Riyaziyyat və Mexanika İnstitutunda maarifləndirici görüş keçirilib

11 dekabr 2025 14:49

Paylaş:

10 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Həmkarlar Komitəsinin təşkilatçılığı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə maarifləndirici görüş keçirilib.

Görüşdə İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açılış nitqi ilə çıxış edərək, ailə dəyərlərinin cəmiyyətin davamlı inkişafında əsas amillərdən biri olduğunu qeyd edib, erkən evlilik və qohum evlilikləri kimi sosial problemlərin yalnız kompleks maarifçilik tədbirləri, düzgün informasiya mühiti və elmi yanaşma vasitəsilə azaldıla biləcəyini diqqətə çatdırıb.

Daha sonra Dövlət Komitəsinin əməkdaşları Kamila Əliyeva və Tural Hüseynzadə təqdimatla çıxış edərək, ailə siyasəti, bu istiqamətdə qanunvericiliyə edilən son dəyişikliklər və ailə institutunun ictimai əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

Tədbirdə ziyalıların erkən evlilik və qohum nikahlarının qarşısının alınmasında rolunun önəmi, gənclər arasında ailə dəyərləri, sağlam həyat tərzi və digər vacib mövzular müzakirə edilib.