Sədaqət Qəhrəmanova Səmərqənddə keçirilən Asiya Qadınlar Forumunda iştirak edib

16 may 2024 17:56

Paylaş:

13 - 14 may 2024-cü il tarixində Özbəkistanın Səmərqənd şəhərində Asiya Qadınlar Forumu  keçirilib. Tədbirin keçirilməsində məqsəd qadınların iqtisadi imkanlarının artırılması və gender bərabərliyinin təmin edilməsi olub.

"Qadınların iqtisadi, sosial və siyasi hüquq və imkanlarının genişləndirilməsinə regional yanaşma” mövzusunda keçirilən Forum Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbrikinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, BMT Baş katibinin müavini Sima Sami Bahous, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq və digərləri açılış nitqlərilə çıxış edərək, müvafiq mövzuda fikirlərini səsləndiriblər.  

Forumda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasının bir ölkə, bir regionla məhdudlaşmadığını, qlobal təsirə malik və coğrafiyasından asılı olmayaraq hamını narahat edən bir məsələ olduğunu bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Qadınların səlahiyyətlərinin artırılması Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün açardır” mövzusunda çıxış edib.  Qadınların məşğulluğunun artırılması istiqamətində görülən işlərdən danışan S. Qəhrəmanova qeyd edib ki, gender bərabərliyinə nail olmaq cəmiyyətin davamlı inkişafına xidmət edir.

Tədbir panel sessiyalarla davam edib və ekspertlər müvafiq mövzular üzrə fikir mübadiləsi aparıblar.

Forumda Türkiyə, Vyetnam, Koreya, Türkmənistan, Misir, Küveyt, İordaniya, Qətər, Butanın nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.