Komitədə Qətər nümayəndə heyəti ilə görüş keçirilib

29 aprel 2024 15:17

Paylaş:

29 aprel 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri xanım Məryəm bint Abdullah Əl-Attiyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Komitə sədri Bahar Muradova, Azərbaycanla Qətər arasındakı münasibətlərin tarixi köklərə söykəndiyini, Qətərlə dostluq, əməkdaşlıq münasibətlərinə üstünlük verildiyini, ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni, humanitar sahədə əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini bildirib.

O, Azərbaycanın Avropayla Asiyanın kəsişməsində, çox strateji, coğrafi və geosiyasi bir məkanda yerləşdiyinə, Şimalla Cənub, Şərqlə Qərb arasında körpü rolunu oynadığına diqqət çəkərək, bu məqamın üstünlüyü və çətinliklərindən danışıb. Hazırda ölkəmizdə hökm sürən multikultral mühitə, mədəniyyətlərarası və dinlərarası münasibətlərə diqqət çəkən sədr, Azərbaycanın mövqeyi və təcrübəsinin öyrənilməli müsbət nümunə olduğunu deyib.

B.Muradova bildirib ki, istər təbii fəlakətlər, ərazi iddiaları və işğalla bağlı hüququ pozulan, yaşamaq imkanları məhdudlaşan qaçqın və məcburi köçkünlərin, miqrantların, digər ölkələrdən Azərbayacana pənah gətirənlərin hüquqlarının qorunması Azərbaycan hökümətinin ən ümdə vəzifəsidir: “Azərbaycan, müharibələrə son qoyulması, insanların öz doğulduğu məkanda yaşamaq hüququnun təmin olunması üçün mübarizə aparır, İslam dünyası və özünü demokratik Qərb adlandıran düşərgənin ölkələri ilə bu hüquqların təmin olunmasına çalışır. Xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Birliyi və Qoşulamama Hərakatı çərçivəsində məhz bu qayəylə birləşmiş insanların öz hüquqlarına qovuşması uğrunda mübarizə aparırıq”.

Bu gün Füzuliyə növbəti köçün reallaşdığını diqqətə çatdıran Komitə sədri, Zəfərdən əvvəlki görüşlərdə bu problemin ağırlığından danışıldığını xatırladıb. Əlavə edib ki, artıq hər gün baş verən hadisələr nikbin olmağa, sabaha ümidlə baxmağa vadar edir.

Səmimi qəbula görə Komitə sədrinə təşəkkürünü bildirən Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri Məryəm bint Abdullah Əl-Attiya Azərbaycanın uzun illər müharibədən əziyyət çəkməsinə baxmayaraq ölkədə böyük bir inkişafın şahidi olduğunu qeyd edib. O, bunu hökumət və vətəndaş cəmiyyətinin əl-ələ verərək ölkənin inkişafına birgə töhfəsinin göstəricisi adlandırıb.

Qətər rəsmisi iki ölkə arasında yüksək səviyyədə əlaqələrin mövcudluğunu vurğulayıb, həmçinin insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarına diqqət çəkib. Qətər dövlətində insan hüquqlarının qorunmasının əsas prioritet istiqamət olduğunu deyən qonaq, bu istiqamətdə mütəmadi olaraq monitorinqlərin həyata keçirildiyini əlavə edib.

Müvafiq sahələrdə ölkəmizin təcrübəsindən yararlanmaq istədiklərini qeyd edən qonaq, uzun illər müharibədən əziyyət çəkmiş Azərbaycana humanitar sahədə dəstək verməyə hazır olduqlarını bəyan edib.

Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə hər iki tərəfdən digər rəsmi şəxslər iştirak edib.