Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar regionlarda tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Qəbələ, İsmayıllı, Sabirabad, Saatlı, Hacıqabul, Göygöl, Goranboy, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar silsilə maarifləndirici görüşlər keçirilib.
Bölgələrdə əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkara çıxarılması, məşğulluq imkanlarının artırılmasına və cəmiyyətə inteqrasiyasının həyata keçirilməsinə dəstək göstərmək məqsədi ilə keçirilən görüşlər zamanı əlilliyi olan şəxslərin qayğıları ilə maraqlanılıb, ehtiyacı olan şəxslərə əlil arabaları təqdim edilib.
Mərkəzlərin, müvafiq qurumların əməkdaşlarının, icma sakinlərinin və ailə könüllülərinin iştirakı ilə əlilliyi olan şəxslərin evlərinə ailə səfərləri etməklə yanaşı, uşaqlar üçün əyləncəli tədbirlər, idman yarışları və maraqlı ekskursiyalar da təşkil edilib. Tədbirlərin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına, onların problemlərinin həllinə yönəltməkdir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi