“ITi Zəka-2” hakatonunun yarış mərhələsi baş tutub

3 iyul 2024 11:38

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan hakatonun yarış mərhələsində yerli və beynəlxalq mentorların iştirakı ilə infosessiya keçirildikdən sonra, uşaqlar bütün gün ərzində layihələrini hazırlayıblar. 

Salamlama nitqi ilə çıxış edən Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov tədbirin əhəmiyyətinə diqqət çəkərək, hakatonun, uşaqlarda innovativ düşüncənin formalaşmasına, rəqəmsal bacarıqlarının inkişaf etməsinə töhfə verdiyini bildirib. 

Çıxış edən Dövlət Agentliyinin İKT infrastrukturunun idarəedilməsi və İT xidmətlərinin təşkili şöbəsinin müdiri Səmral Əliyev yarışmada iştirak edən uşaqları final mərhələsinə çıxmaları münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, “ITi Zəka-2” hakatonu üçün seçimlərin qeydiyyat mərhələsindən 14-17 yaşlı uşaqlardan ibarət 130 komanda keçə bilib, münsif heyəti tərəfindən aparılan qiymətləndirmə ilə ən yüksək bal toplayan 22 komanda finala vəsiqə qazanıb. Daha sonra komandalar hazırlıq təlimlərinə cəlb olunublar. 

Məlumat üçün bildiririk ki, 4 iyul tarixində keçiriləcək yekun tədbirdə uşaqlar tərəfindən hazırlanan layihələrin təqdimatı baş tutacaq. Təqdimat mərhələsindən sonra münsiflər layihələri qiymətləndirəcək və ən güclü 3 layihə seçilərək mükafatlandırılacaq.