Media
Xəbərlər

Milli Məclisin plenar iclasında gender bərabərliyi ilə bağlı 2023-cü il üzrə məlumat dinlənilib
24 may 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2023-cü il üzrə məlumatla çıxış edib. Məlumat, “Gender bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq, 3 əsas istiqaməti əhatə edib: 1. Gender bərabərliyinin təmin edilməsilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və dövlətin vəzifələri; 2. Gender bərabərliyinin müxtəlif sahələr üzrə təminatı; 3. Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələr. Deputatların müzakirələrindən sonra illik məlumat səsverməyə qoyularaq qəbul olunub. Hesabat: https://family.gov.az/storage/publications/May2024/zjdFDQgIxtivogMjRtje.pdf Çıxış: https://family.gov.az/storage/publications/May2024/dCsXKAfZ3DLNeO5GKhTf.pdf Təqdimat: https://family.gov.az/storage/publications/May2024/UcYDHhc8Nwd0bhyYZPEn.pdf

Dövlət Komitəsində təcrübə keçən tələbələr üçün təlimlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müvafiq struktur bölmələrinin əməkdaşları Rafiq Mahmudov, Həsən Əliyev və Aysel Babayeva tərəfindən Komitədə təcrübə keçən tələbələr üçün təlimlər keçirilib. Təlimlər “İnsan alveri və məcburi əməyə YOX deyək!”, “Gənclərin inkişafında dövlətin rolu” “Dövlət qurumlarının fəaliyyətində ictimaiyyətlə əlaqələrin əhəmiyyəti” mövzularını əhatə edib. Qeyd edilən mövzular üzrə iştirakçılara ətraflı məlumat verilib, sualları cavablandırılıb. Qeyd edək ki, təlimlərdə Komitənin "Ailəm" könüllüləri də iştirak edib.
Uşaq Səfirlər Məclisinin üzvləri Xarici İşlər Nazirliyində olub
Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri Xarici İşlər Nazirliyində olub. “Diplomatın bir günü” layihəsi çərçivəsində baş tutan görüşdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycanın diplomatiya tarixi, xarici siyasətimizin əsasları, Xarici İşlər Nazirliyinin fəaliyyəti barədə ətraflı məlumat verib. Həmçinin ümumi protokol qaydaları, dövlətlərarası münasibətlərdə diqqət ediləcək ilkin məqamlar izah edilib. Sonra uşaq səfirlər üçün Nazirliyin inzibati binasında infosessiya təşkil edilib. Qeyd edək ki, “Diplomatın bir günü” layihəsinin keçirilməsində məqsəd Uşaq Səfirlər Məclisinin nümayəndələrinin müəyyən olunmuş istiqamət üzrə maarifləndirilməsini təşkil etmək və “Uşaqdan-uşağa” prinsipi ilə digər uşaqların məlumatlandırılmasını həyata keçirməkdir.

200-dən artıq şahmatçı qız Saatlıda keçirilən turnirdə mübarizə apardı
Qızlar tərəfindən böyük marağa səbəb olan turnir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə baş tutub. Turnirin məqsədi qızlar arasında intellektual oyunlara marağın daha geniş şəkildə təşviq edilməsi və kütləvi hal alması, bu idman növündə onların fəal iştirakına nail olunmasıdır. Turnirin bağlanış mərasimində çıxış edən Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Azərbaycanda şahmatın inkişafından, dövlətin bu sahəyə qayğısından danışıb. O, Saatlı rayonunda belə bir turnirin keçirilməsinin əhəmiyyətini qeyd edərək, iştirakçılara yeni nailiyyətlər arzulayıb. Daha sonra Dövlət Komitəsinin sədr müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva çıxış edərək, 200-dən artıq şahmatçı qızın turnirdə iştirakının çox qürurverici hal olduğunu qeyd edib. Turnirin qızlar arasında intellektual oyuna marağın təşviqində, onlarda analitik düşünmə qabiliyyətinin formalaşdırılmasında rolunu vurğulayan A.Sofiyeva, Dövlət Komitəsinin Şahmat Federasiyası ilə birgə, xüsusilə regionlarda mütəmadi olaraq belə tədbirlər keçirməsinin əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova çıxış edərək, şahmatçı qızları təbrik edib. Federasiyanın qadın şahmatının inkişafına böyük önəm verdiyini vurğulayan Z. Məmmədyarova turnirin önəmini qeyd edərək gələcəkdə də belə bir tədbirlərin keçiriləcəyini bildirib. Turnir zamanı Aynur Sofiyeva şahmat taxtası arxasına keçərək qızlarla şahmat oynayıb və onlara öz tövsiyələrini verib. Yekunda qaliblər medal, diplom, hədiyyələrlə mükafatlandırılıb. Hər bir iştirakçıya sertifikat və şahmat hədiyyə edilib.

Şəmkir və Bərdədə maarifləndirici görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 16 may 2024-cü il tarixdə yerli icra hakimiyyətlərinin dəstəyi ilə Şəmkir rayon Kimya-biologiya təmayüllü liseydə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda və 20 may 2024-cü il tarixdə Bərdə Peşə Liseyində “Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə” mövzusunda tələbə, müəllim və valideynlərin iştirakı ilə maarifləndirici görüşlər keçirilib. Görüşlərdə çıxış edən Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva, Azərbaycanda əhali artımının təmin olunması, ailələrin sağlamlığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, ölkədə reproduktiv sağlamlıq hüquqlarının təmin olunması, ailə planlaşdırılmasının vacibliyi, ailələrdə oğlan uşaqlarına verilən üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılması və ailələrdə doğulan uşaqlar arasında cins nisbətinin bioloji normaya uyğunlaşması istiqamətində görülən işlərdən bəhs edib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova, reproduktiv sağlamlığın əsas amillərindən, hamiləliyin süni yolla pozulmasının fəsadlarından danışıb, ailə planlaşdırılması və reproduktiv sağlamlığın qorunmasına dair tövsiyələrini verib. Sonda iştirakçıların sualları cavablandırılıb. Görüşlərdən 270 nəfər faydalanıb.

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti” mövzusunda maarifləndirici görüş keçirilib
21 may 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə maarifləndirici görüş keçirilib. ADU-nun Tərcümə fakültəsi tələbələrinin iştirakı ilə keçirilən görüşdə dekan Bənövşə Məmmədova, Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdiri Gülnarə Məmmədova və baş məsləhətçisi Səmra Əliyeva iştirak edib. Tədbiri giriş sözü ilə açan B.Məmmədova universitetdə mütəmadi olaraq cəmiyyətdə mövcud problemlər, ailələri narahat edən məsələlər, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində maarifləndirici görüşlərin keçirildiyini qeyd edib və bu mövzularda tələbələrlə aparılan müzakirələrin nəticələrindən bəhs edib. Çıxışı zamanı ailə və nikahın əhəmiyyətini vurğulayan Komitənin şöbə müdiri Gülnarə Məmmədova, gənclərin ailə həyatına öncədən hazırlığının və gənc yaşlarından müxtəlif vacib mövzular ətrafında məlumatlandırılmasının vacibliyindən danışıb. Gənclərin ailə barədə düşüncələrinin formalaşması üçün özlərinin də öncədən müsbət psixoloji mühitdə yaşamasının, böyüməsinin və formalaşmasının önəmli olduğunu qeyd edən G.Məmmədova, eyni zamanda bildirib ki, Azərbaycan ailəsinə xas milli-mənəvi və ailə dəyərlərinin bu gün gənclər tərəfindən düzgün təbliğ olunması, yaşadılması olduqca əhəmiyyətlidir. Daha sonra Komitə əməkdaşı Səmra Əliyeva təqdimatla çıxış edərək görüş iştirakçılarına erkən nikah və qohum nikahlarının səbəbləri, onların yaratdığı fəsadlar, eləcə də cəmiyyətin, dövlətin sağlam gələcəyi naminə bu problemlərlə mübarizə aparmağın vacibliyi barədə məlumat verib. Görüşdə ailə və erkən nikahla bağlı sosial video-çarxlar nümayiş etdirilib, tələbələrə ailə məsələləri ilə bağlı şüarların yazıldığı eko-qolbaqlar paylanılıb.

“Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda tədbir keçirilib
Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarında yerləşən 252 və 216 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib. Görüşdə Dövlət komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim -mütəxəssisi Pərvin Quliyeva çıxış edərək, sağlam həyat tərzinin formalaşmasında insan sağlamlığına müsbət təsir edən amillər, ziyanlı vərdişlərin gənclərin reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirlər, gənclərin həyatında reproduktiv sağlamlıqla bağlı yaşanan problemlər, həmçinin ailə planlaşdırılmasının vacibliyi və erkən nikahların fəsadları barədə məlumat veriblər. Yekunda iştirakçıların sualları cavablandırılıb, onlara ”QİÇS -ə YOX!”, ”Sağlam həyat naminə erkən nikaha Yox deyək!” adlı maarifləndirici cap vəsaitləri paylanılıb.

“Erkən nikah və qohum nikahların mənfi nəticələri” mövzusunda növbəti görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclərin müxtəlif mövzular ətrafında məlumatlandırılması məqsədilə keçirilən tədbirlərin davamı olaraq, 20 may 2024-cü il tarixdə Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ilə “Erkən nikah və qohum nikahların mənfi nəticələri” mövzusundagörüş keçirilib. Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva təqdimatla çıxış edərək, erkən nikah və qohum nikahların qarşısının alınması istiqamətində dövlət, xüsusilə də Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən görülən işlər, qəbul edilən normativ-hüquqi sənədlər, belə nikah hallarının törətdiyi mənfi nəticələr barədə iştirakçılara ətraflı məlumat verib. K.Əliyeva patriarxal stereotiplər əsasında yaranan erkən nikah, qohum nikahlarla mübarizədəbütün cəmiyyət üzvlərinin fəal olmalarının vacibliyini vurğulayaraq, tələbələrə öz tövsiyələrini verib. Sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin ekperti Zümrüd Kazımova erkən nikahın reproduktiv sağlamlığa mənfi təsirlərindən, qohum nikahları nəticəsində dünyaya gələn uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən geniş danışıb. Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı sosial çarx nümayiş etdirilib. Görüşdə ümumilikdə 100 nəfər tələbə faydalanıb.

Türk Dövlətləri Təşkilatının (TDT) ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin birinci iclasının bağlanış mərasimi keçirilib
Türk Dövlətləri Təşkilatının (TDT) ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin birinci iclasının bağlanış mərasimi keçirilib. Daha sonra Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin müvafiq qurumlarının rəhbərlərinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü baş tutub.