Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 68-ci sessiyasında iştirak edir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Yoxsulluğun aradan qaldırılması, institutların möhkəmləndirilməsi və gender istiqamətli maliyyələşdirmə vasitəsilə gender bərabərliyinə nail olunması, bütün qadın və qızların səlahiyyətləndirilməsinin sürətləndirilməsi” mövzusunda sessiyada çıxış edib.
S.Qəhrəmanova bildirib ki, bu gün hər bir sahədə gender bərabərliyinin təmin edilməsi vacibdir və qadınların səlahiyyətlərinin artırılması amillərindən biri kimi çıxış edir. Vurğulanıb ki, bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönələn siyasət uğurla həyata keçirilir. Belə ki, idarəçilikdə və qərar qəbul etmək səviyyəsində qadın və kişilərin bərabər iştirakı üçün şəraitin yaradılması, demokratik təmsilçiliyin yaxşılaşdırılması və inkişafı əsas prioritet təşkil edir.
Sədr müavini həssas təbəqədən olan və çətin həyat şəraitində yaşayan qadınlara məşğulluq və özünüməşğulluq üzrə dəstək xidmətləri göstərildiyini də diqqətə çatdırıb.
Çıxışının sonunda S. Qəhrəmanova həm dövlət qurumlarının, həm də özəl sektorun birgə səyləri nəticəsində cəmiyyətin bütün sahələrində gender bərabərliyinin təmin edilməsinə nail olunacağına inamını ifadə edib.
Qeyd edək ki, S.Qəhrəmanova 68-ci sessiya çərçivəsində Türkiyə Respublikasının Ailə və Sosial xidmətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Danışılmayanları aşkara çıxarmaq: münaqişənin qadınlara və qızlara sarsıdıcı təsiri” və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi və Albaniya Respublikasının Səhiyyə və Sosial Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "Gender büdcələşməsi inklüziv və ədalətli cəmiyyətə doğru transformativ yanaşma kimi" adlı tədbirlərdə iştirak edib.
O, daha sonra Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş və Uqanda Respublikasının gender, əmək və sosial inkişaf naziri Amonqi Betty ilə görüşüb.
Görüşlər zamanı hər iki ölkədə qadın hüquqlarının mövcud vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.