Media
Xəbərlər
“Ailələrimizi tanıyaq” layihəsi davam edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Növbəti qonağımız Hacıqabul rayonunun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan İbrahimovlar ailəsidir. Hüseyn İbrahimov və həyat yoldaşı İradə xanım 43 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 2 övladları və 5 nəvələri var. Böyük oğlu Azər İbrahimov zərgər işləyir, ailəlidir, 3 övladı var. Digər oğlu İsmayıl İbrahimov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-iqtisad fakültəsi, mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsini bitirib, hazırda Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədridir, ailəlidir, 2 övladı var. Bu zəhmətkeş, uzun və nümuməvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi Sizə təqdim edirik. Ailənin başçısıHüseyn İbrahimovun 67 yaşı var, Hacıqabul şəhərində anadan olub. 1974-1978 ci illərdə Azərbyacan Pedaqoji İnstitutunun fizika fakültəsində təhsil alıb. 1978-ci ildə təyinatla Əli Bayramlı (indiki Şirvan) şəhər Təhsil Şöbəsində filmoteka müdiri vəzifəsində əmək fəaliyyətinə başlayıb, sonralar Əli Bayramlı şəhər “Azad Komsomol” Komitəsinin katibi, Əli Bayramlı şəhər Uşaq Yaradıcılıq Mərkəzi və Hacıqabul Uşaq Yaradıcılıq Mərkəzində direktor, 2013-2022-ci illərdə isə Hacıqabul şəhər 4 saylı tam orta məktəbdə direktor kimi fəaliyyət göstərib. Hazırda təqaüddədir. Həyat yoldaşı İradə xanım 12 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub, 1976-1980-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə ilə bitirib. Əmək fəaliyyətinə 1980-ci ildə təyinatla Bilgəhdə yerləşən sanatoriyada tərbiyəçi pedaqoq kimi başlayıb. Ailə qurduqdan sonra, 1981-ci ildən Hacıqabul şəhər 4 saylı tam orta məktəbdə tarix müəllimi kimi çalışıb. 2003-cü ildə “İlin müəllimi” diplomu ilə təltif edilib, 2004-cü ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Əmək veteranıdır, hazırda təqaüddədir. Hörmətli Hüseyn müəllim və İradə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. Müsahibəmizə ənənəvi sualımızla başlayaq. İstərdik ki, 43 ilə yaxındır davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. İradə xanım, əvvəlcə Sizdən başlayaq. Bu sualı belə cavablandırardım ki, insanlar ailə həyatında hisslərlə deyil, ağılla hərəkət etməlidirlər. Çünki, çox vaxt hisslər insanı aldadır, gənclik emosiyalarına qapılıb hər hansı bir yanlış addım bəzən insan həyatında böyük çuxur yarada bilər. Xüsusilə ailə həyatında buna diqqət yetirmək lazımıdr, çünki burda artıq sən tək deyilsən, səninlə birlikdə addımlayan şəxslər var ki, onların gələcəyi bizdən asılı olur. Bunu xüsusən bir valideyn - ana olaraq qeyd edirəm ki, mənim yanlış hisslərə qapılıb atdığım hər hansı bir addım övladlarımın gələcəyi bahasına başa gələ bilərdi. Ona görə səbirlə, təmkinlə ailədə olan çətinliklərə dözmək və hər açılan günə şükür etmək lazımdır. Hüseyn müəllim bu mövzuda siz nə deyə bilərsiz? Mən bu sualınıza atalar sözlərimizlə fikir bildirmək istərdim: “Güc birlikdədir”, “Aslanın erkəyi dişisi olmaz”. Həqiqətən də, bu atalar misalını biz ailə həyatımızda yaşamışıq. Belə ki, qadın zəkasının üstünlüyü, qadının zərif qəhrəman olaraq gücü deyərdim ki, ailənin xoşbəxtlik açarıdır. İradə xanım, ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Fikrimcə belə hallarda güzəştə getməyi bacarmaq lazımdır, xüsusilə sevdiyimiz insanın qəlbini qırmaq təhükəsi yarandığı hallarda mən öz emosiyalarımı hər zaman idarə etməyə çalışmışam. Hüseyn müəllim Sizcə vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? Vətənə məhəbbət deyərdim ki, insanlığın ən ali hisslərindəndir. Şeirdə deyildiyi kimi: Vətəni sevməyən insan olmaz, Olsa da, o şəxsdə vicdan olmaz! Vətən bizim namusumuzdur, onu sevib qorumaq borc deyil, müqəddəs vəzifəmizdir. Və biz valideynlərin də ən ali öhdəliklərindən biri bu sevgini övladlarımıza düzgün aşılamaqdır. İradə xanım, valideyn-övlad münasibətlərini Siz ailənizdə necə tənzimləmisiniz? Valideyn-övlad münasibətlərində mən övladlarımdan minnətdarlıq gözləmirəm. Çünki onlar mənim üçün ən gözəl nemətdir, bəxşişdir. Onlara diqqətim, qayğım mənim bir ana olaraq müqəddəs vəzifəmdir. Çalışmışam ki, onların istər tərbiyəsində, istərsə də, təhsilində hər iki övladıma ayrı-ayrılıqda öz xarakterlərinə görə ümumi deyil, fərdi yanaşım. Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz? Bu sualla əlaqədar elə bir təəssüf hissi keçirdiyim hallar olmayıb. Çünki onların həyat yoluna məncə düzgün istiqamət vermişəm. Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Onlara təmkinli olmağı, şükür etməyi, bir-birinin fikirlərinə hörmətlə yanaşmağı tövsiyə edirəm. Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə İbrahimovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.
Bahar Muradova BMT-nin Qadınlar üzrə Agentliyinin nümayəndə heyəti ilə görüşüb
22 noyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətində Agentliyin İqtisadi səlahiyyətləndirmə idarəsinin direktoru Cemayma Njuki, Gürcüstan üzrə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava, Hökumətlərarası dəstək idarəsinin direktoru Katarina Karvalho və Azərbaycan üzrə Proqram rəhbəri Pərvanə Bayramova təmsil olunub. Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayaraq, onları ölkədə və Komitədə qarşılamaqdan məmnunluğunu ifadə edib. B.Muradova Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) bütün dünya ölkələrinin aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığını yeni səviyyəyə qaldırdığını deyib. O, Azərbaycanın COP29-a rəhbərliyinin nəticələri, yeni formatlar və ilklər, o cümlədən COP Sədrlikləri Üçlüyünün uğurlu fəaliyyəti haqqında danışaraq, bunun vacib qərarların razılaşdırılmasına əhəmiyyətli təsir göstərəcəyinə əminliyini ifadə edib. Həmçinin, hamını narahat edən məsələlərin dünyanın gündəminə ən yüksək səviyyədə çatdırıldığını qeyd edib. Dövlət Komitəsinin sədri, ötən gün COP29 çərçivəsində təşkil olunan “Şəffaflıqda Gender” mövzusu üzrə yüksək səviyyəli konfransda gələcək hədəflərə doğru gender bərabərliyinə nail olmaqla birgə addımlamağın vacibliyinin vurğulandığını, eləcə də bu mövzuda pozitiv mesajların səsləndirildiyini bildirib. Qadınları inkişafın əsas hərəkətverici qüvvəsi və iştirakçısı adlandıran sədr, onlara dəstək xarakterli addımların atılmasının önəmli olduğunu vurğulayıb. Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununun icra vəziyyətinə dair ölkə parlamentinə illik məlumatın artıq 5-ci dəfə təqdim edilməsinin şəffaflıq və hesabatlılığın əldə edilməsinə xidmət etdiyini və yaxşı bir təcrübə kimi təşviq olunmasının vacibliyinə diqqəti yönəldib. UN Women İqtisadi səlahiyyətləndirmə idarəsinin direktoru Cemayma Njuki isti qarşılanmaya görə təşəkkürünü bildirib. O, ölkəmizdə yüksək səviyyədə təşkil olunan COP29, eləcə də konfrans çərçivəsində uğurla keçirilən “Gender günü” ilə bağlı təbrikini çatdırıb və bu konfransın qadınların ən çox iştirak etdiyi COP kimi yadda qalacağını söyləyib. Azərbaycanda gender bərabərliyi, eləcə də qadınların iqtisadi səlahiyyətləndirilməsi ilə bağlı həyata keçirilən siyasəti yüksək qiymətləndirən C.Njuki, bu sahədə Komitənin fəaliyyətini vurğulayıb. Agentliyin rəsmisi qadınların səlahiyyətləndirilməsi üzrə beynəlxalq əməkdaşlıqda həyata keçirilən istiqamətlər haqda məlumat verib. Qayğı xidmətləri iqtisadiyyatının qurulması, kənd qadınlarının səlahiyyətləndirilməsi və məvaciblərdə gender üzrə fərqlərin aradan qaldırılması istiqamətləri üzrə nəzərədə tutulan tədbirlər haqqında danışıb. UN Women-in Gürcüstan üzrə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava Azərbaycan hökumətinin qadınların səlahiyyətləndirilməsi məsələsinə önəm verdiyini qeyd edib, bu sahədə qayğı xidmətlərinə əsaslanan iqtisadiyyat modelinin tətbiqinin önəmindən danışıb. Pekin+30 çərçivəsində əldə edilən irəliləyişlərdən söz açan K.İşikava, birgə əməkdaşlıqda göstərilən dəstəyə görə təşəkkür edib. UN Women-in Hökumətlərarası dəstək idarəsinin direktoru Katarina Karvalho Azərbaycanın Pekin+30 üzrə milli hesabatına, eləcə də ölkəmizin Avropa İqtisadi Komissiyasının toplantısında iştirakına diqqət çəkərək bu fəaliyyətləri yüksək qiymətləndirib. O, gender bərabərliyinin təmin olunması sahəsində qurumlar arasında mümkün əməkdaşlıq istiqamətləri və Pekin+30 konfransı çərçivəsində reallaşdırılacaq tədbirlər barədə məlumat verib. Görüş gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələrlə davam edib.
Bahar Muradova COP29 çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb
21 noyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşü keçirilib. Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin insanlıq və bəşəriyyət naminə göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib, yarandığı vaxtdan Azərbaycanın yanında olduğunu qeyd edib. Mərkəzin COP29 çərçivəsində fəaliyyətinə diqqət çəkən sədr, təşkil olunan tədbirlərin ictimaiyyət tərəfindən müsbət qarşılandığını bildirib. Eyni zamanda ailə, qadın və uşaq məsələləri ilə bağlı dövlət siyasətini həyata keçirən Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verib. O, bu gün dünyada konfliklərlə körüklənən iqlim dəyişiklikləri fonunda beynəlxalq təşkilatların rolunun önəmindən danışıb. Sonda COP29 günlərində dünyanın müxtəlif nöqtələrindən olan insanların bir amal uğrunda Bakıda toplandığını deyən B. Muradova, siyasətlərin insanların istək və arzularına uyğun qurulması arzusunu dilə gətirib. Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti Ismail Serageldin Azərbaycanda olmaqdan və belə bir qlobal konfransda iştirakdan məmnunluğunu ifadə edib. O bildirib ki, COP29 konfransından keçən müddət ərzində aparılan işlər kifayət qədər intensivdir və vacib məsələlər arasında gender məsələlərini xüsusilə qeyd etməliyik. Dünyada qadınların üzləşdiyi məsələlər sırasında iqlim dəyişmələrinin təsirlərinin də yer aldığını diqqətə çatdıran qonaq bildirib ki, biz qadınlara nəinki yardım etməli, həm də düzgün həll yollarının tapılmasında onlarla birgə işləməli, onların iqlim dəyişmələrinə qarşı müqavimət gücünün artırılmasına çalışmalıyıq. Mərkəzin üzvü, BMT-nin Baş Assambleyasının keçmiş prezidenti Maria Fernanda Espinosa COP29 çərçivəsində uğurlu tərəfdaşlığın qurulmasından məmnunluğunu ifadə edərək, vurğulayıb ki, zəngin diskussiyalar, müzakirələr və panel toplantılarında iştirak etmək, beynəlxalq məşvərət Komitəsi çərçivəsində çalışmaq qürurvericidir. Azərbaycanın belə böyük tədbirin öhdəsindən layiqincə gəldiyini vurğulayan qonaq əlavə edib ki, bu konfrans həm iqlim üçün, həm də çoxtərəfli əməkdaşlıq üçün faydalıdır. Bu günlərdə paytaxtımızda keçirilən mötəbər tədbirə diqqət çəkən Mərkəzin üzvü, Gürcüstanın sabiq ədliyyə naziri Eka Tkeshelashvili qeyd edib ki, Azərbaycan regionda bu beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edir və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı tarixində ilk dəfə idi ki, bir gün tam olaraq qadın mövzusuna, gender məsələlərinə həsr edildi. Görüş qarşılıqlı maraq doğuran faydalı və mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsi ilə davam edib.
Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününü keçirəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününü keçirəcək. “Açıq qapı” günü 28 noyabr 2024-cü il tarixində, saat 10:00-dan 15:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcəkdir. Ünvan və telefonlar
Bahar Muradova COP29 Konfransı çərçivəsində Qətər Dövlətinin Sosial İnkişaf və Ailə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
21 noyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 Konfransı çərçivəsində Qətər Dövlətinin Sosial İnkişaf və Ailə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan Komitə sədri Bahar Muradova Qətər dövləti ilə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib və əlavə edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə qurulan əlaqələr getdikcə daha da intensivləşir. Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə aid məsələlərdən bəhs edən sədr bildirib ki, bütövlükdə ailə, qadın və uşaq məsələləri ilə bağlı siyasətin müəyyənləşdirilməsi və reallaşdırılması, həmçinin həssas qrupa daxil olan təbəqə və onların hüquqlarının müdafiəsi üzrə görülən işlər gündəliyimizin əsas bəndlərini təşkil edir. İslam ölkələrində ailə institutunun qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi sahəsində nailiyyətləri diqqətə çatdıran B.Muradova, Qətər dövləti ilə ortaq mədəni tarixi köklərə əsaslanaraq iki qurum arasında müvafiq sahələr üzrə əməkdaşlığın yarandığını qeyd edib. Qətər rəsmisi Şeyxa bint Casim əl Tani COP29 çərçivəsində Azərbaycanda olmaqdan məmnunluğunu bildirib və iki ölkə arasında yüksək səviyyədə əlaqələrin mövcudluğunu vurğulayıb. Qətər dövlətində insan hüquqlarının qorunmasının əsas prioritet istiqamət olduğunu deyən qonaq, bu istiqamətdə mərkəzlərin fəaliyyət göstərdiyini və mütəmadi olaraq monitorinqlərin həyata keçirildiyini əlavə edib. Müvafiq sahələrdə ölkəmizin təcrübəsindən yararlanmaq istədiklərini qeyd edən Qətər rəsmisi, iki qurum arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasında maraqlı olduqlarını əlavə edib və bu barədə razılığa gəlinib. Görüş zamanı qurumlararası əlaqələrin inkişafına dair digər məsələlər də müzakirə olunub.
Bahar Muradova “Şəffaflıqda Gender” mövzusu üzrə yüksək səviyyəli paneldə çıxış edib
“COP fəaliyyətlərinin əsas prinsipləri inklüzivlik və gender bərabərliyini vurğulayır. Azərbaycan inanır ki, əhalinin müxtəlif qruplarının – uşaqların, gənclərin, qadınların və həssas icmaların potensialını səfərbər etmək iqlim dəyişikliyinin yaratdığı problemlərin həllinə mühüm töhfə verəcəkdir”. Bu sözləri 21 noyabr 2024-cü il tarixində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində keçirilən “Şəffaflıqda Gender” mövzusu üzrə yüksək səviyyəli tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinin üzvü, professor Rangita de Silva de Alwisin moderatorluğu ilə keçirilən tədbirin rəsmi açılış mərasimində ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayevin və BMT-nin İqlim Dəyişmələri Konfransı katibinin müavini Hamladjinin salamlama nitqləri dinlənilib. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, iqlim dəyişiklikləri və dünyamıza təsir edən təbii fəlakətlərin, habelə digər qlobal ekoloji problemlərin bəşəriyyətin gələcəyinə ciddi təhlükələr yaratdığını vurğulayıb. O, ölkələrin və beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərini birləşdirməsini bu vəziyyətdən minimal itkilərlə çıxmağın əsas şərti olduğunu qeyd edib. Azərbaycanda ətraf mühitin qorunmasına yönəlmiş zəruri qanunvericilik bazası hazırladığını və müxtəlif proqramlar vasitəsilə öhdəliklərin yerinə yetirilməsi üçün şərait yaradıldığını bildirən B.Muradova, ölkədə institusional mexanizmlər və əlverişli investisiya mühitinin də yarandığını əlavə edib. Komitə sədri bildirib ki, 30 illik müharibə təcrübəsi ilə üzləşmiş Azərbaycan iqlim dəyişikliklərini və ekoloji çağırışları daha da kəskinləşdirən ərazi, iqtisadi və insan itkilərinə baxmayaraq, bu böhranın effektiv həlli üçün beynəlxalq təhlükəsizlik, sülh və sabitliyin birgə səylərdə olduğunu dərk edir. Cənubi Qafqazda sülh gündəmini təşviq etməklə Azərbaycan yaşıl iqtisadiyyat və bərpa olunan enerji sahələrində genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə inkişafa töhfə verir. Sədr vurğulayıb ki, azaltma tədbirlərində gender inteqrasiyasını gücləndirmək, şəffaflıq, hesabatlılıq və bərabər iştirakı təmin etmək təkcə bərabərlik vasitəsi deyil, həm də qadın və qızların hüquqları üçün güclü vasitədir. Azərbaycanda aparılmış Çoxölçülü Klaster Sorğusunu xüsusi qeyd edən B.Muradova əlavə edib ki, bu və digər məlumat toplama formatlarını, gender həssas göstəriciləri tətbiq edərək iqlim dəyişikliklərinə dair mövcud gender bərabərsizliyini üzə çıxara bilərik. Komitə sədri deyib ki, beynəlxalq və milli öhdəliklərə uyğun olaraq, “Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanmışdır və Planın əsas prioritetlərindən biri də iqlim dəyişikliklərinin gender bərabərliyinə təsirini, qadınlar və uşaqlar üçün risklərini nəzərə alan adaptasiya tədbirləridir. Həmçinin əlavə edib ki, Dövlət Komitəsi hər il Milli Məclisə gender bərabərliyini təmin etmək üçün il ərzində həyata keçirilən əlaqələndirilmiş fəaliyyətlərin nəticələrini əks etdirən məlumat təqdim edir. Bu proses özlüyündə genderlə bağlı məsələlərdə hesabatlılığı, şəffaflığı və səmərəliliyi artırmağa kömək edir. Su və gender bərabərliyi mövzusunun müvafiq dövlət orqanlarının gündəmində olduğunu bildirən B.Muradova, Azərbaycanın iqlim hədəfləri arasında qadınların ekoloji məsələlərə çıxışını təmin etməklə bərabər, həm də onların bu prosesdə iştirakını artırmağın xüsusi yer tutduğunu qeyd edib. Bildirib ki, bu məsələdə də genderə həssas yanaşma tətbiq edilir. Azərbaycanda sosial-iqtisadi inkişaf gündəliyinin qadınların iqtisadi imkanlara çıxışını yaxşılaşdırmağa yönəldiyini qeyd edən Komitə sədri kənd qadınları arasında kiçik və orta sahibkarlıq sahəsinin miqyasının genişləndiyini diqqətə çatdırıb. Xüsusilə də mənfi ekoloji təsirləri azaltmaq məqsədini daşıyan çoxölçülü tədbirlərdən ibarət “Yaşıl Kənd Təsərrüfatı”nı dəstəkləmək üçün 2020-2023-cü illəri əhatə edən Birgə Fəaliyyət Planının icra edildiyini bildirib. B. Muradova vurğulayıb ki, COP29 çərçivəsində gender bərabərliyini hər iqlim siyasətinin əsas prinsipi etmək öhdəliyimizi təsdiq edirik. İstisnasız olaraq, bütün ölkələrin BTR (İkiillik Şəffaflıq Hesabatları) və NDC (Milli Müəyyən Edilmiş Töhfələr) hazırlanması və həyata keçirilməsi prosesində gender bərabərliyinə dair milli platformalar yaratmalıdır. O bildirib ki, bu, qadınlar və qızlar, ümumiyyətlə bütün digər həssas qruplara iqlim tədbirlərinə təsir göstərmək və layihələrin icrasına nəzarət etmək imkanı verəcəkdir. Həmçinin iqlim maliyyələşdirilməsində gender-həssas modellərin tətbiqi iqlim tədbirlərində gender bərabərliyini dəstəkləyəcəkdir. B.Muradova BTR və NDC-lərdə gender bərabərliyinin təmin olunmasını davamlı və ədalətli iqlim gələcəyi üçün vacib şərt adlandırıb: “Bu təşəbbüsləri dəstəkləmək gender bərabərliyini iqlim dəyişiklikləri siyasətimizin ayrılmaz bir hissəsinə çevirməyə imkan verəcək və birlikdə daha güclü və daha inklüziv bir cəmiyyət qurulmasına töhfə verəcəyik. Hamınızı bu səylərə və məqsədlərə qoşulmağa çağırıram” - deyə çıxışını sonlandırıb. Çıxışlardan sonra “BTR (İkiillik Şəffaflıq Hesabatı) və NDC-lərdə (Milli Müəyyən Edilmiş Töhfələr) gender inteqrasiyasının gücləndirilməsi” adlı panel öz işinə başlayıb. Konfrans çərçivəsində gender komponentlərini özündə əks etdirən pantomima tamaşası nümayiş etdirilib. Bahar Muradovanın “Şəffaflıqda gender” tədbirində nitqi Speech of mrs. Bahar Muradova (UN Woman)_eng
Məktəbli Əsma Mənsurzadə bir günlük Dövlət Komitəsinə rəhbərlik edib
Unicef Azerbaijan|ın “Uşaqlar idarəetmədə” ("Kids Takeover") layihəsi çərçivəsində məktəbli Əsma Mənsurzadə bir günlük Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə rəhbərlik edib. O, hüquqları ilə bağlı qərarların necə qəbul edildiyinin şahidi olub və bu sahədə öz fikirlərini formalaşdıraraq, təkliflər irəli sürmək imkanı əldə edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova: "Bu gün bütün dünyada, həmçinin Azərbaycanda uşaq hüquqları günü kimi qeyd olunur. Məqsədi isə uşaqların hüquqlarının qorunmasını təmin etmək, onların sağlam, təhlükəsiz və bərabər şəraitdə yaşamaq, təhsil almaq və inkişaf etmək hüquqlarını bir daha vurğulamaqdır. Bu gün biz cəmiyyətin diqqətini uşaqların üzləşdiyi problemlərə, konfliktlər, iqlim dəyişiklikləri və digər səbəblərdən meydana çıxan zorakılıq, ayrı-seçkilik, yoxsulluq və təhsildən məhrum olma kimi məsələlərə yönəldir və onları həll etməyə çağırırıq. Bu bizim üçün uşaqların rifahını yaxşılaşdırmağa yönələn qlobal həmrəyliyi və iş birliyini gücləndirən əlamətdar bir tarix, onların öz tükənməz enerjisi, yaradıcılığı və qətiyyətləri ilə harmonik bir dünyanın qurucuları və insanlığın sabahı olduqlarını vurğuladığımız gündür. Gəlin, hamılıqla gələcəyə doğru irəliləyərkən onların missiyasını dəstəkləməyə davam edək!". Əsma Mənsurzadə: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradovanın rolunu bir günlük əvəz etmək mənim üçün unudulmaz həm gözəl xatirə, həm də maraqlı təcrübə oldu. Bu təcrübə mənə Komitənin fəaliyyətini anlamaqla yanaşı, uşaqların hüquqlarını qorumağın cəmiyyətimiz üçün nə qədər vacib olduğunu bir daha göstərdi və məni gələcəkdə uşaqların səsi olmağa, onların hüquqlarını qorumağa daha da ruhlandırdı”.
Uşaqların zərərli və təhlükəli informasiyadan qorunmasına həsr olunmuş onlayn görüş keçirilib
20 noyabr 2024-cü il tarixində “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində dövlət rəsmilərinin və müvafiq sahə üzrə mütəxəssislərin uşaqlarla onlayn görüşü keçirilib. Layihə “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı, “Nar”ın dəstəyi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir. Dünya Uşaqlar Gününə həsr edilmiş görüş “Zoom” platforması üzərindən Naxçıvan, Bakı, Gəncə şəhərlərini, Lənkəran və Qəbələ rayonlarını təmsil edən 100-dən çox məktəblinin iştirakı ilə təşkil olunub. Görüşdə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq, uşaqları gələcəyə yönələn hədəflərin əsas iştirakçısı adlandırıb, onların hüquqlarının təmin olunmasının əhəmiyyətini vurğulayıb. B.Muradova, Komitənin əlaqələndirici qurum kimi müvafiq sahədə qəbul olunmuş qanunlar, konvensiyalar, eləcə də ölkəmizin qoşulduğu beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsini diqqətdə saxladığını əlavə edib və həyata keçirilən layihələr haqqında danışıb. O, Komitənin uşaqlar arasında internetdən istifadə səviyyəsinin ölçülməsi məqsədilə keçirdiyi araşdırma barədə məlumat verib, həmçinin uşaq hüquqları haqqında yeni qanun layihəsinin hazırlandığını əlavə edib. Uşaqların fəal iştirakının vacibliyini qeyd edən sədr, Komitənin təşəbbüsü ilə yaradılan Uşaq Səfirlər Məclisinin uğurlarından söz açıb. Eyni zamanda növbəti ay keçiriləcək Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu haqqında məlumat verib. B.Muradova çıxışının sonunda Dövlət Komitəsinin bütün tərəfdaşları ilə birlikdə Azərbaycanda həyata keçirilən dövlət uşaq siyasətinin reallaşdırılması və uşaqlarının təhlükəsiz, sağlam, azad bir mühitdə inkişafını təmin edən siyasətin yeridilməsinə nəzarəti bundan sonra da davam etdirəcəyini bildirib. Görüşdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, ADA Universitetinin prorektoru Vəfa Kazdal, “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova, RİİB-in nümayəndəsi Günay Ağayeva və İB-in hüquqşünası Təbriz Qasımov, Azərbaycan Kibertəhlükəsizlik Assosasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov və sədr müavini Rauf Cabbarovun çıxışları dinlənilib. Tədbir, iştirakçıların görüş müddətində qeydə alınan görüntülərindən hazırlanmış fləş-mobla başa çatıb.
Dövlət Komitəsinin sədri “Uşaqlar, gənclər və iqlim fəaliyyəti” üzrə yüksək səviyyəli dəyirmi masada çıxış edib
“İnsan inkişafı bizim fəaliyyətimizin mərkəzində dayanır və iqlim dəyişikliyi fonunda bu diqqətin əhəmiyyəti daha da artır.İqlim təsirləri sağlamlıqdan və təhsildən iqtisadi sabitliyə qədər insan inkişafının hər bir sahəsinə toxunur. Buna görə də, uşaqlarımızın hərtərəfli dəstəklənməsi vacibdir.” Bu sözləri BMT-nin İqlim Dəyişsmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində 18 noyabr 2024-cü il tarixində BMT-nin Uşaq Fondunun təşkilatçılığı ilə keçirilən “Uşaqlar, gənclər və iqlim fəaliyyəti” üzrə yüksək səviyyəli dəyirmi masada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, iqlim dəyişikliyinin təhsilə və sağlamlığa təsirləri vasitəsilə yaratdığı pozuntular bütün dünyada uşaqlara, ailələrə və icmalara birbaşa təsir edir. Buna görə, onların hərtərəfli inkişafı və ətraf mühit təsirlərindən qorunması yalnız gələcəyə bir sərmayə deyil, həm də Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edir. B. Muradova qeyd edib ki, iqlim dayanıqlığını qurma yanaşmamız regionlar, icmalar və yaş qrupları arasında əlaqə yaratmaqla hər yerdə uşaqların inkişaf etməsi üçün bilik və dəstək təmin etməyə yönəlib. İqlim savadlı və iqlimə dayanıqlı bir nəsil yetişdirmək vacibdir və bunu təmin etmək üçün səmərəli və dayanıqlı mexanizmlər yaradılmalıdır. Həssas icmalar üçün iqlim dəyişikliyinin iqtisadi və sosial problemlər yaratdığını diqqətə çatdıran Komitə sədri sosial müdafiə və təhlükəsizlik şəbəkələrinin gücləndirilməsi, iqlim hadisələrindən təsirlənənlərə maliyyə dəstəyinin göstərilməsinin vacibliyini, ekstremal istilik, infeksiyalar, hava çirkliliyi, qidalanma və ərzaq təhlükəsizliyi üçün erkən xəbərdarlıq sistemlərinin yaradılmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, təhsil müəssisələri, səhiyyə təminatçıları, yerli hökumətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq, hərtərəfli bir şəbəkə yaratmaq üçün əsasdır. Uşaqlar və ailələr sabit dəstəyə, sağlamlıq xidmətlərinə çıxışa ehtiyac duyurlar. Onlar əmin olmalıdırlar ki, ekoloji dəyişikliklər dövründə geridə qalmayacaqlar. Bahar Muradova: “İlk dəfə olaraq, uşaqlara və gənclərə xüsusi diqqət yetirilərək, iqlim tədbirləri çərçivəsində hərtərəfli insan inkişafı COP gündəminə gətirilib. Uşaqlarımızı iqlim dəyişikliyi ilə üzləşmədə dəstəkləmək üçün atılan hər addım ortaq gələcəyimizə bir sərmayədir. Bu səbəbdən, hər kəsi bu vacib missiyada daha aktiv rol oynamağa və yaşıl dünya üçün həmrəyliyə çağırıram.” - deyə çıxışını sonlandırıb. COP29 Prezidentliyinin Gənclər İqlim Çempionu Leyla Həsənovanın və BMT-nin İqlim Dəyişikliyi üzrə yüksək səviyyəli Çempionu Mariam Allamın moderatorluğu ilə keçirilən panel müzakirələrdə Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov, Koreya Respublikasının ətraf mühit naziri Wan-sup Kim, Nigeriya İqlim Dəyişikliyi üzrə Milli Şuranın Baş Direktoru və Katibliyin rəhbəri Nkiruka Maduekwe, Dominikan Respublikasının İqlim Dəyişikliyi üzrə Milli Şurasının Texniki Direktoru Sara Qonzales, Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin İqlim Danışıqları və Beynəlxalq Siyasətlər Başçısı Aysin Turpancı, Corc Warren Braun Universitetinin professoru, Sosial İnkişaf Mərkəzinin direktoru, Vaşinqton Universitetinin Next Age İnstitutunun direktoru Maykl Şerraden, Almaniyadan Sağlamlıq və Qidalanma üzrə Qlobal Direktor, Save the Children Beynəlxalq və Qlobal Sağlamlıq üzrə dosenti Revati Phalkey və digərləri də çıxış ediblər. Müzakirələrdə iştirak edən Uşaq Səfirlər Məclisinin nümayəndələri məclisinin fəaliyyəti haqqında məlumat veriblər və bu il keçiriləcək VI Ümumrespublika Uşaq Formu çərçivəsində təşkil ediləcək hər bir panelin ekologiya ilə əlaqələndiriləcəyinə diqqət çəkiblər. “Uşaqlar, gənclər və iqlim fəaliyyəti” üzrə dəyirmi masada Bahar Muradovanın çıxışı Speech of Mrs. Bahar Muradova