Media
Xəbərlər

“Ailə və uşaqlarla aparılan psixososial işin xüsusiyyətləri” mövzusunda təlim keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1-3 may 2024-cü il tarixlərində Gəncə şəhərində uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları, həmçinin Göygöl rayon ümumtəhsil müəssisələrinin psixoloqları üçün “Ailə və uşaqlarla aparılan psixososial işin xüsusiyyətləri” mövzusunda təlim keçirilib. Təlimdə açılış nitqi ilə çıxış edən Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Əmirxan Səfərov iştirakçılara təlimin məqsədi barədə məlumat verərək, icmada ailə və uşaqlarla psixososial işin aparılmasının əhəmiyyətini vurğulayıb. Təlimçi qismində çıxış edən ekspert, Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin sosial işçisi, Bakı Dövlət Universitetinin doktorantı Elvin Muradov tərəfindən iştirakçılara ailə və uşaqlarla sosial işin əhəmiyyəti, qiymətləndirmə prosesində mütəxəssis bacarıqlarının, uşaq inkişafında tərbiyə və müdafiənin əsasları, uşaqlara qarşı zorakılığın müəyyənləşdirilməsi və qarşısının alınması mexanizmləri, fərdi hal üzrə qeytkipinq prosedurları və icmada tətbiqi, keys menecerin funksiyaları, nəzarət və monitorinq mövzuları haqqında məlumat verilib. Həmçinin örnək keyslər, tapşırıq və qrup işləri vasitəsilə ailə və uşaqlarla sosial işin təşkili məsələlərində aktual problemlərə toxunulub və həll yolları müzakirə olunub.

Bahar Muradova “İctimai proseslər media müstəvisində” mövzusunda forumda iştirak edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “İctimai proseslər media müstəvisində” mövzusunda forumda iştirak edib. Medianın İnkişafı Agentliyi-nin təşkilatçılığı ilə keçirilən forum çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkil olunub. Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması” mövzusunda paneldə məruzə ilə çıxış edib.

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Zaqatala rayonunda görüş olub
Mayın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Zaqatala rayonunda görüş keçirilib. Tədbirin açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi və yerli icra orqanının nümayəndələri çıxış ediblər. Çıxışlarda dövlət tərəfindən həyata keçirilən uğurlu qadın siyasətindən, qadınların səlahiyyətləndirilməsi və öz potensiallarını reallaşdırmaları üçün yaradılan imkanlardan danışılıb, bu istiqamətdə aidiyyəti qurumlar və ictimai birliklər tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətinə diqqət çəkilib. Görüşün davamında fərqli sahələrdə uğur qazanan qadınlar - Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova və “Qadın Gündəliyi” - Milli Dialoq Platformasının sədri, “FemACT”Azərbaycan Qadın Fondunun təsiscisi Pərvanə Məmmədova TEDx formatında çıxış edərək öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüblər. Qeyd edək ki, layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etməkdir. Növbəti görüşlərin Sumqayıt, Mingəçevir şəhərlərində, Şəki, Qax, və Masallı rayonlarında keçirilməsi nəzərdə tutulur.

“Uşaq əməyinin ən pis formalarının qarşısının alınması” mövzusunda təlim keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaq əməyinin istismarının ən pis formalarının qarşısının alınması” mövzusunda Abşeron-Xızı, Qazax-Tovuz, Şəki-Zaqatala regionları üzrə icra hakimiyyətləri əməkdaşlarının iştirakı ilə onlayn təlim keçirilib. Koordinasiyalı işin gücləndirilməsi, problemlərin müzakirəsi və həlli yolları istiqamətində fikir mübadiləsi aparmaq məqsədi ilə keçirilən təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin əməkdaşı Bahar Həsənli mövcud problemlər, həyata keçirilməsi vacib olan məsələlər barədə məlumat verib. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasətinin təkmilləşdirilməsi sektorunun müdiri Əminə Vahabova, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Abşeron-Xızı regional şöbəsinin rəis müavini Tural Gözəlov, Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev ekspert qismində çıxış edərək, iştirakçılara uşaq əməyinin ən pis formaları və istismarı ilə mübarizə istiqamətində qəbul olunmuş beynəlxalq konvensiyalar, onların yaratdığı öhdəliklər, qanunvericiliklə müəyyən edilmiş əmək normaları və digər imtiyazların tətbiqi, eləcə də əməyə məcbur edilən uşaqların müəssisələrə yerləşdirilməsi barədə geniş məlumat veriblər. Yerli icra hakimiyyəti orqanlarının 50-yə yaxın əməkdaşının iştirak etdiyi təlimin sonunda ekspertlər tərəfindən suallar cavablandırılıb. Qeyd edək ki, uşaq hüquqlarının mühafizəsi istiqamətində mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə digər aktual mövzularla bağlı təlimlər davam edir.
Bahar Muradova Uqandanın gender, əmək və sosial inkişaf naziri Betti Amongi Ongom ilə görüşüb
2 may 2024-cü il tarixində Dövlət Komitəsinin sədri Bahar Muradova Uqandanın gender, əmək və sosial inkişaf naziri Betti Amongi Ongom ilə görüşüb. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində səfərdə olan qonaqları salamlayan Bahar Muradova, onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Bu günlərdə paytaxtımızda keçirilən mötəbər tədbirə diqqət çəkən Komitə sədri, bu hadisənin Azərbaycanın ictimai-siyasi həyatında önəmli bir tarix olduğunu qeyd edib. Bildirib ki, Forum çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi:Qlobal inkişafa doğru” mövzusunda panel sessiyada dünyanın müxtəlif ölkələrindən, beynəlxalq təşkilatlarından gələn qonaqlarla xalqların, ölkələrin qarşılaşdığı narahatlıqlar ifadə edildi, təcrübə və tövsiyələr səsləndirildi. İnsan hüquqlarının təmin olunmasında belə formatlarda keçirilən görüşlərin önəminə diqqət çəkən sədr, bu imkanlardan maksimum yararlanmağın vacibliyini bildirib. Nazirin beynəlxalq miqyasda fəaliyyətini yüksək qiymətləndirən Komitə sədri, onun öz hədəflərinə doğru inamla irəliləyən bir ölkəni təmsil etdiyini qeyd edib və əlavə edib ki, həmkar qurumlar kimi müvafiq sahələrdə qarşılıqlı fəaliyyətlərimizi intensivləşdirməliyik. Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi ilə iki ölkə arasındakı münasibətlərin inkişaf etdiyini qeyd edən sədr, ölkəmizin Uqanda və Hərəkata üzv olan digər dövlətlərin də dəstəyi ilə verdiyi mesajlar, atdığı mühüm addımların bütün dünyada sülh və təhlükəsizliyin təmin olunması prosesinə böyük töhfə olduğunu bildirib. Qarşıdakı illərdə də bu prosesin daha davamlı xarakter alacağına inamını ifadə edib. Səmimi qəbul və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Uqandanın gender, əmək və sosial inkişaf naziri Betti Amongi Ongom, belə bir qlobal Forumda iştirakdan məmnunluğunu ifadə edərək, ölkə Prezidenti cənab İlham Əliyevin açılış nitqində diqqət çəkən məqamları, verilən mesajları xüsusi vurğulayıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə fəaliyyətini yüksək qiymətləndirən qonaq, ölkənin Hərəkatın təsisatlanması istiqamətində də mühüm addımlar atdığını və bir sıra əhəmiyyətli təşəbbüslər irəli sürdüyünü qeyd edib. Sonda hərəkatın “Qadın hüquqlarının inkişafı və səlahiyyətləndirilməsi üzrə Konfrans”ından bəhs edən qonaq nazir, qadın hüquqları ilə bağlı müxtəlif sahələrdə həyata keçirilə biləcək birgə və əlaqələndirilmiş fəaliyyətin həmin tədbirdə qəbul edilmiş sənədlərin müsbət icrası baxımından faydalı olacağını dilə gətirib. İkitərəfli görüş çərçivəsində müvafiq sahələr üzrə koordinasiyanın gücləndirilməsi məsələləri ətrafında mümkün əməkdaşlıq imkanları müzakirə edilib. Görüşdə hər iki tərəfin digər rəsmi şəxsləri iştirak edib.

“Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi: Qlobal inkişafa doğru” mövzusu müzakirə edilib
BMT-nin Qadınlar üzrə Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin QST üzrə siyasi müşaviri Nərgiz Əzizovanın moderatorluğu ilə keçirilən paneldə Türkiyə Böyük Millətlər Məclisi Qadın və kişilər üçün bərabər imkanlar komissiyasının sədri, UNESCO-nun aparıcı proqram mütəxəssisi Çiğdem Erdoğan, Braziliya Universitetinin professoru, Jao Pessoa şəhərinin meri Leyla Bijos, “Diploria Netherlands”ın direktoru dr. Alis Boman-Dentener, “We Need to Talk Association”un rəhbəri, DİM üzrə fəal İlayda Eskitaşçıoğlu, BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsinin və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvü dr. Elgün Səfərov, Səfir, Gabon Respublikasının UNESCO-dakı daimi nümayəndəsi Rakel Annik Oqula Akiko, UNESCO-nun proqram mütəxəssisi Qarans Sarlat mövzu ətrafında çıxışlar ediblər. Müzakirələr zamanı qeyd edilib ki, belə beynəlxalq görüşlər fikir və təcrübə mübadiləsində olduqca mühüm rol oynayır. Həmçinin qadın və kişi bərabərliyinin təmin olunması istiqamətində böyük addımlar atıldığını, gender bərabərliyinin təmin olunmasında təkcə parlamentlərin deyil, bütün dövlət orqanları və cəmiyyətin birgə mübarizə aparmalı olduğu kimi diqqətə çatdırılıb. Çıxışlar zamanı məruzəçilər ölkələrində gender bərabərliyinin təmin olunması, qadınların iqtisadi imkanlarının genişləndirilməsi, həmçinin təbii resurslara çıxışının təmin olunması istiqamətində öz təcrübələrini bölüşüblər. UNESCO-nun proqram mütəxəssisi Qarans Sarlat bütün məruzələri icmal edərək, hər bir çıxışın açar sözlərini qeyd edib və əlavə edib ki, artıq qadınlar təşkilatlandır və mədəniyyətlərarası dialoqlarda təsir etmək imkanına malikdirlər. Sonda məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıb.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 4-cü panel sessiyası işinə başlayıb
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 4-cü panel sessiyası işinə başlayıb “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi: Qlobal inkişafa doğru” mövzusuna həsr edilən sessiyada Azərbaycan və Uqandanın həmkar qurumlarının rəhbərləri Bahar Muradova və Betti Amongi Ongomun açılış nitqləri dinlənilib. Panel sessiyası məruzəçilərin çıxışları ilə davam edir.
“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüşlər davam etdirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən növbəti görüşlərdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova çıxış edərək, mövzu haqqında ətraflı danışıb, Dövlət Komitəsi tərəfindən bu istiqamətdə əhali arasında görülən işlər barədə görüş iştirakçılarına məlumat verib. Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində Bakı şəhərinin Binəqədi və Sabunçu rayonlarında yerləşən 284, 90 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri və Azərbaycan Dənizçilik Kollecinin tələbələri ilə keçirilən görüşlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova, Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin tələbələri ilə keçirilən görüşdə isə psixoloq Aydan Xasməmmədzadə iştirak edərək, narkotik vasitələrin və psixotrop maddələrin insan psixologiyasına təsiri mövzularında, eyni zamanda keçirilən kompleks tədbirlər haqqında çıxış ediblər. Çıxışlar zamanı yeniyetmə və gənclərin elmə, idmana marağının artırılması, asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyətindən bəhs edilib. İştirakçılar tərəfindən maraqla qarşılanan çıxışlar ətrafında aparılan müzakirələrdən sonra video-çarx nümayiş etdirilib və “Biz narkotiklərə Yox deyirik” maarifləndirici kitabçalar informativ resurs kimi təhsil müəssisələrinin kitabxanasına təqdim olunub. Qeyd edək ki, layihənin əsas məqsədi uşaq və yeniyetmələrin, gənclərin narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər, fəsadlar haqqında maarifləndirilməsi, narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri, bu sahədə həyata keçirilən tədbirlər, onların məqsədi və mahiyyəti barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılmasının təmin edilməsidir.
Komitədə Qətər nümayəndə heyəti ilə görüş keçirilib
29 aprel 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri xanım Məryəm bint Abdullah Əl-Attiyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan Komitə sədri Bahar Muradova, Azərbaycanla Qətər arasındakı münasibətlərin tarixi köklərə söykəndiyini, Qətərlə dostluq, əməkdaşlıq münasibətlərinə üstünlük verildiyini, ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni, humanitar sahədə əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini bildirib. O, Azərbaycanın Avropayla Asiyanın kəsişməsində, çox strateji, coğrafi və geosiyasi bir məkanda yerləşdiyinə, Şimalla Cənub, Şərqlə Qərb arasında körpü rolunu oynadığına diqqət çəkərək, bu məqamın üstünlüyü və çətinliklərindən danışıb. Hazırda ölkəmizdə hökm sürən multikultral mühitə, mədəniyyətlərarası və dinlərarası münasibətlərə diqqət çəkən sədr, Azərbaycanın mövqeyi və təcrübəsinin öyrənilməli müsbət nümunə olduğunu deyib. B.Muradova bildirib ki, istər təbii fəlakətlər, ərazi iddiaları və işğalla bağlı hüququ pozulan, yaşamaq imkanları məhdudlaşan qaçqın və məcburi köçkünlərin, miqrantların, digər ölkələrdən Azərbayacana pənah gətirənlərin hüquqlarının qorunması Azərbaycan hökümətinin ən ümdə vəzifəsidir: “Azərbaycan, müharibələrə son qoyulması, insanların öz doğulduğu məkanda yaşamaq hüququnun təmin olunması üçün mübarizə aparır, İslam dünyası və özünü demokratik Qərb adlandıran düşərgənin ölkələri ilə bu hüquqların təmin olunmasına çalışır. Xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Birliyi və Qoşulamama Hərakatı çərçivəsində məhz bu qayəylə birləşmiş insanların öz hüquqlarına qovuşması uğrunda mübarizə aparırıq”. Bu gün Füzuliyə növbəti köçün reallaşdığını diqqətə çatdıran Komitə sədri, Zəfərdən əvvəlki görüşlərdə bu problemin ağırlığından danışıldığını xatırladıb. Əlavə edib ki, artıq hər gün baş verən hadisələr nikbin olmağa, sabaha ümidlə baxmağa vadar edir. Səmimi qəbula görə Komitə sədrinə təşəkkürünü bildirən Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri Məryəm bint Abdullah Əl-Attiya Azərbaycanın uzun illər müharibədən əziyyət çəkməsinə baxmayaraq ölkədə böyük bir inkişafın şahidi olduğunu qeyd edib. O, bunu hökumət və vətəndaş cəmiyyətinin əl-ələ verərək ölkənin inkişafına birgə töhfəsinin göstəricisi adlandırıb. Qətər rəsmisi iki ölkə arasında yüksək səviyyədə əlaqələrin mövcudluğunu vurğulayıb, həmçinin insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarına diqqət çəkib. Qətər dövlətində insan hüquqlarının qorunmasının əsas prioritet istiqamət olduğunu deyən qonaq, bu istiqamətdə mütəmadi olaraq monitorinqlərin həyata keçirildiyini əlavə edib. Müvafiq sahələrdə ölkəmizin təcrübəsindən yararlanmaq istədiklərini qeyd edən qonaq, uzun illər müharibədən əziyyət çəkmiş Azərbaycana humanitar sahədə dəstək verməyə hazır olduqlarını bəyan edib. Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə hər iki tərəfdən digər rəsmi şəxslər iştirak edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi