“Zorakılıq qurbanları olan uşaq və qadınlarla psixososial işin aparılması” mövzusunda təlim keçirilib

3 iyul 2024 15:29

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zaqatala rayonunda uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları, həmçinin Zaqatala rayon ümumtəhsil müəssisələrinin psixoloqları üçün “Zorakılıq qurbanları olan uşaq və qadınlarla psixososial işin aparılması” mövzusunda təlim keçirilib.

Təlimin açılışında çıxış edən Dövlət Komitəsinin Mərkəzlərlə iş sektorunun əməkdaşı Zülfiyyə Sadıq regionlarda kadr potensialının artırılmasının əhəmiyyətini vurğulayıb, təlim mövzusunun sosial və təhsil sahəsində çalışan mütəxəssislərin peşəkarlığının yüksəldilməsi yönümündə faydalı olacağını bildirib.

Təlimçi qismində çıxış edən ekspert, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müəllimi Emiliya İgidova tərəfindən zorakılıq qurbanları ilə psixososial işin aparılması zamanı tətbiq olan psixodiaqnostik və korreksiya metodları, qadın və uşaqlara qarşı olan zorakılığın mərhələləri və növləri barədə geniş məlumat verilib, fərdi hal nümunələri əsasında rollu oyunlar təşkil edilib, müzakirələr aparılıb, təhsil sahəsində çalışan psixoloqlara müvafiq tövsiyələr verilib. Təlim iştirakçıları əyani vəsaitlər sayəsində metodikalarla yaxından tanış olub və sınamaq imkanı əldə ediblər.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.