Bahar Muradova Serbiyanın ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaceviçin ilə görüşüb
Paylaş:
Serbiyada işgüzar səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiyanın ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaceviçin ilə görüşüb.
Azərbaycan nümayəndə heyətinin “Serbiya – Bizim Ailəmiz” “Ailə siyasətlərinin gücləndirilməsi və Serbiyanın demoqrafik inkişafı” adlı beynəlxalq konfransda iştirakının iki ölkə arasında ailə məsələləri üzrə güclü əməkdaşlıq qurmaq üçün real imkanlar yaratdığını qeyd edən Yelena Zariç Kovaceviç vurğulayıb ki, tədbir indiyədək aparılan müzakirələrin praktiki addımlara çevrilməsi, konkret hədəflərin müəyyənləşdirilməsi üçün mühüm platformadır.
Nazir bildirib ki, Serbiyada yerli əhaliyə dəstəyin gücləndirilməsi, iqtisadi yardım mexanizmlərinin formalaşdırılması və uşaqlara yönəlmiş sosial proqramların icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Yelena Zariç Kovaceviç növbəti il üçün qurumlar arasında nəzərdə tutulan əməkdaşlıq istiqamətləri barədə də məlumat verərək, ilk növbədə institusional çərçivənin formalaşdırılmasını, bu məqsədlə Anlaşma Memorandumunun imzalanmasını və birgə işçi qrupunun yaradılmasını təklif edib.
Beynəlxalq konfransın yüksək şəkildə təşkil olunduğunu vurğulayan Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan və Serbiya arasında əməkdaşlıq istiqamətlərini özündə əks etdirən anlaşma memorandumunun imzalanmasının, bu məqsədlə də işçi qrupunun formalaşdırılmasının növbəti illərdə mühüm nəticələr verə biləcəyinə əminliyini ifadə edib.
B. Muradova qeyd edib ki, xalqları bir-birinə yaxın və doğma edən əsas amillərdən biri məhz ailə dəyərləridir. Siyasi maraqlar zamanla dəyişə bilər, lakin milli maraqlar cəmiyyətləri düzgün istiqamətə yönəldən ən vacib amil olaraq qalır. Komitə rəsmisi vurğulayıb ki, ailə institutunun gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirilir.
Komitə sədri, həmçinin Azərbaycan və Serbiya dövlət başçılarının işçi və şəxsi səviyyədə əməkdaşlıq və dostluq münasibətlərinin, eləcə də insan amilinin, milli kimliyin və ailə dəyərlərinin dünyanın harasında olmasından asılı olmayaraq qorunmasının vacibliyini vurğulayan mövqelərinə görə təşəkkür edib.
Görüş ikitərəfli əməkdaşlıq istiqamətlərinin müzakirəsi ilə davam edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi