Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüş keçirilib

3 dekabr 2025 17:37

Paylaş:

3 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüşüb. 

Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan ilə qardaş ölkə Türkiyə arasında əsrlərə söykənən münasibətlərdən danışıb və strateji tərəfdaşlıq, dostluq münasibətlərinin digər dövlətlər üçün örnək olduğunu söyləyib. O, xalqlarımızın tarixən daşıdıqları sülh və ədalət missiyasına bu gün də sadiq qaldıqlarını, bu münasibətlərin gələcək minilliklər boyunca da davam edəcəyini deyib.

Səfir Birol Akgün Azərbaycan–Türkiyə arasında mehriban dostluq və qardaşlıq prinsiplərinə əsaslan münasibətlərin, eləcə də strateji əməkdaşlığın bu gün ən yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Tarix boyu ölkə liderləri arasında formalaşan səmimi münasibətlərin xalqlar arasında əlaqələrin dərinləşməsinə də öz təsirini göstərdiyini bildirib.

Tərəflər ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb, bu sahədə həyata keçirilən birgə layihə və təşəbbüslərin əhəmiyyətinə toxunublar. Görüş zamanı iki qurum arasında imzalanmış “Ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu”nun 2023–2025-ci illər üzrə Fəaliyyət Planı çərçivəsində görülən işlərdən danışılıb. Növbəti 3 il üçün imzalanacaq yeni Fəaliyyət Planının gələcək fəaliyyətlər üçün yeni imkanlar açacağı vurğulanıb.