Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu çərçivəsində uşaqlar ekspertlərin iştirakı ilə yeddi mövzu üzrə qruplaşaraq, müzakirələr aparıb

İşğaldan azad olunmuş ərazilərdə yaşayan uşaqların da iştirak etdiyi işçi qruplarda “Uşaq hüquqları: İnkişaf üçün birləşək- Ekoloji hüquq”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar- Ekoloji təhsil və tərbiyə”, “Uşaqların internet təhlükəsizliyi- Yaşıl İKT”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi- Sağlam dünya”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi- Təbiətin keşiyində”,“Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti- Sağlam iqlim”, “Vətəni sevək, ona layiq olaq- təbiəti qoruyaq”mövzuları müzakirə edilib. Hazırda uşaqlar mövzular üzrə təqdimatlar hazırlayıb və müzakirələrin yekun nəticələri haqqında məlumat verərək, müvafiq təkliflərlə çıxış edirlər.

Ətraflı
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun birinci hissəsi uğurla başa çatıb

5 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində “Ekologiya və uşaqlar” mövzusuna həsr olunmuş Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, eyni zamanda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirdikdən sonra “Biz Azərbaycan uşaqlarıyıq!” adlı videoçarx nümayiş etdirilib. Sonra isə uşaqlar adından cənab Prezident üçün hazırlanan, “Yaşıl dünya naminə həmrəylik ili”, eləcə də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu yekununu təcəssüm etdirən hədiyyə təqdim edilib. Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Forum iştirakçılarını və qonaqları salamlayıb, təbrikinə görə cənab Prezidentə təşəkkür edib, məktubda əks olunan diqqət və dəstəyin uşaqlar üçün böyük ilham mənbəyi olduğunu vurğulayıb. O, suverenliyi və ərazi bütövlüyü təmin edilmiş Azərbaycanda ölkə ərazisinin bütün bölgələrini təmsil edən uşaqların iştirakilə keçirilən ilk Forumun işinə uğurlar arzu edib. B. Muradova qeyd edib ki, Azərbaycan ordusunun qəhrəmanlığı və şücaəti sayəsində əldə olunan böyük Zəfər, üzərimizə ölkəmizin qədəm qoyduğu yeni inkişaf dönəmində açılan yeni üfüqlərə layiq vətəndaş olmaq kimi vacib vəzifə qoyur. Uşaqları  milli-mənəvi dəyərlərimizin daşıyıcısı, gələcəyimizin təminatçıları adlandıran sədr vurğulayıb ki, sosial siyasətə önəm verən dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir. O, bu sahədə mövcud olan qanunvericilik bazasının daim təkmilləşdirildiyini, müxtəlif dövlət proqramlarının qəbul edilərək həyata keçirildiyini, uşaqların  hərtərəfli inkişafı və rifahı üçün hər bir şəraitin yaradıldığı bildirib. Dövlət Komitəsinin sədri, Forumu günümüz və gələcəyimizin ən vacib mövzuları barədə müzakirə aparmaq, uşaqların öz fikirləri və təşəbbüsləri ilə bölüşmək, daha yaxşı bir cəmiyyət, daha yaşıl bir ölkə və daha təhlükəsiz bir dünya naminə səyləri birləşdirmək üçün gözəl bir imkan kimi qiymətləndirib. B.Muradova uşaq hüquqlarının qorunması və təmini istiqamətində qəbul edilən qanunların, dövlət proqramları və fəaliyyət planlarının hazırlanmasında uşaqların fikirlərinin nəzərə alınması, eyni zamanda onların əsas maraqlarının qorunması, uşaq iştirakçılığının təmin edilməsi baxımından ümumrespublika forumlarının vacib platformaya çevrildiyini və ənənəvi hal aldığını bildirib, uşaqları bu işin əsas təşviqatçıları adlandırıb. Dünyanın iqlim dəyişiklikləri, tebii resursların tükənməsi ve ətraf mühitin çirklənməsi kimi böyük problemlərlə üz-üzə qaldığını qeyd edən sədr, ekoloji maarifləndirmə, uşaqların ekoloji layihələrdə iştirakının artırılması ilə daha dayanıqlı bir mühit əldə etməyin mümkünlüyünü bildirib. COP29 çərçivəsində təşkil olunan dəyirmi masada uşaqların iqlim fəaliyyəti ilə bağlı tələblər səsləndirdiklərini deyən B.Muradova, bu tələblərin bütün dünyada iqlim dəyişmələri ilə mübarizə istiqamətində qəbul edilən sənədlərdə nəzərə alınacağını diqqətə çatdırıb. Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan xalqının qarşısında duran əsas məqsədlərdən biri də kimliyini qorumaq, mədəniyyətinə sahib çıxmaq və milli dəyərlərimizi yaşatmaqdır.: “Biz həm də əmin olmalıyıq ki, uşaqlarımız Azərbaycanın ailə dəyərlərinə hakim olacaqlar, öz həyat tərzlərini bu torpaqlarda yaşamış əvvəlki nəslin adət-ənənələrini həmin zəmanənin tələblərinə uyğunlaşmış formada davam etdirəcəklər. Bir sözlə, azərbaycanlı olmağa davam edəcəklər”. Qız uşaqlarının təhsilinin əhəmiyyətindən danışan nazir deyib ki, təhsil daha savadlı, bacarıqlı və güclü millət kimi formalaşmanın əsas amillərindən biridir. O bildirib ki, bu istiqamətdə səylərimizi birləşdirməliyik: “Ən əsas amillərdən biri qızların təhsilidir. Son 10 ildə qızların nəticələri oğlanların nəticələrindən daha çox, daha yaxşıdır". Nazir vurğulayıb ki, hər uşağa müvafiq qaydada təhsil alma imkanı yaradılmasına çalışmaq lazımdır. Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, hazırda ölkədə yeni iqlim strategiyasının hazırlanması istiqamətində işlər görülür. İqlim dəyişikliyin təsirini yumşaltmaq üçün bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, daha səmərəli enerji texnologiyalarının inkişafı ilə bağlı tədbirlər həyata keçirildiyini deyən R.Hacıyev, son illərdə Azərbaycanın “yaşıl iqtisadiyyat”a keçid istiqamətində mühüm addımlar atdığını əlavə edib. Nazir müavini qeyd edib ki, uşaqları iqlim dəyişikliyinin təsirlərindən qorumaq üçün investisiya vacibdir.  Qeyd edilib ki, bu hədəflərə nail olmaq məqsədilə son illər siyasi, iqtisadi və qanunvericilik islahatları aparılır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah, uşaqlar və gənclərin təmiz, təhlükəsiz və davamlı ətraf mühit hüququ olduğuna diqqət çəkib, onların planetimizlə bağlı bu gün verdiyimiz bütün qərarları miras alacaqlarını deyib. O, iqlim böhranının təkcə planeti deyil, uşaqların həyatı, gələcəyi və sahib olacağı imkanları dəyişdiyini bildirib, sağlamlıq və təhsil hüquqlarına təsirindən danışıb. Azərbaycanın COP29-u uğurla başa vurduğunu qeyd edən UNİCEF rəsmisi, builki COP-un həm də uşaqların və gənclərin iştirakı, onların iqlim dəyişikliyi ilə bağlı müzakirələrə verdiyi töhfələrlə yadda qaldığını bildirib.  S.F.Abdullah COP29-un keçirildiyi günlərdə UNİCEF-in ölkəmizdəki tərəfdaşları ilə birlikdə uşaqları və gəncləri iqlim dəyişikliyi mövzusunda biliklərini artırmağa, milli və beynəlxalq iqlimlə bağlı əsas tədbirlərdə iştiraka cəlb etdiyini vurğulayıb, həmin iştirakçıların Azərbaycanın bütün uşaqları adından təcili iqlim tədbirlərinə çağırış etdiklərini deyib. Forum uşaqların rəsmi nümayəndələrlə dialoqu ilə davam edib. Müzakirələrdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli, səhiyyə nazirinin müavini İlqar Qasımov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini  Hidayət Abdullayev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, IV “Yüksəliş” müsabiqəsinin qalibləri Günel Musayeva və Seymur Hüseynov uşaqların suallarını cavablandırıblar. Forumun ikinci hissəsində uşaqlar müxtəlif mövzular üzrə qruplaşaraq, müzakirələr aparacaq, müvafiq təkliflərlə çıxış edəcəklər. Günün sonunda müzakirələrin nəticələri haqqında məlumat veriləcək, həmçinin Forum iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti səsləndiriləcək. Qeyd edək ki, aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edildiyi tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar iştirak edib. Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına

Ətraflı
Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar regionlarda tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti qurumlarla birlikdə 3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar silsilə tədbirlər, o cümlədən maarifləndirici görüşlər, dəyirmi masalar, stolüstü idman yarışları keçirilib, əlilliyi olan şəxslərin evlərinə ailə səfərləri təşkil edilib, ehtiyacı olan şəxslərə mərkəzlər tərəfindən zəruri avadanlıqlar təqdim edilib. Tədbirlərdə mərkəzlərin, rayon icra hakimiyyətləri, kənd və qəsəbə icra nümayəndəlikləri, idarə və müəssisələrin əməkdaşları, müharibə iştirakçıları, mərkəzin ekspert qrupunun üzvləri, əlilliyi olan şəxslər, mərkəzlərin benefisiarları, icma sakinləri iştirak ediblər. Tədbirlərdə bildirilib ki, bu günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına, onların problemlərinin həllinə yönəltməkdir. Çıxış edən natiqlər ölkəmizdə əlilliyi olan şəxslərə yönəlmiş sosial müdafiə və reabilitasiya tədbirləri barədə məlumat verib, bölgələrdə əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkara çıxarılması, onlar üçün məşğulluq imkanlarının artırılması, cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Bu istiqamətdə görülən işlərdə effektivliyin artırılması ilə bağlı təkliflər səsləndirilib. Qeyd edək ki, əlilliyi olan şəxslərin, o cümlədən qadınların və uşaqların problemlərinin öyrənilməsi və həlli istiqamətində fəal və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir, həssas təbəqədən olan əhali qrupları, xüsusilə də əlilliyi olan şəxslər və onların ailə üzvləri hər zaman diqqət mərkəzində saxlanılır.

Ətraflı
İqtisadiyyat və Humanitar Kollecin tələbələri üçün maarifləndirici görüş keçirilib

“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində İqtisadiyyat və Humanitar Kollecin tələbələri üçün maarifləndirici görüş keçirildi 2 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Abşeron rayonunda yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin tələbələri ilə görüş keçirilib. Görüşdə kollecin direktoru Səhər Orucova, Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Dəniz Vəliyeva, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova narkotik vasitələrin və psixotrop maddələrin insan psixologiyasına təsiri, zərərli vərdişlərin ağır fəsadları barədə çıxış ediblər. Daha sonra şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Gülxani Pənah çıxış edərək, gəncləri sağlam həyat tərzi qaydalarına riayət etməyə, zərərli vərdişlərdən uzaq durmağa səsləyib, həmçinin vətəninə, ailəsinə yararlı və sağlam bir insan kimi yetişmələrinin vacibliyini vurğulayıb.   Görüş zamanı “Əlvida mənim dostum” və “Ailə bir ağacdır” adlı sosial çarxlar nümayiş etdirilib, həmçinin “Biz narkotiklərə Yox deyirik” mövzusunda maarifləndirici kitabçalar informativ resurs kimi kollecin kitabxanasına təqdim olunub.

Ətraflı
Dövlət Komitəsinin təşkilatçılığı ilə eşitmə və nitq məhdudiyyətli şəxslər üçün təlim keçirilib

3 dekabr 2024-cü il tarixində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika  xüsusi internat məktəbində“Eşitmə və nitq məhdudiyyətli şəxslər arasında məişət zorakılığına dair maarifləndirmə” mövzusunda keçirilən təliminməqsədi eşitmə və nitq məhdudiyyətli şəxslərin məişət zorakılığı və onun qarşısının alınması sahəsində məlumatlandırılmasıdır. Daha sonra çıxış edən Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrə toxunaraq, eşitmə və nitq məhdudiyyətli şəxslərin hüquqlarının müdafiəsi haqqında məlumat verib. Təlimdə “Məişət zorakılığı qurbanlarının hüquqları” jest dilində video, “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu və məişət zorakılığına məruz qalmış şəxslərin müdafiəsi”, “Məişət zorakılığına məruz qalmış əlillərə psixoloji yanaşma” mövzusunda təqdimat edilib. Sonda eşitmə və nitq məhdudiyyətli şəxslər üçün jest dilinə tərcümə edilmiş “Məişət zorakılığı qurbanlarının hüquqları” adlı bukletlər paylanıb. Təlim sual-cavab sessiyası ilə davam edib.

Ətraflı
“Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq” mövzusunda dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu konfransı keçirilib

2 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq” mövzusunda dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu konfransı keçirilib.  Konfrans “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası və 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü çərçivəsində keçirilib. Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva salamlama nitqi ilə çıxış edərək bildirib ki, bullinq təkcə bir fərdi və ailəni deyil, bütün cəmiyyəti narahat edən problemdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada uşaqların, yetkinlik yaşına çatmayanların 20%-nin bullinqə məruz qaldığını və ya iştirakçısı olduğunu diqqətə çatdıran A.Sofiyeva vurğulayıb ki, dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları uşaqların müdafiəsi istiqamətində koordinasiyalı şəkildə fəaliyyət göstərməli, bütün qüvvələrini səfərbər etməlidirlər. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda dövlətin uşaq məsələləri ilə bağlı hədəflərinin müəyyələşdirildiyini bildirən Komitə rəsmisi qeyd edib ki, bu hədəflər sırasında çətin həyat şəraitində olan uşaqların müdafiəsinin gücləndirilməsi ən vacib məsələlərdən biri kimi qeyd edilib. Əlavə edib ki, müvafiq sahədə hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı 7 sənədin hazırlanması Komitənin üzərində öhdəlik kimi qoyulmuşdu və onlardan bir neçəsi artıq qüvvəyə minib. A.Sofiyeva əlavə edib ki, hazırda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu yenidən işənib hazırlanır. Qanun uşaqların müdafiəsi, inkişafı istiqamətində önəmli hüquqi bazanı formalaşdıracaqdır. Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq həm uşaqlarla işləyən mütəxəssislərin bacarıqlarının artırılması, həm qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın qurulmasına xüsusi önəm verilir. Azərbaycanda məktəblərdə bullinqlə bağlı sorğular keçirilərək "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinqin aşkarlanması üzrə analitik hesabat" adlı tədqiqat hazırlandığını bildirib. Konfransın moderatoru – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranışı-bullinqi sosial-psixoloji problem adlandırıb. Qeyd edib ki, problemə dair hüquqi müxanizm, vahid qayda və professional yanaşma müəyyən edildiyi təqdirdə öz həllini tapa bilər. Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişaf siyasəti şöbəsinin müdiri Elnur Əliyev mövzunun aktuallığına diqqət çəkib. Nazirlikdə Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin yaradıldığını bildirən E.Əliyev, mövcud sahədə preventiv tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Uşaq hüquqları sahəsində mövcud problemlərin ardan qaldırılması üçün konsepsiya sədədinin hazırlandığını qeyd edən Nazirlik rəsmisi, həmin sənəddə uşaq hüquqları, həmçinin onlar üçün sağlam mühit yaratmaq məqsədilə valideynlər üçün təlimlər nəzərdə tutulduğunu diqqətə çatdırıb. Əlavə edib ki, məktəblərdə psixoloji və zorakılıq hallarının qarşısının alınması üçün tədbirlər görülməsi və monitorinqlərin gücləndirilməsi planlaşdırılır. Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynova çıxışında bildirib ki, bullinq yalnız məktəbdən qaynaqlanmır, burada ailənin də rolu böyükdür. O qeyd edib ki, 2023-2024-cü ildən etibarən Bakı şəhərində 62, rayonlarda isə 300 məktəbdə şagird-davranış qaydaları tətbiq olunub və artıq ilkin nəticələr əldə edilib. Vurğulanıb ki, yaxın zamanda bu qaydalar bütün ölkə üzrə tətbiq olunacaq. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərin təşkili üzrə şöbənin rəis müavini İmran Əliyev, yetkinlik yaşına çatmayanlar arasında belə aqressiv davranış hallarının aradan qaldırılması istiqamətində valideynlər, dövlət qurumları və vətəndaş cəmiyyətinin qarşılıqlı şəkildə komanda kimi mübarizə aparmaqla həllinə nail oluna biləcəyini qeyd edib. Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova   Əməkdar müəllim, Beynəlxalq Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva uşaq hüquqları sahəsində fəaliyyətə vətəndaş cəmiyyətinin, elm və təhsil müəssisələrinin cəlb edilməsi, habelə mövcud problemin koordinasiyalı həllinə nail olunması istiqamətində çıxışlarını səsləndiriblər. Konfrans çərçivəsində təhsilin idarəolunması üzrə fəlsəfə doktoru, təhqiqatçı Qoşqar Məhərrəmov tərəfindən Dövlət Komitəsinin sifarişi əsasında hazırlanmış “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq” adlı analitik hesabatın təqdimat mərasimi baş tutub.  Bakı şəhərinin bütün rayonlarından yerli icra hakimiyyəti orqanlarının Yetkinlik yaşına çatmayanlarla işin təşkili üzrə məsul katiblərin və psixoloqların, polis idarələrinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə inspekrotların, məktəb direktorlarının və psixoloqların, qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirakı ilə keçirilən konfransda  müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Ətraflı
Regionlarda növbəti “açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 28 noyabr 2024-cü il tarixində növbəti “açıq qapı” günü keçirilib. Bakı şəhəri Xəzər rayonunun Şağan, Ağdam rayonunun Quzanlı, Goranboy rayonunun Dəliməmmədli, Hacıqabul rayonunun Şorbaçı, Göygöl rayonunun Xəqani, İsmayıllı rayonunun Tircan, Qəbələ rayonunun Zarağan, Saatlı rayonunun Sarıcalar, Sabirabad rayonunun Nizami, Zaqatala rayonunun Faldar, Zərdab rayonunun Şıxbağlı kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, aliment, müalicə, əlilliyi olan şəxslər üçün reabilitasiya vasitəsi ilə təmin olunma, hüquqi yardım, sosial müavinətlər, işlə təmin olunma ilə bağlı müraciətlər yer alıb, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib. “Açıq qapı” günündə vətəndaşların müraciəti dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.  

Ətraflı
Dövlət Komitəsinin əməkdaşları üçün “Dövlət qulluğunda etika” mövzusunda təlim keçirilib

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planına əsasən keçirilən təlimdə Dövlət Komitəsinin əməkdaşı Roza Şamıyeva tərəfindən dövlət qulluqçularının qarşılaşa biləcəkləri etik dilemmaların etik prinsip və dəyərlərlə bağlı qanunvericilik çərçivəsində həlli yolları, daxili intizam qaydaları, əmək intizamı və digər məsələlər barədə ətraflı məlumat verilib. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Ətraflı
Sədaqət Qəhrəmanova Düşənbədə keçirilən beynəlxalq forumda iştirak edib

26-27 noyabr 2024-cü il tarixində Tacikistanın paytaxtı Düşənbədə Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) “SPECA Regionunda Yaşıl İnkişaf” mövzusuna həsr olunmuş İqtisadi Forumu keçirilib.   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova SPECA iştirakçı dövlətlərinin hökumət nümayəndələri, beynəlxalq və regional təşkilatları, maliyyə institutlarını və digər müvafiq tərəfdaşları bir araya gətirən Forumda iştirak edib. O, çıxışı zamanı Azərbaycanda bu sahədə olan problemlərin həlli ilə bağlı həyata keçirilən layihələrdən danışıb.  Azərbaycanın bütün dünya üçün prioritet olan yaşıl keçid platformasının əsas iştirakçılarından biri olduğunu vurğulayan S.Qəhrəmanova, bir neçə gün öncə ölkədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının uğurla keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən, o cümlədən günəş və su enerjisindən səmərəli istifadənin təmin edilməsi istiqamətində layihələr həyata keçirilir. Sədr müavini, iqtisadi siyasətin formalaşdırılmasında gender bərabərliyinin əsas rolunun dayanıqlı inkişafa töhfə verməklə yanaşı, ədalətli hüquq və imtiyazları təmin etməsi olduğunu qeyd edib, qadınların yaşıl iqtisadiyyatda iştirakını məhdudlaşdıran struktur maneələrin müəyyən edilməsi və aradan qaldırılması, eləcə də onların inkişaf etməkdə olan yaşıl bazarlarda uğur qazanmasının təmin edilməsi istiqamətində mümkün həll yollarından danışıb. Qeyd edək ki, Forumda SPECA iştirakçı dövlətlərində yaşıl iqtisadi inkişafı dəstəkləmək üçün regional əməkdaşlığın artırılması məqsədilə potensial imkanlar müzakirə edilib, 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və SPECA regionunun firavan gələcəyini təmin etmək üçün iqtisadi artımın ekoloji dayanıqlılığa uyğunlaşdırılmasına, eləcə də ekoloji səmərəliliyin artırılmasına kompleks yanaşmaya diqqət yetirilib.

Ətraflı