Bahar Muradova Alessandra Rokkasalva ilə görüşüb

5 mart 2024 11:04

Paylaş:

 
5 mart 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalva ilə görüşüb.
Komitə sədri Bahar Muradova, qonaqları salamlayaraq, qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Azərbaycanın Qarabağ məsələsini həll etdiyini və artıq bundan irəli gələn mühüm vəzifələrin yerinə yetirilməsi dövrü başlandığını, ölkəmizin regionda sülh və təhlükəsizliyin təmin olunması üçün çalışdığını bildirib.
Qadın hüquqlarının təmin olunması və sosial, iqtisadi və siyasi həyatda iştirakçılığının artırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışan sədr, qanunvericiliyin təkmilləşdirildiyini və qadınların fəal vətəndaş mövqeyi ortaya qoyması üçün təşviq edildiyini qeyd edib. Sözügedən sahədə BMT qurumları ilə konkret nəticələri olan layihələrin həyata keçirildiyini söyləyən B.Muradova, bu əməkdaşlığı yüksək qiymətləndirib, dost münasibətə görə təşəkkür edib.
Səmimi qarşılamaya və təbriklərə görə minnətdarlığını bildirən BMTİP nümayəndəsi Alessandra Rokkasalva, Azərbaycana ezam edilməsinin mühüm tarixi dövrə təsadüf etdiyini diqqətə çatdırıb. Azərbaycan üçün yeni bir mərhələnin başlandığını qeyd edən A.Rokkasalva, ölkəmizin qlobal imicinin bütün dünyada dəyişdiyini, beynəlxalq iştirakçıya çevrildiyini deyib.
Görüş Dövlət Komitəsinin BMTİP ilə əməkdaşlığı çərçivəsində bugünədək həyata keçirilən layihələr barədə fikir mübadiləsi və gələcək perspektivlərin müzakirəsi ilə davam edib.
Görüşdə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Kəmalə Haqverdiyeva, sədrin köməkçisi Teymur Məmmədov, BMTİP-nin Proqram məsələləri üzrə müşaviri Leyla Fəthi də iştirak ediblər.