Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
“AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı keçiriləcək

14 aprel 2026-cı il tarixində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı keçiriləcək.Konfrans çərçivəsində “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda yan tədbir, “Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanlarından istifadə” və “Ətraf mühitin qorunması və dayanıqlılığın qurulmasında qadın liderliyi” mövzusunda panel müzakirələri təşkil ediləcək.Azərbaycan Respublikasının AQEM-ə sədrliyi çərçivəsində təşkil olunan bu mühüm tədbir qadınların davamlı inkişaf proseslərində rolunun gücləndirilməsi, onların iqtisadi və sosial həyatda iştirakının genişləndirilməsi baxımından vacib platforma rolunu oynayacaq.Konfrans zamanı AQEM-ə üzv dövlətlərin yüksək səviyyəli nümayəndələri və akademik dairələrin təmsilçiləri bir araya gələrək qadınların davamlı inkişaf məqsədlərinə töhfəsi, rəqəmsallaşma və özəl sektor sahələrində iştirakının artırılması, innovativ və davamlı sahibkarlığın təşviqi, eləcə də ətraf mühitin qorunması və iqlim dəyişiklikləri ilə mübarizədə qadınların rolu kimi aktual məsələləri müzakirə edəcəklər.Eyni zamanda, tədbir çərçivəsində təcrübə və qabaqcıl yanaşmaların mübadiləsi aparılacaq, qadınların imkanlarının genişləndirilməsinə yönəlmiş milli və regional təşəbbüslər diqqət mərkəzində olacaq.Konfransın davamı olaraq AQEM Qadınlar Şurasının ilk iclası baş tutacaq. İclas üzv dövlətlər arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatını rəsmi olaraq tətbiq edəcək. İclasda üzv dövlətlərin çıxışları dinləniləcək, davamlı artıma qadınların töhfəsi ilə bağlı fikir mübadiləsi aparılacaq. Müzakirələrin yekunu olaraq Şuranın mandatına uyğun olaraq tövsiyələrin qəbul edilməsi nəzərdə tutulur.Tədbir zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və AQEM-in Baş katibi Kayrat Sarıbayın beynəlxalq konfransa və AQEM Qadınlar Şurasının ilk iclasına həsr olunmuş brifinqi də keçiriləcək.

Ətraflı
“Sağlam ailə iqliminə psixoloji baxış” mövzusunda növbəti görüş keçirilib

9 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan İdman Akademiyasında gənclərin və müəllimələrin iştirakı ilə “Sağlam ailə iqliminə psixoloji baxış” mövzusunda maarifləndirici görüş təşkil olunub. Azərbaycan İdman Akademiyasının tələbələrlə iş üzrə prorektorunun müşaviri Lalə Əhmədova qonaqları salamlayaraq, ailənin həm fərd, həm də cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlət Komitəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli dövlət ailə siyasətinin prioritet istiqamətləri haqqında məlumat verib, ailə dəyərlərinin qorunmasının və milli-mənəvi irsin nəsildən-nəslə ötürülməsinin vacibliyini diqqətə çatdırıb. Bu sahədə Dövlət Komitəsi tərəfindən görülən işlərdən bəhs edib. Klinik psixoloq və psixoterapevt Rövşən Nəcəfov isə ailədaxili münasibətlərin düzgün qurulması, sağlam cəmiyyətin formalaşmasında sosial məsuliyyətin rolu, eləcə də süni intellektdən səmərəli istifadə ilə bağlı fikirlərini bölüşüb. Sonda fikir mübadiləsi aparılıb, ailənin mahiyyəti, onun şəxsiyyətin və cəmiyyətin inkişafına təsiri ilə bağlı iştirakçıların sualları cavablandırılıb. Tədbirdə mövzuya uyğun olaraq Dövlət Komitəsi tərəfindən hazırlanan sosial çarxlar nümayiş etdirilib.

Ətraflı
Bahar Muradova Gəncədə vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 10 aprel 2026-cı il tarixində Gəncə şəhərində vətəndaşları qəbul edib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.  Qəbul zamanı Gəncə şəhəri, Samux və Kəlbəcər rayon sakinlərinin müraciətləri dinlənilib.  Müraciətlər arasında işlə təmin olunma, alimentin ödənilməsi,  hüquqi yardım, sosial dəstəyin göstərilməsi, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli və digər mövzular yer alıb. Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq, nəzarətə götürülüb.

Ətraflı
“Parlayan Ziya Gəncədə: Elm və Sənətin İşığında” adlı ilk görüş təşkil edildi

9 aprel 2026-cı il tarixində Gəncə Dövlət Milli Dram teatrında keçirilən görüşdə qonaqları salamlayan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov layihənin əhəmiyyətini xüsusi qiymətləndirərək onun uğurlu olacağına inamını ifadə edib. O bildirib ki, gənclərin formalaşmasında mühüm rol oynayacaq layihənin ilk görüşünün məhz Gəncədə keçirilməsi təşəbbüsü təqdirəlayiqdir.  Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan xalqı ortaq köklərə, vahid mədəniyyətə və zəngin dəyərlər sisteminə malikdir. Onun sözlərinə görə, “biz bir xalqın övladı, bir nəslin nümayəndəsi və bir mədəniyyətin daşıyıcılarıyıq” və bizə miras qoyulan milli ənənə və dəyərləri qorumaq, onların aşınmasının qarşısını almaq hər bir vətəndaşın məsuliyyətidir. Bahar Muradova qeyd edib ki, sağlam ictimai münasibətlərin formalaşmasında dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti institutları, ictimai-siyasi və mədəniyyət xadimləri, şairlər, yazıçılar, alimlər və akademiklər mühüm rol oynayırlar. Onlar bədii, musiqi və elmi yaradıcılıqları vasitəsilə milli düşüncənin və mədəniyyətin inkişafına töhfə verirlər. Komitə sədri vurğulayıb ki, bu proses erkən yaşlardan, ilk növbədə ailə mühitindən başlamalıdır. Onun sözlərinə görə, insan 18 yaşa qədər formalaşma və kamilləşmə mərhələsindən keçir və bu dövrdə gənclərin mədəniyyət, elm və fikir dünyası ilə yaxından tanış olması xüsusi əhəmiyyət daşıyır. B. Muradova “Parlayan ziya” layihəsinin də məhz bu məqsədlərə xidmət etdiyini bildirib. Beləliklə, layihə çərçivəsində gənclər, valideynlər, müxtəlif dövlət qurumlarının nümayəndələri, ağsaqqallar və ağbirçəklərlə görüşlər təşkil olunaraq aktual ictimai məsələlər müzakirə edilir, ölkənin və dünyanın çağırışları fonunda gənc nəslin vəzifələri və missiyası müəyyənləşdirilir. Onun sözlərinə görə, müzakirələr zamanı insan hüquqlarının qorunması, uşaq və qadın hüquqları, zərərli vərdişlərə qarşı mübarizə, gənclərin təhlükəsizliyi və cəmiyyəti narahat edən problemlər xüsusi diqqət mərkəzində saxlanılır. “Bu gün münasibət bildirilməli məsələləri sabaha saxlamaq olmaz”, – deyə komitə sədri vurğulayıb. Bahar Muradova həmçinin qeyd edib ki, Azərbaycan hazırda tarixinin ən güclü dövrlərindən birini yaşayır və ölkənin əsas sərvəti insan kapitalıdır. O bildirib ki, hər bir vətəndaş öz biliyi, bacarığı və mövqeyi ilə bu sərvətin zənginləşdirilməsinə töhfə verməlidir. Komitə sədri əlavə edib ki, layihə çərçivəsində müxtəlif sahələrdə uğur qazanmış şəxslərlə görüşlər keçiriləcək, onların həyat və fəaliyyət təcrübəsi gənclərlə bölüşüləcək. Məqsəd gənclərin inkişafına təkan vermək və cəmiyyət üçün vacib məsələlərə işıq salmaqdır. Sonda Bahar Muradova vurğulayıb ki, müstəqil və qalib Azərbaycan dövləti ilə fəxr etməklə yanaşı, həm ölkə daxilində vəzifələrin layiqincə yerinə yetirilməsi, həm də dünya azərbaycanlılarının mənəvi və mədəni birliyinin gücləndirilməsi istiqamətində addımlar atılmalıdır. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətində Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi  Xalidə Metenin moderatorluğu ilə panel müzakirə şəklində davam edən tədbirdə ziyalılar öz təcrübələrinə əsaslanaraq bölgə üçün aktual mövzular ətrafında çıxış ediblər, gənclərin suallarını cavablandırıblar.  Çıxış edən şair, əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Baba Vəziroğlu layihədə iştirak etməkdən məmnunluğunu ifadə edərək bildirib ki, artıq ideoloji məsələlər praktik müstəviyə keçirilir və canlı görüşlərə verilən üstünlük insanlara daha böyük motivasiya qazandırır. O qeyd edib ki, insan daim özünü inkişaf etdirməli, bilik və dünyagörüşünü zənginləşdirməlidir. Süni intellekt texnologiyalarından düzgün və məqsədyönlü istifadənin təşviqi isə gənc nəslin sağlam və müasir çağırışlara uyğun formalaşmasında olduqca vacib amildir. Cənab Prezidentin Milli Elmlər Akademiyasındakı çıxışına diqqət çəkən B. Vəziroğlu qeyd edib ki, elmin gələcəyi üçün geniş və strateji yol xəritəsinin müəyyən edilməsi Azərbaycanın elmi potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru Arif Həşimov bildirib ki, Azərbaycanda işıqlı dünyanın təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin uzaqgörənliyi sayəsində ölkəmizdə energetika sistemi qurulmuş, vacib layihələr icra edilmiş və xalqımızın rifahı üçün dayanıqlı enerji təminatı yaradılmışdır. Bu nailiyyətlər həm də mədəni və ictimai həyatımıza verdiyi töhfə ilə böyük əhəmiyyət daşıyır. Əldə etdiyi uğurlardan və zəngin təcrübəsindən danışan akademik gənclərə daim öz üzərində çalışmağın və biliklərini inkişaf etdirməyin vacibliyini tövsiyə edib. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri Fuad Əliyev çıxışında şəxsi inkişaf prosesində elmin və mənəvi dəyərlərin vəhdət təşkil etdiyini xüsusi vurğulayıb. O, gənc nəslin sağlam düşüncəli, vətənpərvər və intellektual yetişməsində mütaliənin əvəzsiz əhəmiyyət daşıdığını qeyd edərək, kitab oxumağın dünyagörüşünü genişləndirdiyini və gənclərin düzgün həyat istiqaməti seçməsinə kömək etdiyini diqqətə çatdırıb. O, həmçinin elm dünyasında uşaqların uğur qazanmasında ailə mühitinin mühüm rol oynadığını bildirib. Xüsusilə anaların övladların tərbiyəsində, onların elmə marağının formalaşmasında və düzgün dəyərlər sistemi ilə yetişməsində əvəzsiz rol oynadığını vurğulayıb. Çıxışının sonunda Fuad Əliyev gəncləri elmə maraq göstərməyə, daim öyrənməyə və milli-mənəvi dəyərlərə sadiq qalaraq gələcəyin inkişafına töhfə verməyə çağırıb. Görüş ictimaiyyət tərəfindən maraqla qarşılanıb, uşaqlar və gənclər tərəfindən ünvanlanan suallar ziyalılar tərəfindən ətraflı cavablandırılıb. Səmimi və interaktiv şəraitdə keçən görüşdə iştirakçılar onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıb, dəyərli tövsiyələr əldə ediblər.  Səsləndirilən suallar əsasən şəxsi inkişaf, elm və təhsildə uğur qazanma yolları, mütaliənin rolu, karyera planlaşdırılması, sağlam ailə təməllərinin qurulması, vətənə layiq vətəndaşlar kimi yetişmək, özünü tərbiyə və müasir dövrdə gənclərin qarşılaşdığı çağırışlar kimi mövzuları əhatə edib. Tədbir bədii hissə ilə davam edib.  Qeyd edək ki, layihənin gələcəkdə ölkənin digər regionlarında da mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.

Ətraflı
“Parlayan Ziya" layihəsi çərçivəsində Gəncə üzrə əlaqələndirici şura yaradıldı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə 09 aprel 2026-cı il tarixində Gəncə şəhərində "Parlayan Ziya" layihəsi çərçivəsində “Parlayan Ziya Gəncədə: Elm və Sənətin İşığında” ziyalılarla dəyirmi masa keçirilib. Salamlama nitqi ilə çıxış edən Gəncə şəhər icra hakimiyyəti başçısı Niyazi Bayramov bildirib ki, layihə gənc nəslin milli-mənəvi dəyərlərə bağlı şəkildə sağlam formalaşmasına və cəmiyyətin maarifləndirilməsinə xidmət edən çox əhəmiyyətli təşəbbüsdür. “Müasir dövrdə uşaqların və gənclərin düzgün istiqamətləndirilməsi, onların milli kimliyə sadiq yetişdirilməsi hər birimizin vəzifəsidir” - deyən icra başçısı qeyd edib ki, bu işdə ziyalıların və nüfuzlu şəxslərin iştirakı xüsusilə vacibdir. Belə təşəbbüsləri daim dəstəkləyir və bu layihənin də gənclərin inkişafına müsbət təsir göstərəcəyinə inanırıq. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki, Gəncə şəhərinin layihənin başlanğıc nöqtəsi kimi seçilməsi təsadüfi olmayıb və bu seçim şəhərin Azərbaycanın tarixi, mədəni irsi və dövlətçilik ənənələrində tutduğu mühüm yer ilə bağlıdır. Bildirilib ki, Gəncə ölkənin ictimai-siyasi və elmi-mədəni həyatına mühüm töhfələr vermiş ziyalı mühitinin formalaşdığı aparıcı mərkəzlərdən biridir. Sədr diqqətə çatdırıb ki, ölkədə əldə olunan inkişaf yeni imkanlarla yanaşı qlobal proseslərin yaratdığı yeni çağırışlar da mövcuddur və bu amillər dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi zamanı kompleks şəkildə nəzərə alınmalıdır. Bahar Muradova vurğulayıb ki, ziyalıların, elm və mədəniyyət nümayəndələrinin cəmiyyətlə birbaşa ünsiyyəti, insanların fikir və problemlərinin öyrənilməsi və həllinə töhfə verməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, layihənin əsas məqsədi də məhz bu istiqamətdə effektiv platforma yaratmaqdır. Komitə sədri dövlət başçısının müəyyən etdiyi vəzifələrə uyğun olaraq, əhali arasında ideoloji işin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və qorunması istiqamətində fəaliyyətlərin genişləndirildiyini diqqətə çatdırıb. Bu məqsədlə müvafiq dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində layihənin icrasına başlanılıb. Layihə çərçivəsində regiona yaxından bələd olan, yerli xüsusiyyətləri dərindən bilən, ölkənin ictimai-siyasi həyatında fəallıq nümayiş etdirən və müvafiq yeri olan şəxslərdən ibarət heyətlərin formalaşdırılması və müxtəlif mövzular üzrə müzakirələrin təşkili nəzərdə tutulduğu qeyd edilib. Bahar Muradova, layihənin əsas qazancının ziyalılarla gənclər və yerli əhali arasında birbaşa ünsiyyətin qurulması, məsələlərə vahid münasibətin formalaşdırılması olduğunu vurğulayıb. Bu isə vətəndaş həmrəyliyi, ictimai-siyasi sabitlik və Azərbaycanın gələcək inkişaf istiqamətlərinə töhfə verəcək. Komitə sədri görüşdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru Arif Həşimovu və Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Baba Vəziroğlunu, eləcə də digər ziyalıları təqdim edərək, onların gənclər üçün nümunəvi model olduğunu və tövsiyələrinin gənclərin həyatında mühüm rol oynayacağına əminliyini ifadə edib. Görüşün davamında Gəncədə elm, mədəniyyət, idman və din xadimlərindən ibarət tərkibdə yerli əlaqələndirici şura yaradılmasına dair qərar qəbul edilib. Müzakirələrdə çıxış edən AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, AMEA-nın akademik katibi Arif Həşimov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək, layihənin cəmiyyətə, xüsusilə gənclərə verəcəyi töhfələri vurğulayıblar, milli-mənəvi dəyərlərin təbliği, gənclərin maarifləndirilməsi və onların sağlam düşüncə tərzində formalaşmasının vacibliyini qeyd ediblər. Diqqətə çatdırılıb ki, mütəmadi olaraq əhali ilə keçiriləcək görüşlərdə müxtəlif mövzular üzrə maarifləndirici söhbətlər aparılacaqdır. Görüşlər zamanı gənclərə ailə institutunun formalaşması, ölkədə gedən ictimai-siyasi proseslərdə fəal iştirakın təşviqi istiqamətində məlumatlar veriləcəkdir. Həmçinin universitetlərin və məktəblərin prosesə cəlb olunması ilə daha çox gəncin layihədən faydalanması təmin ediləcəkdir. Qeyd edək ki, layihənin əsas məqsədi ölkənin tanınmış ziyalıları, elm, mədəniyyət, idman və din xadimlərini regionlara cəlb etməklə əhali ilə birbaşa ünsiyyət platforması yaratmaq, aktual sosial mövzular ətrafında fikir mübadiləsi aparmaq və gənc nəslin sağlam, savadlı, məsuliyyətli vətəndaş kimi formalaşmasına dəstək vermək, cəmiyyətdə ideoloji işi gücləndirməkdir.  

Ətraflı
“Ailə: Dəyərlər və ənənələr” mövzusunda görüş keçirilib.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Dövlət Universiteti, “BDU könüllüləri” təşkilatı və “Ailəm könüllüləri”nin birgə təşkilatçılığı ilə “Ailə: Dəyərlər və ənənələr” mövzusunda görüş keçirilib. Bakı İlahiyyat Kollecinin direktoru, İlahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılovun və Komitənin əməkdaşı Rafiq Mahmudovun iştirakı ilə keçirilən tədbiriBDU-nun əməkdaşı, “BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov giriş sözü ilə açaraq bildirib ki, güclü ailə modeli cəmiyyətin əsasını təşkil edir.  Rafiq Mahmudov çıxışında ölkədə və ümumən dünyada nikah və boşanma hallarına dair statistik göstəricilərə toxunaraq, gənclər arasında ailə dəyərlərinin təbliğinin vacibliyindən bəhs edib. O, eyni zamanda bildirib ki, evlilik təkcə hüquqi münasibət deyil, həm də insanın düşüncə və davranış tərzində dəyişiklik tələb edən mühüm həyat mərhələsidir. Görüş zamanı Mehman İsmayılov iştirakçılara ənənənin mahiyyətini izah edərək sağlam ailənin təməlində milli ənənələrə bağlılıq və dəyərlərin qorunmasının xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, ailə institutunda ənənəyə sadiqlik vacibdir, lakin innovasiyaya, inkişafa da yer verilməlidir, ənənə və dəyərlər nəsildən-nəslə ötürülərək cəmiyyətin bütövlüyünü təmin edir. Görüş müzakirələrlə davam edib.

Ətraflı
Bakı və regionlarda səyyar icma görüşləri davam etdirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə icma ilə əlaqələrin gücləndirilməsi məqsədilə 2026-cı ilin mart ayında kənd və qəsəbələrdə icma görüşləri təşkil edilib. Əhali ilə görüşlər Bakı şəhəri Xəzər rayonunun Mərdəkan, Türkan, Ağdam rayonunun İmamqulubəyli, Goranboy rayonunun Yolpaq, Kəhrizli, Muzdurlar, Göygöl rayonunun Yeni Qızılca, Çaylı, Hacıqabul rayonunun Ağacanlı, İsmayıllı rayonunun Qubaxəlilli, Çərmədil, Qəbələ rayonunun Zərgərli, Nic, Saatlı rayonu Qıraqlı, Mollavaizli, Sabirabad rayonunun Şıxsalahlı, Osmanlı, Güdəcühür, Qaratuğay, Axtaçı Muğan, Qaragüney, Dadaşbəyli, Cavad, Zəngənə, Əlicanlı, Həsənli, Yolçubəyli, Türkədi, Narlıq, Zaqatala rayonunun Suvagil, Zərdab rayonunun Şahhüseynli, Bıçaqcı kənd və qəsəbələrini əhatə edib. Səyyar şəkildə keçirilən icma görüşləri məişət zorakılığı hallarının aşkar edilməsi, erkən evlilik və qohum nikahları ilə bağı qanunvericilikdə edilmiş dəyişikliklər, təhsildən yayınma hallarının qarşının alınması, ailə həyatına psixoloji hazırlıq, tənha ahıllar, nənə və baba himayəsində yaşayan, valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqları və digər aktual mövzuları əhatə edib. Görüşlərin keçirilməsi həssas kateqoriyadan olan ailələrin, qadın və uşaqların aşkar edilməsi, onların hüquqlarının müdafiəsi və profilaktik tədbirlərin görülməsində, icmanın imkanlarının səfərbər edilməsində mühüm rol oynayır. İcma sakinləri, kəndlərin icra, bələdiyyə və dini icmasının nümayəndələri, tibb məntəqlərinin işçiləri, təhsil müəssisələrinin tərbiyəçiləri, psixoloq və pedaqoqlarının iştirakı ilə keçirilən görüşlərdə ailə, qadın və uşaq hüquqları ilə bağlı qanunvericilikdən irəli gələn məsələlər diqqətə çatdırılır, icmanın ehtiyaclarına uyğun mövzular üzrə müzakirələr aparılır, həmçinin vətəndaşların müraciətləri qeydə alınaraq həlli istiqamətində tədbirlər görülür.    Qeyd edək ki, 187 nəfərin iştirakı ilə 22 icma görüşü keçirilib.

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Adıgözəlovlar ailəsidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı İsmayıllı rayonunun tanınan ailələrindən olan və bu il evliliklərinin 50-ci ildönümünü qeyd edən Adıgözəlovlar ailəsidir. Qəhrəman Adıgözəlov 1956-cı ildə İsmayıllı rayonunun Zərnava kəndində anadan olub. Orta təhsillidir. O, ata-baba ənənəsini davam etdirərək oyma ustası kimi fəaliyyət göstərir və bu sənəti layiqincə yaşadır. Onun yaratdığı sənət əsərləri bir sıra muzeylərdə qorunur və nümayiş etdirilir. Buna nümunə olaraq “Cavanşir portreti”ni göstərmək olar ki, həmin əsər hazırda Milli Azərbaycan Tarixi Muzeyinin qiymətli eksponatları sırasında nümayiş etdirilir. Q.Adıgözəlov eyni zamanda həvəskar şair və saz ustasıdır. O, 4 kitabın müəllifidir. Yaradıcılığında vətənpərvərlik, ailə dəyərləri, milli-mənəvi irs və mənəvi zənginlik kimi mövzulara geniş yer verir. Həyat yoldaşı Şəfiqə Adıgözəlova 1956-cı ildə İsmayıllı rayonunun Zərnava kəndində  anadan olub. Orta təhsillidir. Uzun illər xalçaçılıqla məşğul olub. 25 may 1976-ci ildə ailə həyatı quran Adıgözəlovların 4 övladı (2 oğlan, 2 qız), 8 nəvəsi  var. Adıgözəlovların övladları, həmçinin 8 nəvəsindən 3-ü yüksək nəticələr göstərərək ali məktəbə qəbul olublar və hazırda  təhsillərini davam etdirirlər.  Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik.   - Xoşbəxt evliliyin sirri nədədir? Q.Adıgözəlov: “Xoşbəxt ailənin sirri yalnız  qarşılıqlı hörmət, məhəbbət və sevgidədir. Əgər sən o adama hörmət qoyursansa, onu həqiqətən bir insan kimi sevirsənsə ondan başqa heç nəyə ehtiyac yoxdur”. Ş.Adıgözəlova: “Xoşbəxt evliliyin sirri qarşılıqlı hörmət və səbirdədir. Ailə qurmaq asandır, onu qoruyub saxlamaq isə zəhmət istəyir. Hər iki tərəf bir-birini anlamağa çalışmalıdır”.   - Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Q.Adıgözəlov: “Bilirsiniz, hər şeyi səbir həll edir. Qarşı tərəfə haqsızlıq etmək olmaz. Bəzi məsələlərdə güzəştə getmək mütləqdir. Əks halda insan xoşagəlməz nəticələrlə qarşılaşmalı olar”. Ş.Adıgözəlova: “Ailədə fərqli fikirlərin olması normaldır. Əsas məsələ onu necə həll etmək, ortaq məxrəcə gəlməkdir. Biz çalışmışıq ki, əsəbi halda qərar verməyək. Əvvəlcə sakitləşirik, sonra oturub danışırıq. Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Bəzən güzəştə getmək də lazımdır. Çünki ailədə qalib gəlmək yox, birlikdə qalmaq vacibdir”.   - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? - Bu məsələdə valideynlər birbaşa məsuliyyət daşıyırlar. Hər bir valideyn övladının tərbiyəsi ilə ciddi şəkildə maraqlanmalıdır. Uşağın hər bir davranışına, o cümlədən təhsilinə valideyn cavabdehdir. Əgər laqeyd münasibət olarsa və ya tərbiyədə boşluqlara yer verilərsə gələcəkdə ciddi problemlər yarana bilər.   - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? - Biz ailədə hər zaman hörmət və anlayışı əsas götürmüşük. Uşaqlarımızı həm sevgi ilə böyütmüşük, həm də məsuliyyət hissini aşılamışıq. Çalışmışıq ki, onları dinləyək, fikirlərinə dəyər verək. Evdə qərarlar məsləhətləşmə yolu ilə verilib. Böyük-kiçik yeri bilinib, amma eyni zamanda uşaqlar özlərini sərbəst ifadə edə biliblər.  - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz.  - Geri dönüb baxanda düşünürük ki, bəlkə də uşaqlarımıza daha çox vaxt ayıra bilərdik. O vaxtlar həyat çətin idi, əsas məqsədimiz onları dolandırmaq, yaxşı yaşatmaq idi. Amma indi anlayırıq ki, uşağa ən çox lazım olan diqqət və söhbətdir. Ancaq bunlara baxmayaraq, biz uşaqlarımızdan çox razıyıq, onlar istədiyi peşəyə yiyələniblər. Gözəl ailə həyatı qurublar, gözəl övladlar tərbiyə edirlər.  - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Q.Adıgözəlov: “Gənclərin özündən çox şey asılıdır. Ailə qurmaq məsuliyyət tələb edir. İlk olaraq həyatını bölüşəcəyin insanı seçərkən onunla aralarında olan uyğunluğa fikir verilməlidir. Bundan başqa, ailənin möhkəm, uzunömürlü olması üçün sevgi, hörmət, qayğı hissinin olması vacib məsələdir. Gənclər ailə həyatı qurarkən tələsməməli, yüz ölçüb bir biçməlidirlər”. Ş.Adıgözəlova: “Gənclərə məsləhətimiz odur ki, ailə qurmağa tələsməsinlər. Bir-birini yaxşı tanısınlar, xarakterlərini, düşüncələrini anlasınlar. Ailə yalnız sevgi ilə yox, həm də məsuliyyətlə qurulur. Həyat həmişə asan olmur. Çətin günlərdə səbirli olmaq, bir-birinə dayaq durmaq vacibdir. Hörmət və etibar olmadan ailə uzunömürlü olmaz. Mən bugünkü gənclərə də elə övladlarımın ailəsi kimi ailə sahibi olmağı, onlar kimi ailəcanlı olmağı arzu edirəm”. Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə nümayəndələri Nazlı Mirzəliyeva və Ruhəngiz Qasımovanın da iştirakı ilə Adıgözəlovlar ailəsinə etdiyimiz ziyarətdən xoş təəssüratlarla ayrılırıq. Hörmətli Adıgözəlovlar ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.    

Ətraflı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

Görüşün məqsədi Qazaxıstan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura səviyyəsində təhsil alan dövlət qulluqçuları üçün Azərbaycanda tətbiq olunan müasir idarəetmə texnologiyaları ilə tanışlığın təşkili, dövlət siyasəti və institusional mexanizmlər sahəsində təcrübə mübadiləsinin aparılması olub.  Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova qonaqları salamlayaraq Azərbaycanın ailə, qadın və uşaq siyasəti istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını diqqətə çatdıran S.Qəhrəmanova bildirib ki, bu addım Azərbaycanda dövlət qadın siyasətinin institusional əsaslarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyıb. O qeyd edib ki, sonrakı dövrdə Komitənin fəaliyyət istiqamətləri genişləndirilərək ailə və uşaq məsələlərini də əhatə edib, nəticədə qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi fəaliyyətini davam etdirir. S.Qəhrəmanova vurğulayıb ki, Komitə tərəfindən gender bərabərliyinin təşviqi, ailə institutunun möhkəmləndirilməsi, qadınların hüquqlarının müdafiəsi və uşaqların rifahının təmin olunması istiqamətində ardıcıl layihələr və maarifləndirmə tədbirləri həyata keçirilir. O, həmçinin beynəlxalq əməkdaşlığın bu sahədə təcrübə mübadiləsi və yeni təşəbbüslərin formalaşması baxımından xüsusi rol oynadığını qeyd edib. Görüş çərçivəsində Komitənin Ailə məsələləri, Qadın və gender məsələləri, Uşaq məsələləri, Hüquqi təminat şöbələrinin əməkdaşları təqdimatla çıxış edərək şöbələrin fəaliyyəti, həyata keçirilən layihələr, hüquqi maarifləndirmə tədbirləri, məişət zorakılığı və uşaq hüquqlarına dair məlumat bankının təkmilləşdirilməsi, uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi və sosial müdafiə mexanizmləri barədə məlumat veriblər. Çıxış edən Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov Komitənin fəaliyyətində texnologiya və innovasiyaların tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib. O bildirib ki, müasir idarəetmə yanaşmalarının effektivliyinin artırılması məqsədilə rəqəmsal həllərdən geniş istifadə olunur, elektron sənəd dövriyyəsi sistemi tətbiq edilir. Nümayəndə heyəti Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadınların ictimai həyatda iştirakının artırılması və uşaqların hüquqlarının qorunması istiqamətində görülən işləri və tətbiq olunan innovativ yanaşmaları yüksək qiymətləndirib. Görüş qarşılıqlı fikir mübadiləsi və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb. Qeyd edək ki, görüş Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda təcrübə proqramı çərçivəsində təşkil edilib.

Ətraflı