Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
“Erkən evlilik və qohum evliliyin mənfi nəticələri” mövzusunda növbəti görüş keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclər üçün növbəti maarifləndirici görüş keçirilib. 14 aprel 2026-cı il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Erkən evlilik və qohum evliliyin mənfi nəticələri” mövzusunda keçirilən görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edib. O, erkən və qohum evliliklərin yaratdığı mənfi nəticələr, bu halların qarşısının alınması məqsədilə qəbul edilmiş normativ-hüquqi sənədlər, eləcə də Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib, yanlış stereotiplərdən qaynaqlanan erkən və qohum evliliklər ilə mübarizədə cəmiyyətin bütün üzvlərinin fəal iştirakı mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Daha sonra Mərkəzinin direktoru Şaban Cəərçiyev çıxış edərək, tələbələrə ailə həyatına hazırlığa dair  öz tövsiyələrini verib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı sosial çarx nümayiş etdirilib.    

Ətraflı
“Sağlam ailə, balanslı karyera və şəxsi inkişaf” mövzusunda gənclərlə görüş keçirilib

15 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində “Sağlam ailə, balanslı karyera və şəxsi inkişaf” mövzusunda gənclərlə görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd gənclər arasında sağlam ailə dəyərlərinin təşviqi, karyera planlaşdırılması ilə şəxsi həyat arasında balansın qorunmasının əhəmiyyəti barədə maarifləndirmənin gücləndirilməsi, eləcə də şəxsi inkişafın müasir çağırışlar kontekstində rolu haqqında məlumatlandırmanın təmin olunması olub. Tədbirdə Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Ləman Mahmudova çıxış edərək ailə institutunun cəmiyyətin dayanıqlı inkişafında oynadığı mühüm roldan bəhs edib. O, müasir dövrdə ailədaxili münasibətlərdə qarşılıqlı hörmət, effektiv ünsiyyət və emosional bağlılığın qorunmasının vacibliyini vurğulayıb, gənclərin sağlam və dəyər yönümlü ailə modeli formalaşdırmasında maarifləndirici təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra Azərbaycan İqtisad Universitetinin Qiymətləndirmə şöbəsinin müdiri Sevinc Burzuyeva çıxış edərək karyera inkişafı prosesində düzgün planlaşdırmanın, vaxtın səmərəli idarə olunmasının və şəxsi inkişafın əhəmiyyətindən danışıb. O, gənclərin peşəkar fəaliyyətlə yanaşı şəxsi həyat balansını qorumasının uzunmüddətli uğurun əsas şərtlərindən biri olduğunu qeyd edib. Çıxışlar zamanı həmçinin şəxsi inkişafın fərdin həyat keyfiyyətinə təsiri, emosional zəkanın rolu və müasir dövrdə dəyişən sosial mühitə uyğunlaşma bacarıqlarının artırılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, bu kimi maarifləndirici görüşlərin keçirilməsi gənclərin sağlam həyat tərzi, ailə dəyərləri və balanslı inkişaf istiqamətində məlumatlılığının artırılmasına mühüm töhfə verir. İnteraktiv müzakirələr fotmatında davam edən görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ətraflı
AQEM Qadınlar Şurasının yaradılması ilə bağlı ictimaiyyətə məlumat verildi

14 aprel 2026-cı il tarixində “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans və AQEM Qadınlar Şurasının yaradılması ilə bağlı brifinq keçirilib. Brifinqdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova AQEM-in Azərbaycan sədirliyində Qadınlar Şurasının yaradılması təşəbbüsünün əhəmiyyətini qeyd edib və əldə edilən nəaliyyətlərdən danışıb. Sədr vurğulayıb ki, AQEM və Azərbaycan höküməti arasında digər sahələrlə yanaşı qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində davamlı əməkdaşlıq aparılacaq: “Biz həm də qadın və uşaqların maraqlarını Qadınlar Şurası sayəsində AQEM-də irəli sürəcəyik”. Öz növbəsində AQEM-in Baş katibi Kayrat Sarıbay Təşkilatın bu günə qədər olan fəaliyyətindən bəhs edərək, Qadınlar Şurasının yaradılmasını uğurlu təşəbbüs kimi qiymətləndirib. K.Sarıbay sülh naminə birlik olmaq üçün qadınların səsinin gücləndirilməsinin vacib olduğunu vurğulayıb. Jurnalistlərə tədbir çərçivəsində əldə olunan nəticələr, qadınların rolunun gücləndirilməsi istiqamətində görülən işlər və Şuranın gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilib, onların sualları cavablandırılıb. Brifinq zamanı beynəlxalq konfrans çərçivəsində müxtəlif ölkələrdən yüksək səviyyəli nümayəndələrin və akademik dairələrin iştirakı ilə qadın sahibkarlığı, rəqəmsallaşma, innovativ inkişaf və iqlim dəyişikliklərinə qarşı mübarizədə qadın liderliyinin rolu kimi qlobal mövzular üzrə müzakirələrin aparıldığı diqqətə çatdırılıb. Aparılmış müzakirələrin qadınların iqtisadi və sosial proseslərdə iştirakının genişləndirilməsi, rəqəmsal imkanlardan səmərəli istifadənin təşviqi və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.  

Ətraflı
AQEM Qadınlar Şurasının ilk iclası keçirildi

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğulayıb ki, bugünkü görüş qadınların rolunun gücləndirilməsi, dialoqun inkişafı və regionda əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımdır. Komitə sədri iştirakçılara məzmunlu çıxışlarına görə təşəkkürünü bildirərək qeyd edib ki, irəli sürülən təkliflər gələcək fəaliyyət üçün etibarlı zəmin rolunu oynayacaq və konkret nəticələrin əldə olunmasına imkan verəcəkdir. Komitə sədri, Azərbaycan sədrliyinin institusional inkişaf prioritetləri çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsünün iştirakçı dövlətlər tərəfindən geniş dəstək qazandığını diqqətə çatdırıb. O əlavə edib ki, bu Şura qarşılıqlı etimadın möhkəmləndirilməsi, qabaqcıl təcrübələrin mübadiləsi və qadınların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində təşəbbüslərin təşviqi üçün təsirli mexanizm olacaq. AQEM-in Baş katibi Kayrat Sarıbay qeyd edib ki, Qadınlar Şurasının yaradılması dialoqu fəaliyyətə çevirmək və həyatın bütün müvafiq sahələrində qadınların mənalı iştirakı vasitəsilə idarəetməni daha inklüziv etmək əzmini göstərir. O, Qadınlar Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdiyinə görə, Azərbaycan sədrliyinə dərin minnətdarlığını bildirib. Baş katib bildirib ki, illər keçdikcə AQEM Asiya dövlətlərini sülhün, sabitliyin və genişspektrli məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi kimi ortaq hədəf ətrafında birləşdirən yetkin, çoxtərəfli platformaya çevrilib. Bu gün Asiya AQEM-in missiyasını hər zamankından daha aktual edən çağırışlarla üz-üzədir. “Geosiyasi təlatümlər, iqtisadi qeyri-sabitlik və artan sosial-humanitar ehtiyaclar bizdən yalnız dialoq platforması olmağı deyil, həm də etimadı gücləndirməyə, koordinasiyanı təmin etməyə, regionda sülh, təhlükəsizlik, sabitlik və dayanıqlı inkişafı təşviq etməyə qadir olan konkret təşəbbüslərin mənbəyi olmağımızı tələb edir” - deyə o əlavə edib. İclas Dövlət Komitəsinin sədr müavini, Qadınlar Şurasının üzvü Sədaqət Qəhrəmanovanın sədrliyi təqdimatı ilə davam edib. O çıxışında vurğulayıb ki, Qadınlar Şurasının təsis edilməsi davamlı inkişafın, iqtisadi artımın və regional təhlükəsizliyin təminində qadınların fəal iştirakının artırılması baxımından vacib və vaxtında atılmış addımdır. S. Qəhrəmanova, Qadınlar Şurasının, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və qabaqcıl təcrübə mübadiləsi üçün məsləhətçi mexanizm kimi yaradıldığını, Şuranın fəaliyyətinin tövsiyələrin hazırlanmasına, səylərin koordinasiyasına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönələcəyini bildirib. Komitə sədrinin müavini bəzi ölkələrdə qadınların iqtisadi və ictimai-siyasi proseslərdə iştirakını məhdudlaşdıran struktur maneələrin hələ də mövcud olduğunu da qeyd edib. Onun sözlərinə görə, məhz bu səbəbdən Qadınlar Şurasının yaradılması birgə həll yollarının axtarışı və effektiv dəstək mexanizmlərinin hazırlanması üçün yeni imkanlar açır. “Azərbaycanın təcrübəsi göstərir ki, qadınların təhsilə, maliyyə resurslarına və müasir texnologiyalara çıxışı təmin edildikdə mühüm sosial-iqtisadi nəticələr əldə olunur. Qadınların sahibkarlıq, rəqəmsal xidmətlər və dayanıqlı təşəbbüslərdə fəal iştirakı cəmiyyətin rifahına ciddi töhfə verir”-deyə o əlavə edib. Daha sonra AQEM-ə üzv dövlətlərin yüksək səviyyəli nümayəndələri çıxış edərək, qadınların davamlı inkişaf məqsədlərinə töhfəsi, rəqəmsallaşma və özəl sektor sahələrində iştirakının artırılması, innovativ və davamlı sahibkarlığın təşviqi, eləcə də ətraf mühitin qorunması və iqlim dəyişiklikləri ilə mübarizədə qadınların rolu kimi aktual məsələləri müzakirə ediblər. Qeyd edilib ki, regionda icma həmrəyliyinin, o cümlədən qadınların iqtisadi cəhətdən gücləndirilməsi, gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılması, ətraf mühitin qorunması, qadınların iştirakının təmin edilməsi, iqlim dəyişikliyi ilə bağlı təşəbbüslərin və qadın sahibkarlığının dəstəklənməsi, həmçinin əməkhaqqı fərqinin aradan qaldırılması dayanıqlı gələcəyin, təhlükəsiz və dinamik cəmiyyətin formalaşması üçün vacib amillərdir. Müzakirələrin yekununda AQEM Qadınlar Şurasının tövsiyə sənədi qəbul edilib.

Ətraflı
“Ətraf mühitin qorunması və dayanıqlılığın qurulmasında qadın liderliyi” mövzusunda növbəti panel müzakirə təşkil edilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində “Ətraf mühitin qorunması və dayanıqlılığın qurulmasında qadın liderliyi” mövzusunda növbəti panel müzakirə təşkil edilib. Panelin moderatoru AQEM Katibliyinin humanitar meyar üzrə eksperti İsmət Cahan tədbir iştirakçılarını salamlayaraq, ətraf mühitin qorunması və dayanıqlı inkişafın təmin olunmasında qadınların roluna diqqət çəkib. İ. Cahan icmanın gücləndirilməsində qadınların böyük rola malik olduğunu, onların iştirak və qərarvermə prosesindəki rolunun artırılmasının əhəmiyyətini qeyd edib. Bu kontekstdə cari tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan moderator, müzakirələrin birgə səylərlə mühüm nəticələrə və dəyərli töhfələrə gətirib çıxaracağına inamını ifadə edib. Monqolustan Respublikasının Ailə, Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi Munkhzul Lkhagvasurençıxışında iqlim dəyişikliklərinin və ekoloji problemlərin ölkəsi üçün ciddi çağırışlar yaratdığını bildirib. O qeyd edib ki, qadınlar bu təsirlərdən daha çox zərər görsələr də, eyni zamanda ətraf mühitin qorunması və dayanıqlılığın təmin olunmasında mühüm rol oynayan əsas qüvvələrdir. M. Lkhagvasuren bildirib ki, Monqolustanda gender bərabərliyi və qadınların liderliyinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir, bu məqsədlə onların qərarqəbuletmə proseslərində iştirakı, resurslara və imkanlara çıxışı genişləndirilir. Növbəti panelçi Kamboca Krallığının Qadın İşləri Nazirliyinin dövlət katibi Man Chinda çıxışında iqlim dəyişikliklərinin ölkəsi üçün ciddi sosial-iqtisadi çağırışlar yaratdığını diqqətə çatdırıb. O qeyd edib ki, qadınlar ətraf mühitin qorunması və dayanıqlılığın təmin olunmasında mühüm rol oynayan əsas aktorlardır. Bildirilib ki, qadınların qərarqəbuletmə proseslərində iştirakının genişləndirilməsi, onların resurslara və imkanlara çıxışının artırılması, eləcə də genderəhəssas yanaşmaların gücləndirilməsi dayanıqlı və inklüziv inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Daha sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək, Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində ardıcıl və məqsədyönlü siyasətin həyata keçirildiyini qeyd edib. Ətraf mühitin qorunmasında gender balansının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan U. Tağıyeva ekoloji təşəbbüslərdə qadınların və gənc qızların, xüsusilə IDEA İctimai Birliyi kimi platformalar vasitəsilə yaşıllaşdırma, biomüxtəlifliyin qorusunması, maarifləndirmə layihələrində qadınların aktiv iştirakının müşahidə olunduğunu bildirib. Eyni zamanda Heydər Əliyev Fondunun fəaliyyətinin də bu sahədə xüsusi əhəmiyyət daşıdığını nəzərə çatdırıb.

Ətraflı
AQEM-də qadın sahibkarlığı və rəqəmsallaşma imkanları müzakirə olunub

“AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın birinci paneli “KOB-larda qadın sahibkarlar: süni intellekt və rəqəmsallaşmanın imkanlarından istifadə” mövzusuna həsr olunub. Panelə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Regional Təhlükəsizlik İdarəsinin şöbə müdiri Nərmin Ahəngari moderatorluq edib. O, çıxışında qadınların iqtisadi fəallığının artırılmasının davamlı inkişaf üçün vacibliyini vurğulayıb və müzakirə üçün panelçilərə söz verib. Panel müzakirələrində qadın sahibkarlığının inkişafı, KOB-ların rəqəmsal transformasiyası və süni intellektin bu sahədə yaratdığı yeni imkanlar barədə fikir mübadiləsi aparılıb. Özbəkistan Respublikası Baş nazirinin müavini, Ailə və Qadınlar Komitəsinin sədri Zulayxo Mahkamova qadınların iqtisadi müstəqilliyinin gücləndirilməsinin dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu, bu sahədə çoxsaylı proqram və strategiyaların icra olunduğunu bildirib. Özbəkistan rəsmisi rəqəmsallaşmanın biznes mühitində səmərəliliyi artırdığını, xüsusilə qadınların İT və süni intellekt sahəsində iştirakını genişləndirdiyini qeyd edib və reallaşdırılan layihələrdən söz açıb. Z.Mahkamova qadınların təhsili və iqtisadi müstəqilliyinin cəmiyyətin davamlı inkişafında əsas rol oynadığını bildirərək, bu istiqamətdə islahatların və beynəlxalq əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb. AQEM məkanında əməkdaşlığın gücləndirilməsinin və təcrübə mübadiləsinin qadınların ictimai həyatda iştirakını daha da genişləndirəcəyinə əminliyini ifadə edib. Türkiyə təcrübəsini bölüşən ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş KOB-larda qadın sahibkarlığının, süni intellekt və rəqəmsallaşmanın qlobal iqtisadi transformasiyanın əsas istiqamətlərindən biri olduğunu bildirib. O, qadın sahibkarların məşğulluğun artırılması, iqtisadi inkişafın sürətləndirilməsi və cəmiyyətin gücləndirilməsində, Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasında həlledici rola malik olduğunu diqqətə çatdırıb. M.Özdemir, süni intellektin KOB-lar üçün yeni imkanlar yaratdığını, lakin maliyyəyə çıxış, texnologiya və rəqəmsal bacarıqlar sahəsində bərabər imkanların təmin olunmamasının gender bərabərsizliyini dərinləşdirə biləcəyini vurğulayıb. Xanım nazir, Türkiyədə qadınların rəqəmsal iqtisadiyyatda gücləndirilməsi istiqamətində kompleks siyasətin həyata keçirildiyini bildirib, qadınların rəqəmsal bacarıqlarının artırılması, e-ticarətə çıxışının genişləndirilməsi, STEM sahələrində iştirakının təşviqi və sahibkarlıq ekosistemində rolunun gücləndirilməsi üçün müxtəlif proqramların icra olunduğunu diqqətə çatdırıb. O, regional əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayaraq, qadın sahibkarlığının dəstəklənməsinin qlobal rifah üçün strateji investisiya olduğunu bildirib. Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qadınların cəmiyyətin və iqtisadiyyatın ayrılmaz hissəsi olduğunu vurğulayıb. Bildirib ki, qadınların iqtisadi fəaliyyətə cəlb olunması inklüziv və davamlı inkişafın əsas şərtlərindən biridir və bu, yalnız gender bərabərliyi deyil, həm də strateji iqtisadi inkişaf məsələsidir. H.Hüseynova, Azərbaycanın təşəbbüsü ilə yaradılan AQEM Qadınlar Şurasının regionda qadın sahibkarlığının inkişafına töhfə verəcəyini deyib. O, həmçinin süni intellekt və rəqəmsallaşmanın qadın sahibkarlığı üçün yeni imkanlar yaratdığını vurğulayaraq, bu sahədə beynəlxalq təcrübə mübadiləsinin və əməkdaşlığın əhəmiyyətini qeyd edib. Növbəti panelçi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında qadınların sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi mexanizmlərinin əhəmiyyətindən danışıb. O, dövlət tərəfindən sahibkarlığın, xüsusilə qadın sahibkarlığının inkişafına geniş dəstək göstərildiyini qeyd edərək, regionlarda yaşayan qadınların KOB sektorunda təmsilçiliyinin artırılması, bazara çıxışının asanlaşdırılması istiqamətində tədbirlərin həyata keçirildiyini bildirib, bir sıra statistik göstəriciləri diqqətə çatdırıb. O.Məmmədov, kiçik və orta biznes subyektlərinin rəqəmsallaşması istiqamətində həyata keçirilən layihələri vurğulayıb. Pakistan İslam Respublikasının İnsan Hüquqları Nazirliyinin katibi Abdul Xaliq Şaiq çıxışında mövzunun əhəmiyyətini qeyd edərək, belə tədbirlərin müsbət təcrübələrin bölüşülməsi, qarşıda duran hədəflər, yeni çağırışlarla bağlı düşüncələrin paylaşılması üçün fürsət olduğunu bildirib. O qeyd edib ki, qadınların rəqəmsal bacarıqlarla təmin edilməsi, maliyyə inklüzivliyi və rəqəmsal iqtisadiyyata inteqrasiyası dayanıqlı məşğulluğun təmin olunmasında əsas rol oynayır.  A.Şaiq rəqəmsallaşmanın, eləcə də süni intellekt texnologiyalarının yeni imkanlar yaratdığını, rəqəmsallaşma sahəsində gender bərabərliyinin təmin edilməsi istiqamətində tədbirlər görüldüyünü deyib. Əfqanıstanın Qadın və Uşaqlar üzrə Araşdırma və Təbliğat Şəbəkəsinin icraçı direktoru Zarqa Yaftali, ölkəsində qadınların ciddi məhdudiyyətlər, hüquq pozuntuları və gender ayrı-seçkiliyi ilə üzləşdiyini, təxminən iki milyona yaxın qadının təhsil, səhiyyə və məşğulluq hüquqlarının məhdudlaşdırıldığını bildirib. O, buna baxmayaraq qadınların təhsil almaq və gələcəklərini dəyişmək istiqamətində səylərini davam etdirdiklərini qeyd edib. Z.Yaftali, qadınların texnologiyalara çıxışının artırılması, rəqəmsal bacarıqlarının inkişafı və təhsil imkanlarının genişləndirilməsi üçün tədbirlərin görüldüyünü, həmçinin kiçik qrantlar və rəqəmsal platformalar vasitəsilə onların iqtisadi fəallığının dəstəkləndiyini vurğulayıb. O, qadınların,  eləcə də gənc nəslin təhlükəsizlik və sülh proseslərinə cəlb olunmasının vacibliyini qeyd edib. Tacikistan Respublikası Hökuməti yanında Qadın və Ailə İşləri Komitəsi sədrinin müavini Zarina Abdulmainzoda, ölkəsində qadınların hüquqlarının genişləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu, gender bərabərliyi üzrə çoxsaylı strategiya və proqramların həyata keçirildiyini qeyd edib. Z.Abdulmainzoda, qadın sahibkarlığının dəstəklənməsi məqsədilə dövlət proqramları, qrant və maliyyə alətlərinin tətbiq olunduğunu, nəticədə qadınların iqtisadi fəallığının və biznesdə iştirakının artdığını diqqətə çatdırıb. Videomüraciətində Tayland təcrübəsindən danışan Krallığın Sosial İnkişaf və İnsan Təhlükəsizliyi Nazirliyinin Qadın işləri və ailə inkişafı departamentinin baş direktoru Jatuporn Rojanaparnix qadınların KOB-larda geniş təmsil olunduğunu, ümumi kiçik və orta biznes subyektlərinin fəaliyyətinin əhəmiyyətli hissəsini qadınların təşkil etdiyini bildirib. O, Taylandda qadınların iqtisadiyyatda rolunun gücləndirilməsinin süni intellekt və texnologiyaların tətbiqi ilə daha da dəstəkləndiyini diqqətə çatdırıb. O, AQEM Qadınlar Şurasının qadınların səlahiyyətləndirilməsi və təşəbbüskarlığının artırılması baxımından mühüm platforma olduğunu vurğulayıb, ölkəsinin bu istiqamətdə təcrübə mübadiləsinə və əməkdaşlığa hazır olduğunu bildirib. O, rəqəmsallaşma və süni intellekt strategiyalarının qadınlar üçün yeni imkanlar yaratdığını qeyd edərək, beynəlxalq təcrübə mübadiləsinin qadınların iqtisadi rolunun daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Panel interaktiv müzakirələrlə davam edib. Çıxışlarda xüsusilə süni intellekt texnologiyalarının qadın sahibkarlar üçün yeni bazarlara çıxış, məhsuldarlığın artırılması və innovativ həllərin tətbiqi baxımından yaratdığı imkanlar diqqət mərkəzində olub. Sonda qeyd olunub ki, qadınların rəqəmsal iqtisadiyyatda fəal iştirakı AQEM məkanında davamlı inkişafın təmin olunmasında mühüm rol oynayacaq.

Ətraflı
“Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda yan tədbir keçirilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı yan tədbir keçirilib. Tədbirin məqsədi qadın sahibkarlığının təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri və hüquqi çərçivə barədə məlumatlılığın artırılması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi olub. Tədbirin moderatoru Azərbaycan Respublikası Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakına diqqət çəkərək qeyd edib ki, ölkəmiz müasir çağırışlar və gələcək vəzifələri nəzərə almaqla bir çox layihələrin müəllifidir. Azərbaycanın AQEM çərçivəsində qadınların səlahiyyətləndirilməsi və iqtisadi fəallığının artırılması istiqamətində mühüm təşəbbüslərlə çıxış etdiyini bildirən H.Hüseynova bu baxımdan keçirilən tədbirlər və AQEM Qadınlar Şurasının ilk iclasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Deputat qeyd edib ki, ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində mühüm qanunvericilik bazası formalaşdırılıb, qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün bərabər hüquqi imkanlar yaradılıb. Eyni zamanda, Milli Məclisdə ictimai dinləmələr keçirilir, sahibkar qadınların təklifləri nəzərə alınır və qanunvericilik təşəbbüsləri davam etdirilir. Hicran Hüseynova tədbir çərçivəsində aparılan müzakirələrin qadın sahibkarlığının inkişafı ilə bağlı konkret nəticələrin əldə olunmasına və gələcək fəaliyyət üçün yol xəritəsinin hazırlanmasına xidmət edəcəyinə inamını ifadə edib. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların iqtisadi fəallığının artırılmasının, onların sahibkarlıq imkanlarının genişləndirilməsinin sosial inklüzivliyin təmin edilməsi və davamlı iqtisadi inkişafın mühüm hərəkətverici qüvvələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, qadın sahibkarlığının inkişafı üçün əlverişli mühitin yaradılması, qanunvericilik bazasının müasir çağırışlara uyğun təkmilləşdirilməsi və effektiv dövlət dəstəyi mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda qadın sahibkarların fəaliyyətinin dəstəklənməsi məqsədilə müxtəlif dövlət proqramlarının həyata keçirildiyini diqqətə çatdıran Komitə sədri qadınların maliyyə resurslarına çıxışın genişləndirilməsi, təlim və mentorluq imkanlarının artırılması, eləcə də startap təşəbbüslərinin təşviqi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Bahar Muradova qadınların iqtisadi müstəqilliyinin gücləndirilməsi, qərarqəbuletmə proseslərində iştirakının artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, həmçinin parlament və hökumət səviyyəsində əməkdaşlığın gücləndirilməsinin, qanunvericilik təşəbbüslərinin praktik ehtiyaclara uyğunlaşdırılmasının və siyasətlərin icrasına effektiv nəzarət mexanizmlərinin qurulmasının əhəmiyyətini qeyd edib. Çıxış edən Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabər İmkanlar Komitəsinin sədri  Çiğdem ErdoğanTürkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin qadınların inkişafı və iqtisadi fəallığının artırılması baxımından mühüm rol oynadığını vurğulayıb. Qadınların iqtisadi, sosial və ictimai həyatın bütün sahələrində fəal iştirakının zəruri olduğunu diqqətə çatdıran Ç. Erdoğan bildirib ki, Türkiyədə qadınların iqtisadiyyata inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib, bu məqsədlə hüquqi maneələr aradan qaldırılıb, çevik əmək modelləri və sosial dəstək mexanizmləri tətbiq olunub. Çiğdem Erdoğan ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, qadın sahibkarlar üçün ortaq mentorluq şəbəkələrinin yaradılmasının əhəmiyyətini vurğulayıb. O əlavə edib ki, qadınların iqtisadi güclənməsi təkcə sosial rifah deyil, həm də regional sabitlik və təhlükəsizliyin əsas amillərindən biridir. Qazaxıstan Respublikası Məclisinin Sosial və Mədəni İnkişaf Komitəsinin katibi  Nurqül Tau Qazaxıstanda cəmiyyətdə qadınların rolunun artırılması, potensialının üzə çıxarılması və iqtisadi fəallığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. N.Tau qadın sahibkarlığının inkişafı və qadınların təhsil imkanlarının genişləndirilməsi, o cümlədən innovasiya sahəsində iştirakının dəstəklənməsi layihələrini qeyd edib. Eləcə də bu tədbirlərin ölkədə iqtisadiyyatın inkişafına təsirini vurğulayıb. Nurqül Tau, AQEM Qadın Şurasının yaradılmasının regionda qadınların inkişafına, öz potensiallarını reallaşdırmasına və sahibkarlıq imkanlarının genişləndirilməsinə şərait yaratdığını deyib. Daha sonra Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyi İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək, Azərbaycanda qadın sahibkarlığının inkişafına xüsusi önəm verildiyini bildirib. O qeyd edib ki, son illərdə qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib ki, bu da ölkədə müsbət iqtisadi dinamikanın göstəricisidir. Çıxışda vurğulanıb ki, qadınların beynəlxalq ticarət və tədbirlərdə iştirakı genişlənir, onların fəaliyyətinə kadr hazırlığı, layihə və müsabiqələr vasitəsilə dəstək göstərilir. Eyni zamanda sənaye, səhiyyə və turizm sahələrində qadın sahibkarlığı üçün geniş perspektivlərin mövcud olduğu, rəqəmsal imkanların inkişafının isə bu sahədə prioritet istiqamət təşkil etdiyi diqqətə çatdırılıb. Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova kənd qadınlarının ölkə iqtisadiyyatında mühüm rol oynadığını bildirib. O, qadınların sahibkar kimi formalaşması üçün elektron xidmətlərin inkişafı və maliyyə resurslarına çıxışın genişləndirilməsi əsas prioritetlərdən olduğunu qeyd edib. Gülbəniz Qənbərova əlavə edib ki, regionlarda kollektiv qadın biznes modelləri genişlənir, qadınlar birgə fəaliyyət göstərərək istehsal və gəlirlərini artırır, həmçinin digər qadınların məşğulluğuna töhfə verirlər. Qeyd edib ki, dövlət tərəfindən subsidiya, güzəştli kredit və təlim proqramları vasitəsilə qadın sahibkarlığına dəstək göstərilir, hüquqi mexanizmlərin sadələşdirilməsi isə bu sahəyə çıxışı asanlaşdırır. Tədbirdə, həmçinin qadınların biznes fəaliyyətinə çıxış imkanlarının genişləndirilməsi, maliyyə və qeyri-maliyyə dəstək mexanizmlərinin inkişafı, hüquqi və institusional çərçivənin daha da gücləndirilməsi, eləcə də gender bərabərliyini təşviq edən siyasətlərin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Ətraflı
“AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirildi

14 aprel 2026-cı il tarixində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının AQEM-ə sədrliyi çərçivəsində təşkil olunan tədbirdə qonaqları salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, ölkəmizin çoxtərəfli diplomatiyada fəal iştirakı və regional təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələr ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunu aydın şəkildə nümayiş etdirir. Bu baxımdan, daha güclü əməkdaşlıq, bağlantılılıq, rəqəmsallaşma və Asiyada dayanıqlı inkişaf mövzusu üzrə sədrliyimiz sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasətimizin mühüm tərkib hissəsidir. Pekin Bəyannaməsinin qadınların cəmiyyətin bütün sahələrində tam və bərabər iştirakını inklüziv inkişafın əsas şərti kimi vurğuladığını qeyd edən B. Muradova bildirib ki, rəqəmsallaşma, iqlim dəyişikliyi və iqtisadi transformasiya kimi müasir çağırışlar yeni yanaşmalar tələb edir. Bugünkü müzakirələr də bu səbəbdən çox vacibdir. “Qadınların rəqəmsal inkişafda, o cümlədən süni intellekt və innovasiyada iştirakının genişləndirilməsi dayanıqlı inkişafın əsas hərəkətverici qüvvələrindən biridir” - deyən Komitə sədri diqqətə çatdırıb ki, qadınların ətraf mühitin qorunmasında və iqlim fəaliyyətində liderliyi yalnız ekoloji dayanıqlığa deyil, həm də sosial-iqtisadi davamlılığa da töhfə verir. O, tərəfdaşlarla həyata keçirilən maarifləndirmə proqramlarının qadınların ekoloji inkişafda və uyğunlaşma proseslərində iştirakını dəstəklədiyini vurğulayıb və bildirib ki, bu səylər icma səviyyəsində liderliyi gücləndirir və Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verir. B. Muradova gender bərabərliyinin həyata keçirilməsi ilə bağlı illik hesabatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunduğunu, eyni zamanda Süni İntellekt Strategiyası, Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planı, Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı kimi mühüm sənədləri diqqətə çatdıraraq, bildirib ki, bu sənədlər dövlət siyasətinin daha da gücləndiyini və rəqəmsal təhlükəsizliklə yanaşı, qadınların innovasiya və sahibkarlıqda iştirakına diqqətin artırıldığını nümayiş etdirir. Regional və beynəlxalq platformalarda dialoq və təcrübə mübadiləsinin daha inklüziv siyasətlərin formalaşdırılmasına kömək etdiyini qeyd edən Komitə rəsmisi vurğulayıb ki, bu tədbirə ev sahibliyi etmək və təcrübəmizi bölüşmək imkanı bizim üçün yüksək qiymətləndirilir: “Qadınların gücləndirilməsi sahəsində real nəticələrin əldə olunması hökumətlər, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti arasında güclü tərəfdaşlıqlar tələb edir. Bildirib ki,, Qadınlar Şurasının yaradılması əməkdaşlığın yeni mərhələsini göstərir. Bu gün keçirilən ilk görüşün ideyaların praktiki fəaliyyətə çevrilməsi baxımından vacibliyini qeyd edib: “Bu gün, biz aydın addımlar və praktik həllər üzərində razılığa gəlməliyik. İndi güclü fəaliyyət və praktik addımlar zamanıdır ki, müzakirələrimizi real nəticələrə çevirək” - deyə o çıxışını yekunlaşdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva cəmiyyətdə əsas məsələlərin müzakirəsi, xüsusilə də qadın sahibkarlığının inkişafı baxımından belə tədbirlərin mühüm rol oynadığını qeyd edib. Azərbaycanda qadınların daim yüksək qiymətləndirildiyini, onlara hörmətin mədəniyyətimizin və ənənələrimizin bir hissəsi olduğunu söyləyən L.Əliyeva bildirib ki, bu gün bütün Azərbaycan üzrə qadınlar biznes qurur, ictimai təşəbbüslərə rəhbərlik edir və real təsir yaradırlar: “Təkcə keçən il qadınlar Azərbaycanda məşğul əhalinin təxminən 50 faizini təşkil edirdi ki, bu da onların iqtisadiyyatımızda fəal və vacib rol oyandıqlarını göstərir” - deyə o əlavə edib. O diqqətə çatdırıb ki, İDEA İctimai Birliyinin təşəbbüsü ilə ekoloji layihələr, o cümlədən heyvanların mühafizəsi, ağacəkilməsi, hava çirkliliyi və tullantıların azaldılması istiqamətində müxtəlif kampaniyalar həyata keçirilir ki, bu proseslərə də minlərlə fəal qadının cəlb olunması onların təbiətə olan sevgisinin göstəricisi kimi dəyərləndirilir. L. Əliyeva qeyd edib ki, bu gün Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində davamlı inkişaf və qərar qəbuletmədə qadınların səslərinin fəal şəkildə dəstəkləndiyini görmək çox xoşdur. “AQEM Qadınlar Şurasının yaradılması vacib bir təşəbbüsdür”, - deyən Leyla Əliyeva konstruktiv ideyaları əməllərə çevirməkdə bu platformaya uğurlar arzulayıb. Çıxış edən AQEM-in Baş katibi Kayrat Sarıbay, qadınların gücləndirilməsinin əməkdaşlıq çərçivəsində milli icra proseslərinin ayrılmaz hissəsi olduğunu deyib. Bildirib ki, bu istiqamətdə qadınların iqtisadi və siyasi səlahiyyətləndirilməsi, qəbul olunmuş qərar və deklarasiyaların icrası, eləcə də dialoqun inkişafı mühüm əhəmiyyət daşıyır. O, qadınların liderlik və qərarvermə proseslərində iştirakının genişləndirilməsinin vacibliyini vurğulayıb və Asiya regionunda qadınların səsinin iqtisadiyyat, siyasət və ictimai proseslərdə hələ də kifayət qədər tanınmadığını bildirib. S.Karıbay əlavə edib ki, region üzrə əmək bazarında gender fərqi təxminən 20% təşkil edir, Azərbaycanda isə bu göstərici 50%-dir və bu, müsbət təcrübə kimi qiymətləndirilir. S.Karıbay, innovativ idarəetmə, sahibkarlıq, rəqəmsal təhlükəsizlik və iqtisadi idarəetmə sahələrində qadınların iştirakının artırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. O bildirib ki, gender bərabərliyi, qızların və qadınların hüquqlarının qorunması AQEM-in əsas strateji istiqamətlərindəndir. AQEM sədri, qadınların yoxsulluğun azaldılması, su resurslarının qorunması və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. S.Karıbay əlavə edib ki, qadın sahibkarlığının inkişafı və onların kiçik və orta biznesdə iştirakının artırılması iqtisadi gücləndirmənin əsas istiqamətlərindəndir. O, AQEM Qadınlar Şurasının yaradılmasını mühüm institusional təşəbbüs kimi qiymətləndirib. Bildirib ki, Azərbaycanın sədrliyi çərçivəsində irəli sürülən bu təşəbbüs koordinasiya və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edəcək. BMT Baş katibinin müavini, BMT Qadınlar qurumunun İcraçı direktoru Sima Sami Bahous tərəfindən videomüraciət dinlənilib. Qeyd edilib ki, qadınların liderliyi və iqtisadi gücləndirilməsi regionun dayanıqlı inkişafı və sabitliyi üçün əsas amildir. Qadınlar iqtisadiyyata böyük töhfə versələr də, hələ də aşağı maaşlı işlər, qeyri-rəsmi sektor və imkanların məhdudluğu kimi problemlərlə üzləşirlər. Onlar biznes sahibi olmaqda və qərarverici mövqelərdə kifayət qədər təmsil olunmurlar. Qadınların iqtisadi gücləndirilməsi isə onlara imkan, resurs və hüquqlar verərək bu problemlərin həllinə kömək edir və daha ədalətli iqtisadi mühit yaradır. Daha sonra “Qadınların gücləndirilməsi: milli siyasətdən beynəlxalq təşəbbüslərə” adlı film nümayiş etdirilib. Qeyd edək ki, konfrans çərçivəsində “Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanlarından istifadə” və “Ətraf mühitin qorunması və dayanıqlılığın qurulmasında qadın liderliyi” mövzusunda panel müzakirələri təşkil edilir. Eyni zamanda AQEM Qadınlar Şurasının ilk iclası baş tutacaq.  

Ətraflı
“Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda məktəb psixoloqlarına seminar keçirilib.

13 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 200 saylı tam orta məktəbdə Bakı şəhəri Nərimanov, Nəsimi və Səbail rayonu ərazisində yerləşən məktəblərin psixoloqları üçün məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi, onlara psixoloji yardımın göstərilməsi və belə halların qarşısının alınmasına dair seminar keçirilib. TədbirdəDövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun müdiri Vəfa Ələkbərova, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri İradə Muradova açılış nitqi ilə çıxış edərək mövzunun aktuallığından danışıblar. Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin əməkdaşı Günel Səfərova məktəb psixoloqlarına məişət zorakılığı hallarının vaxtında aşkar edilməsi və operativ müdaxilə ilə bağlı məktəb psixoloqlarına tövsiyələr verib. Seminarda Dövlət Komitəsinin əməkdaşı İradə Məmmədova “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu və məişət zorakılığına məruz qalmış şəxslərin müdafiəsi” barədə, Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin psixoloqları Nərmin Abbasova və Aysel Novruzova “Uşaqlara qarşı zorakılığın diaqnostikası və fəsadları” və “Məktəbdə görünməyən travmalar: məktəb psixoloqunun rolu və müdaxilə imkanları” ilə bağlı təqdimatlarla çıxış ediblər. Sonda BŞTİ-nin əməkdaşı, 200 saylı tam orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Tural Hətəmov iştirakçılara təşəkkür edib və belə tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıb. Seminar sual-cavab sessiyası ilə davam etdirilib.

Ətraflı