“Ailə saatı” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Azərbaycan Dövlət Uşaq Filarmoniyasında təşkil olunub

27 iyul 2026 15:45

Paylaş:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Ailə saatı” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Azərbaycan Dövlət Uşaq Filarmoniyasında təşkil olunub.

Tədbirin məqsədi ailələrin maarifləndirilməsi, uşaqların təhlükəsiz və sağlam inkişafının dəstəklənməsi, eləcə də onların sosial və emosional bacarıqlarının inkişafına töhfə vermək olub.

Tədbir çərçivəsində iştirakçılar üçün “İnternet təhlükəsizliyi” mövzusunda maarifləndirici təqdimat nümayiş etdirilib. Uşaqların rəqəmsal mühitdə qarşılaşa biləcəyi risklər, kibertəhlükələrdən qorunma yolları, təhlükəsiz internetdən istifadə qaydaları və valideynlərin bu prosesdə rolu barədə ətraflı məlumat təqdim olunub.

Daha sonra tədbir iştirakçıları üçün nağıl saatı təşkil edilib. Nağıl vasitəsilə uşaqlara hiss və duyğuların tanınması, paylaşılması və idarə olunması, dostluq, empatiya, qarşılıqlı hörmət və birgə fəaliyyət kimi dəyərlərlə bağlı maarifləndirici mesajlar çatdırılıb.

İnteraktiv formatda keçirilən görüş zamanı uşaqlar nağıl qəhrəmanlarının davranışlarını müzakirə edərək müxtəlif situasiyalarla bağlı öz fikirlərini bölüşüb, bu isə onların hiss və duyğularını daha yaxşı ifadə etməsinə, fərqli baxış bucaqlarını anlamağa və sosial münasibətlərə dair ilkin təsəvvürlərinin formalaşmasına töhfə verib.

Tədbir sual-cavab sessiyası və uşaqlar üçün təşkil olunan yaradıcı fəaliyyətlərlə davam edib.