Media
Xəbərlər
Dövlət Komitəsində Xocalı soyqırımının günahsız qurbanları anılıb
Bahar Muradova: “Xocalıya qayıdışla başlayan proses, mütləq şəkildə Qərbi Azərbaycana qayıdışla öz məntiqi sonluğuna çatacaqdır!” 26 fevral 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova Xocalı faciəsini insanlığa qarşı ən amansız cinayət, vandallıq aktı adlandırıb. B.Muradova Ümummilli Lider Heydər Əliyevin sistemli yanaşması sayəsində Xocalıda baş verənlərin amansız soyqırımı, bəşəriyyət əleyhinə cinayət kimi təqdim edildiyini bildirib: “Heydər Əliyevin başlatdığı bu siyasəti Prezident cənab İlham Əliyev daha sistemli, daha dinamik, daha müasir metodlarla və dünya ictimaiyyətinin, dövlətlərin, beynəlxalq təşkilatların cəmiyyətdəki və dünya xalqları həyatındakı yerinə və roluna uyğun qurulmuş siyasət, bəzi hallarda balanslaşdırılmış, bəzi hallarda hücum diplomatiyası ilə bu prosesi idarə etdi, yekunda Qarabağ məsələsinin həllinə, Xocalıya qayıdışa nail oldu”. Xocalı hadisəsini törədənlərin bir qisminin artıq ədalət mühakiməsinə cəlb olunduğunu xatırladan sədr, sonda bu qanlı cinayətdə iştirak edən hər kəsin beynəlxalq məhkəmələrdə müttəhimlər kürsüsündə də cavab verəcəyinə inamını ifadə edib. O, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasından sonra həmvətənlərimizin bu torpaqlara qayıdışını təmin etməklə faciə qurbanlarının ruhu qarşısında borcumuzun ödəndiyini qeyd edib. Xalqımızın mənafelərinə zidd olan bütün hərəkətlərə qarşı öz hüququmuzdan və imkanlarımızdan istifadə edərək, mübarizə aparmağın vacib olduğunu vurğulayan B.Muradova, qarşıda yeni hədəflərin dayandığını deyib: “Əsas hədəf Qərbi Azərbaycana qayıdışdır. Hər bir qurum, hər bir təşkilat, hər bir vətəndaş bu hədəfə xidmət etməlidir”. Çıxışını soyqırımı qurbanlarını, eləcə də Azərbaycanın suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsini anaraq sonlandıran sədr, onlara Allahdan rəhmət diləyib. Tədbir zamanı Komitə əməkdaşları çıxış edərək, soyqırımının günahsız qurbanlarını, müstəqillik və azadlığımız uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. Çıxışlar zamanı soyqırımı faciəsinin yaddaşlarda silinməz iz qoyduğu, ədalətin bərpası istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bu cinayəti törədənlərin universal yurisdiksiyanın prinsipləri tətbiq edilərək cəzalandırılacağı vurğulanıb. Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanıdılması üçün Leyla Əliyevanın təşəbbüsü ilə uzun illərdir həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında məlumat verilib. Tədbir zamanı kampaniya çərçivəsində keçirilən rəsm müsabiqəsində diplomla təltif edilən əsər nümayiş etdirilib.

Regionlarda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 25-26 fevral 2025-ci il tarixlərində mərkəzlərdə və təhsil müəssisələrində məktəblilər, təhsil işçiləri, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib. Tədbirlərdə ekspertlər tərəfindən iştirakçılara XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin mahiyyəti barədə ətraflı məlumat verilib.Qeyd edilib ki, Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi ilə düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Biz Xocalı soyqırımı qurbanlarını artıq alnıaçıq, başıuca yad edirik. Tədbirlərdə iştirakçılarXocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb, gənc nəslə tarixi yaddaşımızı heç vaxt unutmamaq tövsiyə edilib, məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Dövlət Komitəsinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət edib. Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri düzülüb.

Xocalı soyqırımından 33 il ötür
Bu faciə ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində həmişə bir vəhşilik aktı kimi yadda qalacaq. Dövlət qurumları, xaricdə yaşayan soydaşlarımız, vətəndaş cəmiyyəti institutları, xüsusən, Heydər Əliyev Fondu Xocalı soyqırımının unudulmaması və beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün əzmlə fəaliyyət göstərmişlər. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” maarifləndirmə kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsi ilə bağlı məlumatlılıq artırılmış, bir sıra tədbirlər, təqdimatlar, sərgilər keçirilmiş, kitab və məqalələr dərc edilmişdir. Uzun illər işğal altında qalan Xocalı şəhəri 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində ucaltdığı şanlı bayrağımız Azərbaycanın gücünü dünyaya bir daha nümayiş etdirdirərək, xalqımızın milli birlik və azadlıq uğrunda mübarizəsini əbədiləşdirdi. Ötən il ilk dəfə olaraq soyqırımı qurbanlarının xatirəsi işğaldan azad olunmuş Xocalı şəhərində anıldı, mərasimdə iştirak edən Prezident cənab İlham Əliyev Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Azad olunduqdan sonra qısa müddət ərzində Xocalı şəhərində bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir, şəhərin infrastrukturu yenidən qurulur. Xüsusilə ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təmir və yenidənqurmadan sonra istifadəyə verilən çoxmənzilli binalar əhalinin sevincinə səbəb olub. Görüşlərdə Prezident qürur hissi ilə vurğulayıb ki, burada insanlar rahat, təhlükəsiz və xoşbəxt yaşaması üçün Azərbaycan dövləti bundan sonra da hər şeyi edəcəkdir: “Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz idi. Çünki müharibədən və işğaldan, Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, gənc insanlar həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar”. Bir zamanlar yurdlarından didərgin düşən sakinlər artıq yenidən dirçələn doğma şəhərlərinə qayıdırlar, Xocalı səmasında dalğalanan şanlı bayrağımıza fəxr hissi ilə baxırlar. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq və Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

Dövlət Komitəsi vakansiya elan edir
Karyeranıza Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (Bakı şəhəri Şüvəlan qəsəbəsi, Goranboy, Ağdam, Hacıqabul, Göygöl, Sabirabad, Saatlı, İsmayıllı, Qəbələ, Zaqatala, Zərdab rayonları üzrə) psixoloq, sosial pedaqoq, sosial iş üzrə mütəxəssis, baş mühasib olaraq davam etmək istəyirsinizsə CV formanızı region@family.gov.az ünvanına göndərə bilərsiniz. Tələblər: -CV Azərbaycan dilində tərtib edilməlidir. -Baş mühasib vəzifəsi üçün namizədlərin peşəkar mühasib sertifikatı (İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə PMS) olmalıdır. -Sosial iş üzrə mütəxəssis vəzifəsi üçün namizədlərə ixtisas tələbləri sosial işçi, hüquqşünas, təhsildə sosial-psixoloji xidmət ixtisaslarıdır. -Elektron poçtun “Mövzu” bölməsində iddia edilən vəzifənin adı və rayon mütləq qeyd olunmalıdır. Müvafiq tələblərə uyğun gələcəyiniz təqdirdə müsahibəyə dəvət ediləcəksiniz.

“Qərbi Azərbaycan Əsilli Gənclər: Tarixi Yurd və Ərazinin Milli Kimlik Məsələlərində yeri” adlı konfrans keçirilib
25 fevral 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Qərbi Azərbaycan İcmasının birgə əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycan Əsilli Gənclər: Tarixi Yurd və Ərazinin Milli Kimlik Məsələlərində Yeri” adlı konfrans keçirilib. Konfransdan öncə “Qərbi Azərbaycan uşaqların gözü ilə” adlı sərgi nümayiş etdirilib. Sonra Dövlət Himni səsləndirilib və Ulu öndər Heydər Əliyevin, eləcə də ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək bildirib ki, soydaşlarımız tarixi torpaqları olan Qərbi Azərbaycandan mərhələlərlə deportasiya olunub və bu proses zamanı ağır insan haqları pozuntularına məruz qalıblar. Ə.Ələkbərli qeyd edib ki, minilliklər boyu formalaşmış maddi-mədəni irsimiz Qərbi Azərbaycandakı azərbaycanlıların izlərini silmək üçün məqsədyönlü şəkildə aparılan siyasət nəticəsində məhv edilib. Tarixi abidələr dağıdılıb, toponimlər dəyişdirilib, qəbiristanlıqlar yerlə-yeksan olunub, mədəniyyət nümunələrimiz saxtalaşdırılaraq başqa xalqlara aid edilib. O, vurğulayıb ki, tarixi ədalətin bərpa edilməsi, soydaşlarımızın öz doğma yurdlarına geri qayıtmaları beynəlxalq hüquqa əsaslanan, legitim bir tələbdir. Bu gün uşaqların və gənclərin bu məsələlər haqqında məlumatlandırılması, onların tariximizi və hüquqlarımızı dərindən bilmələri gələcək mübarizənin uğurla davam etdirilməsi baxımından olduqca vacibdir. Vurğulanıb ki, Qərbi Azərbaycan məsələsi yalnız deportasiya olunmuş insanların deyil, bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının problemidir. Bu səbəbdən hər bir vətəndaşımız bu məsələyə həssas yanaşmalı, tariximizin və mədəni irsimizin qorunmasına töhfəsini verməlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında tədbirin əsas məqsədinin gənclərlə fikir mübadiləsi aparmaq, onların milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və gələcəyimiz üçün vacib məsələləri müzakirə etmək olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycan gəncləri ölkənin inkişafında və milli maraqların qorunmasında mühüm yer tuturlar: “Biz dəfələrlə vətəndaş cəmiyyəti, siyasi partiyaların nümayəndələri və fəal gənclərlə birlikdə Qərbi Azərbaycan və Zəngəzur dəhlizi ilə bağlı həm beynəlxalq konfranslar çərçivəsində, həm də ölkə miqyaslı tədbirlərdə bu məsələləri qaldırmışıq və hesab edirik ki, gənclər bu prosesin fəal iştirakçısı olmalıdırlar”. Bu gün də Qərbi Azərbaycan İcması ilə birlikdə təşkil etdiyimiz tədbirdə yenə də gənclər qarşısında çıxış etdiyini qeyd edən Komitə sədri, qarşıdakı dövrdə onların hansı məsələlərə diqqət etməsini, milli kimlik məsələsini, yurd və onun insanın formalaşmasındakı rolunu yenidən dəyərləndirilməsinə ehtiyac olduğunu onların diqqətinə çatdırılmasının vacibliyi vurğulayıb. Bildirib ki, məhz bununla başlanan işimiz Zəngəzura qayıdana, bu gənclərin qayıdıb orada öz ata-baba yurdlarına sahib çıxana qədər davam edəcək. B. Muradova vurğulayıb ki, hədəflərimizə çatmaq üçün hər zaman olduğu kimi bu gün də doğru yoldayıq. İndi isə növbə Qərbi Azərbaycana qayıtmaqdır: “Mən inanıram ki növbəti qayıdışımız Qərbi Azərbaycana olacaq”- deyə o əlavə edib. Ağsaqqallar Şurasının üzvü İlqar Abbasov Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb, bu prosesdə gənclərin üzərinə düşən məsuliyyətdən bəhs edib. O, bildirib ki, gənclərimiz tarixi yurd yerlərimizlə bağlı məlumatlı olmalı, milli kimlik məsələsində fəallıq göstərməli və bu həqiqətlərin dünya səviyyəsində tanıdılması üçün müxtəlif platformalarda fəal iştirak etməlidirlər. Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Səbinə Xasayeva tarixi haqq və ədaləti özündə ehtiva etdiyi üçün Qərbi Azərbaycan məsələsini günümüzün ən aktual məsələlərindən adlandırıb. Bildirib ki, Qarabağ məsələsi həll olunduğu kimi, bir gün soydaşlarımız Qərbi Azərbaycana, öz doğma yurd-yuvalarına qayıdacaqlar. O, Qərbi Azərbaycan icmasının yaradıldığı qısa müddətdə nailiyyətlər qazanıldığı, müxtəlif istiqamətlərdə hədəflərə nail olunduğunu vurğulayıb və bundan sonra daha da ciddi addımlar atılacağına inamını ifadə edib. S.Xasıyeva, öz bacarıqları və imkanları çərçivəsində Qərbi Azərbaycan reallıqlarını dərindən öyrənərək, dünya ictimaiyyətinə çatdırmağın hər bir azərbaycanlının borcu olduğunu qeyd edib. Digər çıxış edən Qərbi azərbaycanlı gənclər və uşaqlar, eləcə də Uşaq Səfirlər Məclisinin üzvləri Qərbi Azərbaycan torpaqlarını xalqımızın müstəqillik arzularını, milli mübarizə əzmini və qətiyyətini simvollaşdıran bir məkan adlandırıblar. Qeyd edilib ki, gənclərin tarixi yurdları ilə bağlı oynadıqları rol yalnız keçmişi yaşatmaqla məhdudlaşmır. Gələcəkdə daha çox gəncin bu məsələyə diqqət yetirməsi, tarixi mirasımızı qorumağa davam etməsi və milli şüuru daha da yüksəltməsi Azərbaycan xalqının gələcəyi üçün olduqca önəmlidir. Çıxışlar dinlənildikdən sonra iştirakçılar öz fikirlərini səsləndiriblər. Yekunda çıxış edən Bahar Muradova uşaq və gəncləri Azərbaycanın ən qiymətli sərvəti və insan kapitalı adlandırıb. O, gənclərin Qərbi Azərbaycanla bağlı həqiqətləri öyrənərək beynəlxalq ictimaiyyətə çatdırmalarının, eləcə də bu məsələdə milli maraqları müdafiə etmək üçün üzərilərinə düşən tarixi məsuliyyəti dərk etmələrinin vacibliyini xüsusi vurğulayıb. Qeyd edək ki, konfransın əsas məqsədi Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin uşaqlar və gənclər arasında təbliği, zəngin tarixi-mədəni irsinin təşviqi, bu istiqamətdə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər haqında məlumatlandırmaqdır.

Xaçmazda vətəndaş qəbulu keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 3 mart 2025-ci il tarixində, saat 11:00-da Xaçmaz rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda Xaçmaz və Şabran rayon sakinlərinin müraciətlərinə baxılacaq.
Regionlarda internet təhlükəsizliyi istiqamətində maarifləndirici tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 17-21 fevral 2025-ci il tarixlərində təhsil müəssisələrində ailələrin, valideynlərin və uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması məqsədilə maarifləndirici görüşlər keçirilib. Mərkəzlər, rayon icra hakimiyyətləri, rayon polis şöbələri, Gənclər evlərinin əməkdaşları, təhsil işçilərinin iştirakı ilə keçirilən tədbirlərdə ekspertlər tərəfindən iştirakçılara informasiya təhlükəsizliyi barədə məlumat verilib, ölkəmizdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması, cəmiyyətdə bu istiqamətdə zəruri bilik və bacarıqların artırılması istiqamətində görülən işlərdən bəhs edilib. Valideynlərə və məktəblilərə internetdən istifadə edərkən diqqət edilməli məsələlər, şəxsi məlumatların qorunması, sosial mediadan düzgün istifadə qaydaları barədə zəruri tövsiyələr verilib. Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirmə materialları paylanılıb.

Bahar Muradova "Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi" Forumunda çıxış edib
“Cəmiyyətin qarşıda duran əsas vəzifəsi insan kapitalını müxtəlif parametrlərdə istifadə edə bilməkdir. Bunun üçün başlıca mənbə isə ailədir. Ailələr prosesin nüvəsində, mərkəzində və hədəfində dayanan institutlardır. Bütün görülən işlər dövlət və ailənin möhkəmləndirilməsinə xidmət edir ". Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Yüksəliş" müsabiqəsi tərəfindən keçirilən "Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi" Forumunda deyib. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu prosesində mühüm nailiyyətlər əldə edib: “30-35 il əvvəl hüquqlarımız olsa da, onların təsbiti və təmin olunması üçün zəruri hüquqi baza mövcud deyildi. Azərbaycan xalqı, xüsusilə fəal gənclər bu prosesdə mühüm rol oynadılar. Bu gün geri baxaraq görürük ki, biz hədəflərimizə çata bilmişik, iqtisadi imkanlarımız genişlənib, hüquq sistemimiz möhkəmlənib, sosial rifah yüksəlib. Qarşımızda daha yaxşı cəmiyyət quruculuğu dayanır və bu proses davamlıdır”. Komitə sədri, həmçinin vurğulayıb ki, dövlət və vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqə inkişafın əsas şərtidir: “Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəliklərin icrasında hər bir vətəndaş, hər bir ailə mühüm rol oynamalıdır. Dövlətin vətəndaş qarşısında məsuliyyəti, onun rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən proqramlar mühüm əhəmiyyət daşıyır. Hakimiyyətin bütün qanadları, vətəndaş cəmiyyəti və media bu prosesdə fəal iştirak edir.”. Bahar Muradova çıxışının sonunda Azərbaycanın əldə etdiyi uğurların ölkənin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirdiyini vurğulayıb: “Bu gün bizi milli kimliyimiz və ailə dəyərlərimiz birləşdirir. Hesab edirəm ki, Azərbaycan dövlətinin əldə etdiyi bütün nailiyyətlər onun gələcəkdə daha böyük uğurlar qazanmasına imkan yaradır”. Forumda 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması ilə əlaqədar Azərbaycan Konstitusiyasının hazırlanması və qəbulu, onun inkişaf tarixi haqqında çıxışlar edilib.