Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
“Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi çərçivəsində Ağcabədidə əhali ilə görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə 31 iyul 2026-cı il tarixində Ağcabədi rayonunda  “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi çərçivəsində yerli əhali görüş keçirilib. Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunaraq önünə gül dəstələri qoyulub, azadlığımız uğrunda canından keçən şəhidlərimizin və Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib. Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ailə institutunun möhkəmləndirilməsinin, milli-mənəvi dəyərlərin qorunmasının və gənc nəslin sağlam mühitdə böyüməsinin vacibliyindən danışıb. O, müasir dövrün sosial çağırışları fonunda maarifləndirmə işlərinin gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. R. Hüseynov milli-mənəvi irsin qorunmasının cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynadığını bildirərək, “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsinin bu istiqamətdə səmərəli platforma olduğunu qeyd edib. İcra başçısı layihənin ailə dəyərlərinin təbliği, gənclərin düzgün istiqamətləndirilməsi və cəmiyyətdə sağlam ictimai mühitin formalaşdırılmasına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib. Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova layihənin əsas məqsədinin cəmiyyətdəki sosial problemlərin həllinə ziyalıları, elm və mədəniyyət xadimlərini fəal cəlb etmək, əhali ilə davamlı dialoq qurmaq və maarifləndirmə işini sistemli şəkildə aparmaq olduğunu diqqətə çatdırıb. O, Ağcabədi rayonunda yeni yaradılan əlaqələndirici qrupun bu fəaliyyətlərin tənzimlənməsində mühüm rol oynayacağını bildirib. Sədr müavini vurğulayıb ki, dövlət tərəfindən ailə, qadın və uşaq hüquqlarının müdafiəsi, gənclərin sosial rifahı və sağlam inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Bununla yanaşı, erkən evliliklərin və ailə münaqişələrinin qarşısının alınmasında, valideyn məsuliyyətinin artırılmasında hər bir vətəndaşın fəal mövqeyinin və ziyalıların maarifləndirici rolunun vacibliyi xüsusi qeyd olunub. S. Qəhrəmanova vətənpərvər, məsuliyyətli və sağlam düşüncəli gəncliyin yetişdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu xatırladıb. Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir fəlsəfə problemləri” şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, AMEA üzrə gender məsələlərinə dair məsul şəxs Mahrux Abbasova çıxışında bildiriib ki, ailənin gələcəyi böyük qərarlarla yanaşı, həm də kiçik addımlardan, ailəyə vaxt ayırmaqdan, uşaqları dinləməkdən ibarətdir. Ailə üzvləri bir-birinə hörmət etməklə cəmiyyətdə də qarşılıqlı hörmət mühitinin formalaşmasına şərait yaradırlar. Gələcəyə olan inam və ümid məhz ailədən başladığını vurğulayıb. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial fəlsəfə və ekoloji problemlər” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ağasəlim Həsənov ailənin mühüm sosial institut olduğunu vurğulayaraq, onun qorunmasına dair sistematik işlərin aparılmasının vacibliyindən danışıb. Eyni zamanda, reproduktiv sağlamlığın qorunmasının bugünkü gündə böyük əhəmiyyət kəsb etdiyini və gənclərin bu sahədə daha məlumatlı olmalarına ehtiyac olduğunu diqqətə çatdırıb. Müzakirələr zamanı yeni yaradılmış yerli Əlaqələndirici Şuranın üzvləri, Rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, “Aran yolu” qəzetinin redaktoru Məhsəti Ağayeva və Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Qarayev çıxış edərək layihənin aktuallığını yüksək qiymətləndiriblər. Onlar ailə dəyərlərinin möhkəmləndirilməsi, gənclərin tərbiyəsi və maarifləndirmə işinin miqyasının genişləndirilməsi ilə bağlı dəyərli fikir və təkliflərini irəli sürüblər. Layihəsi çərçivəsində maarifləndirici görüşlərin respublikanın digər regionlarında da mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Ətraflı
“Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 27-31 iyul 2026-cı il tarixlərində “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbirlər keçirilib. İnteraktiv şəkildə keçirilən tədbirlərdə Mərkəz əməkdaşları və tibb işçiləri tərəfindən uşaqlara sağlam həyat tərzinin əsas prinsipləri barədə ətraflı məlumat verilib, fiziki aktivlik, sağlam qidalanmanın faydaları, şəxsi gigiyena qaydalarına əməl olunmasının əhəmiyyətindən danışılıb, zərərli vərdişlərdən uzaq durmaq tövsiyə edilib.    Tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirici videoçarxlar nümayiş etdirilib.

Ətraflı
“Mənim hüquqlarım” təşviqat avtobusu Şamaxı rayonunda

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 27-29 iyul 2026-cı il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Şamaxı rayonuna növbəti səfər təşkil olunub. Səfər çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Hacıqədirli, Dağ Bağırlı, Quşçu, Həmyəli və  Mərzəndiyə kəndlərində 133 uşağın iştirakı ilə “İnternet təhlükəsizliyi”, “Uşaq hüquqları” və “Asudə vaxtın səmərəli təşkili” mövzularında təlimlər keçirilib. Təlimlərdə Dövlət Komitəsinin əməkdaşı Şəbnəm Cəfərova, Milli Kibertəhlükəsizlik Agentliyinin mütəxəssisi Gülər Rzayeva, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov mövzular üzrə iştirakçılara məlumat veriblər. Həmçinin müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb. Eləcə də Uşaq Səfirlər Məclisinin fəaliyyəti diqqətə çatdırılıb. Təlimlərin sonunda uşaqlara müxtəlif bədii kitablar hədiyyə edilib, mövzu ilə əlaqəli yapışqanlı stikerlər paylanılıb.

Ətraflı
Gender məsul şəxslərin rəqəmsal bacarıqlarının artırılması məqsədilə təlim keçirilib

Dövlət qurumlarında fəaliyyət göstərən gender məsələləri üzrə məsul şəxslərin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 29 iyul 2026-cı il tarixində təlim keçirilib. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, bu gün rəqəmsallaşma dövlət idarəçiliyinin, iqtisadi inkişafın, vətəndaş məmnunluğunun və təhlükəsizliyin əsas sütunlarından birinə çevrilmişdir. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə dövlət qurumlarının rəhbər şəxslərinin, eləcə də bütün əməkdaşların rəqəmsal bacarıqlara malik olması strateji zərurətdir: “Əvvəllər rəqəmsallaşma əsasən İT mütəxəssislərinin məsuliyyəti hesab edilirdisə, bu gün uğurlu rəqəmsal transformasiyanın əsas şərtlərindən biri məhz dövlət qurumlarında çalışan hər bir əməkdaşın bu prosesi düzgün idarə etməsi, texnologiyaların imkanlarını anlaması və strateji qərarları rəqəmsal yanaşma əsasında qəbul etməsidir” - deyə o əlavə edib. Sədr müavini rəqəmsal transformasiyanın qadınlar və qızlar üçün yeni imkanlar yaratmaqla yanaşı, müəyyən risklər yaratdığını da diqqətə çatdırıb. O vurğulayıb ki, bu gün onlar onlayn zorakılıq, kibertəqib, kiberbullinq, şəxsi məlumatların qanunsuz yayılması, süni intellekt vasitəsilə hazırlanmış saxta görüntü, dezinformasiya və rəqəmsal fırıldaqçılıq kimi çağırışlarla daha çox üzləşirlər. Bu istiqamətdə qadınların yalnız rəqəmsal alətlərdən istifadə etməyi deyil, eyni zamanda rəqəmsal mühitdə gender əsaslı riskləri vaxtında müəyyən etməyi, kibertəhlükəsizlik mədəniyyətini təşviq etməyi, süni intellekt sistemlərinin etik tətbiqinə nəzarət etməyi və dövlət proqramlarının hazırlanmasında gender yanaşmasını nəzərə almağı bacarmalıdırlar. Təlim zamanı Caspian İnnovasiya Mərkəzinin baş süni intellekt mütəxəssisi, informasiya təhlükəsizliyi üzrə təlimçi Tahir Qurbanov, Samsung Research Canada, aparıcı proqram təminatı mühəndisi Adil Əliyev, Rəqəmsal transformasiya, innovasiya və süni intellekt siyasəti üzrə ekspert Aygün Əhmədova tərəfindən Azərbaycanın rəqəmsal inkişaf prioritetləri, müasir kiber təhdid landşaftı, sosial mühəndislik, rəqəmsal şəxsiyyət və məlumat təhlükəsizliyi, süni intellektin tətbiq imkanları, bu texnologiyanın yaratdığı risklər, etik yanaşmalar və məsuliyyətli istifadə prinsipləri barədə təqdimatlar keçirilib. Həmçinin, iştirakçılara rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları ilə bağlı praktiki tövsiyələr verilib. Yekunda iştiraka görə sertifikatlar təqdim olunub. Qeyd edək ki, təlim “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın 2.4-cü bəndinə müvafiq olaraq təşkil edilib.   Süni İntellekt alətlərindən effektiv və təhlükəsiz istifadə Cyberforward: Təhlükəsiz Rəqəmsal Gələcəyə Doğru Azәrbaycanın Rәqәmsal İnkişaf Prioritetlәri vә Süni İntellekt Süni İntellekt: Tətbiq İmkanları, Risklər və Məsuliyyətli İstifadə

Ətraflı
Regionlarda “Kitabımı paylaşıram” layihəsi həyata keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Göygöl, Goranboy, Ağdam, Zərdab, Qəbələ, İsmayıllı, Zaqatala, Saatlı və Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqların asudə vaxtının səmərəli təşkili və mütaliəyə marağın artırılması məqsədilə 20-24 iyul 2026-cı il tarixlərində “Kitabımı paylaşıram” layihəsi həyata keçirilib. Layihənin əsas məqsədi iştirakçılarda mütaliə vərdişlərinin formalaşdırılması, kitaba marağın artırılması, oxu mədəniyyətinin aşılanması, dünyagörüşünün zənginləşdirilməsi, həmçinin kitab mübadiləsi vasitəsilə paylaşma və sosial həmrəyliyin təbliği olub. Tədbir zamanı Mərkəz əməkdaşları uşaqlar üçün Azərbaycan xalq nağıllarından və hekayələrindən bir parça oxuyublar, yönləndirici suallar verərək iştirakçılarla fikir mübadiləsi aparıblar. Tədbir proqramı çərçivəsində uşaqlar özləri ilə gətirdikləri bədii kitabları yoldaşları ilə paylaşıb, maraqlı gördükləri məqamları bir-birinə danışaraq mütaliə təcrübələrini bölüşüblər.

Ətraflı
“Ailə saatı” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Azərbaycan Dövlət Uşaq Filarmoniyasında təşkil olunub

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Ailə saatı” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Azərbaycan Dövlət Uşaq Filarmoniyasında təşkil olunub. Tədbirin məqsədi ailələrin maarifləndirilməsi, uşaqların təhlükəsiz və sağlam inkişafının dəstəklənməsi, eləcə də onların sosial və emosional bacarıqlarının inkişafına töhfə vermək olub. Tədbir çərçivəsində iştirakçılar üçün “İnternet təhlükəsizliyi” mövzusunda maarifləndirici təqdimat nümayiş etdirilib. Uşaqların rəqəmsal mühitdə qarşılaşa biləcəyi risklər, kibertəhlükələrdən qorunma yolları, təhlükəsiz internetdən istifadə qaydaları və valideynlərin bu prosesdə rolu barədə ətraflı məlumat təqdim olunub. Daha sonra tədbir iştirakçıları üçün nağıl saatı təşkil edilib. Nağıl vasitəsilə uşaqlara hiss və duyğuların tanınması, paylaşılması və idarə olunması, dostluq, empatiya, qarşılıqlı hörmət və birgə fəaliyyət kimi dəyərlərlə bağlı maarifləndirici mesajlar çatdırılıb. İnteraktiv formatda keçirilən görüş zamanı uşaqlar nağıl qəhrəmanlarının davranışlarını müzakirə edərək müxtəlif situasiyalarla bağlı öz fikirlərini bölüşüb, bu isə onların hiss və duyğularını daha yaxşı ifadə etməsinə, fərqli baxış bucaqlarını anlamağa və sosial münasibətlərə dair ilkin təsəvvürlərinin formalaşmasına töhfə verib. Tədbir sual-cavab sessiyası və uşaqlar üçün təşkil olunan yaradıcı fəaliyyətlərlə davam edib.

Ətraflı
Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Açıq qapı” günü keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə  Dəstək Mərkəzləri tərəfindən növbəti “Açıq qapı” günü 4 avqust 2026-cı il tarixində, saat 10:00-dan 13:00-dək psixoloq, sosial işçi və Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin birgə iştirakı ilə Bakı şəhərinin Xəzər rayonu, Ağdam, Goranboy, Göygöl, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarının qəsəbə və kəndlərində səyyar şəkildə keçiriləcək. “Açıq qapı” gününün keçirildiyi məkanlar barədə məlumatı almaq üçün aşağıdakı linkə keçid edin.    Ünvan və əlaqə nömrələri

Ətraflı
10 bölgədə həyata keçirilən “Çempion ailələr” layihəsi uğurla başa çatıb

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Çempion ailələr” layihəsi çərçivəsində növbəti tədbir iyulun 23-də Naxçıvan Muxtar Respublikasında keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova rəhbərlik etdiyi qurum tərəfindən ailə institutunun möhkəmləndirilməsi və gənclər arasında sağlam ailə dəyərlərinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Komitə sədri qeyd edib ki, təşkil olunan intellektual yarış yalnız bilik yarışı deyil, eyni zamanda ailə üzvləri arasında qarşılıqlı etimadın, birgə qərarvermə bacarıqlarının və komanda ruhunun möhkəmləndirilməsinə xidmət edən mühüm platformadır. O, çıxışının yekununda iştirakçılara uğurlar arzulayıb, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Daha sonra çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Fuad Adıgözəlov vurğulayıb ki, təşkilat ailələrin inkişafı və sosial rifahının yüksəldilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir və bu sahədə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlıq edir. O bildirib ki, “Çempion ailələr” layihəsi də bu əməkdaşlığın uğurlu nümunələrindən biridir. Çıxışlardan sonra intellektual yarışa start verilib. On ailənin iştirak etdiyi yarışın yekununda bütün iştirakçılara sertifikatlar, qalib ailələrə isə diplom və hədiyyələ rtəqdim olunub. Yarışın nəticələrinə əsasən: I yerə Şərurrayonundan Əlizadələr ailəsi; II yerə Naxçıvan şəhərindən Quliyevlər ailəsi; III yerə isə Babək rayonundan Rüstəmovlar ailəsi layiq görülüb. Beləliklə, cari ilin may–iyul ayları ərzində ölkənin 10 bölgəsində həyata keçirilən “Çempion ailələr” layihəsi uğurla başa çatıb. Layihə çərçivəsində ümumilikdə 100 ailə (400-ə yaxın iştirakçı) intellektual yarışlarda iştirak edib. Yarışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və layihənin əsas məqsədlərinə uyğun olaraq ailə dəyərlərinin və milli-mənəvi ənənələrin təbliği, ailələrin asudə vaxtının səmərəli təşkili, həmçinin ailə üzvləri arasında əməkdaşlıq və ünsiyyətin gücləndirilməsinə töhfə verib.

Ətraflı
Məişət zorakılığının qarşısının alınması sahəsində yaradılan monitorinq və əlaqələndirmə qrupunun növbəti rüblük iclası keçirilib

23 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupunun növbəti rüblük iclası keçirilib. İclası monitorinq və əlaqələndirmə qrupunun rəhbəri, Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması, aidiyyəti qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi və qəbul edilmiş qərarların icra vəziyyətinin mütəmadi qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununun icrası ilə bağlı mövcud olan boşluqlar, həmçinin məişət zorakılığının qarşısının alınması ilə bağlı yerli monitorinq və əlaqələndirmə qruplarının hesabatları iclasın gündəliyində duran əsas məsələlərdən olub. İclasda monitorinq qrupunun üzvləri ilə yanaşı Vəkillər Kollegiyasının və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının nümayəndəsi, o cümlədən Bakı Şəhərinin Nizami və Suraxanı rayon İcra Hakimiyyəti başçılarının müavinləri, yerli monitorinq və əlaqələndirmə qruplarının sədrləri iştirak edib. İclasda yerli monitorinq və əlaqələndirmə qruplarının sədrləri rayon üzrə hesabatları təqdim ediblər. İclasın sonunda monitorinq və əlaqələndirmə qrupunun üzvləri qurumlararası əlaqələndirmənin gücləndirilməsi, bütün rayon və şəhərlər üzrə münaqişəli ailələrin siyahısının müəyyən edilməsi, təhlillərin aparılması və münaqişəli ailələrlə profikaltiki işin gücləndirilməsi, habelə bələdiyyələrin bu istiqamətdə fəaliyyətinin artırılması kimi bir çox məsələlər ətrafında həm qrup üzvləri həm də qonaqlar tərəfindən ətraflı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr verilib.

Ətraflı