Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Dövlət Komitəsində rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində müzakirələr aparılıb

6 may 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən iclasda “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrasından irəli gələn öhdəliklər müzakirə olunub, aidiyyəti istiqamətlər üzrə müvafiq tapşırıqlar verilib. Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında qeyd edib ki, dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ texnologiyaların tətbiqi, süni intellekt həllərinin genişləndirilməsi və kibertəhlükəsizlik sahəsində institusional yanaşmaların gücləndirilməsi olduqca vacibdir. Qeyd edilib ki, Fəaliyyət Planının 8.1.13-cü bəndinə uyğun olaraq Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə uyğun rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik məsələlərini əks etdirən yol xəritəsinin hazırlanması və icrasının təmin edilməsi istiqamətində müvafiq işlər davam etdirilir. İclasda aidiyyəti istiqamətlər üzrə koordinasiyanın gücləndirilməsinin, müasir texnoloji yanaşmaların tətbiqinin və rəqəmsal inkişaf sahəsində institusional potensialın artırılmasının vacibliyi qeyd olunub.

Ətraflı
Xızıda vətəndaş qəbulu keçiriləcək

Xızıda vətəndaş qəbulu keçiriləcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 14 may 2026-cı il tarixində, saat 11:00-da Xızı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda Xızı və Siyəzən rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Ətraflı
“Müasir Azərbaycan dövlətinin memarı” mövzusunda konfrans keçirilib

4 may 2026-cı il tarixində Mingəçevir şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Yeni Azərbaycan Partiyasının (YAP), Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində “Müasir Azərbaycan dövlətinin memarı” mövzusunda konfrans keçirilib. Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb. Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli lider Heydər Əliyevin zəngin və şərəfli ömür yolundan bəhs edən videoçarxın nümayişindən sonra açılış nitqləri dinlənilib. Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Ulu Öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olduğunu qeyd edib. O, Ümummilli liderin müəyyən etdiyi ideoloji xəttin ölkənin parlaq gələcəyinin təminatçısı olduğunu deyib, onun əbədiyaşar ideyalarını Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış uzunmüddətli strategiya adlandırıb. İ.İsmayılov, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş qüdrətli Azərbaycanın Ulu Öndərin arzularının real təcəssümü olduğunu bildirib, həmçinin onun siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun nəticəsində Azərbaycanın tarixi nailiyyətlər qazanaraq qüdrətli dövlətə çevrildiyini qeyd edib. O, layihənin önəmini vurğulayaraq, gənclərin Ulu Öndərin siyasi irsini dərindən öyrənməyinin əhəmiyyətindən bəhs edib. Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov bildirib ki, ölkəmizdə ictimai-siyasi və sosial-iqtisadi sferalarda tərəqqi, demokratik dövlət quruculuğu ilə səciyyələnən intibah mərhələsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin elm və təhsilə göstərdiyi diqqət və qayğının bu gün də müsbət nəticələr doğurduğunu vurğulayan natiq bu amilin müasir müstəqil Azərbaycanın hərtərəfli inkişafında mühüm önəm kəsb etdiyini qeyd edib. YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərinin onun bütün fəaliyyət mərhələlərini əhatə etdiyini qeyd edib. O, Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə xalqın rifahının yüksəldilməsi, hərtərəfli inkişafın təmin olunması və mühüm dövlət quruculuğu işlərinin həyata keçirildiyini vurğulayıb. Sədr müavini əlavə edib ki, Ümummilli liderin zəngin siyasi və dövlətçilik irsi qadınların cəmiyyətdə rolunun güclənməsinə mühüm zəmin yaradıb, gender bərabərliyinin təmin olunması və qadınların ictimai-siyasi həyatda iştirakının genişlənməsi istiqamətində əsaslı addımlar atılıb, qadınların dövlət idarəçiliyi, təhsil və digər sahələrdə fəallığı artıb. S.Qəhrəmanova gənc nəslin milli-mənəvi dəyərlərə sadiqliyinin və vətəndaş kimi formalaşmasının vacibliyini qeyd edərək, gəncləri dövlətçilik ənənələrini dərindən öyrənməyə, fəal vətəndaş mövqeyi nümayiş etdirməyə və ölkənin gələcək inkişafında aktiv iştirak etməyə çağırıb. YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxışında Heydər Əliyev ideyalarının Partiyanın fəaliyyətində əsas ideoloji istiqamət kimi çıxış etdiyini, sıralarında birləşdirdiyi minlərlə insanın bu siyasi irsin qorunması və təbliği istiqamətində fəal iştirak etdiyini vurğulayıb. Sonra konfrans çərçivəsində YAP Veteranlar Şurasının üzvü, “Əməkdar müəllim” Fidumə Hüseynovanın moderatorluğu ilə panel sessiya keçirilib, məruzələr dinlənilib. YAP Veteranlar Şurasının üzvü Əli Həsənov çıxışında Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyində davamlı inkişafı təmin edən əsaslar yaratdığını, ölkəmizin bugünkü tərəqqi modelinin onun siyasi xətti əsasında formalaşdığını vurğulayıb. Ə.Həsənov milli birliyin və ictimai həmrəyliyin möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib, belə tədbirlərin fikir mübadiləsi və təcrübə paylaşımı baxımından əhəmiyyətini qeyd edib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında Ulu Öndərin əsasını qoyduğu hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu ənənələrinin bu gün də proritet istiqamət kimi davam etdirildiyini bildirib. Qeyd olunub ki, hüquq sistemində aparılan yenilənmələr dövlət idarəçiliyinin daha çevik və səmərəli olmasına xidmət edir. Qanunvericilik sahəsində aparılan islahatlar ardıcıl şəkildə həyata keçirilir və yeni çağırışlara uyğunlaşdırılır. Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında müasir Azərbaycanın ideoloji təməlinin Heydər Əliyevin zəngin siyasi irsinə əsaslandığını qeyd edib. O, bu irsin dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli maraqların qorunması və davamlı inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. A.Mirzəzadə, gənclərin ictimai-siyasi fəallığının, təhsil və maarifləndirilməsinin cəmiyyətin inkişafında mühüm rol oynadığını, onların təşəbbüslərinin dövlət tərəfindən dəstəkləndiyini bildirib. Mingəçevir Dövlət Universitetinin müəllimi Xədicə Süleymanlı çıxışında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təhsil siyasətinin modernləşdirildiyini və bu sahənin inkişafında mühüm addımların atıldığını qeyd edib. Bildirib ki, ali təhsil müəssisələri bilik və bacarıqların formalaşdığı əsas mərkəzlərdir. X.Süleymanlı tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, tələbələrin elmi fəaliyyətə cəlb olunması və innovativ yanaşmaların tətbiqinin bu sahədə əsas istiqamətlərdən olduğunu deyib. Konfransda yekun nitq söyləyən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin Azərbaycan dövlətçiliyinin əsas sütunu olduğunu bildirib, qeyd olunan fikirlərin əhəmiyyətini vurğulayıb, belə təşəbbüslərin maarifləndirici rolunu, davamlı keçirilməsinin vacibliyini diqqətə çatdırıb.  

Ətraflı
Bakı şəhəri və regionlarda növbəti “Açıq qapı” günü keçirilib

24 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən növbəti səyyar “Açıq qapı” günü keçirilib.“Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, İsmayıllı rayonunun Sumağalı, Ağdam rayonunun Quzanlı, Goranboy rayonunun Qırıqlı, Hacıqabul rayonunun Muğan, Saatlı rayonunun Nəsimikənd, Sabirabad rayonunun Muğan Gəncəli, Zaqatala rayonunun Aşağı Çardaxlar, Zərdab rayonunun Bəyimli, Göygöl rayonunun Əlimədədli kənd və qəsəbələrini əhatə edib.  Psixoloq və sosial işçilərin iştirakı ilə keçirilən “Açıq qapı” günündə vətəndaşların UADM-lərin xidmətləri (psixoloji konsultasiya, Denver II qiymətləndirmə testi), Mərkəzlərlə əməkdaşlıq, aliment, təhsil, müalicə və sosial müavinətlər, işlə təminat, özünüməşğulluq proqramı, yaşayış şəraitinin yaxşılaşdırılması üzrə ümumilikdə 68 nəfər vətəndaşın müraciəti dinlənilib, problemlərinin həlli istiqamətində müvafiq dəstək göstərilib.

Ətraflı
Böyük Britaniya səfiri Ferqus Ould ilə vida görüşü keçirilib

1 may 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould ilə görüşüb. Dövlət Komitəsinin sədri Bahar Muradova, fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfələrə görə səfir F.Oulda təşəkkürünü bildirib. B.Muradova iki ölkə arasında əməkdaşlığın xüsusilə də regionlarda yaşayan qadınların gücləndirilməsi istiqamətində mühüm nəticələr verdiyini deyib. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət siyasəti icmaların daxili potensialının gücləndirilməsinə və qadınların ictimai-iqtisadi fəallığının artırılmasına yönəlib. Bu siyasət nəticəsində qadınların rəhbərlik etdiyi ailə və kəndli təsərrüfatlarının sayı əhəmiyyətli dərəcədə artıb, eyni zamanda sahibkar qadın assosiasiya və təşkilatları formalaşıb. Azərbaycan Respublikasının İqtisadiyyat, eləcə də Kənd Təsərrüfatı Nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən həyata keçirilən dəstək mexanizmləri icmaların inkişafına mühüm töhfə verir. Bu çərçivədə qadınların rəhbərlik etdiyi təsərrüfatlar, xüsusilə özünüməşğulluq proqramları vasitəsilə təşviq olunur və onların iqtisadi dayanıqlığı gücləndirilir. Beynəlxalq əməkdaşlıq məsələlərinə toxunan B.Muradova, BMT çərçivəsində keçirilən müzakirələrdə, o cümlədən Pekin Fəaliyyət Platformasının icrası ilə bağlı ortaya çıxan yeni çağırışların ailə institutuna, rəqəmsal mühitdə qadın və uşaqların təhlükəsizliyinə təsir etdiyini vurğulayıb. Bu çağırışlarla mübarizə məqsədilə qanunvericilik təşəbbüsləri və praktik həllərin hazırlanması istiqamətində iş aparıldığını deyən sədr, birgə səylərin vacibliyindən danışıb. Səfir Ferqus Ould, iki ölkə arasında mövcud əməkdaşlıq münasibətlərini xüsusilə sosial siyasət, gender bərabərliyi və uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Ölkəsi üçün qadınlarla bağlı siyasətin əsas istiqamətlərdən biri olduğuna diqqət çəkən səfir, qadınların sülh və təhlükəsizlik proseslərində iştirakçılığı, gender bərabərliyinin təmin olunması və gender stereotiplərinə qarşı mübarizə istiqamətində əməkdaşlıqla bağlı təkliflərini səsləndirib. Görüş gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi ilə davam edib.

Ətraflı
Aynur Sofiyeva “Layiqli əmək, gender bərabərliyi və sosial inklüzivlik”  mövzusunda görüşdə iştirak edib

Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Layiqli əmək, gender bərabərliyi və sosial inklüzivlik” mövzusunda görüşdə iştirak edib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Layiqli Əmək Səfirləri” layihəsi çərçivəsində keçirilən görüşün əsas məqsədi dövlət idarəçiliyində layiqli əməyin təşviqi, gender bərabərliyinin təmini və həssas qrupların əmək hüquqlarının müdafiəsidir. Görüşdə qeyd edilən layihənin  “Layiqli əmək səfiri” olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Layiqli əmək, gender bərabərliyi və sosial inklüzivlik” mövzusunda çıxış edərək,  Azərbaycanda bu istiqamətdə aparılan dövlət siyasəti, görülən işlər, dayanıqlı inkişafın əsas şərtləri, layiqli əməyin təşviqi üzrə bərabər imkanlar, inklüziv əmək bazarında gender bərabərliyinin təmin edilməsi, dünya təcrübəsi, müvafiq sahə üzrə çağırışlar və müasir tendensiyaları qeyd edib. Həmçinin Dövlət Komitəsinin müvafiq istiqamətdəki fəaliyyəti və aidiyyəti qurumlarla həyata keçirilən koordinasiyalı işi barədə məlumat verib. Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Xumar İlqarqızı görüşdə çıxış edərək, əmək münasibətlərində gender aspektinin nəzərə alınması, işəgötürənlər tərəfindən qadınlara münasibətdə ədalətli yanaşma,  gender məsul şəxslərin fəaliyyəti və funksiyaları,  ölkə üzrə gender bərabərliyi sahəsində statistik göstəricilər və həyata keçirilən “Qızların təhsilinə dəstək” layihələri diqqətə çatdırıb.   Eyni zamanda Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Xəyalə Abbaslı-Əsgərli əmək münasibətləri sahəsində olan beynəlxalq və yerli qanunvericilik aktları, hüquqi çərçivədə aparılan islahatlar və yeniliklər barədə öz fikirlərini bildirib. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri və ictimai xidmət sahəsində çalışan gənclər, Dövlət Komitəsinin və AHİK-nın əməkdaşları iştirak edib. İnteraktiv formada keçən görüşdə  iştirakçıların sualları  cavablandırılıb.

Ətraflı
“Həyatının memarı-Sən özünsən” layihəsi çərçivəsində maarifləndirici görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Nizami rayonunda yerləşən 70 və 214 nömrəli tam orta məktəblərdə “Həyatının memarı- Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüşlər keçirilib. Valideynlər və yeniyetmələr arasında maarifləndirmə işinin gücləndirməsi  və sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunan görüşlərdə psixoloqlar, müəllim heyəti, valideynlər və şagirdlər iştirak edib. Görüşlərdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova çıxış edərək, narkomaniyanın insan sağlamlığına zərəri, cəmiyyət üçün yaratdığı problemlər və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Çıxışçılar valideyn məsuliyətinin, sağlam ailə mühitinin, düzgün tərbiyə və davamlı nəzarətin yeniyetmələrin zərərli vərdişlərdən uzaq böyüməsində mühüm rol oynadığını qeyd ediblər. Müzakirə formatında davam edən görüşlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda mövzu ilə bağlı maarifləndirici kitabçalar informativ resurs kimi məktəblərin kitabxanasına təqdim olunub.

Ətraflı
Ailə, qadın və uşaq məsələləri sahəsində tematik panel müzakirəsi keçirilib

“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans çərçivəsində geniş panel müzakirəsi təşkil olunub. Müzakirənin əsas məqsədi ailə institutunun möhkəmləndirilməsi, qadınların cəmiyyətdə rolu, uşaqların rifahı və rəqəmsal dövrdə sosial dəyərlərin qorunması ilə bağlı aktual çağırışların elmi və praktiki aspektdən təhlili olub. Sessiya Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluğu ilə baş tutub. O, giriş nitqində dayanıqlı inkişafın sosial sütunlarından biri kimi ailə institutunun strateji əhəmiyyətini vurğulayıb və müzakirələrin müxtəlif sahələri əhatə edən kompleks yanaşma ilə aparılmasının vacibliyini qeyd edib, bu sahədə qlobal çağırışlara diqqət çəkib.  Müzakirələrdə müxtəlif sahələri təmsil edən ekspertlər çıxış edərək tematik istiqamətlər üzrə fikirlərini bölüşüblər. İlk panelçi Milli Məclisin deputatı Mübariz Qurbanlı, ailə institutuna qlobal miqyasda təsir göstərən çağırışlar və risklər barədə danışaraq, statistik göstəriciləri diqqətə çatdırıb. Ənənəvi ailə modeli ilə müasir ailə münasibətlərini müqayisəli təhlil edən deputat, dövrümüzdə ailədaxili münasibətlərdə fərdiyyətçiliyə gətirib çıxaran amilləri qeyd edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bərabərlikdən inklüzivliyə keçid mərhələsində ailə, qadın və uşaq hüquqlarının təmini sahəsində hüquqi islahatların insan yönümlü və preventiv yanaşma əsasında inkişafını tələb etdiyini qeyd edib.  T.İbrahimova vurğulayıb ki, bu sahədə qəbul olunan qanunlar və mexanizmlər yalnız institusional tətbiq, sosial davranış dəyişikliyi və koordinasiyalı xidmətlər olduqda real nəticə verə bilər. O, inklüziv siyasətin effektivliyinin hüquqi qoruma ilə ailədaxili etibarın balanslaşdırılması və uşaqyönümlü yanaşmanın praktikada gücləndirilməsi ilə mümkün olduğunu deyib. Növbəti panelçi ADA Universitetinin dekanı, təhsil eksperti Ülviyyə Mikayılova təhsilə bərabər çıxış imkanlarının insan kapitalının inkişafında əsas faktor olduğunu bildirib və inklüziv təhsil siyasətinin əhəmiyyətini önə çəkib. Ü.Mikayılova uşaqların təhsildə bərabər imkanlarından bəhs edərək, sosial dövlətin ən vacib aləti kimi məktəbin əhəmiyyətindən danışıb. O, xarici ölkələrin təcrübələrindən nümunələr gətirərək, həssaq uşaqların təhsildəki nəaliyyətlərinə diqqət göstərilməsinin vacibliyini vurğulayıb. “Yaddaş Akademiyası”nın təsisçisi və rəhbəri, psixoloq Aytəkin Aslan, ailə dayanıqlığı və emosional sağlamlığın uşaqların psixoloji rifahı və şəxsiyyətinin formalaşmasında həlledici rolunu vurğulayıb. O, emosional dəstəyin, sağlam ünsiyyət və sabit ailə mühitinin uşaqlarda stress və davranış pozuntularının azalmasına birbaşa təsir göstərdiyini deyib. Sosial tədqiqatçı Humay Axundzadə qlobal dünyada dayanıqlı cəmiyyətin formalaşmasında qadınların rolunun artan əhəmiyyətindən bəhs edib. O, qadınların ailədə və cəmiyyətdə qayğı, tərbiyə və təhsil vasitəsilə gələcəyin əsasını qoyduğunu qeyd edib. Bildirib ki, həyata keçirilən gender siyasəti nəticəsində qadınların məşğulluğu və iqtisadi fəallığı artır, stereotiplərə qarşı daha dözümsüz mühit formalaşır və zorakılıq, erkən evlilik hallarının azalması dayanıqlı cəmiyyətin qurulmasına mühüm töhfə verir. Sonuncu panelçi AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Esmira Qasımova çıxışında rəqəmsal dövrdə ailə dəyərlərinin transformasiyası mövzusuna toxunub. O,  rəqəmsallaşmanın ailədaxili münasibətlərə təsirindən bəhs edərək, əsas yanaşmanın texnologiyanı qadağan etmək deyil, təhlükəsiz istifadə mədəniyyətinin formalaşdırılması olduğunu deyib. Panel müzakirəsi interaktiv fikir mübadiləsi ilə davam edib və iştirakçılar ailə, qadın və uşaq siyasətinin gələcək inkişaf istiqamətləri ilə bağlı müxtəlif təkliflər irəli sürüblər.

Ətraflı
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransın açılış mərasimi keçirildi

30 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gülüstan sarayında “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib. Tədbirdən öncə Fəxri xiyaban ziyarət edilib, Ümummilli lider Heydər Əliyev və oftalmoloq alim Zərifə Əliyevanın əziz xatirəsi ehtiramla anılıb. Tədbir uşaqların canlı ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Davamında “Ailə, qadın və uşaq məsələləri sahəsində dövlət siyasəti” adlı film nümayiş etdirilib. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayaraq, konfransın işinə uğurlar arzu edib. O, Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış Qadın Problemləri üzrə Dövlət Komitəsinin təsisindən 28 il, onun əsasında Prezidentin 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasından 20 il ötdüyünü diqqətə çatdırıb. Bu tarixlər müstəqil və müasir dövlət quruculuğu çərçivəsində institusional inkişafımızla yanaşı, həm də dövlətimizin sosial siyasətində insan amilinə verilən  dəyəri ifadə edir. B. Muradova son 30 il ərzində müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və inkişafı prosesində  insan kapitalına  yönəlik siyasətin mərhələli şəkildə formalaşdığını və bu gün artıq sistemli bir xarakter aldığını qeyd edib. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir. Bu kursun mərkəzində insan amili dayanır və bu yanaşma dövlət siyasətinin bütün istiqamətlərində öz əksini tapır. Komitə sədri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri və rəhbərliyi ilə həyata keçirilən sosial və humanitar layihələrin ailə, qadın və uşaq siyasətinə əlavə məzmun qazandıraraq onun humanist, inklüziv və cəmiyyət yönümlü xarakterini daha da gücləndirdiyini qeyd edib. Dövlət Komitəsinin fəaliyyətinə diqqət çəkən B. Muradova diqqətə çatdırıb ki, son 20 il ərzində ailə, qadın və uşaq sahəsində vahid dövlət idarəetmə sistemi formalaşdırılmış, normativ-hüquqi baza əhəmiyyətli dərəcədə genişləndirilmiş, institusional mexanizmlər gücləndirilmiş və bu siyasət real sosial nəticələrlə müşayiət olunmuşdur. Qəbul edilən qanunvericilik aktları gender bərabərliyinin təmin olunması, məişət zorakılığının qarşısının alınması, uşaqların hüquqlarının müdafiəsi və onların zərərli informasiyadan qorunması istiqamətində mühüm hüquqi zəmin yaratmışdır. Maarifləndirici təlimlərə diqqətə çəkən B. Muradova  qeyd edib ki, ailə dəyərlərinin təşviqi istiqamətində reallaşdırılan layihələr çərçivəsində minlərlə təlim, görüş və tədbirlər keçirilmiş, yüz minlərlə vətəndaş bu təşəbbüslərdən faydalanmışdır. İqtisadi imkanların genişləndirilməsi, sahibkarlıq fəaliyyətinə cəlb olunma və məşğulluğunun artırılması istiqamətində müvafiq tədbirlər nəticəsində qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artmışdır. Hüquqların qorunması, sosial rifahın yaxşılaşdırılması, təhsil və inkişaf imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində uşaqlar artıq cəmiyyət həyatının  fəal və təşəbbüskar üzvlərinə çevrilmişdir: Komitə rəsmisi müasir dövrdə qarşıda duran çağırışların kifayət qədər ciddi və çoxşaxəli olduğunu vurğulayaraq, qeyd edib ki, rəqəmsal transformasiya, sosial münasibətlərin dəyişməsi, qlobal təsirlər ailə institutuna və sosial dəyərlərə yeni tələblər irəli sürür. Bu baxımdan preventiv yanaşmanın gücləndirilməsi, rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması, sosial həssas qrupların müdafiəsinin genişləndirilməsi və regionlarda imkanların artırılması qarşıdakı dövrün əsas prioritetləri kimi müəyyən edilmişdir. B. Muradova çıxışının sonunda vurğulayıb ki, ailə cəmiyyətin təməlidir, milli kimliyimizin daşıyıcısıdır, qadın bu təməlin yaradıcısı və aparıcı qüvvəsidir, uşaq isə dövlətimizin gələcəyidir, onun davamlı inkişafının təminatıdır. Məhz buna görə də dövlət siyasətimizin məqsədi bu istiqamətləri ayrı-ayrılıqda deyil, əksinə bir-birini qarşılıqlı şəkildə gücləndirən və tamamlayan vahid bir model kimi formalaşdırmaqdır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili  (Ombudsman) Səbinə Əliyeva çıxışında qeyd edib ki, Azərbaycanda ailə, qadın və uşaq məsələləri dövlət siyasətində mühüm yer tutur və bu sahədə həyata keçirilən tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə olunub. O bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə insan hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilmiş, ölkəmiz insan hüquqları, o cümlədən qadın və uşaq hüquqları sahəsində mühüm beynəlxalq konvensiyalara qoşulmuş, bu istiqamətdə əsas qanunvericilik bazası formalaşdırılmışdır. S. Əliyeva qeyd edib ki, həyata keçirilən tədbirlər, habelə respublikanın müxtəlif bölgələrində, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri cəmiyyətin sosial rifahının və dayanıqlı inkişafının təmin olunmasına xidmət edir. Ombudsman vurğulayıb ki, ölkə rəhbərliyi tərəfindən ailə, qadın və uşaq siyasəti sahəsində kompleks islahatlar həyata keçirilir, müdafiə mexanizmləri genişləndirilir və sosial təminat gücləndirilir. Bu tədbirlər cəmiyyətin sosial rifahının və dayanıqlı inkişafının təmin olunmasına xidmət edir. Ombudsman çıxışında Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində gördüyü işlərə də toxunub. O bildirib ki, yoxsulluğun azaldılması, təhsilin inkişafı, gender bərabərliyinin təmin edilməsi və ətraf mühitin qorunması sahəsində görülən tədbirlər mühüm nəticələr verib. S. Əliyeva vurğulayıb ki, son illərdə qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində Ombudsmana bərabərlik hüququnun təmini, habelə əlilliyi olan şəxslərin, uşaqların hüquqlarının müdafiəsi sahəsində yeni səlahiyyətlərin verilməsi və təsisatda müvafiq struktur bölmələrin yaradılması beynəlxalq öhdəliklərin, müvafiq təşkilatların tövsiyələrinin icrası və qeyd olunan sahələrə töhfənin verilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ictimai şəxslər və dövlət məmurları uşaqların təhsilini və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün əllərindən gələni etməlidirlər. Qarşılıqlı əməkdaşlığa əsaslanan iş modelinin qurulması son dərəcə vacibdir. O qeyd edib ki, təhsil nailiyyətlərinə baxıldıqda iki istiqamət üzrə inkişafdan danışmaq mümkündür; birinci istiqamət təlim və nəticələrdir. Bunları imtahan vasitəsilə ölçmək daha asandır, ikinci istiqamət isə uşağın tərbiyəsidir ki, bu daha mürəkkəbdir və ölçülməsi çətindir. O vurğulayıb ki, Azərbaycan məktəblərində bu iki istiqamət paralel aparılmalı, xüsusilə tərbiyə məsələləri ön plana çəkilməlidir və dəyərlərə əsaslanan təhsil sisteminin formalaşdırılması yüksək nəticələrə gətirib çıxara bilər.   Nazir qeyd edib ki, əsas məsələ ailənin övladına ötürdüyü dəyərlərdir. Valideynlərin məsuliyyətini dərk etməsi, məktəb və müəllimlə birgə fəaliyyət göstərməsi gənc nəslin inkişafında mühüm rol oynayır, evdə kitabların olması, valideynlərin kitaba münasibəti, uşağın tədris prosesi ilə maraqlanması və problemlərlə bağlı müzakirələrin aparılması valideynin əsas öhdəliklərindəndir və bu addımlar uşağın inkişafına və təlim-tərbiyəsinə ciddi təsir edir. Dəyərlərə əsaslanan təhsil sisteminin formalaşdırılması cəmiyyət üçün daha sağlam, məsuliyyətli və düşüncəli fərdlərin yetişməsinə zəmin yarada bilər. O həmçinin vurğulayıb ki, qadınların təhsil almasına imkan yaradılması vacibdir və gələcəyin təminatı təhsilli analardan asılıdır. Təhsilli anaların sayının artması həm də təhsilli uşaqların sayının artması deməkdir. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketinin reallaşdırıldığını diqqətə çatdırıb. Bu islahatların əsas məqsədi məhz cəmiyyətin həssas qruplarının, o cümlədən aztəminatlı ailələrin, qadınların və uşaqların sosial müdafiəsinin gücləndirilməsidir. O vurğulayıb ki, Nazirlik tərəfindən həyata keçirilən kompleks tədbirlər arasında qadınların məşğulluq imkanlarının genişləndirilməsi, həssas əhali qruplarının sosial müdafiəsi və sosial xidmətlərəəlçatanlığının təmin olunması əsas prioritetlər sırasındadır. Son illərdə ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təşviqi və uşaqların müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm qanunvericilik və institusional islahatlar aparılmışdır. Nazir qeyd edib ki, hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir. Həmçinin ünvanlı dövlət sosial yardımı alan 350 min aztəminatlı şəxsin 170 mindən çoxunu uşaqlar təşkil edir. A. Əliyev son statistik məlumatlara diqqət çəkərək qeyd edib ki, Azərbaycanda məşğul əhalinin 48, muzdla işləyənlərin isə 41 faizini qadınlar təşkil edir. Qadınların yüksək gəlirli məşğulluq imkanlarının artırılması istiqamətində də ölkədə beynəlxalq əmək standartlarına uyğun bir sıra mühüm qanunvericilik islahatları həyata keçirilib. O qeyd edib ki, qadınların əmək bazarına inteqrasiyasının gücləndirilməsi məqsədilə onların aktiv məşğulluq tədbirlərində iştirak payı illər üzrə artır. Nazir çıxışının yekununda vurğulayıb ki, ailə, qadın və uşaq siyasəti dayanıqlı inkişafın əsasını təşkil edən mühüm istiqamətlərdəndir. Bu sahədə həyata keçirilən tədbirlər yalnız bu günün deyil, gələcək cəmiyyətin də formalaşmasına xidmət edir. Çıxışlardan sonra “Tarix yazanlardan gələcək quranlara”  filminin nümayişi və bədii kompozisiyanın təqdimatı baş tutub. Konfrans panel müzakirələrlə davam edib.

Ətraflı