“Serbiya – Bizim Ailəmiz” Ailə Siyasətlərinin Gücləndirilməsi və Serbiyanın Demoqrafik İnkişafı adlı beynəlxalq konfrans keçirilib
Paylaş:
Konfrans Serbiya Ailələr və Demoqrafiya Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Dövlət rəsmilərini, sahə üzrə peşəkarları və ekspertləri bir araya gətirən tədbirdə 400-ə yaxın iştirakçı olub.
Konfransın rəsmi açılış mərasimində Serbiyanın Baş naziri Duro Macut çıxış edib. O qeyd edib ki, Serbiyada ilk dəfə olaraq demoqrafiya sahəsində ən yüksək əlaqələndirmə mexanizmi olan Ailə və Demoqrafiya Şurası yaradılıb: “Böyük məmnuniyyətlə sədrlik edəcəyim bu qurumun əsas vəzifəsi əhali vəziyyətinin izlənilməsi və bütün aidiyyəti sahələrin siyasətlərinin uzlaşdırılması yolu ilə səmərəli tədbirlərin təklif edilməsidir.
Əhali məsələləri ilə yanaşı, bu Şuranın diqqət mərkəzində olan mühüm məsələlərdən biri də millətin sağlamlığına dair siyasətlərin gücləndirilməsi olacaq. Bu da qeyd olunan məsələlərin əsasını və sağlam cəmiyyətin formalaşması üçün zəruri şərti təşkil edir. Keyfiyyətli səhiyyə xidmətlərinə investisiya qoyuluşu, profilaktika barədə maarifləndirmənin gücləndirilməsi, ən müasir diaqnostika və müalicə imkanlarına əlavə sərmayə yatırımı sağlam millət, sabit ailələr və gələcəyin sağlam cəmiyyəti üçün həyati əhəmiyyət daşıyır”, – deyə Macut konfransın açılışında bildirib.
O əlavə edib ki, Şuranın məqsədlərindən biri də dayanıqlı demoqrafik inkişafın əsas sütunlarından biri olan təhsil sisteminə investisiyaların artırılmasıdır.
Tədbir çərçivəsində üç panel müzakirəsi təşkil olunub.
Panel sessiyalarında pronatalitet siyasətləri və doğumun təşviqi mexanizmləri, Serbiyada mövcud demoqrafik inkişaf tendensiyaları, eləcə də yerli icmaların demoqrafik çağırışlarla mübarizədə rolu mövzuları müzakirə edilib.
Konfransın yekununda çıxış edən Serbiya Prezidentinin regional məsələlər üzrə müşaviri Miloş Vuçeviç əvvəlcə Azərbaycandan və Macarıstandan tədbirdə iştirak edən nazir və komitə sədrini salamlayaraq, onların konfransa qatılmasını və mövzuya verdikləri töhfəni yüksək qiymətləndirib.
Daha sonra Vuçeviç bildirib ki, demoqrafik məsələlərin bütün sahələr üçün həlledici olması danılmazdır. Onun sözlərinə görə, bu mövzu milli varlıq və dövlətin davamlılığı məsələsindən tutmuş təhlükəsizlik, təhsil və səhiyyə sisteminə qədər bütün istiqamətləri əhatə edir.
Müşavir vurğulayıb ki, demoqrafiya eyni zamanda mənəviyyat və dinlə də birbaşa bağlıdır və bu məsələ cəmiyyətin bütün üzvlərinə aiddir. O qeyd edib ki, demoqrafik problemlərin yalnız fərdi məsələ kimi təqdim olunması yanlış yanaşmadır. Vuçeviçin sözlərinə görə, kollektiv dəyər daşıyan bir xalq və ailə gələcək nəsillər qarşısında məsuliyyətli olmaq üçün bu mövzularla ciddi şəkildə məşğul olmalıdır.
Konfrans Serbiyada əhalinin yaşlanması, doğum səviyyəsinin azalması və digər demoqrafik problemlər fonunda keçirilib. Tədbir hökumətin ailələrə dəstək mexanizmlərinin gücləndirilməsi və demoqrafik çağırışlara kompleks yanaşmanın formalaşdırılması istiqamətində atdığı addımların bir hissəsi kimi qiymətləndirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi