Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Bahar Muradova “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxış edib

“Azərbaycanda iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri olan milli sahibkarlıqda qadınların iştirak səviyyəsi də davamlı olaraq artmaqdadır. Xüsusilə kiçik və orta biznes sahəsində qadınların fəallığının yüksəlməsi inklüziv iqtisadiyyatın formalaşmasına mühüm töhfə verir”. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Sahibkarlıq Gününə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxışı zamanı qeyd edib. O, kənd təsərrüfatı sahəsində qadınların və gənclərin iştirakının genişləndiyi, ailə təsərrüfatlarının güclənməsi üçün yeni imkanların yarandığını diqqətə çatdırıb. Qeyd edilib ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma proqramları çərçivəsində kənd təsərrüfatı, turizm, xidmət və sənaye sahələrində yeni biznes subyektləri formalaşır, yerli və xarici investisiyalar üçün əlverişli mühit yaradılır. Bu proses həm iqtisadi dirçəlişə, həm də sosial reinteqrasiyaya xidmət edir. B. Muradova vurğulayıb ki, sahibkarlar sosial məsuliyyəti artırmalı, qadınlar üçün şərait genişləndirilməlidir. Sahibkarlar iş yerlərində çalışanların, xüsusilə qadınların rahat və təhlükəsiz fəaliyyətini təmin etməlidir. Əgər qadınların əmək bazarında iştirakını artırmaq istəyiriksə, müəssisələrdə uşaq baxımı xidmətləri, səhiyyə imkanları, iş və ailə öhdəliklərini uzlaşdırmağa şərait yaradan mühit formalaşdırılmalıdır. Bu, seçim məsələsidir və dövlət tərəfindən bu hüquqlar təmin olunmalıdır: "Lakin paralel olaraq işəgötürənlər belə fəaliyyət üçün zəruri təhlükəsizlik və sosial şəraiti yaratmalıdır. İnklüziv və dayanıqlı əmək mühitinin formalaşdırılması üçün sahibkarların sosial məsuliyyətə yanaşması daha da gücləndirilməlidir" - deyə Komitə sədri əlavə edib. Komitə sədri çıxışında dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və sahibkarlar assosiasiyaları arasında əməkdaşlığın qadınların iqtisadi fəallığının artırılması baxımından mühüm rol oynadığını qeyd edib. B. Muradova bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən qadınların iqtisadi fəallığının artırılması, ailə bizneslərinin inkişafı və sosial rifahın gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu çərçivədə regionlarda qadınların sahibkarlıq bacarıqlarının artırılması üçün təlimlər, maarifləndirici görüşlər və dəstək proqramları həyata keçirilir.

Ətraflı
Çinlə qadın və uşaq məsələləri sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

28 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri, xüsusilə qadın və uşaq məsələləri sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanla Çin arasında yüksək səviyyəli münasibətləri vurğulayaraq, tərəflərin bu əməkdaşlığa böyük diqqət yetirdiyini qeyd edib. Bu münasibətlərdə qadın, uşaq və ailələrin, ümumilikdə insan kapitalının inkişafının böyük əhəmiyyət kəsb etdiyini deyən sədr,  Azərbaycanın “Vahid Çin” siyasətini, “Bir kəmər, bir yol” layihəsini dəstəklədiyini bildirib. B.Muradova, Pekin Konfransından keçən müddət ərzində mühüm sənədlərin qəbul edildiyini, Pekin platforması üzrə bütün dünyada gedən proseslərdə Azərbaycanın yaxından iştirak etdiyini, müvafiq istiqamətlər üzrə ölkədə siyasətlərin, mexanizmlərin formalaşdırılması sahəsində mühüm işlərin görüldüyünü deyib. Azərbaycanın beynəlxalq platformalardakı artan roluna diqqət çəkən Komitə sədri, xüsusilə AQEM-in Azərbaycan sədrliyində Qadınlar Şurasının yaradılmasının əhəmiyyətini qeyd edərək, ölkəmizin regional və qlobal əməkdaşlıq təşəbbüslərində fəal iştirakını bir daha nümayiş etdirdiyini vurğulayıb. Sədr qarşıdakı dövrdə Qadınlar Şurasının rolunun daha da artırılması üçün Çin ilə əməkdaşlığın genişləndirilməsinin mümkün olduğunu bildirib. O, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qadınların səlahiyyətlərinin genişləndirilməsi, onların ictimai-siyasi həyatda, idarəetmə və qərarqəbuletmə proseslərində iştirakının artırılması istiqamətində birgə fəaliyyətin vacibliyini qeyd edib. Çin Xalq Respublikasının Azərbaycan Respublikasaındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey səmimi qəbula görə təşəkkür edib. Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirən səfir iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada əsaslanaraq davamlı şəkildə inkişaf etdiyini qeyd edib. O, dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırdığını qeyd edib. Bildirib ki, bu əməkdaşlıq müxtəlif istiqamətləri, o cümlədən qadın və ailə məsələlərini əhatə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişaf etdiyini qeyd edən səfir, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb. Səfir Lu Mey hər iki ölkədə qadınların rifahı və inkişafına xüsusi önəm verildiyini bildirib, bu sahədə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu qeyd edib. Tərəflər görüş zamanı rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi, qadınların inkişafı, eləcə də həssas qruplara aid uşaqların müdafiəsi və rifahının gücləndirilməsi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.  

Ətraflı
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanı ziyarət edərək Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları önünə gül dəstələri qoyub, onların əziz xatirəsini dərin ehtiramla anıb.

Ətraflı
Uşaq hüquqlarının müdafiəsi mövzusunda hüquq-mühafizə orqanlarının əməkdaşları üçün regional təlim keçirilib

  24 aprel 2026-cı il tarixində İsmayıllı rayonunda uşaq hüquqlarının müdafiəsi sahəsində təcrübəli yerli mütəxəssislər (vəkil və psixoloq) tərəfindən “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda hüquq-mühafizə orqanlarının əməkdaşları üçün regional təlim keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən təlimdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Ağsu və Göyçay rayon polis şöbələrinin və rayon prokurorluqlarının məsul əməkdaşları iştirak edib. İştirakçılara Azərbaycan Respublikasında cinayət təqibi üzrə yetkinlik yaşına çatmayanlar barəsində məhkəməyədək icraatın xüsusiyyətləri, cinayət prosesinin gedişatı zamanı zərərçəkmiş və ya şahid olan uşaqların hüquqlarının müdafiəsinin (dəstək) təminatı, cinayət təqibi orqanlarının istintaq zamanı uşaqlarla davranış qaydaları ilə bağlı məlumatlar verilib. Sonda Dövlət Komitəsi tərəfindən hazırlanmış “Prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün yetkinlik yaşına çatmayanlarla davranışa dair” Metodik vəsait paylanılıb və iştirakçılara sertifikatlar təqdim olunub.

Ətraflı
Uşaqlar qorxu ilə yox, sevgi ilə böyüməlidir!

Uşağa qarşı tərbiyə və ya intizam məqsədilə fiziki güc tətbiq olunması yəni cismani cəza (beynəlxalq müstəvidə istifadə olununan termin) uzun illər bir çox cəmiyyətlərdə “adi” metod kimi qəbul edilsə də, müasir dövrdə bu yanaşma ciddi şəkildə tənqid olunur və getdikcə daha çox ölkədə hüquqi məhdudiyyətlərə məruz qalır. Bu anlayışa uşağın vurulması, itələnməsi və ya digər fiziki təsir formaları daxildir. Bəzən buna psixoloji zorakılıq – alçaltma, qorxutma və ya təhdid də əlavə olunur ki, bu da uşağın inkişafına mənfi təsir göstərir. Beynəlxalq səviyyədə cismani cəza uşaqların hüquqlarının pozulması kimi qiymətləndirilir. Xüsusilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən Uşaq Hüquqları Konvensiyası uşaqların zorakılığın bütün formalarından qorunmasını tələb edir. Bu sənədə əsasən, dövlətlər uşaqları fiziki və psixoloji zorakılıqdan qorumaq üçün qanunvericilik və maarifləndirmə tədbirləri həyata keçirməlidirlər. Bu yanaşma uşağın şəxsiyyət kimi hörmət edilməsini və onun ləyaqətinin qorunmasını əsas prinsip kimi qəbul edir. Bir çox ölkələr artıq cismani cəzanı tamamilə qadağan edib. Məsələn, İsveç hələ 1979-cu ildə bu sahədə qabaqcıl addım ataraq uşaqlara qarşı fiziki cəzanı qadağan edən ilk ölkə olub. Daha sonra Almaniya, Fransa və digər Avropa ölkələri də oxşar qanunları qəbul ediblər. Bu ölkələrdə aparılan tədqiqatlar göstərir ki, zorakılıqdan uzaq tərbiyə metodları uşaqların psixoloji sağlamlığına daha müsbət təsir edir, aqressiv davranışların azalmasına və sosial bacarıqların inkişafına kömək edir. Cismani cəzanın mənfi təsirləri elmi araşdırmalarla da sübut olunub. Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, fiziki cəza uşaqlarda qorxu, aşağı özünəinam, depressiya və hətta uzunmüddətli davranış problemlərinə səbəb ola bilər. Bundan əlavə, belə davranış modeli uşaqlarda zorakılığı “normal” kimi qəbul etməyə gətirib çıxara bilər ki, bu da gələcəkdə cəmiyyətdə zorakılığın artmasına şərait yaradır. Azərbaycan qanunvericiliyində də bu istiqamətdə dəyişikliklərin edilməsi cəmiyyətin daha sağlam və təhlükəsiz mühitə doğru inkişaf etdiyini göstərir. Uşaqlara qarşı zorakılığın cərimə ilə cəzalandırılması yalnız hüquqi tədbir deyil, eyni zamanda ictimai mesajdır: tərbiyə zorakılıqla deyil, anlayış, səbr və səmimi ünsiyyətlə aparılmalıdır. Yekun olaraq qeyd etmək yerinə düşər ki, cismani cəza artıq müasir pedaqogika və insan hüquqları baxımından qəbulolunmaz sayılır. Beynəlxalq təcrübə göstərir ki, uşaqların hüquqlarına hörmət edən, zorakılıqdan uzaq tərbiyə üsulları daha sağlam və məsuliyyətli nəsillərin yetişməsinə zəmin yaradır. Buna görə də ictimaiyyətin maarifləndirilməsi və valideynlərin alternativ tərbiyə metodları ilə tanış edilməsi xüsusi əhəmiyyət daşıyır.

Ətraflı
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində maarifləndirici görüş keçirilib

27 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və Səhiyyə Nazirliyinin ekspertinin iştirakı ilə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda növbəti maarifləndirici görüş baş tutub. Görüşün məqsədi gənclərin ailə həyatına hazırlanması, təhlükəsiz reproduktiv davranışların təşviqi, sağlam uşaqların dünyaya gəlməsi və ailə planlaşdırılması ilə bağlı biliklərin artırılması olub. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Teymur Ağazadə çıxış edərək tələbələrə ətraflı məlumat veriblər. Çıxışlarda Azərbaycanda demoqrafik təhlükəsizliyin təmin olunması, sağlam nəslin yetişdirilməsi və ailələrin sağlamlığının qorunması istiqamətində görülən işlər xüsusi vurğulanıb. Görüş interaktiv formatda davam edib, tələbələrin sualları cavablandırılıb. Tədbirdə, ümumilikdə, 100-ə yaxın tələbə iştirak edib.

Ətraflı
“Gender bərabərliyi ana bətnindən başlayır! Gender əsaslı uşaq seçiminə YOX deyək!” şuarı altında gənclərlə növbəti görüşlər keçirilib

Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması istiqamətində maarifləndirici tədbirlərin davamı olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 23-24 Aprel 2026-cı il tarixlərində növbəti görüşlər keçirilib. Görüşlərdə Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecinin və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri iştirak edib. Dövlət Komitəsinin Ailəməsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva öz çıxışında doğulanadək cins seçiminin uşaqlar arasında cins nisbətinin pozulmasına gətirib çıxardığını vurğulayıb, ölkədə gender balansının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Səhiyyə Nazirliyinin İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova isə ailə planlaşdırılmasının düzgün qurulması, ana və uşaq sağlamlığının qorunması, eləcə də hamiləliyin süni şəkildə sonlandırılmasının yaratdığı risklər barədə danışıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı İSİM tərəfindən hazırlanan məlumatlandırıcı vəsaitlər təqdim edilib.

Ətraflı
Siyasi iştirakın gender ölçüsü: Azərbaycan nümunəsi

Milli Məclisin deputatı Gülşən Paşayeva Məlum olduğu kimi, qadınların siyasətdə iştirakı müəyyən təkamül yolu keçmişdir. Əgər XX əsrin əvvəllərində məqsəd qadınların səs vermək hüququnu tanımaq idisə, XXI əsrdə artıq hədəf qadınların qərar qəbuletmə prosesinin bütün səviyyələrində bərabər iştirakını təmin etməkdir. Ötən illər ərzində Birləşmiş Millətlər Təşkilatı (BMT) bu istiqamətdə qlobal gündəliyin formalaşmasına əhəmiyyətli töhfə verərək, kişilər və qadınlar üçün bərabər hüquq və imkanların təmin edilməsi istiqamətində bir sıra beynəlxalq sənədlər qəbul etmişdir. Lakin təəssüf ki, hələ də qlobal miqyasda bərabər hüquqların təsbit edilməsi bərabər imkanlara çevrilməmişdir. Bunun səbəbləri arasında əsrlər boyu nəsildən nəsilə ötürülən gender stereotipləri və mədəni normalar, kişilər və qadınlar arasında mövcud olan iqtisadi bərabərsizlik və institusional xüsusiyyətlər göstərilir. Məhz bu kontekstdə coğrafi, tarixi, mədəni və dini amillərin unikal vəhdəti ilə səciyyələnən Azərbaycan nümunəsində qadınların siyasətdə və qərar qəbuletmə prosesində iştirakı xüsusi maraq kəsb edir. Təqdirəlayiqdir ki, Şərqdə qadınlara kişilərlə bərabər seçib-seçilmək hüququ 1918-ci ildə Azərbaycan Demokratik Respublikası dövründə  verilmişdir. Siyasi iştirakın gender ölçüsü baxımından bu tarixi fakt öz dövrü üçün olduqca mütərəqqi bir fenomen olmaqla yanaşı hüquqi müstəvidə kişilər və qadınlar arasında bərabərlik prinsipinin ilk dəfə təsbit edilməsi demək idi. Digər tərəfdən, bu prinsipin müəyyən dərəcədə Sovet İttifaqı çərçivəsində “kvota” sisteminin tətbiq edilməsi ilə qorunub saxlanılmasına və bu baxımdan Azərbaycanda qadınların təhsildə, əməkdə və eləcə də ictimai-siyasi həyatda fəal iştirak etməsinə baxmayaraq, onların qərar qəbuletmə prosesində təmsilçiliyi kifayət qədər deyildi. Yalnız 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə gender bərabərliyinin təmin edilməsi baxımından məqsədyönlü fəaliyyət aparılmağa və bu sahədə müvafiq hüquqi baza yaradılmağa başladı. İlkin olaraq 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının "Bərabərlik hüququ"na həsr edilmiş 25-ci maddəsində kişi və qadınların eyni hüquq və azadlıqlara malik olması[1] təsbit edildi. Milli qanunvericilikdə gender bərabərliyinin təmin edilməsi istiqamətində atılmış növbəti addım 2006-cı ilin 10 oktyabr tarixində  qəbul edilmiş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu[2]dur. Bu Qanunun məqsədi "cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyini" təmin etməkdir[3]. Qanunun 5-ci maddəsində gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətləri, 6-cı maddəsində isə gender bərabərliyinin təmin edilməsində dövlətin vəzifələri öz əksini tapmışdır. Gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətləri arasında normativ hüquqi bazanın formalaşdırılması, təkmilləşdirilməsi və inkişafı; normativ hüquqi aktların gender ekspertizasından keçirilməsi; gender bərabərliyinin təmin edilməsi üçün dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi və nəhayət gender bərabərliyi mədəniyyətinin təbliği qeyd edilir. Gender bərabərliyinin təmin edilməsində dövlətin vəzifələri isə “cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün”[4] tədbirlərin görülməsidir. Ötən illər ərzində Azərbaycan Respublikası eləcə də qadın hüquqları və gender bərabərliyi məsələlərinə dair  bir sıra beynəlxalq müqavilələri ratifikasiya etmişdir. Belə müqavilələr arasında 1992-ci ildə ratifikasiya edilmiş "İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında  Beynəlxalq Pakt"ı, "Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt"ı, 1995-ci ildə ratifikasiya edilmiş BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyasını (CEDAW), 2001-ci ildə ratifikasiya edilmiş BMT-nin «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında» Konvensiyasının Fakultativ Protokolunu göstərmək olar[5]. Azərbaycan hökuməti bu və digər beynəlxalq müqavilələrə dair ölkədə həyata keçirilən fəaliyyət haqqında müvafiq qurumlara mütəmadi olaraq milli hesabatlarını təqdim edir. Gender bərabərliyinin təmin edilməsi istiqamətində yeni bir mərhələnin başlanğıcı Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli 668 nömrəli Fərmanı[6] ilə qoyuldu. Bu Fərmanla ölkədə milli mexanizm - qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 289 nömrəli Fərmanı[7] isə siyasi iştirakın gender ölçüsü baxımından böyük önəm kəsb edirdi. Bu Fərman Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər təmsil olunmasını nəzərdə tuturdu. Beləliklə, yuxarıda qeyd edilmiş normativ hüquqi aktlar qadın hüquqlarının müdafiə edilməsinin və gender bərabərliyinin təmin edilməsinin institusional əsaslarını müəyyən etdi. Azərbaycan Respublikası Prezidentinin 2006-cı ilin 6 fevral tarixli 361 nömrəli Fərmanı[8] ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Ailə və uşaq problemlərinin qadın problemləri ilə birgə və əlaqəli şəkildə həll edilməsi məqsədilə yaradılmış bu mərkəzi icra hakimiyyəti orqanı ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsini nəzərdə tutur. Eyni zamanda bu qurum 2006-cı ilin 10 oktyabr tarixində  qəbul edilmiş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsinə və həmin Qanunun tədbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 484 nömrəli Fərmanının 2-ci hissəsinə[9] əsasən gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirir və öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məlumat təqdim edir. Beləliklə, 35 ilə yaxın bir dövr ərzində qadınların dövlət idarəçiliyində və qərar qəbul edilməsindəciştirakında tədricən müsbət tendensiya müşahidə olunmaqdadır. Bu gün qadınlar dövlət idarəçiliyinin ən yüksək vəzifələrində təmsil olunurlar. Mehriban Əliyeva - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,  Sahibə Qafarova - Azərbaycan Respublikası Milli Məclisinin sədri, Səbinə Əliyeva - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilidir. Eyni zamanda qanunvericilik orqanında qadınların təmsilçiliyi 2005-ci il ilə müqayisədə artaraq 11 faizdən 20 faizə çatmışdır. Yerli özünüidarəetmə orqanlarına seçilmiş qadınların payı isə 2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərində 4% olduğu halda, hazırda 39%-dir. 2024-cü il üzrə əldə edilmiş məlumatlara əsasən, qadınlar Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrdə hakim korpusunun 26,1 %-ni təşkil edirlər.Onlar prokurorluq orqanlarında rəhbər vəzifələrdə 4,5%-lə, Azərbaycan Respublikasının Ədliyyə nazirliyində isə 11,7 %-lə təmsil olunurlar. Digər tərəfdən, qadın diplomatlar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində rəhbər vəzifələrdə (xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi, səfir, daimi nümayəndə və baş konsul) çalışanların 6,9%-ni təşkil edir. Bir sıra digər nazirliklərdə isə vəziyyət aşağıdakı kimidir: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturu üzrə rəhbər vəzifələrdə qadınlar 30%, Elm və Təhsil Nazirliyinin strukturunda 26,2%, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində 22,3%, Energetika Nazirliyində 21,8%, Kənd Təsərrüfatı Nazirliyinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlarda 16,5%, Maliyyə Nazirliyi sistemində  16%, İqtisadiyyat nazirliyi sisteminə daxil olan dövlət qurumlarında 13%,  Gənclər və İdman Nazirliyinin mərkəzi aparatında və yerli bölmələrində 12,9% təşkil edir[10]. Beləliklə, dövlət müstəqilliyini bərpa etdikdən sonra  Azərbaycanda siyasi iştirakın gender ölçüsündə əhəmiyyətli irəliləyişlər əldə edilmişdir. İnstitusional mexanizmlər yaradılmiş, qadınların qərar qəbuletmə prosesində təmsilçiliyi genişlənmişdir. Eyni zamanda vətəndaş cəmiyyəti institutları qadınların siyasi savadlılığının və liderlik potensialının artırılması istiqamətində mütəmadi olaraq layihələr həyata keçirirlər. Seçkilərdə iştirak statistikası da qadınların seçici kimi sabit iştirakını və namizədlər arasında onların sayının tədricən artdığını göstərir. Lakin, digər tərəfdən, qadınların yüksək təhsil səviyyəsinə baxmayaraq, mədəni normalar, gender stereotipləri və ailədə ənənəvi rol bölgüsü qadınların fəal siyasi karyera imkanlarını obyektiv şəkildə məhdudlaşdırır. Kişilər və qadınlar arasında mövcud olan iqtisadi bərabərsizlik və institusional xüsusiyyətlər də qadınların siyasi proseslərdə iştirakına maneələr yaradır. Aydındır ki, kişilər və qadınlar arasında daha balanslı təmsilçilik modelinə doğru irəliləyiş ardıcıl və uzunmüddətli siyasi yanaşmanı və hərtərəfli tədbirlər planının həyata keçirilməsini özündə ehtiva edir. Bu gün qadınların qərar qəbuletmədə iştirakının artırılması təkcə sosial ədalət məsələsi deyil, bu həm də ölkənin modernləşdirilməsi və davamlı inkişafı üçün strateji bir resursdur. Bu baxımdan gələcəkdə perspektivli sahələrə iştirakı təşviq etmək üçün qanunvericilik mexanizmlərinin təkmilləşdirilməsi, liderlik və mentorluq proqramlarının genişləndirilməsi, təhsil təşəbbüslərinin inkişaf etdirilməsi və mədəni münasibətlərin dəyişdirilməsinə yönəlmiş ictimai kampaniyaların aparılması kimi fəaliyyətlər nəzərdən keçirilə bilər.  Beləliklə, Azərbaycan nümunəsində siyasi iştirakın gender ölçüsünün təhlili tarixi irsin, coğrafi məkanın, dini və mədəni ənənələrin və müasir dövlət quruculuğunun xüsusiyyətlərinin mürəkkəb qarşılıqlı təsirini nəzərə almağı tələb edir. [1]Maddə 25. Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il, E-qanun.az - https://e-qanun.az/framework/897 [2]"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu. 10 oktyabr 2006-cı il, E-qanun.az  - https://e-qanun.az/framework/12424 [3]"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu. 10 oktyabr 2006-cı il, maddə 1. E-qanun.az  - https://e-qanun.az/framework/12424 [4]"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu. 10 oktyabr 2006-cı il, 6-cı maddə. E-qanun.az  - https://e-qanun.az/framework/12424 [5]Azerbaijan. Status of Ratification. Official website of the UN Human Rights Office - https://indicators.ohchr.org [6]"Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 14 yanvar 1998-ci il, № 668. E-qanun.az - https://e-qanun.az/framework/4932 [7]"Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 6 mart 2000-ci il. № 289. E-qanun.az  - https://e-qanun.az/framework/597 [8]"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 6 fevral 2006-cı il, № 361. E-qanun.az - https://e-qanun.az/framework/11484 [9]“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 29 noyabr 2006-cı il, № 484. E-qanun.az - https://e-qanun.az/framework/12432 [10] Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatı. Bakı, 2025, səh. 83-103

Ətraflı
Dövlət Komitəsi növbəti könüllü qəbulu elan edir

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsi növbəti dəfə “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllü qəbulunu elan edir.  Proqramının məqsədi gənclərin potensialından daha səmərəli istifadə edərək, peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq və ölkədə könüllülük hərəkatının inkişafına töhfə verməkdir.  “Ailəm könüllüləri” proqramında: − 16-29 yaşlı; − Ali təhsilli (hazırda təhsilini davam edənlər də daxil olmaqla);− İntizamlı;− Təşkilatçılıq bacarığı olan;− Kollektivdə işləmək bacarığına sahib;− Operativ;− Kompüter və xarici dil bilikləri olan;− Təşəbbüskar gənclər iştirak edə bilər.  Proqram həftədə 3 dəfə, 2 saat olmaqla, 3 ay davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa vuranlar Dövlət Komitəsi tərəfindən sertifikatla təltif olunacaqlar.  Müraciət üçün son tarix: 10 may 2026-cı il. Qeydiyyat linki “Komitəsində könüllü fəaliyyətin təşkili haqqında” Qaydalar Əlaqə: +99412 493 79 62 What’s App: +99451 230 45 78  E-poçt: scfwcavolunteers@gmail.com

Ətraflı