəmsal mühitdə dövlətlərin və beynəlxalq təşkilatların çevik tənzimləmə mexanizmləri formalaşdırması və vaxtında qərarlar qəbul etməsi uşaqların təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Nazir müavini bu istiqamətdə atılan addımları texnoloji transformasiya proseslərinə verilən zəruri və çevik reaksiya kimi dəyərləndirib. Rəsmi çıxışlar dinlənildikdən sonra mövzu dərindən təhlil edilib. Müzakirələrdə çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev qeyd edib ki, rəqəmsal platformalarda yaranan yeni çağırışlara vaxtında və adekvat reaksiya verilməsi mühüm əhəmiyyət daşıyır. Natiqin sözlərinə görə, son illər daxil olan müraciətlərin əhəmiyyətli hissəsi sosial şəbəkələr və rəqəmsal mühitdə baş verən hüquqpozmalara aiddir. O, saxta profillər, kiberfırıldaqçılıq və digər rəqəmsal risklərin uşaqlar üçün yaratdığı təhlükələrdən danışaraq, layihəni bu istiqamətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinə dəstək verən mühüm təşəbbüs kimi qiymətləndirib. Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Könül Axundova rəqəmsal mühitdə tənzimləyici normaların və məsuliyyətli davranış prinsiplərinin əhəmiyyətinə diqqət çəkiblər. Çıxışlarda sosial şəbəkələrdən intensiv istifadənin uşaqların canlı ünsiyyət imkanlarını azaltdığı, asudə vaxt fəaliyyətlərinin məhdudlaşmasına səbəb olduğu və onların məlumat əldə etmə mənbələrinin getdikcə daha çox virtual mühitə yönəldiyi vurğulanıb. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, uşaqların və valideynlərin rəqəmsal savadlılığının artırılması ilə bağlı bir sıra təkliflər səsləndirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İxtisaslı tibbi xidmətin təşkili departamenti, Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov, və Respublika Pediatriya Mərkəzi və “Leyla Medical Center”-in psixoloqu Mahizər Əliyeva, rəqəmsal platformaların uşaqlarda ekran və internet asılılığı kimi problemlərin də formalaşdırdığını deyiblər. Qeyd edilib ki, rəqəmsal mühitdə formalaşan virtual kimlik bəzi hallarda uşağın real sosial münasibətlərinə və özünüifadə bacarıqlarına təsir göstərir. Natiqlər ekran asılılığının, sosial təcrid olunmanın, ünsiyyət bacarıqlarının zəifləməsinin və digər psixoloji təsirlərin yeniyetmələr arasında daha qabarıq müşahidə olunduğunu vurğulayaraq, bu sahədə balanslı yanaşmanın və müəyyən məhdudiyyət mexanizmlərinin tətbiqinin əhəmiyyətindən danışıblar. Daha sonra çıxış edən Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Şəmil Sadıqov və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin aparıcı-jurnalisti Ramal Hüseynov uşaqların rəqəmsal mühitdən uzaqlaşdırılmasının deyil, onlar üçün təhlükəsiz və faydalı rəqəmsal məzmunun yaradılmasının daha effektiv yanaşma olduğunu vurğulayıblar. Onlar uşaqlara yönəlmiş maarifləndirici, inkişafetdirici kontentin artırılması ilə bağlı fikir və təkliflərini bölüşüblər. İctimai dinləmə müzakirələrlə davam edib. Uşağın inkişafında ailə, məktəb və cəmiyyət əməkdaşlığının əhəmiyyəti, valideynlərin maarifləndirilməsi istiqamətində sistemli fəaliyyətin genişləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin mütəxəssislərlə birgə işin gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Ətraflı
“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Qazax rayonunda görüş keçirilib

İyunun 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Qazax rayonunda görüş keçirilib. Qazax Gənclər Evində təşkil olunan tədbirin açılışında iştirakçıları salamlayan Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülayə Həsənova layihənin regionlarda yaşayan qadınların və gənc qızların inkişafına yönəlmiş əhəmiyyətli təşəbbüslərdən biri olduğunu bildirib, onların cəmiyyət həyatında daha fəal iştirakının vacibliyini vurğulayıb. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı  Aytac Əjdərli çıxış edərək ölkəmizdə qadınların səlahiyyətləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti, qadınların şəxsi və peşəkar inkişafı üçün yaradılan imkanlar, eləcə də regionlarda təşkil olunan maarifləndirici və motivasiyaedici layihələrin əhəmiyyətindən bəhs ediblər. Görüş müxtəlif sahələrdə uğur qazanan qadınların TEDx formatında çıxışları ilə davam edib. BMT-nin Məskunlaşma Proqramının Təbliğat və layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə və “Maestro School”un rəhbəri Leyla Səfərli öz uğur hekayələri, təcrübələri və fəaliyyət istiqamətləri barədə iştirakçılarla bölüşərək şəxsi inkişaf, liderlik və motivasiya mövzularında fikir mübadiləsi aparıblar. Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə həyata keçirilir.

Ətraflı
Paytaxt və regionlarda ictimai dinləmələr keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 12-16 iyun 2026-cı il tarixlərində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqları” mövzusunda ictimai dinləmələr keçirilib. İctimai dinləmələrdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu barədə ətraflı məlumat verilib. İctimai dinləmələrdə Mərkəzlərin, rayon idarə və müəssisələrin əməkdaşları, vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər iştirak ediblər. Qeyd edilib ki, ölkəmizdə son illərdə uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizminin formalaşdırılması,  çətin həyat şəraitində olan uşaqların, xüsusilə də valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, erkən və qohum evliliyi, məişət zorakılığı, uşaqlara qarşı cinsi istismar və cinsi zorakılığın qarşısının alınması, uşaqların zərərli informasiyadan qorunması istiqamətlərində qəbul edilən hüquqi sənədlər minlərlə uşağın rifahına, həyat keyfiyyətinə təsir edib, həyatlarını dəyişib. İctimai dinləmələrdə həmçinin “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrası istiqamətində görülən işlərdən də bəhs edilib. Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq sahədə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Ətraflı
Şuşada vətəndaş qəbulu

Bahar Muradova 16 iyun 2026-cı il tarixində ilk dəfə Şuşa şəhərində vətəndaş qəbulu keçirib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Şuşa Şəhər Xüsusi Nümayəndəliyində yerləşən büstünün önünə  gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib. Qəbula gələn  şəhər sakinləri hər hansı bir fərdi  problemlərinin və ya  çətinliklərinin olmadığını, əsas məqsədlərinin görüşmək, fikir mübadiləsi aparmaq və  göstərilən dövlət qayğısına görə təşəkkürlərini çatdırmaq olduğunu bildiriblər. Vətəndaşlar doğma yurdlarında yaradılan yaşayış şəraiti, aparılan bərpa və quruculuq işlərini yüksək qiymətləndiriblər. Qəbul zamanı ailə - məişət problemləri və sosial rifahla bağlı müraciətlərin demək olar ki, olmaması işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesinin müsbət nəticələrini əks etdirir. Şuşada təhlükəsiz və rahat həyat şəraitinin təmin olunması istiqamətində görülən işlərdən razılıqlarını ifadə edən sakinlər ailə təsərrüfatlarının yaradılması, şəhərin sosial həyatının inkişafı ilə bağlı bir sıra təkliflər də irəli sürüblər. Onlar Şuşada uşaq bağçasının fəaliyyətə başlamasının və Şuşa–Xankəndi avtobus marşrutunun açılmasının məqsədəuyğun olacağını vurğulayıblar. Səsləndirilən təkliflər qeydə alınaraq aidiyyəti üzrə araşdırılması üçün yönləndirilib.

Ətraflı