Məişət zorakılığının qarşısının alınması sahəsində yaradılan monitorinq və əlaqələndirmə qrupunun növbəti rüblük iclası keçirilib
Paylaş:
23 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupunun növbəti rüblük iclası keçirilib.
İclası monitorinq və əlaqələndirmə qrupunun rəhbəri, Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması, aidiyyəti qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi və qəbul edilmiş qərarların icra vəziyyətinin mütəmadi qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununun icrası ilə bağlı mövcud olan boşluqlar, həmçinin məişət zorakılığının qarşısının alınması ilə bağlı yerli monitorinq və əlaqələndirmə qruplarının hesabatları iclasın gündəliyində duran əsas məsələlərdən olub.
İclasda monitorinq qrupunun üzvləri ilə yanaşı Vəkillər Kollegiyasının və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının nümayəndəsi, o cümlədən Bakı Şəhərinin Nizami və Suraxanı rayon İcra Hakimiyyəti başçılarının müavinləri, yerli monitorinq və əlaqələndirmə qruplarının sədrləri iştirak edib.
İclasda yerli monitorinq və əlaqələndirmə qruplarının sədrləri rayon üzrə hesabatları təqdim ediblər.
İclasın sonunda monitorinq və əlaqələndirmə qrupunun üzvləri qurumlararası əlaqələndirmənin gücləndirilməsi, bütün rayon və şəhərlər üzrə münaqişəli ailələrin siyahısının müəyyən edilməsi, təhlillərin aparılması və münaqişəli ailələrlə profikaltiki işin gücləndirilməsi, habelə bələdiyyələrin bu istiqamətdə fəaliyyətinin artırılması kimi bir çox məsələlər ətrafında həm qrup üzvləri həm də qonaqlar tərəfindən ətraflı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr verilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi