Media
Xəbərlər
Bahar Muradova Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb
“Uşaqlar və ekologiya” mövzusuna həsr edilmiş Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşü keçirilib. Bahar Muradova səfirləri salamlayaraq, gənclərin ölkəmizin, xalqımızın, gələcəyimizin və ən əsası insan kapitalının ən əhəmiyyətli hissəsi olduğunu vurğulayıb. Məclisin üzvlərinin Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq işləri ilə əlaqədar bir sıra qurumlar və nazirliklərdə görüşlərinə diqqət çəkən sədr, onların aktiv fəaliyyətini yüksək qiymətləndirib. Xüsusilə də yaşlarına uyğun vacib olan vəzifələrin, öhdəliklərin, dərs yükü ilə bərabər ictimai fəaliyyətlə də məşğul olmanın çox yaxşı nümunə olduğunu qeyd edib. B. Muradova, USM layihəsi çərçivəsində səfirlərin uşaq hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlər, onları narahat edən məsələlərlə bağlı fikir və təkliflərini çatdırmaq imkanı əldə etdiklərini bildirib. O, yeni ideyaları və istiqamətləri kəşf etməyə imkan verməsi baxımından uşaq və gənclərlə birgə işləməyin olduqca maraqlı olduğunu vurğulayaraq, əlavə edib ki, gələcək nəslin nümayəndələri zamanın nəbzini tutmağı, gələcək həyatında özünü liderliyə hazırlamağı yaxşı bacarır: “Təbəssüm dolu üzünüz, özgüvəniniz öz sözünü deyir. Bu həqiqətdir ki, sizin yaşınız, oxumağa-öyrənməyə əxz etməyə başladığınız zamandan əldə etdikləriniz çoxdur və bugünə və sabaha inamla baxa bilirsiniz”. B.Muradova, bütün dünyada yaşıl enerji keçidlərinin yaşandığı bir zamanda təbiətə qayğı ilə yanaşmağın, onu qorumağın önəmindən danışıb. Yaşıdları ilə ünsiyyətdə hörmət və anlayışlı davranmağı, problemlərlə qarşılaşdıqda ruhdan düşməməyi tövsiyə edib. Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu çərçivəsində öz öhdəliyinə düşən iş bölgüsü haqqında Komitə sədrinə məlumat verib, bu missiyanın şərəfli və böyük məsuliyyət olduğunu bildiriblər. Qeyd ediblər ki, hazırda ekspertlərin də cəlb olunduğu müxtəlif mövzularda olan işçi qruplarda aktiv müzakirələr aparılır. Foruma hazırlıq mərhələsində dövlət rəsmiləri ilə olan görüşlərindən xoş təəssüratlarını bölüşən uşaqlar, maraqlı diskussiya aparıldığını, müxtəlif istiqamətlər üzrə ətraflı məlumatlandıqlarını diqqətə çatdırıblar. Əldə etdikləri məlumatların Foruma daha yaxşı hazırlaşmaq üçün zəmin yaratdığını deyən uşaqlar, onlar üçün yaradılan şəraitə görə Komitə sədrinə təşəkkürünü bildiriblər. USM-in problemlərin həlli ilə bağlı təşəbbüs və təkliflərlə çıxış etmək üçün uğurlu platforma olduğunu bildirən uşaqlar, Məclisdəki fəaliyyətləri dövründə qazandıqları bilik və bacarıqların gələcək fəaliyyətlərində də yararlı olacağına əminliyini ifadə ediblər. Qeyd ediblər ki, böyük qürur hissi ilə yorulmadan, davamlı olaraq qarşıya qoyulmuş məqsədlərə doğru fəaliyyəti həyata keçirir və bu yaşda böyük təcrübələr əldə edirlər. 15 nəfərlik bir komanda olaraq ölkənin hər bir regionunda fəaliyyət göstərən nümayəndələr vasitəsilə daim Azərbaycan uşaqlarının inkişafına töhfə verməyə çalışdıqlarını diqqətə çatdırıblar. Komitə sədri yeni seçilmiş üzvlərin hər birini bir daha ürəkdən təbrik edib, həmçinin onların qarşısında önəmli vəzifələrin qoyulduğunu və bu istiqamətdə daha məsuliyyətli olmağı, öz potensiallarını daim artırmağı tövsiyə edib. Sonda B.Muradova, USM-in yeni üzvlərinə Məclisin üzvlük vəsiqəsini təqdim edib.
Erkən nikahlarla mübarizə mövzusunda görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə 26 noyabr 2024-cü il tarixdə Gənclər Təşkilatlarının Resurs Mərkəzində “Gənclər erkən nikaha yox, gələcəyinə hə deyir!” mövzusunda görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva erkən evlilik və qohum evliliyinin sosial-iqtisadi fəsadlarından, belə halların qarşısının alınmasına dair qəbul edilən normativ-hüquqi sənədlərdən, qanunvericiliyə edilən son dəyişikliklər haqqında ətraflı məlumat verib. Çıxış edən Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Niftəliyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayədəliklərlə iş şöbəsinin müdiri İsmayıl Süleymanov, Gənclər Təşkilatları Milli Şurasının baş katibi Nərminə Hüseynzadə erkən evliliyin qızların təhsildən yayınmasına səbəb olduğunu, onların inkişafına və cəmiyyətdə iştirakına mənfi təsir göstərdiyini vurğulayaraq, gənclərə öz tövsiyələrini veriblər. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı Dövlət Komitəsi tərəfindən hazırlanan sosial çarxlar nümayiş etdirilib.
“Uşaqlara korrupsiya haqqında” mövzusunda tədbir keçirilib
25 noyabr 2024-cü il tarixində Xaçmaz rayon Xudat qəsəbəsində yerləşən 1 saylı orta məktəbin 9-11-ci sinif şagirdləri üçün “Uşaqlara korrupsiya haqqında” mövzusunda tədbir keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şəbəsinin əməkdaşı Tural Hüseynzadə tərəfindən tədbirin məqsədinin təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması olduğu qeyd edilib. Tədbirdə məktəblilərin bilik səviyyəsinə uyğun olaraq dialoq formatında korrupsiyanın mahiyyəti, anlayışı, korrupsiyaya gətirib çıxaran amillər barədə çıxış edilib, həmçinin şəffaflığın təmin olunması istiqmətində aparıcı elektron hökumət resursları barədə məlumatlar verilib, təhsildə korrupsiyaya qarşı mübarizə vasitələrindən söhbət açılıb. Qeyd edək ki, tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin məqsədilə həyata keçirilib.
Regionlarda uşaqlara qarşı zorakılığın qarşısının alınması mövzusunda maarifləndirmə tədbirləri keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 regionda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 18-23 noyabr 2024-cü il tarixlərində uşaqlara qarşı zorakılığın qarşısının alınması mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib. Mərkəzlərdə və təhsil müəssisələrində keçirilən tədbirlərdə rayon icra hakimiyyəti, polis şöbəsi, təhsil sektorunun əməkdaşları, müəllimlər, psixoloqlar, məktəblilər, valideynlər, mərkəzlərin nümayəndələri və ekspert qruplarının üzvləri iştirak ediblər. Tədbirlərdə çıxış edənlər ölkəmizdə uşaqları müdafiə mexanizminin genişləndirilməsi, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, o cümlədən “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası, konvensiyaya üzv dövlətlərin öhdəlikləri, “4 P yanaşması” (qabaqlayıcı tədbirlər), müdafiə, cinayət təqibi, milli və beynəlxalq əməkdaşlığın təşviqi haqqında məlumat veriblər. Uşaqlara qarşı zorakılığın yaranma səbəbləri barədə ətraflı məlumat verən psixoloqlar zorakılığa məruz qalmış uşaqların psixoloji vəziyyətində baş verən mənfi dəyişikliklərin onların şəxsiyyət kimi formalaşmasına ciddi zərər vurduğunu qeyd edərək, onları bu kimi hallardan qorumağın vacibliyini vurğulayıblar. Müəllimlər çıxışlarında məktəblərdə şagirdlər arasında baş verən zorakılıq halları, onunla mübarizə yolları və valideyn-məktəb əlaqələrinin gücləndirilməsinin vacibliyindən danışıblar. Yekunda mövzu ilə əlaqəli sosial çarxlar və təqdimatlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb, müvafiq tövsiyələr verilib.
Dövlət Komitəsi vakansiya elan edir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Şüvəlan, Hacıqbul, Saatlı, Sabirabad, Zərdab, Ağdam Goranboy, Göygöl, Zaqatala, Qəbələ və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) baş mühasib vəzifəsinə qəbulla əlaqədar müsabiqə elan edir. Vəzifə barədə ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz. Vəzifə təlimatları Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 25 noyabr-25 dekabr 2024-cü il tarixlərində şəxsi məlumatlar anketini (CV) region@family.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Müsahibə nəticələrinə uyğun olaraq, seçilmiş şəxsə bu barədə məlumat veriləcək. Qeyd: Baş mühasib vəzifəsinə namizədlər İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə Peşəkar mühasib sertifikatına malik olmalıdırlar. Əlaqə: Ailə məsələləri şöbəsi Mərkəzlərlə iş sektoru şəh. (+99412) 493-79-62 mob. (+99451) 230-54-87
“25 Noyabr - Qadınlara qarşı Beynəlxalq Zorakılıqla Mübarizə Günü”nə həsr edilmiş görüş keçirilib
25 noyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində görüş keçirilib. Görüşdə Tibb Mərkəzinin əməkdaşı Nailə Babaşova açılış nitqi ilə çıxış edib. Daha sonra Dövlət Komitəsinin bu istiqamətdə fəaliyyəti və həyata keçirilən layihələr barədə Komitə əməkdaşları Nailə İbrahimova və İradə Məmmədova çıxış ediblər. “Sağlam Ailə” Tibb Mərkəzinin kollektivinə məişət zorakılığı, onun növləri, zorakılığa məruz qalmış şəxslərə yardım, qaynar xətt barədə geniş məlumat verilib, həmçinin iştirakçıların sualları cavablandırlıb. Çıxışlardan sonra “Susma” və “Çinartək sığındığımız böyük ailəmiz” adlı sosial çarxlar nümayiş etdirilib.
25 noyabr - Qadına qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günüdür
BMT Baş Məclisi 1999-cu ildə bu günü Qadına qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü elan edib.
Dövlət Komitəsi vakansiya elan edir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Şüvəlan və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) aşağıdakı vakant vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edir. 1) Sosial iş üzrə mütəxəssis-psixoloq-Şüvəlan UADM 2) Psixoloq-Goranboy UADM 3) Sosial iş üzrə mütəxəssis-Goranboy UADM Vəzifə barədə ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz. Vəzifə təlimatları Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 25 noyabr-25 dekabr 2024-cü il tarixlərində şəxsi məlumatlar anketini (CV) region@family.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Müsahibə nəticələrinə uyğun olaraq, seçilmiş şəxsə bu barədə məlumat veriləcək. Qeyd: Sosial sahə üzrə iş stajı olanlara üstünlük veriləcək. Əlaqə: Ailə məsələləri şöbəsi Mərkəzlərlə iş sektoru şəh. (+99412) 493-79-62 mob. (+99451) 230-54-87
“Gənclər erkən nikaha yox, gələcəyinə hə deyir!” adlı maarifləndirici tədbir keçirilib
22 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Gənclər Fondu, Qəbələ Dövlət Peşə Tədris Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) birgə təşkilatçılığı ilə Qəbələ şəhərində “Gənclər erkən nikaha yox, gələcəyinə hə deyir!” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə aidiyyəti qurumların nümayəndələri, müəllim və tələbələr iştirak ediblər. Çıxış edənlər bu sahədə qanunvericilikdə edilən son dəyişikliklər barədə məlumat verib, erkən evlilik hallarının insan hüquq və azadlıqlarını məhdudlaşdırması, yetkinlik yaşına çatmayanların təhsil almaqdan məhrum olması, onların fiziki və psixi sağlamlığına ciddi zərər vurmasından danışıb, həmçinin qohum nikahları nəticəsində doğulan uşaqlarda genetik və qan xəstəliklərinin, anomaliyaların yaranma riskinin yüksək olduğunu bildiriblər. Tədbirdə mövzu ilə əlaqəli 2 videoçarx nümayiş etdirilib, bukletlər paylanılıb.