Media
Xəbərlər
Bahar Muradova Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin Direktoru, professor Maykl Şerraden ilə görüşüb
18 noyabr 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 Konfransı çərçivəsində Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin Direktoru, professor Maykl Şerraden ilə görüşüb. Qonağı salamlayan Bahar Muradova, onu bütün dünya üçün vacib olan konfrans çərçivəsində ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Gənclərin iqlim dəyişikliyi, dayanıqlı inkişaf və sosial problemlərə dair qlobal həllərin tapılmasında aktiv rolunu vurğulayan sədr əlavə edib ki, Azərbaycan hökumətinin bugün apardığı siyasətin özəyində məhz gənclər dayanır. B. Muradova qeyd edib ki, dayanıqlı enerjiyə keçiddə gənclər maraqlı tərəf və dəyişikliklərin hərəkətverici qüvvəsi kimi mühüm rol oynayırlar. Qeyd olunan məsələyə Azərbaycanda xüsusi diqqət yetirildiyinə diqqət çəkən sədr, Füzuli rayonunda COP29 çərçivəsində imzalanan müqaviləyə əsasən 500 hektara yaxın ərazidə yeni günəş enerjisi stansiyasının tikilməsi ilə bağlı qərar qəbul edildiyini deyib. Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin Direktoru, professor Maykl Şerraden Azərbaycanda şahidi olduğu inkişaf proseslərinin, xalqımızın qonaqpərvərliyinin, yüksək mənəvi keyfiyyətlərinin onda xoş təəssüratlar yaratdığını qeyd edib. Rəhbərlik etdiyi Sosial İnkişaf Mərkəzinin bu günə qədər həyata keçirdiyi layihələr haqqında geniş məlumat verən qonaq, xüsusi olaraq enerji keçidinin bugünki dünyada mütləq olaraq paralel şəkildə insan inkişafı prosesi ilə birgə aparılması və bu prosesdə gənc nəslin hərtərəfli iştirakı haqqında mülahizələrini bildirib. O, gənclərin iqlim dəyişikliyi ilə mübarizəyə verdikləri töhfələri vurğulayaraq, onların beynəlxalq səviyyədə qərarların qəbul edilməsində iştirakını artırmaq üçün birgə səylərin əhəmiyyətini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Bahar Muradova COP29 çərçivəsində “İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi” mövzusunda keçirilən tədbirdə çıxış edib
“Ən fəal vətəndaşlar kimi gənclər sülh quruculuğuna öz həll yollarını təklif edərək töhfə verir, iqlim dayanıqlılığı və ətraf mühit təşəbbüslərində iştirak edərək, davamlı inkişaf prinsiplərini təşviq edirlər.” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində 18 noyabr 2024-cü il tarixində İslam Elm, Təhsil vəMədəniyyət Təşkilatının (İCESCO) təşkilatçılığı ilə “İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi” mövzusunda keçirilən tədbirdə çıxış edib. O bildirib ki, hər gün dünyanın müxtəlif yerlərində milyonlarla insan, o cümlədən uşaq və gənclər iqlim dəyişikliyini və onun konfliktlərlə bağlı təsirlərini öz həyatlarında hiss edir. İqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin iştirakınım genişləndirilməsi, onların hüquqlarının qorunması və xüsusi ehtiyaclarının mövcud siyasət və proqramlarda nəzərə alınmasının vacibliyini qeyd edən Komitə sədri qeyd edib ki, gənclər arasında təhsilin və maarifləndirmənin təşviq edilməsi onların yalnız uyğunlaşmasını deyil, həm də proseslərdə fəal iştirakını vurğulayır. O diqqətə çatdırıb ki, gənclərin liderliyi fərdi təşəbbüslərlə məhdudlaşmamalı, onların səsinə qulaq asmaq, ideyalarını qəbul etmək və qərarların qəbul edilməsi proseslərinə cəlb etmək daha davamlı və ədalətli gələcək hazırlamaq deməkdir. Azərbaycanda resurslardan səmərəli istifadə üçün bir sıra mühüm dövlət proqramları, sosial-iqtisadi inkişaf strategiyaları və geniş fəaliyyət planlarının reallaşdırıldığını qeyd edən B. Muradova azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” kimi vahid konsepsiya əsasında genişmiqyaslı bərpa və yenidənqurma işləri, minalardan təmizləmə işlərinin aparıldığını diqqətə çatdırıb. O əlavə edib ki, iqlim dayanıqlılığı və sülh quruculuğunu təmin etmək üçün gənc səfirlər “Sülh üçün Birləşək” kimi müxtəlif virtual platformalar yaratmalıdırlar. Burada onlar bu mövzuları müzakirə edərək diqqət mərkəzində saxlaya bilərlər. “Bu bir həqiqətdir ki, enerjisi, yaradıcılığı və qətiyyəti ilə gənclər güclü və harmonik bir dünyanın memarlarıdır. Gəlin hamılıqla gələcəyə doğru irəliləyərkən onların missiyasını dəstəkləməyə davam edək”- deyə Komitə sədri çıxışını yekunlaşdırıb. İSESCO-nun Baş Qərargahında Strategiya və Əməkdaşlıq Departamentinin əməkdaşı Dinara Quliyevanın moderatorluğu ilə keçirilən tədbir zamanı İSESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik və Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan çıxış edib. İnsan kapitalı, uşaq və gənclər, sağlamlıq və təhsil üzrə tematik gündə qeyd edilib ki, İSESCO gənc sülh səfirləri sessiyası iqlim və sülh problemlərinin həllində gənclərin liderliyini və innovasiyalarını nümayiş etdirəcək, onların nailiyyətlərini qeyd etməklə və gələcək əməkdaşlıq imkanlarını araşdırmaqla bu gənc liderlərə iqlim dəyişikliyinə davamlılıq və sülh quruculuğu sahəsində qlobal dəyişikliyi davam etdirmək üçün səlahiyyət verəcək. İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi mövzusunda tədbirdə Bahar Muradovanın çıxışı Speech of mrs. Bahar Muradova (ICESCO)
Dövlət Komitəsi və İslam Təhsil, Elm və Mədəniyyət Təkilatı (İCESCO) arasında Niyyət Protokolu imzalanıb
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində 18 noyabr 2024-cü il tarixində imzalanan protokolda qadın və uşaq məsələləri sahəsində birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi; həmin istiqamətlərdə müxtəlif seminarların, təlimlərin, konfransların və simpoziumların keçirilməsi, təcrübə və ekspert mübadiləsinin aparılması, qarşılıqlı səfərlərin təşkili imkanlarının nəzərdən keçirilməsi, həmçinin tərəflər arasında əməkdaşlığın inkişafı üçün səylərin göstərilməsi və aidiyyəti strukturları arasında mütəmadi görüşlərin keçirilməsi məsələləri əks olunub. Protokolu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və İCESCO-nun baş direktoru Salim M. Əl Malik imzalayıb.
Bahar Muradova Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan ilə görüşüb
18 noyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkanla görüşü keçirilib. Görüşdə “Azərbaycan və Türkiyə Hökumətləri arasında imzalanmış ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” barədə söhbət aparılıb. Qeyd edilib ki, Fəaliyyət Planı bərabərlik və qarşılıqlı fayda əsasında tərəflərin ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində qarşılıqlı əməkdaşlığının inkişafına töhfə verir. Görüş zamanı iki qurum arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın perspektivləri vurğulanıb, gələcək birgə fəaliyyət imkanları müzakirə edilib.
18 noyabr – Uşaqların Cinsi Istismardan və Cinsi Zorakılıqdan Müdafiə Günüdür
“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası ("Lanzarote Konvensiyası") 2019-cu il oktyabrın 22-də ratifikasiya edilib.
17 Noyabr Milli Dirçəliş Günüdür
17 Noyabr Milli Dirçəliş Günüdür!
16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür
16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür.
Regionlarda “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 20 oktyabr - 20 noyabr “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər, o cümlədən “Mənim hüquqlarım” və “Yadda saxla, balaca!” adlı interaktiv və öyrədici təlimlər, maarifləndirici görüşlər, viktorinalar, ekoloji layihələr həyata keçirilib. Rayon İcra Hakimiyyətləri, idarə, müəssisə və təşkilatlar, təhsil müəssisələrinin dəstəyi ilə keçirilən tədbirlərdə müvafiq qurumların əməkdaşları, Uşaq Səfirlər Məclisinin rayonlar üzrə nümayəndələri, müəllimlər, şagirdlər, məktəbəqədər yaşlı uşaqlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirlərdə mərkəzlərin əməkdaşları, ekspertlər tərəfindən iştirakçılara “Uşaq hüquqları haqqında” Konvensiyanın yaranma tarixi, mahiyyəti, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, həmçinin “Uşaq Hüquqları Aylığı”nın keçirilməsinin məqsədi, uşaq hüquqları sahəsində fəaliyyət göstərən qurumların, ümumilikdə vətəndaş cəmiyyətinin üzərinə düşən öhdəliklərindən bəhs edilib. İnteraktiv şəkildə keçirilən təlimlərdə uşaqlar hüquq və vəzifələrlə bağlı müzakirələrə qoşulub, qrup işlərində fəal iştirak ediblər. Azyaşlı uşaqlara təhlükəsizlik qaydaları, həyatda qarşılaşa biləcəkləri təhlükələr və bu təhlükələrdən müdafiə yollarından bəhs edilib, onlarla müxtəlif aktiv oyunlar oynanılıb, rəsmlər çəkilib və öyrədici materiallar hədiyyə edilib. Eyni zamanda, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin qorunmasına cəmiyyətin diqqətini çəkmək, ekoloji şüurun formalaşmasına töhfə vermək, yaşıllıq ərazilərin artırılması vasitəsilə ekoloji balansın bərpasına nail olmaq məqsədilə uşaqların iştirakı ilə iməciliklər və ağacəkmə aksiyaları da keçirilib.
“Yeni Yaranan Texnologiyalar: uşaqların cinsi istismar və zorakılıqdan müdafiəsi üçün təhlükələr və imkanlar” adlı tədbir və Lanzarota Konvensiyası Tərəflər Komitəsinin 43-cü iclası keçirilib
BMT nin Vyana Ofisində baş tutan iclas və tədbirdə ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva təmsil edib. 5 noyabr 2024-cü il tarixdə Avstriya hökumətinin Ədliyyə Nazirliyinin təşkilatçılığı və Tərəflər Komitəsinin üzvü olan milli və müstəqil ekspertlər, eyni zamanda akademik dairələrin nümayəndələrinin iştirakı ilə keçirilən bacarıqların artırılması tədbiri plenar sessiya, daha sonra “İnkişaf edən Texnologiyalar”, “Təhdidlərin və cinayətkarın davranışının əhatə dairəsi”, “Texniki həllərin araşdırılması” və “Cavabların müəyyən edilməsi” adlı 4 panel sessiya ilə davam edib. İclas Avstriyanın ədliyyə naziri xanım Alma Zadikin video-mesajı ilə başlayıb. Daha sonra Lanzarota Komitəsinin sədri Maria Josenin və Avstriyanın Xarici İşlər Nazirliyinin Hüquq departamentinin rəhbəri və səfir Gregor Şusterçitin açılış nitqləri dinlənilib. Panel sessiyalarda Kibercinayətkarlıq üzrə Avropa Komissiyasının, Evropolun, NecMec təşkilatının nümayəndələri bir sıra təqdimatlarla çıxış edərək uşaqlara qarşı artan “online” zorakılıq halları barədə məlumat veriblər. İnterpolun nümayəndəsi “Qurban uşaqların məhkəmə dinləmələri” mövzusunda təqdimatla çıxış edərək bu proseslərdə yeni texnologiyaların, xüsusilə süni intellektdən istifadənin mümkünlüyünü diqqətə çatdırıb. Nyu York Universitetinin professoru, Vyana Tibb Universitetinin Pediatriya üzrə Virtual Reallıq Laboratoriyasının rəhbəri və İsveçrənin Səhiyyə və Sosial Müdafiə Nazirliyinin rəhbər nümayəndəsi real keyslərdən istifadə edərək məsələnin psixoloji və sosial aspektlərindən bəhs edib, həmçinin reabilitasiya və ailə ilə işin aparılması barədə məlumat verib. Komitənin aparat rəhbəti Ceyran Rəhmətullayeva tədbir barədə qeydlərini bildirərək, uşaqlara qarşı artan “online” cinayət hallarının qarşısının alınması üçün milli mexanizmlərin və intenet təhlükəsizliyi sisteminin gücləndirilməsinin önəmini qeyd edib. Eyni zamanda baş vermiş hallarla bağlı məktəb proqramlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Sonra Lanzarota Komitəsinin 43-cü iclası öz işini Konvensiyanın milli səviyyədə icrası və ilk monitorinq nəticələrinin müzakirəsi ilə davam etdirib. Həmçinin inkişaf etməkdə olan texnologiyaların köməyi ilə uşaqların cinsi istismar və zorakılıqdan qorunmasına dair Bəyənnaməyə dair layihə müzakirə edilib. İclas müddətində ölkələrdə Konvensiyanın icrası istiqamətində aparılan işlər və müsbət irəliləyişlər barədə paneldə çıxış edən C. Rəhmətullayeva, Uşaq Streategiyası çərçivəsində hazırlanmış və yeni qəbul olunmuş sənədlər, qanunvericilikdə edilən ən son dəyişikliklər barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb. Qeyd edək ki, iclas öz işini 9 noyabradək davam etdirəcək.