Media
Xəbərlər

Prezident Administrasiyasının nümayəndəsi AQUPDK yanında İctimai Şuranın üzvləri ilə görüşüb
2025-ci il mayın 23-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Prezident Administrasiyasının rəsmisi yeni seçilmiş Şura üzvlərini təbrik edib, ictimai nəzarətin həyata keçirilməsi sahəsində fəaliyyətlərində uğurlar arzulayıb. O, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ictimai iştirakçılığın əhəmiyyətini vurğulayıb, Şuradan gözləntiləri diqqətə çatdırıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova İctimai Şura üzvlərinə dövlətin bu istiqamət üzrə apardığı işlər, nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Görüş zamanı Şura üzvlərinin təklifləri dinlənilib, sualları cavablandırılıb, müvafiq qeydlər götürülüb. Görüşdə həmçinin Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun baş məsləhətçisi Ələkbər Quliyev, Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov, İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Səfərova da iştirak ediblər.

Regionlarda valideyn səriştəliliyinin artırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 19-23 may 2025-ci il tarixlərində kənd və qəsəbələrdə mərkəzlərin ekspert qruplarının üzvləri, icra nümayəndələri, psixoloqlar, müəllimlər və valideynlərin iştirakı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində valideyn səriştəliliyinin artırılması məqsədilə maarifləndirici seminarlar keçirilib. Tədbirlərdə çıxış edənlər valideyn bacarıqlarının inkişafının uşaqların sağlam, təhlükəsiz və ailə mühitində böyüməsi, onların sosial və emosional inkişafı üçün vacib olduğunu qeyd ediblər. İştirakçılara uşaqlarla düzgün münasibətin qurulması üçün valideynlik səriştəliliyini artırmaq, uşaqların yaş və inkişaf mərhələlərini öyrənmək, uşaq psixologiyası haqqında mütaliə etmək, mütəxəssislər və təcrübəli valideynlərlə məsləhətləşmək tövsiyə edilib. Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirmə materialı paylanılıb, video material nümayiş etdirilib.

Regionlarda təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının formalaşdırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 19-23 may 2025-ci il tarixlərində təhsil müəssiələrində mərkəzlərin əməkdaşları, ekspert-həkimlər, müəllimlər və şagirdlərin iştirakı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində yeniyetmələr arasında (qızlar, oğlanlar) təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının formalaşdırılması məqsədilə maarifləndirici seminarlar keçirilib. Tədbirlərdə çıxış edən ekspertlər iştirakçılara reproduktiv sağlamlıq, sanitar-gigiyenik qaydaları, eləcə də zərərli vərdişlərin fəsadları barədə ətraflı məlumat veriblər. Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirmə materialı paylanılıb, video material nümayiş etdirilib.

“Qlobal dəyişikliklərin ailələrə, fərdlərə və cəmiyyətə təsirləri” adlı yüksək səviyyəli paneldə çıxış edib
Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva İstanbul şəhərində keçirilən Beynəlxalq Ailə Forumu çərçivəsində baş tutan “Qlobal dəyişikliklərin ailələrə, fərdlərə və cəmiyyətə təsirləri” adlı yüksək səviyyəli paneldə çıxış edib. Qlobal dəyişikliklərin ailənin sosial-mədəni, iqtisadi və reproduktiv funksiyalarına müsbət və mənfi təsirləri barədə çıxış edən C.Rəhmətullayeva, eyni zamanda buna səbəb olan demoqrafik dəyişikliklər, iqlim dəyişiklikləri və urbanizasiyanın təsirlərindən danışıb. O, bu təsirləri araşdıran milli və beynəlxalq tədqiqatların nəticələri barədə məlumatları bölüşüb. Aparat rəhbəri qloballaşma dövründə ailə institutunun möhkəmləndirilməsi istiqamətində vacib addımların atılmasının önəmini qeyd edib. Komitə rəsmisi çıxışının sonunda ailə ənənələrinin qorunub saxlanması, gələcək nəsillər arasında sağlam münasibətlərin formalaşdırılması və ənənəvi ailə dəyərlərinin qorunması üçün birgə səylərin vacibliyini vurğulayıb.

Bahar Muradova İstanbulda Beynəlxalq Ailə Forumunda çıxış edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 22–23 may 2025-ci il tarixlərində İstanbulda keçirilən Beynəlxalq Ailə Forumunda iştirak edir. Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan Forum çərçivəsində Bahar Muradova bu gün “Ailə yönümlü siyasətlərin tətbiqi: Milli və Beynəlxalq səylər” mövzusunda nazirlər sessiyasında çıxış edib. O bildirib ki, problemlərin və risklərin qloballaşdığı, həll yollarının isə parçalandığı müasir dünyada ailə institutunun zəifləməsi, ailədaxili münasibətlərdə mənəvi boşluqlar və sosial təcrid riski bütün ölkələr üçün ortaq problemə çevrilib. Bu çağırışlara isə yalnız ortaq dəyərlərin müdafiəsi,birgə təşəbbüslər və beynəlxalq əməkdaşlıq sayəsində cavab tapmaq olar. B. Muradova qeyd edib ki, Azərbaycan dövləti ailəni cəmiyyətin əsası, milli kimliyin qoruyucusu və strateji inkişafın dayağı kimi qiymətləndirir. Bu baxış Prezident İlham Əliyevin liderliyində ailə institutunun, milli-mənəvi dəyərlərin qorunması şərti ilə dövlətin sosial siyasətinin mərkəzində dayanır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva milli və beynəlxalq miqyasda bu prosesin önündə gedərək bütün səviyyələrdə örnək fəaliyyət sərgiləyir. Hazırda “Azərbaycan Respublikasının ailə siyasətinin kompleks və strateji əsaslarını müəyyənləşdirəcək sənəd kimi "Ailə Konsepsiyası”nın üzərində işlərin aparıldığını diqqətə çatdıran Komitə rəsmisi bildirib ki, yalnız ailə yönümlü siyasətlər vasitəsilə qloballaşmanın təzyiqləri qarşısında davam gətirə və cəmiyyətlərimizin müqavimət hissini möhkəmləndirə bilərik. O bildirib ki, tarixən çoxmillətli və çoxkonfessiyalı mədəniyyətə malik Azərbaycan unikal müxtəlifliyini özünün strateji üstünlüyü kimi qoruyub saxlayır. Müxtəlif etnik və dini icmaların birgə dinc yaşam tərzi cəmiyyət üzvləri arasındakı münasibətlərə qarşılıqlı hörmət və tolerantlıq ruhunu aşılayır: “Bu əsasda formalaşan multikultural dəyərlər ailə münasibətləri, uşaq tərbiyəsi və qadınların sosial həyatda iştirakı məsələlərində zəngin təcrübə və uzlaşma nümunələri əldə etməyə imkan yaratmışdır.” Komitə rəsmisi qeyd ki, dünyanın müxtəlif bölgələrində müharibələr, onların doğurduğu müxtəlif xarakterli zorakılıqlar, ailələrin dağılması və kütləvi miqrasiya axınları müşahidə olunur. Belə problemlərdən əziyyət çəkən Azərbaycan xalqı da daxili birliyi və əzminə söykənərək özünün ədalətli mübarizəsi nəticəsində ərazi bütövlüyünü bərpa etmiş, Qələbədən dərhal sonra regionda təhlükəsizliyin bərqərar olunması üçün ardıcıl sülh təşəbbüsləri ilə çıxış etmişdir. İndi cəmiyyətin rifahı, qadınların və uşaqların reabilitasiyası, ailələrin münaqişədən sonrakı dövrdə müdafiəsi və sosial inteqrasiyası prioritet sahələrimizdəndir deyən B. Muradova bildirib ki, bu məqsədə çatmaq üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində, İslam ölkələri, eləcə də digər regional və beynəlxalq formatlarda qurulmaqda olan əməkdaşlıq modellərimiz ailə dəyərlərinin qorunması üçün nümunəvi bir istiqamət formalaşdırır. O vurğulayıb ki, ortaq dəyərlər - ailəyə hörmət, nəsillərarası əlaqələrdə varislik, valideyn-övlad bağlarının müqəddəsliyi – bu gün qloballaşmanın təsirinə qarşı güclü mənəvi sipər ola bilər: “Bizim hər birimiz bu dəyərləri bir-birimizə tanıtmalı və müdafiə etməliyik. Azərbaycan bu baxımdan Asiya, Avropa və İslam dünyası arasında körpü rolunu oynayaraq müxtəlif sosial yanaşmalar arasında balansı qorumağa çalışır” - deyə o çıxışına əlavə edib. Forum çərçivəsində imzalanacaq bəyanatın müddəalarına toxunan Bahar Muradova Azərbaycanın bu sənədə münasibətini diqqətə çatdırıb. O bildirib ki, ailə institutunun möhkəmləndirilməsi üçün milli və beynəlxalq səviyyədə effektiv siyasətlər hazırlanmalı, demoqrafik və cins balansını qorumaq üçün doğum stimullaşdırılmalı, məsuliyyətli valideynlik və nəsillərarası varislik kimi məsələlər daim diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda, ailənin təməl dəyərlərinə zidd olan zərərli meyllərin və məqsədli layihələrin qarşısı qətiyyətlə alınmalıdır. Çıxışının sonunda Bahar Muradova Azərbaycan Respublikasının bu sahədə bütün tərəfdaş ölkələrlə açıq və səmimi əməkdaşlığa hazır olduğunu vurğulayıb. Forum panel müzakirələrlə davam edir. Müzakirələr “Yüksək mənfəət müqabilində: Qlobal çağırışların fərdlərə, ailələrə və cəmiyyətə təsiri” və “Təsəvvür və reallıq arasında: Mədəniyyətdə, incəsənətdə və mediada ailə” mövzularını əhatə edir. 27 ölkədən dövlət rəsmilərinin qatıldığı tədbir çərçivəsində nazirlərin ikitərəfli görüşləri, sərgilər, yarmarkalar və təqdimatlar təşkil olunub. Qeyd edək ki, Forum Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaşın himayəsi, Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2025-ci ilin Türkiyədə “Ailə İli” elan edilməsi çərçivəsində təşkil olunub.
“Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində növbəti təlim keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə 22 may 2025-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının iştirakçısı olan tələbələr üçün “Gənc qızların cəmiyyətə asan inteqrasiyasına hazırlıq” mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində məqsəd “Gənc qızların təhsilinə dəstək” layihəsinin əhatə dairəsini genişləndirmək, qızların şəxsi inkişafına və ictimai-sosial fəallığının artırılmasına, o cümlədən onların cəmiyyətə sağlam və məqsədyönlü inteqrasiyasına dəstək olmaqdır. Layihə çərçivəsində keçirilən təlimin açılış hissəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Xumar İlqarqızı çıxış edərək,qızların təhsilinin cəmiyyətin gələcək inkişafında əhəmiyyəti və “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının uğurlu nəticələri barədə məlumat verib. Təlimçi “The Training Hub Azerbaijan” MMC, “Aztugem” layihəsinin rəhbəri Lamiyə Xəlilova təqdimatla çıxış edib. İnteraktiv şəkildə davam edən təlimdə iştirakçılarla real situasiyalar əsasında müzakirələr aparılmış, “Effektiv özünütəqdimetmə və onun sosial həyatda rolu”, “Ünsiyyətin əsas qaydaları və qeyri-verbal ünsiyyətin əhəmiyyəti”, “Sosial məsafə və bədən dili” kimi mövzularda praktiki bilik və bacarıqlar aşılanıb. Təlimdə tələbələr və Dövlət Komitəsinin “Ailəm Könüllüləri” iştirak ediblər.
“İnsan alveri və məcburi əməyə YOX deyək!” adlı layihə çərçivəsində görüşlər keçirilib
“İnsan alveri və məcburi əməyə YOX deyək!” adlı layihə çərçivəsində Bakı Biznes Universitetində və Bakı Avrasiya Universitetində görüş keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov “İnsan alveri və məcburi əmək: özünüzü necə qoruya bilərsiniz” adlı təqdimatla çıxış edərək, insan alverinin növləri, dövlətin və Komitənin insan alveri ilə mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər və gənclərin bu problemdən özünü necə qoruya biləcəyi haqqında ətraflı məlumat verib. Görüşlər “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Satılmış həyat” filminin nümayişi və müzakirələrlə davam edilib.

Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” günü keçirəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” günü keçirəcək. “Açıq qapı” günü 29 may 2025-ci il tarixində, saat 10:00-dan 13:00-dək Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcəkdir. Ünvan və telefonlar

Məktəblərdə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda görüşlər keçirilib
20–21 may 2025-ci il tarixlərində Bakı şəhərində yerləşən 163 və 314 nömrəli tam orta məktəblərdə müəllim, valideyn və şagird heyəti üçün “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda görüşlər təşkil olunub. Görüşlərin keçirilməsində əsas məqsəd məktəblilərdə ailə dəyərlərinə hörmət, xalqa sədaqət, valideyn-övlad münasibətlərinin sağlam təməl üzərində qurulması, milli kimlik və vətəndaş məsuliyyəti kimi mühüm anlayışların formalaşdırılması istiqamətində bilik və düşüncələrin artırılması olub. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Zülfiyyə Sadıq və Ləman Mahmudova çıxış edərək, milli-mənəvi və ailə dəyərlərinin uşaqların şəxsiyyət kimi formalaşması, onların sosial və mənəvi inkişafında mühüm rol oynadığını vurğulayıblar. Sonda məktəb rəhbərliyi və kollektiv tərəfindən bu istiqamətdə görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Tədbirin yekununda mövzuya dair videoçarx nümayiş etdirilib və iştirakçılara maarifləndirici çap materialları təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi