Bahar Muradova Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri ilə görüşüb
Paylaş:
4 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu ilə görüşüb.
Bahar Muradova, ölkələr arasındakı münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib.
Komitə sədri, ölkəmizdə həyata keçirilən ailə siyasəti, qadınların sosial və iqtisadi baxımdan gücləndirilməsi, uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O, erkən nikah və qohum evlilikləri ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklər barədə məlumat verib, gender bərabərliyinin təmin olunması, qızların təhsilinə dəstək məqsədilə ilə reallaşdırılan layihələrdən danışıb. Sədr, Azərbaycanın bu sahədə formalaşmış müsbət təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.
Nazir Oğuzhan Hasipoğlu səmimi qəbula görə təşəkkür edərək, Şimali Kiprdə sosial müdafiə sahəsində görülən işlərdən danışıb. Qadınların məşğulluğunun artırılması, onların əmək bazarında iştirak imkanlarının genişləndirilməsi, peşə və sahibkarlıq bacarıqlarının gücləndirilməsi üzrə keçirilən layihələri diqqətə çatdırıb. O, gələcəkdə birgə layihələrin reallaşdırılması, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı təkliflərini bölüşüb.
Görüş zamanı qarşıdakı dövr üçün nəzərdə tutulan əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi