Media
Xəbərlər

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə Ucar rayonunda baş tutub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə birgə 2024-cü ildən etibarən “Güclü cəmiyyətin zərif simaları” adlı layihəsi çərçivəsində növbəti görüş keçirilib. Layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır. 18 aprel 2025-ci il tarixində baş tutan Ucar Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aidə Qəhrəmanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, Regional İnkişaf İctimai Birliyinin Müraciətlərlə iş şöbəsinin baş mütəxəssisi Gülnarə Həmidova çıxış edib. Çıxışlar zamanı layihənin qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməyi hədəflədiyi bu istiqamətdə görülən işlər qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaradacağı bildirilib. Görüşdə “Maestro School”-in təsisçisi, sosial sahibkar Mədinə Paşayevanın və “Safavy Onlayn Təhsil Platforması”nın direktoru, şəxsi inkişaf üzrə mentor, “Her İT Journey” sosial layihənin rəhbəri Könül Quliyevanın TEDx formatında çıxışları baş tutub. Sonda sual-cavab əsasında fikir mübadiləsi aparılıb.

“Arzulara qanad verək” adlı qanvermə aksiyası keçirilib
17 aprel 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı ilə Respublika Qan Bankında 17 Aprel -Ümumdünya Hemofiliya Gününə həsr edilmiş qanvermə aksiyası keçirilib. Respublika Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlərə dəstək məqsədi daşıyır. Artıq ənənə halını alan bu nəcib aksiyaya dövlət qurumlarının əməkdaşları və könüllü donorlar olmaqla gün ərzində 250 nəfər qoşulub. Aksiyada iştirak edən hər kəsə minnətdarlığımızı bildiririk.

Bakıda Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısı keçirilib
Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 11-ci Toplantısı keçirilib. Tədbir çərçivəsində üzv ölkələrdə audiovizual medianın tənzimlənməsi sahəsində baş verən yeniliklərə həsr olunmuş ümumi sessiya, habelə “Uşaqların müdafiəsi sahəsində hüquqi tənzimləmə və onun effektiv icrası” və “Uşaqların müdafiəsidə media savadlılığının və valideyn nəzarətinin rolu” mövzularında panel sessiyalar baş tutub. Paneldə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov, süni intellektin uşaq hüquqlarına təsiri, media nümayəndələrinin fəaliyyətində insan hüquqları prizmasında həssaslıq, kiber təhlükəsizlik və rəqəmsal üsulların tətbiqi və digər müvafiq məsələləri qeyd edib. Toplantıda Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli nümayəndələri, və media təmsilçiləri iştirak edib.

“İqlim dəyişikliyinin ailənin iqtisadi vəziyyətinə (qadın və uşaqlara) təsiri” mövzusu üzrə analitik hesabat hazırlanıb
İqlim dəyişikliyi təkcə ətraf mühitə zərər vuran amil kimi deyil, eyni zamanda sosial və iqtisadi strukturlara ciddi təsir göstərən geniş problem kimi qəbul edilməlidir. Hazırda qlobal iqlim böhranı gücləndikcə, iqlim dəyişikliyinin qadınların və uşaqların hüquqlarına və rifahına dərin təsirinin dərk edilməsi prioritetə çevrilib. Ətraf mühitin məhv olması və resurs çatışmazlığı gender əsaslı fərqlilikləri daha da dərinləşdirərək ailədaxili və cəmiyyət səviyyəsində sosial-iqtisadi dinamikalara təsir edir. Bu kontekstdə iqlim dəyişikliyinin gender bərabərliyinə təsiri qısamüddətli nəticələrlə məhdudlaşmır və mövcud gender bərabərsizliyini gücləndirir. Ölkəmizdə də bu istiqamətdə araşdırmaların aparılması və iqlim dəyişikliyinə uyğunlaşma prosesində genderə həssas və inklüziv tədbirlərinin həyata keçirilməsi əhəmiyyətli hesab olunur. Bu məqsədlə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi ilə “Sustainera Solutions” şirkəti tərəfindən “İqlim dəyişikliyinin ailənin iqtisadi vəziyyətinə (qadın və uşaqlara) təsiri” mövzusu üzrə analitik hesabat hazırlanıb. Analitik hesabatda iqlim dəyişikliyinin ailələrin sosial-iqtisadi vəziyyətinə, gender bərabərliyinə mənfi təsirləri, xüsusilə qadınların həyatına, onların sosial və iqtisadi imkanlarına gender-spesifik təsirləri araşdırılmış və bu təsirlərin necə azaldıla biləcəyi təhlil edilmişdir. Araşdırmada həm kəmiyyət, həm də keyfiyyət araşdırması metodlarından istifadə olunmuşdur. Kəmiyyət araşdırması Azərbaycanın 6 bölgəsi və ümumilikdə 1000 respondent üzrə, keyfiyyət araşdırması isə müxtəlif qurumlarda və təşkilatlarda çalışan, eləcə də gender üzrə ümumilikdə 7 ekspertləmüsahibələr əsasında aparılmışdır. Anket sorğusu Azərbaycanın 6 regionunda – Sumqayıt, Neftçala, Lənkəran, Gəncə, Bərdə, və Bakıda yaşayan 1000 nəfər arasında keçirilmişdir. Kəmiyyət sorğusunun qeyd olunan 6 regionda keçirilməsinin əsas səbəbləri də təhlildə qeyd edilmişdir. Keyfiyyət araşdırmasının məqsədi isə kəmiyyət sorğularından əldə olunan nəticələr əsasında iqlim dəyişikliyi ilə mübarizə yolları, gender-spesifik amillərin nəzərə alınmasının əsas üstünlükləri və bu amillər nəzərə alınmadığı zaman qarşıya çıxa biləcək çətinliklər və mənfi təsirlərin müəyyən edilməsi, eləcə də qlobal müstəvidə ən yaxşı nümunələrin Azərbaycanda tətbiqinin mümkünlüyünün öyrənilməsi olmuşdur. Araşdırmanın nəticələrdən belə bir qənaətə gəlmək olar ki, iqlim dəyişikliyi kənd təsərrüfatı istehsalında məhsuldarlığın azalmasına səbəb olaraq ailələrin gəlirlərini məhdudlaşdırır, məcburi köçlərə və sosial infrastrukturların pozulmasına səbəb olur. Bu, eyni zamanda təhsil sahəsində fasilələr və uşaqların məktəbdən uzaqlaşması ilə nəticələnir, gələcək nəsillərin bilik və bacarıqlarına mənfi təsir edir: İqlim dəyişikliyinin yaratdığı sosial-iqtisadi çətinliklərin xüsusilə qadın və qızlara təsirləri fərqlidir. Bu çətinliklərin onlara hansı formada təsiri ilə bağlı göstəricilər də təhlildə əksini tapıb: Qadınların iqlim dəyişikliyinə uyğunlaşma və fəlakətlərə hazırlıqla bağlı bilik və bacarıqların əldə edilməsində çətinlikləri ilə bağlı göstəricilər də təhlil edilib: İqlim dəyişikliyi və ekstrimal hava şəraitinin təsərrüfata (məhsul hasilatı, su təminatı, heyvanların sağlamlığı), həmçinin şirin su mənbələrinə təsiri ilə bağlı göstəricilər isə aşağıdakı kimi əks olunub: Əhali arasında iqlim dəyişikliyinin təsirlərinin təhlili göstərir ki, respondentlərin əksəriyyəti öz həyatlarına, yaşayış və dolanışıq vasitələrinə və ümumi sosial-iqtisadi şəraitə iqlim dəyişikliyinin əhəmiyyətli təsir göstərdiyini bildirirlər. Yekun nəticələr: Aparılmış araşdırma iqlim dəyişikliyinin sosial, iqtisadi və gender aspektləri üzrə ciddi təsirlər yaratdığını göstərir. Kənd təsərrüfatı məhsuldarlığının azalması, iş yerlərinin itirilməsi və dolanışıq vasitələrinin məhdudlaşması kimi təsirlər kənd və şəhər icmalarında fərqli, lakin əhəmiyyətli şəkildə müşahidə olunur. Kənd yerlərində qadınlar və kişilər arasında iqlim dəyişikliyinin təsiri fərqli olsa da, qadınların mövcud gender bərabərsizliyi fonunda daha həssas olduğu müşahidə olunur. Kişilər isə kənd təsərrüfatında iş itkisi və maliyyə qeyri-sabitliyi səbəbindən iqtisadi çətinliklərlə üzləşir. Araşdırma göstərir ki, iqlim dəyişikliyinin təsirləri yalnız iqtisadi aspektlərlə məhdudlaşmır, həmçinin sosial nəticələr də doğurur. Gender əsaslı zorakılıq və psixo-sosial çətinliklər iqlim stressinin əlavə təsirlərindəndir. İqlim səbəbiylə miqrasiya, xüsusilə qadınlar və uşaqlar üçün ciddi sosial və sağlamlıq problemləri yaradır. Genderə həssas yanaşmaların olmaması mövcud sosial bərabərsizliyi gücləndirir. Respondentlər gender spesifik ehtiyacları nəzərə alan tədbirlərin tətbiqinin vacibliyini vurğulayırlar. Qadınların liderliyi və qərar qəbuletmə proseslərində iştirakı, həmçinin gender bərabərliyini dəstəkləyən siyasətlərin hazırlanması, cəmiyyətin iqlim dəyişikliyinə qarşı dayanıqlığını artırmaq üçün mühüm addımlar kimi qiymətləndirilir. Tövsiyələr iqlim dəyişikliyi, sosial xidmətlər, gender bərabərliyi və iqtisadi dayanıqlılıq kimi sahələrdəki əsas problemlərin həllinə yönəlib. İqlim dəyişikliyi ilə mübarizə sahəsində məlumatlılığın artırılması və problemlərin effektiv həlli üçün istilik xəritəsinin (heat map) hazırlanması tövsiyə olunur. İqtisadi dayanıqlılıq və məşğulluq sahəsində tövsiyələr siyasət strategiyalarının gender əsaslı büdcələşdirmə metodlarının tətbiqini, qadınların maliyyə resurslarına çıxışını artırmağı və yaşıl biznes təşəbbüslərinə dəstək verilməsini nəzərdə tutur. Bu sahədə qadınların təlim və seminarlarla maarifləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı və resurslara çıxış istiqamətində qadınların dayanıqlı texnologiyalar və resurslardan istifadə imkanlarını artırmaq üçün hüquqi dəstək proqramlarının yaradılması təklif edilir. Sosial dayanıqlılıq və sağlamlıq xidmətləri üzrə qadınların keyfiyyətli səhiyyə xidmətlərinə daha asan çıxışını təmin etmək üçün kənd yerlərində xidmətlərin əlçatanlığının artırılması və təcili yardımın gücləndirilməsi tövsiyə olunur. İqlim dəyişikliyinə qarşı dayanıqlılıq sahəsində qadınların maarifləndirilməsi və onların resurslara bərabər olaraq çıxışını təmin edən proqramların tətbiqi ön plandadır. İqlim dəyişikliyinə qarşı mübarizə strategiyalarında qadınların ehtiyaclarını nəzərə alan həssas yanaşmaların hazırlanması və fəlakətlər zamanı xüsusi təlimlərin keçirilməsi də tövsiyələr sırasındadır. Hesabatla ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 17 aprel 2025-ci il tarixində dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə Respublika Qan Bankında “Ümumdünya Hemofiliya Günü”nə həsr edilmiş “Arzulara qanad verək” adlı qanvermə aksiyası keçiriləcəkdir. Aksiya talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədi daşıyır. Saat 09:00-dan 19:00-a qədər davam edəcək aksiyaya könüllü donorlar da qoşula bilər. Aksiyada iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsi ilə birlikdə Nəsimi rayonu, Feyzulla Qasımzadə 65 ünvanında yerləşən Respublika Qan Bankının inzibati binasına yaxınlaşa bilər. Dövlət Komitəsi qan çatışmazlığından əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün səhhəti imkan verən hər kəsi bu nəcib aksiyaya qoşulmağa çağırır. Qeyd edək ki, yalnız sağlamlığı imkan verən şəxslər həkim müayinəsindən keçdikdən sonra aksiyada iştirak edə biləcəklər. Qan donoru ola bilməyən şəxslər: Yaş və çəki meyarına uymayanlar: Adətən 18–65 yaş arası şəxslər donor ola bilər Minimum 50 kq çəki tələb olunur. Xroniki və ya yoluxucu xəstəlikləri olanlar: Hepatit B və C, HIV/AIDS, sifilis və digər qanla keçən xəstəliklər. Aktiv vərəm (tuberkulyoz). Xərçəng xəstələri (bəzi hallarda keçmişdə sağalmış olsa belə). Epilepsiya, şəkərli diabet (xüsusilə insulinlə müalicə olunursa). Yaxın zamanda keçirilmiş tibbi prosedurlar: Cərrahi əməliyyatlar (böyük əməliyyatlardan sonra 6–12 ay gözləmə tələb olunur). Diş müalicəsi (məsələn, diş çəkilməsi zamanı 1 həftə gözləmək tövsiyə olunur). Peyvəndlərdən sonra müəyyən müddət gözləmək lazımdır (canlı viruslu peyvəndlərdə 2–4 həftə kimi). Hamilə və ya yeni doğum etmiş qadınlar: Hamiləlik dövründə və doğuşdan sonra ən az 6 ay qan vermək olmaz. Qan təzyiqi və ürək problemləri olanlar: Yüksək və ya çox aşağı təzyiqi olanlar. Ürək xəstəlikləri ilə diaqnoz qoyulmuş şəxslər. Spirtli içki və narkotik maddə istifadəsi: Qan vermədən əvvəlki 24 saatda spirtli içki qəbul etmiş şəxslər. Narkotik maddə istifadə edənlər.

Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anım günüdür
Keçdiyi şərəfli ömür yolu hər kəs üçün kamillik və müdriklik məktəbi olan, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Xalqımızın adını və əməllərini çox böyük ehtiramla xatırladığı Zərifə xanım Əliyevanın xatirəsini hörmətlə anırıq.

“Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində yazıçı Anarla görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzə Dövlət Komitəsi, ADA Universiteti və Mədəniyyət Televiziyasının əməkdaşlığı ilə “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsinə start verilib. Layihə çərçivəsində tanınmış ziyalıların uşaq səfirlər, tələbələr və gənc fəallarla görüşləri, həmçinin bu mövzuda konfrans və forumların təşkil edilməsi nəzərədə tutulur. İlk belə görüş 14 aprel 2025-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevlə keçirilib. Görüşdə salamlama nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Dövlət Komitəsinin ədəbiyyat gecəsi təşəbbüsünü yüksək qiymətləndirib. O, Azərbaycanın ən məşhur yazıçılarından biri – canlı əfsanə Anarla görüşü uşaq və gənclər üçün nadir fürsət kimi dəyərləndirib. Prorektor bu görüşün yazıçının həyat və yaradıcılığı ilə yaxından tanış olmaq, eləcə də onunla birbaşa ünsiyyət qurmaq baxımından tələbələr üçün unikal imkan olduğunu söyləyib. İştirakçıları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, bu gün bütün dünyada ictimai-siyasi, iqtisadi, eləcə də humanitar sahədə çoxsaylı kataklizmlər, nəsillərarası problemlər, dəyərlərin aşınması kimi mövzular müxtəlif formatlarda, geniş şəkildə müzakirə olunur. Dövlət Komitəsinin də öz növbəsində ölkədə baş verən proseslərə, xüsusilə böyük Zəfərdən sonra Azərbaycanın milli kimliyinə və bu kimliyi şərtləndirən dəyərlərə münasibətini bütün məqamlarda öndə tutmaq üçün görülən işlərə qoşulduğunu vurğulayan Komitə sədri, “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsinin də məhz bu məqsədlə ərsəyə gəldiyini qeyd edib: “Hazırki cəmiyyətdə, dövlət və insan həyatında, qarşıya qoyulan hədəflərdə yerini tapan milli-mənəvi dəyərlərə münasibət, onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq, eləcə də bu dəyərlərin transformasiyası prosesinə qoşulmaq üçün belə bir layihəyə başlamaq qərarına gəldik”. Yaxın zamanda layihənin bir çox istiqamətdə inkişaf edəcəyini və gənclərin müxtəlif təbəqələrini əhatə edəcəyini bildirən B.Muradova, layihənin ilk görüşünə ev sahibliyi etdiyinə görə ADA Universitetinə təşəkkürünü bildirib. Komitə sədri ilk görüşə Anarın dəvət edilməsinin təsadüfi olmadığını, onun Azərbaycanın mədəni, ictimai-siyasi həyatında, xüsusilə də ədəbiyyatında böyük xidmətləri ilə hər zaman uca yerdə dayandığını bildirib. Çıxışında Uşaq Səfirlər Məclisinin fəaliyyətindən danışan sədr, uşaqların bütün sahələrdə səfir kimi çıxış etdiyini, lazımi məqamda yerindəcə mövqe ortaya qoymağı bacaran kiçik diplomatlar rolunu oynadıqlarını qeyd edib. Uşaqlarla görüş imkanına görə sevincini ifadə edən Anar, Ulu öndər Heydər Əliyevin özünün siyasi kumiri olduğunu deyib, onun bütün sahələrdə olduğu kimi ədəbiyyata olan xüsusi diqqət və qayğısından danışıb. O, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən sonra 30 illik həsrətə son qoyulduğunu, anti-terror əməliyyatı ilə suverenliyimizin bərpa olunduğunu möcüzə adlandırıb. Yazıçı müharibədən sonrakı dövrdə faktoloji əsərlərin yazılmasının, hadisələri sənədləşdirməyin vacibliyini qeyd edib və YB-nin bu sahədə gördüyü işlər barədə məlumat verib. Anar texnoloji tərəqqinin gətirdiyi müsbət faktorlarla yanaşı, gənclərin mütaliəyə, ədəbiyyata marağının azalmasına səbəb olduğundan gileylənərək, ədəbiyyatın mənəviyyatı zənginləşdirdiyini, dili yaşatdığını qeyd edib, iştirakçılara çox kitab oxumağı tövsiyə edib. YB- nin gənc yazarlara daim diqqət və dəstək nümayiş etdirdiyini vurğulayan yazıçı onlara öz tövsiyələrini də verib. Eyni zamanda milli-mənəvi, o cümlədən ailə dəyərlərimizin qorunub saxlanılmasında ziyalılarımızın, ailələrimizin rolundan bəhs edib. 100 nəfərdən çox uşaq səfirin və tələbənin iştirak etdiyi görüşdə yazıçı ona ünvanlanan sualları cavablandırıb, tövsiyə və məsləhətlərini səsləndirib. Tədbirdə iştirak edən bir neçə gənc yazar müəllifi olduğu kitabları Anara təqdim edib. Sonda xatirə fotosu çəkilib. Qeyd edək ki, “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsinin məqsədi uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə əsasən maarifləndirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkili sahəsində fəaliyyətin gücləndirilməsidir.

“Ailə və gender yönümlü siyasətlər: fərdlərə, təşkilatlara və cəmiyyətə faydaları” mövzusunda təlim keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailə və gender yönümlü siyasətlər: fərdlərə, təşkilatlara və cəmiyyətə faydaları” mövzusunda təlim keçirilir. 14 -16 aprel 2025-ci il tarixlərini əhatə edən təlimdə dövlət qurumlarının və yerli icra hakimiyyəti orqanlarının gender məsələləri üzrə məsul şəxsləri iştirak edir. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova təlimin məqsədi və gündəliyi haqqında məlumatları diqqətə çatdırıb. O bildirib ki, təlimlərin keçirilməsində məqsəd gender məsələləri üzrə məsul şəxslərin işinin təkmilləşdirilməsi, onlar arasında səmərəli şəbəkələşməsinin təmin edilməsi, gender bərabərliyi sahəsindəki qanun və siyasətlərin icrası ilə bağlı səlahiyyətlərini və vəzifələrin aydın şəkildə müəyyən edilməsindən ibarətdir. S. Qəhrəmanova Dövlət Komitəsi tərəfindən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun icrasına dair hesabatın hər il Milli Məclisdə səsləndirildiyini və bu məlumatların müvafiq dövlət qurumları tərəfindən təqdim edildiyini bildirib. Bu səbəbdən də gender məsul şəxslərin bu məsələyə daim hazır olmalarının əhəmiyyətini qeyd edib. O, həmçinin gender münasibətlərinin ilk olaraq ailədə formalaşdığını vurğulayaraq, uşaqların böyüməsində və tərbiyəsində valideynlərin bərabər iştirakının əhəmiyyətindən bəhs edib. Eyni zamanda bildirib ki, yerli icra hakimiyyəti orqanlarında gender məsələləri üzrə məsul şəxslərin sosial məsələlər üzrə müavinlər səviyyəsində təyin olunması olduqca mühümdür. Daha sonra müstəqil ekspert Şəms Mustafayevanın təqdimatı ilə təlim davam edib.

Regionlarda ailə dəyərlərinin və ənənələrinin təbliği məqsədilə tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 7-11 aprel 2025-ci il tarixlərində mərkəzlərin, rayon icra hakimiyyətləri, idarə və müəssisələrin əməkdaşları, gənclər, gənc ailələr və icma sakinlərinin iştirakı ilə əhali, xüsusilə gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği məqsədilə maarifləndirici görüşlər keçirilib. Tədbirlərdə çıxış edənlər ailə dəyərləri, ailə institutunun formalaşması və qorunub saxlanılmasının əhəmiyyətindən, bu istiqamətdə ölkəmizdə görülən işlərdən danışıblar. Qeyd edilib ki, ailənin möhkəm və sağlam olması üçün ailədə açıq və dürüst ünsiyyət qurmaq, birlikdə faydalı vaxt keçirmək, ailə üzvləri arasında anlayışlı olmaq, hörmət etmək, bir-birini dəstəkləmək, rolları və məsuliyyətləri bölüşdürmək vacibdir. Tədbirlərdə mövzu ilə əlaqəli təqdimat, sosial çarxlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi