Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun fəaliyyətinə dair mətbuat konfransı keçirilib

16 dekabr 2025 15:22

Paylaş:

Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun fəaliyyətinə dair mətbuat konfransı keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın iştirakı ilə 16 dekabr 2025-ci il tarixində keçirilən konfransda məişət zorakılığı ilə mübarizə istiqamətində mövcud normativ hüquqi baza, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, zorakılıqdan zərər çəkmiş şəxslər üçün yaradılan yeni qurumlararası əlaqələndirmə mexanizmi barədə ətraflı məlumat verilib.

Eyni zamanda, bu sahədə mövcud statistika təqdim olunub, məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran prioritetlər diqqətə çatdırılıb.

Sədaqət Qəhrəmanova bildirib ki, Dövlət Komitəsi tərəfindən məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılmışdır. Ümumən 7 istiqamət üzrə 6 qanuna və 5 fərmana dəyişikliklər edilmişdir.Bu yeniliklər məişət zorakılığının qarşısının alınması mexanizmlərinin gücləndirilməsinə, zərərçəkmiş şəxslərin hüquqlarının daha effektiv müdafiəsinə, aidiyyəti dövlət qurumları arasında koordinasiyanın artırılmasına, eləcə də məsuliyyət tədbirlərinin təkmilləşdirilməsinə xidmət edir. O, cari ildəDövlət Komitəsi yanında monitorinq və əlaqələndirmə qrupunun yaradıldığını qeyd edib.

Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun fəaliyyətinə nəzər salan Komitə rəsmisi bildirib ki, qrupun əsas vəzifələri məişət zorakılığının qarşısının alınması istiqamətində qurumlararası əlaqələndirmənin həyata keçirilməsi, müvafiq monitorinqlərin aparılması, əhali arasında maarifləndirmə tədbirlərinin təşkili, eləcə də məişət zorakılığından zərər çəkmiş şəxslərin və onların himayəsində olan yetkinlik yaşına çatmayanların hüquq və təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.

S. Qəhrəmanova diqqətə çatdırıb ki, məişət zorakılığı ilə bağlı 2024-cü ilin 11 ayı ərzində Dövlət Komitəsinə ümumilikdə 535 müraciət daxil olmuşdusa, 2025-ci ilin eyni dövründə bu göstərici 512 müraciət təşkil etmişdir.2024-cü ilin 11 ayı ərzində Dövlət Komitəsinə daxil olan müraciətlərin zorakılıq növləri üzrə təhlili göstərir ki, müraciət edən şəxslərdən 125-i psixi, 361-i fiziki, 39-u iqtisadi, 10-u isə cinsi zorakılığa məruz qalıb. 2025-ci ilin eyni dövrü üzrə aparılan təhlilə əsasən isə müraciət edənlərin 157-si psixi, 315-i fiziki, 30-u iqtisadi və 10-u cinsi zorakılıq halları ilə bağlı müraciət edib.

O, çıxışı zamanı monitorinq və əlaqələndirmə qrupları tərəfindən ölkənin müxtəlif regionlarında həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, bu tədbirlərin məişət zorakılığının qarşısının alınması, risk qrupuna aid olan ailələrin vaxtında müəyyən edilməsi və əhali arasında maarifləndirmənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Mətbuat konfransında Daxili İşlər Nazirliyi Baş ictimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müaviniİmran Əliyev, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaqların müdafiəsi idarəsinin rəis müavini Günel Səfərova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Məftunə İsmayılova və  "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova tərəfindən media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

Tədbirdə Səhiyyə Nazirliyinin ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyev, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Kamran Ağayev, Ədliyyə Nazirliyin Hüquqi şəxslər və İnzibati orqanlar şöbəsinin böyük məsləhətçisi Murad Hüseynov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva iştirak ediblər.