Beynəlxalq əlaqələr

Beynəlxalq tədbirlər və görüşlər

Tarixdən
Tarixədək
Arxiv
Sədaqət Qəhrəmanova Səmərqənddə keçirilən Asiya Qadınlar Forumunda iştirak edib

13 - 14 may 2024-cü il tarixində Özbəkistanın Səmərqənd şəhərində Asiya Qadınlar Forumu  keçirilib. Tədbirin keçirilməsində məqsəd qadınların iqtisadi imkanlarının artırılması və gender bərabərliyinin təmin edilməsi olub. "Qadınların iqtisadi, sosial və siyasi hüquq və imkanlarının genişləndirilməsinə regional yanaşma” mövzusunda keçirilən Forum Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbrikinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, BMT Baş katibinin müavini Sima Sami Bahous, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq və digərləri açılış nitqlərilə çıxış edərək, müvafiq mövzuda fikirlərini səsləndiriblər.   Forumda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasının bir ölkə, bir regionla məhdudlaşmadığını, qlobal təsirə malik və coğrafiyasından asılı olmayaraq hamını narahat edən bir məsələ olduğunu bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Qadınların səlahiyyətlərinin artırılması Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün açardır” mövzusunda çıxış edib.  Qadınların məşğulluğunun artırılması istiqamətində görülən işlərdən danışan S. Qəhrəmanova qeyd edib ki, gender bərabərliyinə nail olmaq cəmiyyətin davamlı inkişafına xidmət edir. Tədbir panel sessiyalarla davam edib və ekspertlər müvafiq mövzular üzrə fikir mübadiləsi aparıblar. Forumda Türkiyə, Vyetnam, Koreya, Türkmənistan, Misir, Küveyt, İordaniya, Qətər, Butanın nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Ətraflı
Komitə sədri “UN Women”-in Avropa və Orta Asiya ölkələri üzrə regional direktoru ilə görüşüb

7 may 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "BMT-Qadınlar" (UN Women) təşkilatının Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Belen Sanz Luque ilə görüşüb. Tanışlıq və əməkdaşlıq məqsədilə keçirilən görüş zamanı gender bərabərliyinin təmin edilməsi, qadınların iqtisadi səlahiyyətləndirilməsi, eləcə də qadınların sülh və təhlükəsizlik sahəsində fəaliyyəti istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə BMT-nin Azərbaycandakı Nümayəndəliyinin Rezident Əlaqələndiricisi Vladanka Andreeva, "BMT-Qadınlar" təşkilatının Gürcüstandakı nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava, eləcə də Komitənin sədr müavini Sədaqət Qəhrəmanova iştirak edib.  

Ətraflı
Dövlət Komitəsində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının Baş katibi ilə görüş keçirilib

3 may 2024-cü il tarixində Bahar Muradova VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan ASEAN Parlamentlərarası Assambleyasının (AİPA) Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb. Qonaqları salamlayan Bahar Muradova görüş təşəbbüsünə görə təşəkkürünü bildirib. O, ölkəmizin evsahibliyi ilə keçirilən Forumun əhəmiyyəti, orada müzakirə olunan mövzuların aktuallığı və faydalılığı barədə danışıb. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Forumun dünyanın müxtəlif nöqtələrindən olan insanları bir araya gətirərək faydalı əməkdaşlıqlar üçün yeni imkanlar yaratdığını söyləyib. Komitə sədri Asiyanın fərqli mədəniyyətləri özündə birləşdirdiyini qeyd edərək, Baş katibin bu coğrafiyada beynəlxalq fəaliyyətini yüksək qiymətləndirib. O, ölkə parlamenti ilə Assambleya arasında uğurlu əməkdaşlıq əlaqələrinin olduğunu və daha da inkişaf etdiyini əlavə edib. B.Muradova Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycanın çoxtərəfli əməkdaşlıq sahəsində imkanlarının genişləndiyini, eyni zamanda bu platforma çərçivəsində qarşılıqlı əlaqələrin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb. Ölkəmizdə səfərdə olan baş katib Siti Rozaimeriyanti səmimi qəbula görə təşəkkürünü bildirib, bu günlərdə ölkəmizdə keçirilən beynəlxalq Forumun, eləcə də bu kimi təşəbbüslərin əhəmiyyətindən bəhs edib. O, müxtəlif istiqamətlərdə  əlaqələri intensivləşdirməkdə maraqlı olduqlarını diqqətə çatdırılıb. Görüş zamanı Azərbaycan və AİPA arasında əməkdaşlıq perspektivləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ətraflı
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 4-cü panel sessiyası işinə başlayıb

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 4-cü panel sessiyası işinə başlayıb “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi: Qlobal inkişafa doğru” mövzusuna həsr edilən sessiyada Azərbaycan və Uqandanın həmkar qurumlarının rəhbərləri Bahar Muradova və Betti Amongi Ongomun açılış nitqləri dinlənilib. Panel sessiyası məruzəçilərin çıxışları ilə davam edir.

Ətraflı
Komitədə Qətər nümayəndə heyəti ilə görüş keçirilib

29 aprel 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri xanım Məryəm bint Abdullah Əl-Attiyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan Komitə sədri Bahar Muradova, Azərbaycanla Qətər arasındakı münasibətlərin tarixi köklərə söykəndiyini, Qətərlə dostluq, əməkdaşlıq münasibətlərinə üstünlük verildiyini, ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni, humanitar sahədə əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini bildirib. O, Azərbaycanın Avropayla Asiyanın kəsişməsində, çox strateji, coğrafi və geosiyasi bir məkanda yerləşdiyinə, Şimalla Cənub, Şərqlə Qərb arasında körpü rolunu oynadığına diqqət çəkərək, bu məqamın üstünlüyü və çətinliklərindən danışıb. Hazırda ölkəmizdə hökm sürən multikultral mühitə, mədəniyyətlərarası və dinlərarası münasibətlərə diqqət çəkən sədr, Azərbaycanın mövqeyi və təcrübəsinin öyrənilməli müsbət nümunə olduğunu deyib. B.Muradova bildirib ki, istər təbii fəlakətlər, ərazi iddiaları və işğalla bağlı hüququ pozulan, yaşamaq imkanları məhdudlaşan qaçqın və məcburi köçkünlərin, miqrantların, digər ölkələrdən Azərbayacana pənah gətirənlərin hüquqlarının qorunması Azərbaycan hökümətinin ən ümdə vəzifəsidir: “Azərbaycan, müharibələrə son qoyulması, insanların öz doğulduğu məkanda yaşamaq hüququnun təmin olunması üçün mübarizə aparır, İslam dünyası və özünü demokratik Qərb adlandıran düşərgənin ölkələri ilə bu hüquqların təmin olunmasına çalışır. Xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Birliyi və Qoşulamama Hərakatı çərçivəsində məhz bu qayəylə birləşmiş insanların öz hüquqlarına qovuşması uğrunda mübarizə aparırıq”. Bu gün Füzuliyə növbəti köçün reallaşdığını diqqətə çatdıran Komitə sədri, Zəfərdən əvvəlki görüşlərdə bu problemin ağırlığından danışıldığını xatırladıb. Əlavə edib ki, artıq hər gün baş verən hadisələr nikbin olmağa, sabaha ümidlə baxmağa vadar edir. Səmimi qəbula görə Komitə sədrinə təşəkkürünü bildirən Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri Məryəm bint Abdullah Əl-Attiya Azərbaycanın uzun illər müharibədən əziyyət çəkməsinə baxmayaraq ölkədə böyük bir inkişafın şahidi olduğunu qeyd edib. O, bunu hökumət və vətəndaş cəmiyyətinin əl-ələ verərək ölkənin inkişafına birgə töhfəsinin göstəricisi adlandırıb. Qətər rəsmisi iki ölkə arasında yüksək səviyyədə əlaqələrin mövcudluğunu vurğulayıb, həmçinin insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarına diqqət çəkib. Qətər dövlətində insan hüquqlarının qorunmasının əsas prioritet istiqamət olduğunu deyən qonaq, bu istiqamətdə mütəmadi olaraq monitorinqlərin həyata keçirildiyini əlavə edib. Müvafiq sahələrdə ölkəmizin təcrübəsindən yararlanmaq istədiklərini qeyd edən qonaq, uzun illər müharibədən əziyyət çəkmiş Azərbaycana humanitar sahədə dəstək verməyə hazır olduqlarını bəyan edib. Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə hər iki tərəfdən digər rəsmi şəxslər iştirak edib.

Ətraflı
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 68-ci sessiyasında iştirak edir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Yoxsulluğun aradan qaldırılması, institutların möhkəmləndirilməsi və gender istiqamətli maliyyələşdirmə vasitəsilə gender bərabərliyinə nail olunması, bütün qadın və qızların səlahiyyətləndirilməsinin sürətləndirilməsi” mövzusunda sessiyada çıxış edib. S.Qəhrəmanova bildirib ki, bu gün hər bir sahədə gender bərabərliyinin təmin edilməsi vacibdir və qadınların səlahiyyətlərinin artırılması amillərindən biri kimi çıxış edir. Vurğulanıb ki, bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönələn siyasət uğurla həyata keçirilir. Belə ki, idarəçilikdə və qərar qəbul etmək səviyyəsində qadın və kişilərin bərabər iştirakı üçün şəraitin yaradılması, demokratik təmsilçiliyin yaxşılaşdırılması və inkişafı əsas prioritet təşkil edir. Sədr müavini həssas təbəqədən olan və çətin həyat şəraitində yaşayan qadınlara məşğulluq və özünüməşğulluq üzrə dəstək xidmətləri göstərildiyini də diqqətə çatdırıb. Çıxışının sonunda S. Qəhrəmanova həm dövlət qurumlarının, həm də özəl sektorun birgə səyləri nəticəsində cəmiyyətin bütün sahələrində gender bərabərliyinin təmin edilməsinə nail olunacağına inamını ifadə edib. Qeyd edək ki, S.Qəhrəmanova 68-ci sessiya çərçivəsində Türkiyə Respublikasının Ailə və Sosial xidmətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Danışılmayanları aşkara çıxarmaq: münaqişənin qadınlara və qızlara sarsıdıcı təsiri” və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi və Albaniya Respublikasının Səhiyyə və Sosial Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "Gender büdcələşməsi inklüziv və ədalətli cəmiyyətə doğru transformativ yanaşma kimi" adlı tədbirlərdə iştirak edib. O, daha sonra Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş və Uqanda Respublikasının gender, əmək və sosial inkişaf naziri Amonqi Betty ilə görüşüb. Görüşlər zamanı hər iki ölkədə qadın hüquqlarının mövcud vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ətraflı
Dövlət Komitəsində Meksika Birləşmiş Ştatlarının səfiri ilə görüş keçirilib

5 mart 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktoriya Romero ilə ikitərəfli görüşü baş tutub. Qonaqları salamlayan Komitə sədri, görüş təşəbbüsünə görə təşəkkürünü bildirib. B.Muradova Meksika Birləşmiş Ştatları ilə ikitərəfli və çoxtərəfli əsasda münasibətlərin qarşılıqlı maraqlara, dostluğa və əməkdaşlığa əsaslandığını qeyd edib. O, əlaqələrin həm parlamentlər, həm də hökumətlər səviyyəsində inkişafında maraqlı olduğumuzu vurğulamaqla, aidiyyatı qurumları arasında əlaqələrin intensivləşməsinin də əhəmiyyətini diqqətə çatdırıb. Qadınların ictimai-siyasi həyatda aktiv rolundan bəhs edən B.Muradova, qısa müddət öncə ölkədə keçirilən Prezident seçkilərində onların fəallığına diqqət çəkib. Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə aid məsələlərdən bəhs edən sədr qeyd edib ki, bütövlükdə ailə, qadın və uşaq məsələləri ilə bağlı siyasətin müəyyənləşdirilməsi, bu siyasətin reallaşdırılaşdırılması üçün səlahiyyəti olan qurumlar arasında işin əlaqələndirilməsi, həssas qrupa daxil olan təbəqə və onların hüquqlarının müdafiəsi üzrə görülən işlər gündəliyimizin əsas bəndlərini təşkil edir. Səmimi qəbula görə Komitə sədrinə təşəkkürünü bildirən səfir Viktoriya Romero, Azərbaycan cəmiyyətində hər sahədə qadınların rolunun artdığını bildirib. Tarix boyu həm Azərbaycan, həm də Meksikanın qadın hüquqlarının müdafiəsinə xüsusi önəm verdiyini qeyd edən Səfir, qadınların rolu ilə bağlı səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Görüş hər iki ölkədə qadın hüquqlarının mövcud vəziyyəti, eləcə də mümkün əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.

Ətraflı
Bahar Muradova Alessandra Rokkasalva ilə görüşüb

  5 mart 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalva ilə görüşüb. Komitə sədri Bahar Muradova, qonaqları salamlayaraq, qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Azərbaycanın Qarabağ məsələsini həll etdiyini və artıq bundan irəli gələn mühüm vəzifələrin yerinə yetirilməsi dövrü başlandığını, ölkəmizin regionda sülh və təhlükəsizliyin təmin olunması üçün çalışdığını bildirib. Qadın hüquqlarının təmin olunması və sosial, iqtisadi və siyasi həyatda iştirakçılığının artırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışan sədr, qanunvericiliyin təkmilləşdirildiyini və qadınların fəal vətəndaş mövqeyi ortaya qoyması üçün təşviq edildiyini qeyd edib. Sözügedən sahədə BMT qurumları ilə konkret nəticələri olan layihələrin həyata keçirildiyini söyləyən B.Muradova, bu əməkdaşlığı yüksək qiymətləndirib, dost münasibətə görə təşəkkür edib. Səmimi qarşılamaya və təbriklərə görə minnətdarlığını bildirən BMTİP nümayəndəsi Alessandra Rokkasalva, Azərbaycana ezam edilməsinin mühüm tarixi dövrə təsadüf etdiyini diqqətə çatdırıb. Azərbaycan üçün yeni bir mərhələnin başlandığını qeyd edən A.Rokkasalva, ölkəmizin qlobal imicinin bütün dünyada dəyişdiyini, beynəlxalq iştirakçıya çevrildiyini deyib. Görüş Dövlət Komitəsinin BMTİP ilə əməkdaşlığı çərçivəsində bugünədək həyata keçirilən layihələr barədə fikir mübadiləsi və gələcək perspektivlərin müzakirəsi ilə davam edib. Görüşdə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Kəmalə Haqverdiyeva, sədrin köməkçisi Teymur Məmmədov, BMTİP-nin Proqram məsələləri üzrə müşaviri Leyla Fəthi də iştirak ediblər.

Ətraflı
Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullahla görüşüb

Qonaqları salamlayan Bahar Muradova, BMT rəsmisinə Azərbaycanda həyata keçirəcəyi fəaliyyətində və təşkilatın təmsilçiliyi prosesində uğurlar arzulayıb. Beynəlxalq təşkilatların nümayəndələri ilə mütəmadi olaraq  görüşlərin  keçirilməsinin vacibliyinə diqqət çəkən sədr əlavə edib ki, Dövlət Komitəsi müxtəlif təşkilatlarla əməkdaşlıq çərçivəsində yeniliklərin olmasında maraqlıdır. O, UNİCEF-lə uzun illərə söykənən əməkdaşlığın olduğuna diqqət çəkərək bildirib ki, iki qurum arasında konstruktiv əməkdaşlığa söykənən fəaliyyət bundan sonra da uğurla davam edəcək. B.Muradova, ötən dövr ərzində uşaq hüquqlarının pozulması halları ilə bağlı əməkdaşlığın yeni bir fazaya keçdiyini vurğulayıb. Sədr, dövlətin “Uşaq hüquqları haqqında” Konvensiyanın icrası prosesinə ciddi yanaşdığını və son iki dövr BMT hesabatında kifayət qədər konstruktiv müzakirə getdiyini diqqətə çatdırıb. O, ötən hesabatdan sonra işçi qrup yaradılaraq, əlaqədar qurumlar arasında müzakirə aparıldığını, qanunvericilikdə müvafiq dəyişikliklərin təklif edildiyini əlavə edib.  B.Muradova hazırda Ailə Məcəlləsinə erkən nikahların qarşısını almaq, xususilə də nikah yaşı ilə bağlı istisnanın aradan qaldırılması ilə bağlı bir sıra təkliflər olduğunu qeyd edib və ictimaiyyətin rəyini bir araya gətirərək bu problemin də aradan qaldırılacağına inamını ifadə edib: “Biz uşaqların inkişafını əngəlləyən, onların sağlamlığına zərər verən, gələcək həyatını təhlükə altına alan maneələri aradan qaldırmalıyıq”. İşğaldan azad edilən torpaqlarda mina təhlükəsinin olmasının insanların öz doğma yurdlarına qayıtması prosesini əngəllədiyini bildirən Komitə sədri, son günlər Xocalıda aşkar edilən kütləvi məzarlıq və orada uşaqlara aid qalıqların tapılmasına diqqət çəkib.  O qeyd edib ki, bu bir daha sübut edir ki, həmin ərazilərdə azərbaycanlılar, xüsusi ilə heç bir günahı olmayan uşaqlara qarşı etnik təmizləmə deyil, hətta soyqırımı baş verib: “Bu gün dünyada baş verən uşaq ölümlərindən,  onların çətin həyat şəraitində yaşamasından narahatıq. Biz, bu istiqamətdə də bütün imkanlarımızı səfərbər etməli və UNİCEF-lə birgə layihələrimizə davam etməliyik”- deyə o  əlavə edib.  Səmimi qəbula görə təşəkkürünü bildirən Saca Faruq Abdullah Azərbaycanda olmaqdan məmnun olduğunu və burada uşaqların rifahı istiqamətində əldə edilən nailiyyətlərin və irəliləyişlərin şahidi olduğunu qeyd edib. S.F.Abdullah Uşaq Strategiyasının əsaslı və müfəssəl bir sənəd kimi Azərbaycan hökumətinin uşaq hüquqlarının müdafiəsi və təmin edilməsi məsələlərinə əhəmiyyət verdiyinə bariz nümunə olduğunu vurğulayıb. O qeyd edib ki, atılan mühüm addımlar öz növbəsində dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verir. BMT rəsmisi, Azərbaycanda uşaq hüquqlarının təşviqində və irəli çəkilməsində Dövlət Komitəsinin rolunu yüksək qiymətləndirib. O, uşaq hüquqlarının müdafiə sisteminin qurulması və onların rifahının təmin edilməsi istiqamətində “Məişət zorakılığınının qarşının alınması haqqında” Qanunun qəbul olunmasını xüsusi vurğulayıb. Ötən il UNİCEF-in Azərbaycandakı fəaliyyətinin 30 illik yubileyinin qeyd edildiyini diqqətə çatdıran qonaq, bu illər ərzində fəaliyyətin böyük bir təkamül prosesi və inkişaf yolu keçdiyini də əlavə edib. Qeyd edilən mina problemi ilə əlaqədar UNİCEF-in zəngin təcrübəsinin olduğunu bildirən S.F.Abdullah, bu məsələnin həllinin gündəmdə dayanan ən mühüm vəzifələrdən olduğunu və bu sahədə əməkdaşlığın davam etdiriləcəyini bildirib.  “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın vacibliyinə diqqət çəkən Saca Faruq Abdullah adıçəkilən sənəddən irəli gələrək həyata keçirilən tədbirlərə bundan sonra da müvafiq dəstəyin verilməsində maraqlı olduqlarını bildirib. Görüş Dövlət Komitəsi ilə UNİCEF-in əməkdaşlığı çərçivəsində həyata keçiriləcək tədbir və layihələrin müzakirəsi ilə davam edib. Görüşdə hər iki tərəfdən digər rəsmi şəxslər iştirak edib.  

Ətraflı