Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Ankarada qlobal səviyyədə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi müzakirə olunub

Türkiyənin Ankara şəhərində “Rəqəmsal mühitdə uşaqların müdafiəsi üzrə beynəlxalq siyasət və təcrübə mübadiləsi” mövzusunda konfrans keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva konfrans çərçivəsində keçirilən “Önlənmə, savadlılıq və qoruyucu ekosistemlər” adlı panel müzakirəsində çıxış edərək, uşaqların rəqəmsal mühitdə rastlaşdığı təhlükələr və onlardan qorunma yollarından danışıb. O, bu sahədə əsas qoruyucu sistemlər kimi ailə, məktəb və icmanın rolunu vurğulayıb. Həmçinin qeyd edib ki, rəqəmsal savadlılıqla yanaşı, uşaqlara onlayn riskləri tanımaq, idarə etmək bacarıqları da aşılanmalıdır. Ceyran Rəhmətullayevanın sözlərinə görə, son araşdırmalar göstərir ki, onlayn risklərdən qaçmaq və sərt valideyn nəzarəti səmərə vermir. Ona görə də valideynlər və müəllimlər "təhlükəsiz təmas" metodundan istifadə etməli, uşaqlara dəstəkləyici çərçivə daxilində əsaslı öyrənmə və refleksiya vasitəsilə rəqəmsal mühitləri araşdırmaq imkanı verməlidirlər. O, panel müzakirəsi zamanı Azərbaycanda bu sahədə görülən işlərdən, informasiya və kibertəhlükəsizlik, rəqəmsal inkişaf sahəsində qəbul edilən strategiyalar, uşaqları zərərli informasiyalardan qorumaq üçün informasiya məhsullarının yaş kateqoriyaları üzrə bölünməsi və digər sahələrdə görülən tədbirlərdən bəhs edib. Qeyd edək, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikigünlük yüksəksəviyyəli tədbirdə ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Ətraflı
Dövlət Komitəsinin sədri Bahar Muradova Ankarada işgüzar səfərdədir

21–22 aprel tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində “Rəqəmsal mühitdə uşaqların müdafiəsi sahəsində beynəlxalq siyasət və təcrübə mübadiləsi” mövzusunda beynəlxalq dəyirmi masa keçiriləcək. Dəyirmi masa çərçivəsində təşkil olunacaq yüksək səviyyəli toplantıda Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Dəyirmi masa çərçivəsində müxtəlif ölkələrin aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və ekspertlərin iştirakı ilə tematik müzakirələr və panel sessiyalar keçiriləcək. Tədbirin əsas məqsədi rəqəmsal mühitdə uşaqların hüquqlarının qorunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl siyasətlərin müzakirəsi və bu istiqamətdə ölkələr arasında əməkdaşlığın gücləndirilməsidir.

Ətraflı
“Gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətinin təkmilləşdirilməsi və effektiv koordinasiya” mövzusunda təlimlər yekunlaşıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətinin təkmilləşdirilməsi və effektiv koordinasiya” mövzusunda təlimlər yekunlaşıb. Təlimlərin keçirilməsində məqsəd gender məsələləri üzrə məsul şəxslərin işinin təkmilləşdirilməsi, onlar arasında səmərəli şəbəkələşməsinin təmin edilməsi, gender bərabərliyi sahəsindəki qanunvericiliklə bağlı səlahiyyətlərini və vəzifələrini aydın şəkildə müəyyən edilməsindən ibarətdir.  Ekspert Abil Bayramov tərəfindən aparılan təlim proqramı çərçivəsində iştirakçılara gender məsələləri üzrə məsul şəxslərin funksiya və vəzifələri, institusional mexanizmlər, eləcə də qurumlararası koordinasiyanın gücləndirilməsi istiqamətində praktik bilik və bacarıqlar təqdim olunub. Qeyd edək ki, “Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın 8.1.3-cü bəndinin icrası məqsədilə keçirilən növbəti təlimlərdə yerli icra hakimiyyəti orqanlarının, bankların və özəl şirkətlərin gender məsələləri üzrə məsul şəxsləri iştirak edib.

Ətraflı
“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində tələbələrlə görüşün növbəti qonağı Bahar Muradova olub

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində tələbələrlə görüşün növbəti qonağı Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova olub. İştirakçıları salamlayan BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov bildirib ki, mütəmadi keçirilən “Ümummilli Lider Heydər Əliyev mühazirələri” gənclərin dövlətçilik təfəkkürünün formalaşmasında mühüm rol oynayır. Bu mühazirələr Ulu Öndərin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının və müasir müstəqil dövlət quruculuğu konsepsiyasının elmi əsaslarla təbliğini təmin edir. Mühazirələr Ulu Öndər Heydər Əliyevin və Onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyətini, ölkəmizin müasir inkişaf strategiyasının siyasi- ideoloji dayaqlarını dərindən anlamağa imkan yaradır.   Çıxış edən YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, dünya siyasətinə adını yazdıran müdrik siyasi lider Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Bütün həyatını xalqına həsr edən Ulu Öndər Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi siyasi xətt, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova çıxış edərək bildirib ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndər Heydər Əliyevin yorulmaz, səmərəli fəaliyyəti sayəsində mümkün olub. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Vurğulanıb ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qürurludur. Otuz ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident, Ali Baş Komandan, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində tarixi Zəfərlərimizlə azadlığa qovuşdu. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanaraq Onun ətrafında dəmir yumruq kimi birləşib.  Qeyd olunub ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə  yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan həm daxili, həm də xarici siyasətdə böyük uğurlara imza atmışdır.  Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb.  Sonda xatirə şəkli çəkdirilib.

Ətraflı
Uşaqların icbari dispanserizasiyaya cəlb edilməsi məqsədilə maarifləndirici görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqların icbari dispanserizasiyaya cəlb edilməsi məqsədilə maarifləndirici görüşlər keçirilib. 6-16 aprel 2026-cı il tarixlərində keçirilən tədbirlərdə Mərkəzlərin, rayon idarə və müəssisələrin əməkdaşları, tibb işçiləri, müəllimlər, valideynlər, gənclər və icma sakinləri iştirak ediblər. Ekspertlər tədbir iştirakçılarını uşaqların dispanserizasiyasının əhəmiyyəti barədə məlumatlandırıb, erkən diaqnostika və profilaktik müayinələrin uşaqların sağlam inkişafındakı rolundan bəhs ediblər. Sonda  iştirakçıların sualları cavablandırılıb, sağlam həyat tərzi, düzgün qidalanma, gigiyena qaydaları və mütəmadi tibbi nəzarətlə bağlı zəruri tövsiyələr verilib.

Ətraflı
Respublika Qan Bankında 17 Aprel - Ümumdünya Hemofiliya Gününə həsr edilmiş qanvermə aksiyası keçirilib

17 aprel 2026-cı il tarixində  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, “Birlik” Xeyriyyə Təşkilatı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Azərbaycan Uşaqlarının İnkişaf Platforması (AUİP) və Dövlət Komitəsinin “Ailəm könüllüləri” proqramı iştirakçılarının birgə əməkdaşlığı ilə Respublika Qan Bankında 17 Aprel - Ümumdünya Hemofiliya Gününə həsr edilmiş qanvermə aksiyası keçirilib. Respublika Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlərə dəstək məqsədi daşıyır. Artıq ənənə halını alan bu nəcib aksiyaya dövlət qurumlarının əməkdaşları və könüllü donorlarlar qoşulub. Aksiyada iştirak edən hər kəsə minnətdarlığımızı bildiririk.

Ətraflı
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu təsdiq edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 15 aprel 2026-cı il tarixində “Uşaq hüquqları haqqında” yeni Qanun təsdiqləndi. İnsan hüquq və azadlıqlarının inkişafı ilə paralel olaraq uşaq hüquqları sahəsində baş verən inkişaf, ortaya çıxan yeni yanaşmalar ölkəmizdə müvafiq sahədə mühüm hüquqi və institusional dəyişikliklərin zəruriliyini gündəmə gətirmişdir. Əlbəttə ki, əsas məqsəd qanunvericilikdə təsbit edilmiş hər bir hüququn təmini  və qorunması üçün aydın və icrası səmərəli olan mexanizmlərin formalaşdırılmasıdır. Bu fəaliyyətin əsasında isə təbii ki, uşaqların mənafeyinin üstünlüyü, ayrı-seçkiliyin yolverilməzliyi, uşaq hüquq və azadlıqlarına hörmət kimi fundamental dəyərlər durur. Cəmiyyətimiz uşaq hüquqlarının qorunmasını yalnız hüquqi deyil, həm də mənəvi məsuliyyət olaraq qəbul edir. Qanunvericilik bu məsuliyyətin ailə, cəmiyyət və dövlət arasında bölgüsünü formalaşdırmışdır. Azərbaycanda son illərdə uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizminin formalaşdırılması,  çətin həyat şəraitində olan uşaqların, xüsusilə də valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, erkən evlilik, məişət zorakılığı, uşaqlara qarşı cinsi istismar və cinsi zorakılığın qarşısının alınması, uşaqların zərərli informasiyadan qorunması istiqamətlərində qəbul edilən hüquqi sənədlər minlərlə uşağın rifahına, həyat keyfiyyətinə təsir etmiş, həyatlarını dəyişmişdir. İlk növbədə qeyd edilməlidir ki, son beş ildə uşaq hüquqları sahəsində islahatların həyata keçirilməsində ölkə rəhbərinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın rolu böyük olmuşdur. Strategiya uşaq siyasətinin əsas prioritetlərini müəyyən edərək yeni islahatların həyata keçirilməsinə güclü zəmin yaratmış, onun icrasını təmin etmək məqsədilə on bir qanunvericilik aktı təsdiq edilmişdir. Nəticə olaraq yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyəti təkmilləşdirilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Katibliyi yaradılmış, uşaq hüquqlarının təmini vəziyyətinin monitorinqi üzrə meyarlar, uşaqlara yardım göstərən dövlət və qeyri-dövlət sosial xidmət müəssisələrinə dair tələblər, xarici ölkədə çətin həyat şəraitində olan uşaqların repatriasiyası və sosial müdafiəsi üzrə qaydalar və digər hüquqi sənədlər qəbul edilmişdir.   Artıq Strategiyanın həyata keçirilməsi üzrə beşillik birinci fəaliyyət planının icra müddəti başa çatmışdır. Hazırda Strategiyanın ikinci fəaliyyət planının layihəsi üzərində iş gedir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə  hazırlanmışdır. Qanunun qəbulu ilə əlaqədar 3 məcəllə və 9 qanuna dəyişikliklər edilmişdir. Uşaq hüquqları çoxsahəli məsələləri əhatə etdiyindən təbii ki, vahid qanunda bütün məsələlərin tənzimlənməsi mümkün olmasa da, baza normalarını, eyni zamanda bu hüquqların həyata keçirilməsinə nəzarət, fəaliyyətlərin əlaqələndirilməsi, monitorinqi kimi mexanizmləri özündə əks etdirməlidir. Bu səbəbdən beynəlxalq standartlara və müasir sosial reallıqlara uyğun olan, preventiv və qoruyucu mexanizmləri güclü olan qanuna ehtiyac vardır.  Təcrübə göstərir ki, uşaq hüquqlarının təmin edilməsinə dair dəqiq tənzimlənmələr nəzərdə tutan ayrı-ayrı sahəvi sənədlər bir çox hallarda  uşaqlarla bağlı beynəlxalq hüquq normalarında təsbit edilmiş vahid yanaşmaları tam və aydın əhatə etmir.  Ölkəmizin BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası üzrə öhdəliklər daşıdığını nəzərə alaraq, ilk növbədə qanunvericilikdə uşaq hüquq və azadlıqlarının təmin edilməsində dövlət siyasətinin məqsədləri və vəzifələri daha konkret müəyyən edilməlidir ki, qüvvədə olan və yaxud gələcəkdə qəbul edilkəcək digər sahəvi sənədlərdə həmin yanaşma öz əksini tapsın.  Yuxarıda qeyd edilənlərdən irəli gələrək yeni “Uşaq hüquqları haqqında” Qanunun üstünlükləri aşağıdakılardır:  1.          63 maddədən ibarət olan Qanunda dövlət uşaq siyasətinin 6 məqsədi, uşaq hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin 9 vəzifəsi, uşaqların mənafelərinin üstünlüyünün 11 əsas təminatı müəyyən edilmiş, 33 uşaq hüquq və azadlıqların dövlət təminatları geniş formada əks olunmuşdur. 2.          Qanunda 11 anlayışın tərifi verilmişdir. Yeni anlayışların, xüsusilə də “uşağın üstün mənafeyi”, “uşaqlara qarşı zorakılıq və onun formaları”, “cismani cəza” kimi anlayışların verilməsi  uşaqların hüquq və mənafelərinin qorunması istiqamətində xüsusi önəm kəsb edir.  3.          Qanunda internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilən təhlükəli əməllər də uşaqlara qarşı zorakılıq kimi tanınır.  Uşaq hüquqlarının qorunması zaman dəyişdikcə yeni sahələri əhatə etməkdədir. Xüsusilə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi uşaqların həyatına ciddi təsirlərini göstərməkdədir. Beynəlxalq təcrübə göstərir ki, uşaqların qorunması üçün bu sahədə daha radikal hüquqi addımlar atılmalıdır.  4.          Qanun yeni məsuliyyət mexanizmlərini müəyyən edir. Artıq uşaqda zorakılıq hərəkətlərinin əlamətlərini aşkar edən və bu barədə aidiyyəti qurumlara məlumat verməyən valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan müəssisələrin işçiləri məsuliyyətə cəlb ediləcəkdir.  5.          Qanunda bulinq, yəni uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışı uşaqlara qarşı zorakılığın formalarından biri kimi müəyyən edilmişdir.  Belə ki,təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələri və penitensiar müəssisələr uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınması üçün tədbirlər görməyə borcludur. Əks halda tədbirlərin görülməməsi məsuliyyət yaradır. Qeyd edilən müəssisələrin üzərinə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınması və zorakılıq baş verdiyi təqdirdə səmərəli cavab tədbirlərinin tətbiqi üzrə mexanizmlərin formalaşdırılması kimi öhdəlik qoyulmuşdur.  6.          Mühüm yeniliklərdən biri də uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlərin görülməsinin tələb olaraq müəyyən edilməsidir.  Bu öhdəlik dövlət orqanları ilə yanaşı bələdiyyələrə və qeyri-hökumət təşkilatlarına həvalə edilmişdir.Çətin həyat şəraitində olan uşaqların yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq özünümüdafiə və müstəqil müraciət etmək qabiliyyətinin daha zəif olması səbəbindən onların aşkarlanması və sosial müdafiəsi ilə bağlı Qanunda xüsusi mexanizm nəzərdə tutulur. Bundan irəli gələrək “Sosial xidmət haqqında” AR Qanununa və “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə yeni normalar daxil edilmişdir. Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar çətin həyat şəraitində olan uşaqları (valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) aşkarlayan qurum olaraq müəyyən edilmişdir.  7.          Həmçinin Qanunda uşaqlarla bağlı icraata dair beynəlxalq normalardan irəli gələrək prinsipial məsələlər daxil edilmişdir ki, bu da yuvenal ədliyyə sisteminin bir sıra mühüm xüsusiyyətlərini özündə əks etdirir.  Uşağın fikrinin öyrənilməsi prosesi informativ, uşağa hörmət əsasında, təhlükəsiz və uşaq məsələləri sahəsində hazırlıqlı mütəxəssis tərəfindən istiqamətləndirilən olmalıdır.   Bu yanaşma mülki və cinayət prosessual qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsini zəruri etmişdir. Bu məqsədlə mülki işlərdə uşaqların fikri öyrənilərkən, cinayət işlərində istintaq tədbirləri zamanı yetkinlik yaşına çatmamış şahidin və zərərçəkmişin dindirilməsi, üzləşdirilmə, ifadələrinin yerində yoxlanılması, istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi zamanı digər şəxslərlə yanaşı psixoloqun iştirakını tələb edən normalar müvafiq qanunvericiliyə əlavə edilmişdir.  Həmçinin uşağa mənəvi, fiziki və maddi ziyan vurmuş şəxslərin onun qanuni nümayəndəsi qismində  mülki və cinayət proseslərində iştirakı qadağan edilir. Qeyd edilən məsələ icraat zamanı uşaqların real maraqlarının müəyyən edilməsi və səmərəli müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.    8.          Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanması üçün tələb olunan razılığın yalnız yazılı formada olması müəyyən edilmişdir.  Belə ki, cinayət prosesinin iştirakçısı olan uşaqların fərdi məlumatlarının qorunması istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə AR Cinayət Prosessual Məcəllənin 222.7-ci maddəsinə edilən dəyişikliyə əsasən yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanması üçün tələb olunan razılığın yalnız yazılı formada olması müəyyən edilmişdir. Həmin maddəyə əsasən razılıq həmin uşaqların özündən və qanuni nümayəndələrindən alınır. Eyni yanaşma “Media haqqında” AR Qanununda da müəyyən edilmişdir.  9.          Uşağın iştirakı ilə və ya ona aid hər hansı məsələ ilə bağlı icraatın uşağın psixoloji, sosial, emosional və fiziki sağlamlığının qiymətləndirilməsi və onun üstün mənafelərinin müəyyən edilməsi məqsədilə hərtərəfli yanaşmadan(yəni multidissiplinar) istifadə etməklə həyata keçirilməsi tələb olaraq müəyyən edilmişdir.     Uşaqlar barəsində icraatın bütün mərhələlərində prosedurların uşaq üçün aydın və əlçatan olması təmin edilməlidir. Uşaqlar yaşına, cinsiyyətinə və şəxsiyyətinin xüsusiyyətlərinə görə tələb olunan qulluq, müdafiə və digər fərdi yardımla təmin edilməlidirlər.  10.        Uşaqlar barəsində və ya onların cəlb olunduğu işlər üzrə icraatı həyata keçirən şəxslər uşaq hüquqları barədə biliklərə və uşaqlarla iş üzrə bacarıqlara malik olmalıdırlar.  11.        Uşaq hüquqları ilə bağlı hər hansı qərar qəbul edilərkən nəzərə alınmalı olan 8 tələb müəyyən edilmişdir ki, bu da müvafiq sahədə uşaqyönümlü yanaşmanı təmin edəcəkdir.  12.          Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurum olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Audiovizual Şurası ilə yanaşı prokuror da müəyyən edilmişdir. Mövcud qanunvericiliyə əsasən dövlət nəzarəti sahəsində qurumlararası əlaqələndirmə AR Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən həyata keçirilir.  Belə ki, son illərdə ailə qanunvericiliyinə edilən dəyişikliklər əsasında uşaqların hüquqlarının qorunması istiqamətində prokurorluğun səlahiyyətləri genişləndirilmişdir. Prokurorluğun həmçinin cinayət və inzibati xətalar haqqında işlərdə uşaq hüquqlarının təmin edilməsinə prosessual nəzarət funksiyası vardır.  13.        Qanunun 8-ci maddəsi uşaq siyasətinin əlaqələndirilməsi, həyata keçirilməsi nəzarəti və monitorinqi ilə bağlı məsələləri tənzimləyir;  Əlaqələndirmə - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən;  Nəzarət – Azərbaycan Respublikasının Nazrilər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən dövlət nəzarəti mexanizmi çərçivəsində; Monitorinq -  İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) tərəfindən müstəqil monitorinq mexanizmi olaraq həyata keçiriləcəkdir. Yeni Qanunda təsbit edilmiş hüquq sahələrini tənzimləyən qanunlarla yanaşı, mexanizm olaraq AR Prezidentinin və AR Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara göndəriş edilir ki, bu qaydaların əksəriyyəti məhz  Uşaq Strategiyasının Fəaliyyət Planı çərçivəsində qəbul edilmişdir.  “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu   

Ətraflı
Dövlət Komitəsi Bakı şəhərinin Xəzər rayonu və regionlarda növbəti “Açıq qapı” günü keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə  Dəstək Mərkəzləri tərəfindən növbəti “Açıq qapı” günü keçiriləcək. “Açıq qapı” günü 24 aprel 2026-cı il tarixində, saat 10:00-dan 13:00-dək psixoloq və sosial işçilərin iştirakı ilə Bakı şəhərinin Xəzər rayonu, Ağdam, Goranboy, Göygöl, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarının qəsəbə və kəndlərində səyyar şəkildə keçiriləcəkdir. “Açıq qapı” gününün keçirildiyi məkanlar barədə məlumatı almaq üçün aşağıdakı linkə keçid edin.    https://family.gov.az/storage/news/April2025/news_22_os1DwjOV48.pdf

Ətraflı
“Gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətinin təkmilləşdirilməsi və effektiv koordinasiya” mövzusunda təlimlərə start verilib

15 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən təlimin ilk günündə yerli icra hakimiyyəti orqanlarının gender məsələləri üzrə məsul şəxsləri iştirak edib. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, təlimlərin keçirilməsində məqsəd gender məsələləri üzrə məsul şəxslərin işinin təkmilləşdirilməsi, onlar arasında səmərəli şəbəkələşməsinin təmin edilməsi, gender bərabərliyi sahəsindəki qanunvericiliklə bağlı səlahiyyətlərini və vəzifələrin aydın şəkildə müəyyən edilməsindən ibarətdir. O, bu sahədə institusional yanaşmanın gücləndirilməsinin, gender məsul şəxslərin fəaliyyətinin daha səmərəli təşkilinin və əlaqələndirmənin artırılmasının vacibliyini diqqətə çatdırıb. Çıxış zamanı 2026–2028-ci illər üçün Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının icrasının əhəmiyyəti qeyd olunaraq, gender bərabərliyi sahəsində qəbul edilmiş qanunvericilik və siyasət sənədlərinin effektiv tətbiqində aidiyyəti qurumların rolunun xüsusi önəm daşıdığı bildirilib. Ekspert Abil Bayramov tərəfindən aparılan təlim proqramı çərçivəsində iştirakçılara gender məsələləri üzrə məsul şəxslərin funksiya və vəzifələri, institusional mexanizmlər, eləcə də qurumlararası koordinasiyanın gücləndirilməsi istiqamətində praktik bilik və bacarıqlar təqdim olunub. Təlim interaktiv müzakirələrlə davam edib. Qeyd edək ki, təlimlər 16 aprel tarixində bank sektorunun, 17 aprel tarixində isə özəl şirkətlərin gender məsələləri üzrə məsul şəxsləri üçün davam etdiriləcək.

Ətraflı