Media
Xəbərlər

“Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfransda “Təhlükəsiz şəhərlər: dayanıqlı inkişaf modellərinin planlaşdırılmasında genderə həssas yanaşma” mövzusu müzakirə edilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfrans çərçivəsində panel sessiyası təşkil olunub. Panelin moderatoru, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Simrah İsmayılova çıxışında bildirib ki, müasir şəhərsalma yanaşmaları şəhərlərin qorunması və dayanıqlı inkişafına xidmət etməli, bu prosesdə genderə həssas və inklüziv prinsiplər əsas götürülməlidir. Simrah İsmayılova vurğulayıb ki, “Memarlıq və Şəhərsalma İli”nin əsas hədəflərindən biri şəhərlərin, xüsusilə də Qarabağ regionunun yenidən qurulması prosesinə diqqətin artırılmasıdır. Qeyd edib ki, Qarabağda həyata keçirilən bərpa proqramları çərçivəsində şəhərlərin yenidən qurulmasında genderə həssas və inklüziv yanaşmanın tətbiqi strateji əhəmiyyət daşıyır. Panel sessiyada çıxış edən Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbəri Qədir Babayev bildirib ki, genderə həssas və insan mərkəzli yanaşma müasir şəhərsalmanın əsas istiqamətlərindən biri olmaqla, dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılmasında həlledici rol oynayır. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri bu yanaşmanın tətbiqi üçün mühüm imkan yaradıb. Bu çərçivədə sosial infrastrukturun qabaqcadan planlaşdırılması, piyada əlçatanlığının təmin edilməsi, təhlükəsiz ictimai məkanların təşkili və yaşayış mühitində balansın qorunması əsas prioritetlər kimi müəyyən olunub. Qədir Babayev vurğulayıb ki, tətbiq edilən şəhərsalma modeli qadınların iqtisadi və ictimai iştirakını gücləndirməklə yanaşı, ümumilikdə daha təhlükəsiz, funksional və dayanıqlı şəhərlərin qurulmasına xidmət edir. Daha sonra çıxış edən “DESIGN BUREAU” şirkətinin icraçı direktoru, memar Fizuli Əliyev bildirib ki, memarlıq sahəsində qadınların fəal iştirakı artıq formalaşmış reallıqdır və bu istiqamətdə müsbət dinamika müşahidə olunur. O, bu sahədə sistemli yanaşmanın vacibliyini vurğulayaraq, mentorluq proqramlarının təşkili, karyera davamlılığını dəstəkləyən mexanizmlərin yaradılması, peşəkar şəbəkələşmənin genişləndirilməsi və rol modellərinin təşviqinin əhəmiyyətini qeyd edib. O bildirib ki, bu tədbirlər kompleks şəkildə həyata keçirildiyi təqdirdə memarlıq sahəsində daha inklüziv və davamlı inkişaf mühitinin formalaşdırılması mümkün olacaq. Azərbaycan Memarlar İttifaqının əməkdaşı, memar Şeyda Novruzova çıxış edərək bildirib ki, Azərbaycanda qadın memarlar şəhərsalma və memarlıq sahəsində fəal iştirak edərək mühüm uğurlar əldə edir və bu ənənə əvvəlki nəsillərin qoyduğu əsaslar üzərində davam etdirilir. O vurğulayıb ki, peşə fəaliyyətində əsas meyar cins deyil, peşəkarlıqdır və qadınların layihələrdə, o cümlədən Qarabağda aparılan bərpa işlərində iştirakı gender bərabərliyinin real göstəricisidir. Şeyda Novruzova əlavə edib ki, inklüziv və təhlükəsiz şəhər mühitinin formalaşdırılması bütün cəmiyyət üzvləri üçün əlçatan olmalı və bu prosesdə hər kəs bərabər iştirak etməlidir. Müzakirələr zamanı şəhərsalma siyasətində gender balansının qorunması daha təhlükəsiz, inklüziv şəhərlərin formalaşmasına mühüm töhfə verdiyi qeyd olunub. Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

“Bərabər imkanların təmin olunmasında iqtisadi gücləndirmə və hüquqi islahatlar” mövzusu müzakirə edilib
23 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Qadın iştirakçılığının təbliği” mövzusunda konfrans çərçivəsində “Bərabər imkanların təmin olunmasında iqtisadi gücləndirmə və hüquqi islahatlar” mövzusunda panel müzakirə təşkil edilib. Milli Məclisin deputatı, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən paneldə qadınların cəmiyyətdə və iqtisadi həyatda daha fəal iştirakının təmin olunması üçün iqtisadi imkanların genişləndirilməsi və hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Fariz İsmayılzadə çıxışında bildirib ki, bugünkü panel müzakirəsi müasir şəhərsalma və iqtisadi fəaliyyət kontekstində gender həssaslığının nəzərə alınmasına yönəldilməlidir. Deputat vurğulayıb ki, şəhərsalma prinsipləri qadınlar üçün daha geniş imkanlar yaratmalı, onların iqtisadi potensialını gücləndirməli və təmsilçilik problemlərini aradan qaldırmalıdır. Onun sözlərinə görə, bu yanaşma həm sosial ədalət, həm də inklüziv və davamlı iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Milli Məclisin deputatı Vüqar Bayramov çıxışında bildirib ki, şəhərsalma yalnız infrastrukturun qurulması ilə məhdudlaşmır, həm də inklüziv yanaşmaya əsaslanmalıdır. Onun sözlərinə görə, müasir şəhərsalma modellərində əlçatanlıq, təhlükəsizlik və bərabər istifadə imkanları əsas prinsiplərdir və bir çox ölkələrdə bu yanaşma qanunvericilik səviyyəsində tətbiq olunur. Deputat qeyd edib ki, həssas qrupların gündəlik həyatını asanlaşdırmaq üçün əlavə tədbirlər görülməli, inklüzivlik yalnız fiziki deyil, sosial-iqtisadi inkişafın da əsas tərkib hissəsi kimi nəzərə alınmalıdır. O vurğulayıb ki, dövlətin əsas məqsədlərindən biri mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir və bu, iqtisadi fəallığın və ümumi rifahın artırılması üçün vacibdir: “Azərbaycanda yaradılacaq dəyərdə qadın və uşaqların, xüsusən də qadınların payının artırılması və dəyərə çıxış imkanlarının inklüziv olaraq genişləndirilməsi çox vacibdir" - deyə o əlavə edib. Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev çıxışında bildirib ki, mövzu xüsusilə regionlar baxımından əhəmiyyətlidir. O qeyd edib ki, qadınların memarlıq sahəsində iştirakı sosial memarlıq kontekstində müzakirə olunmalı və bu istiqamət daha geniş təhlil edilməlidir. Deputat vurğulayıb ki, qadınların cəmiyyətdəki mövqeyi yalnız mövcud səviyyə ilə məhdudlaşmamalı, daha yüksək inkişaf mərhələsinə çatmalıdır. Onun sözlərinə görə, bunun üçün təhsil imkanları genişləndirilməli, qadınların uzunmüddətli və keyfiyyətli təhsilə çıxışı təmin edilməli və onların əmək bazarında fəallığı artırılmalıdır. O əlavə edib ki, qadınlar öz potensiallarını dərk etməli, seçimləri əsasında inkişaf etməli və iqtisadi imkanları genişləndirilməlidir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Nigar Vahabzadə çıxışında bildirib ki, bərabər imkanların təmin olunmaması bir çox problemlərə səbəb olur və bu baxımdan əmək bazarı, işçi-işəgötürən münasibətləri və sosial hüquqlar mühüm rol oynayır. O qeyd edib ki, təşkilatın 2025–2027-ci illər üzrə strategiyasında gender bərabərliyi və gənclərin üzvlüyə təşviqi əsas istiqamətlərdəndir. Onun sözlərinə görə, 2025-ci ildə üzvlərin sayı 1 milyona yaxın olub, qadınların payı 53,4 faiz təşkil edib və bu, əvvəlki illə müqayisədə artım deməkdir. “Yaş qruplarına görə təhlil göstərir ki, qadın üzvlərin 71%-i əmək bazarında aktiv yaş qrupuna daxildir. Bu isə qadınların əmək bazarında iştirakının artdığını göstərir” - deyə o əlavə edib. “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədr müavini Nazim Bayandurov çıxışında bildirib ki, şəhərsalma və memarlıq sahəsində sosial mühitin və keyfiyyətli yaşam şəraitinin formalaşdırılması əsas məsələlərdəndir. O vurğulayıb ki, şəhərsalma yalnız binalardan ibarət deyil, ailədən başlayaraq bütöv bir yaşayış mühitinin qurulmasını əhatə edir və bu yanaşma dağlıq bölgələrdə də tətbiq olunmalıdır. Onun sözlərinə görə, güclü iqtisadi cəmiyyət qurmaq üçün mövcud potensiallardan birgə və səmərəli istifadə vacibdir. Panel iştirakçıların suallarının cavablandırılması ilə davam edib. Səsləndirilən fikirlər bərabər imkanların genişləndirilməsi və inklüziv inkişafın təmin olunması istiqamətində kompleks yanaşmanın vacibliyini bir daha ortaya qoyub.

Memarlıqda qadın iştirakçılığının təbliği mövzusunda konfrans öz işinə başlayıb
23 aprel 2026-cı il tarixində “Memarlıq və Şəhərsalma İli” çərçivəsində “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfransın açılış mərasimi keçirilib. Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Memarlar İttifaqının tərəfdaşlığı ilə baş tutub. Tədbirdən öncə təşkil edilən qadın memarların əsərlərindən ibarət sərgi maraqla qarşılanıb. Kofransın rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və açılış nitqləri dinlənilib. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, 2026-cı ilin “Memarlıq və Şəhərsalma İli” elan olunmasının dövlətin bu sahəyə verdiyi önəmin göstəricisi olduğunu bildirib. Qeyd edib ki, müasir dövrdə şəhərsalma artıq yalnız infrastruktur məsələsi deyil, milli inkişafı, sosial ədaləti və təhlükəsizliyi təmin edən əsas strateji istiqamətlərdən biridir. O, 13-cü Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum 13 - WUF13) ölkəmizdə keçirilməsinin strateji əhəmiyyətinə diqqət çəkərək, bu tədbirin Azərbaycanın qlobal urban gündəliyində mövqeyini daha da gücləndirəcəyini vurğulayıb. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işlərinin Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərdiyini, bu quruculuq prosesində qadınların da fəal iştirakının vacibliyini qeyd edib. B.Muradova, eyni zamanda UN-Habitat ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri xatırladıb, qadınların şəhərsalma və layihələndirmə proseslərində iştirakının daha funksional, təhlükəsiz və inklüziv mühitlərin formalaşmasına, şəhərlərin insan yönümlü inkişafına xidmət etdiyini qeyd edib. Dövlət Komitəsinin sədri, Azərbaycanda bu sahədə öncül qadınları xatırlayaraq, hazırda qadınların ölkənin ictimai və iqtisadi həyatda rolunun ildən-ilə gücləndiyini diqqətə çatdırıb. Əlavə edib ki, memarlıq sahəsində gender balansı digər texniki sahələrlə müqayisədə müsbət olsa da, əmək bazarında müəyyən uyğunsuzluqlar qalmaqdadır. O, qadınların irimiqyaslı tikinti və şəhərsalma layihələrində iştiraklarının nisbətən az olduğunu və bu istiqamətdə stereotiplərin aradan qaldırılması, qadınların qərarvermə, liderlik mövqelərində təmsilçiliyinin artırılmasının əsas prioritetlərdən olduğunu qeyd edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, tədbirin Azərbaycan memarlığında qadınların rolunun geniş ictimai müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıdığını və bu sahədə yeni təşəbbüslərə təkan verdiyini deyib. İ.İsbatov, tarixən daha çox kişilərin üstünlük təşkil etdiyi memarlıq sahəsində son onilliklərdə qadınların fəallığının əhəmiyyətli dərəcədə artaraq, həm dünya, həm də Azərbaycan miqyasında dəyərli memarlıq nümunələri yaradan qadın memarların yetişdiyini bildirib. O, milli memarlıq məktəbinin inkişafında, elmi-tədris mühitinin formalaşmasında və müasir layihələrin həyata keçirilməsində qadın memarların rolunun getdikcə gücləndiyini vurğulayıb. Əlavə edib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və beynəlxalq təcrübəyə malik gənc mütəxəssislərin fəal iştirakı qadın memarların potensialının daha geniş şəkildə reallaşmasına imkan yaradır və Azərbaycanın memarlıq sahəsində davamlı inkişafına mühüm töhfə verir. Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə çıxışı zamanı memarlıq sahəsində qadınların sayında müşahidə olunan artımı müsbət tendensiya kimi qiymətləndirib. O, qadınlara həsr olunmuş tarixi memarlıq abidələrindən bəhs edərək qeyd edib ki, bu nümunələr Azərbaycan cəmiyyətində tarixən qadına göstərilən yüksək ehtiramın göstəricisidir. E.Qasımzadə, eyni zamanda qadınların memarlıq sahəsində rolu və yerindən danışaraq vurğulayıb ki, qadın memarlar şəhər mühitinin formalaşdırılmasında estetik zövqü, funksionallıq və insan amilinə həssas yanaşmaları ilə seçilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev çıxışında qadınların memarlıq və şəhərsalma sahəsində rolunun artırılmasının vacibliyini vurğulayıb, bu kimi platformaların inklüziv və balanslı qərarların qəbuluna töhfə verdiyini bildirib. O qeyd edib ki, Azərbaycanda qadınların iqtisadi fəallığı artmaqdadır və onların sahibkarlıq fəaliyyəti məşğulluq və biznes mühitinə müsbət təsir göstərir. R.Atakişiyev, qadın sahibkarların qarşılaşdığı əsas çətinliklərin aradan qaldırılması üçün KOBİA tərəfindən müxtəlif təlim, qrant layihələrinin, bazara çıxış və beynəlxalq təcrübə imkanlarının təqdim olunduğunu qeyd edib, həyata keçirilən layihələrin qadınların iqtisadi güclənməsinə və şəhər mühitində daha aktiv iştirakına şərait yaratdığını diqqətə çatdırıb. Rəsmi açılışdan sonra konfrans işinə başlayıb. Qeyd edək ki, konfrans çərçivəsində “Bərabər imkanların təmin olunmasında iqtisadi gücləndirmə və hüquqi islahatlar” və “Təhlükəsiz şəhərlər: dayanıqlı inkişaf modellərinin planlaşdırılmasında genderə həssas yanaşma” mövzularında iki panel müzakirəsi təşkil edilib.

Komitə rəsmisi Ankarada “Uşaqların səlahiyyətləndirilməsi və iştirakı üçün rəqəmsal dünyanın potensialından istifadə” adlı panel sessiyasında çıxış edib
Ankarada keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi üzrə beynəlxalq siyasət və təcrübə mübadiləsi” mövzusunda konfrans çərçivəsində təşkil olunan panel müzakirəsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Nurəddin Babazadə rəqəmsal texnologiyaların uşaqlar üçün yeni imkanlar yaratmaqla yanaşı, onların cəmiyyət həyatında fəal iştirakını təmin edən mühüm vasitəyə çevrildiyini bildirib. Nurəddin Babazadə qeyd edib ki, əsas məqsəd uşaqları yalnız qorumaq deyil, onları rəqəmsal dünyanın aktiv və gücləndirilmiş iştirakçıları kimi formalaşdırmaqdır. O, bu istiqamətdə rəqəmsal savadlılığın artırılmasının, tənqidi düşüncə və məsuliyyətli davranış vərdişlərinin inkişafının vacibliyini vurğulayıb. N. Babazadə əlavə edib ki, rəqəmsal mühitin təhlükəsiz və inklüziv olması dövlətlərlə yanaşı texnologiya şirkətləri, təhsil sistemi və vətəndaş cəmiyyətinin ortaq məsuliyyətidir. O, həmçinin uşaqların rəqəmsal siyasətlərin formalaşdırılması prosesində iştirakının genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib. Komitə rəsmisi çıxışında Azərbaycanda uşaqların rəqəmsal mühitdə gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət və proqramlar barədə məlumat verib. Bildirib ki, müvafiq fəaliyyət planları çərçivəsində rəqəmsal savadlılığın artırılması, innovativ təhsil yanaşmalarının tətbiqi və uşaqların təhlükəsiz rəqəmsal mühitə inteqrasiyası prioritet istiqamətlər sırasındadır. Sonda vurğulanıb ki, rəqəmsal mühitdə məlumatlı, təhlükəsiz və fəal uşaqların yetişdirilməsi cəmiyyətin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

“Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir
Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verən nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir. Layihəmizin növbəti qonağı Ağdam rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən Qarayevlər ailəsidir. Cəlil Qarayev 1953-cü ildə Ağdam rayonunun Güllücə kəndində müəllim ailəsində anadan olub. Bakı İncəsənət İnstitutunu və Moskva Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1994-cü ilə qədər Güllücə kənd Mədəniyyət Evində rəssam kimi fəaliyyət göstərib, kəndin mədəni həyatında fəal iştirak edib. Həyat yoldaşı Şəfiqə Qarayeva 1960-cı ildə Ağam rayonunun Güllücə kəndində anadan olub, orta təhsillidir, 2025-ci ilədək Güllücə kənd Mədəniyyət evində texniki işçi kimi fəaliyyət göstərib. Hazırda təqaüddədir. 48 ildir evli olan Qarayevlərin bu evlilikdən 6 övladı, 12 nəvəsi var. Övladları müxtəlif peşələrdə çalışaraq ölkəmizin rifahına öz töhfələrini verirlər. Qarayevlər ailəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi zamanı öz doğma yurd-yuvalarını tərk etməyə məcbur olaraq 1994-cü ildə Bərdə rayonu ərazisində yerləşən çadır şəhərciyində məskunlaşıblar. Bütün çətinliklərə baxmayaraq, C.Qarayev sənətindən uzaq düşməyib, rəsm əsərləri yaratmağa davam edib. Əsərləri bu gün də mütəmadi olaraq müxtəlif sərgilərdə nümayiş olunur. Rəssamlıqla məşğul olmaq, tar alətində ifa etmək onun üçün daxili dünyasını ifadə etməyin, insanların qəlbinə yol tapmağın bir yoludur. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yaşatmaq məqsədilə onların portretlərini kətan üzərində işləyərək təmənnasız şəkildə ailələrinə təqdim edən C.Qarayev qeyd edib ki, “Bu işi mən özüm üçün sadəcə bir sənət nümunəsi deyil, vətəndaşlıq borcu, mənəvi məsuliyyət hesab edirəm. Düşünürəm ki, bu yolla şəhidlərimizin əziz xatirəsinə kiçik də olsa töhfə verirəm və bu, mənə dərin mənəvi rahatlıq, qürur hissi bəxş edir”. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik. - Xoşbəxt evliliyin sirri nədədir? - Xoşbəxt evliliyin sirri qarşılıqlı hörmət, etibar və anlayışdadır. Sevgi ailənin təməlidir, amma uzunömürlü olması üçün səbirli olmaq, bir-birini dinləmək və anlayış göstərmək vacibdir. Biz ailədə ‘”mən” yox, “biz” anlayışını ön planda tuturuq.Ailə həyatında müxtəlif mərhələlər olur və hər mərhələdə insanın səbirli olması, qarşı tərəfi başa düşməsi çox önəmlidir. Həmçinin ailədə “mən haqlıyam” düşüncəsindən daha çox “biz necə razılaşa bilərik” yanaşması üstün olmalıdır. Bir-birini dinləmək, incitməməyə çalışmaq və ən əsası, münasibəti qorumaq istəyi ailəni uzunömürlü edir. - Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? - Hər ailədə olduğu kimi bizim ailəmizdə də bəzən fikir ayrılıqları olur. Bu, həyatın təbii bir hissəsidir. Əsas məsələ bu vəziyyəti necə idarə etməkdir. Biz çalışırıq ki, əsəbi halda qərar verməyək. Sakitləşdikdən sonra məsələni müzakirə edirik. Hər kəs öz fikrini açıq şəkildə bildirir və qarşı tərəfi dinləyir. Çox vaxt ortaq bir məxrəcə gəlmək mümkün olur. Ona görə də ailədə açıq və səmimi ünsiyyət çox vacibdir. - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? - Biz uşaqlara yalnız sözlə deyil, öz davranışımızla da tərbiyə veririk. Onlara diqqət, qayğı və sevgi göstərərək onların özünəinamını artırmışıq. Hər uşaq fərqlidir, buna görə fərdi yanaşma da çox önəmlidir. Uşaq ilk tərbiyəni ailədə alır və valideynin davranışı onun üçün ən böyük nümunə olur. Uşaqlara kiçik yaşlarından vətən sevgisi, dövlətə bağlılıq, milli dəyərlərə hörmət aşılanmalıdır. Bunun üçün valideyn özü də bu dəyərləri yaşatmalıdır. Eyni zamanda, uşağın təhsili, dünyagörüşü və ətraf mühitlə düzgün münasibəti də çox vacibdir. Yalnız savadlı deyil, həm də vətəninə faydalı, məsuliyyətli və vicdanlı vətəndaş yetişdirmək əsas məqsəd olmalıdır. - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? - Münasibətlər qarşılıqlı hörmət və etibar üzərində qurulub. Biz uşaqlara sərt nəzarət etmək əvəzinə, düzgün istiqamət göstəririk. Biz çalışmışıq ki, uşaqlarla münasibətlərimiz qorxu üzərində deyil, etibar üzərində qurulsun. Uşaqlar bilməlidir ki, istənilən məsələdə gəlib valideyni ilə danışa bilərlər. Onların fikirlərinə hörmətlə yanaşırıq, eyni zamanda düzgün istiqamət verməyə çalışırıq. Nəzarət var, amma bu nəzarət sərt qadağalar şəklində deyil, daha çox izah və yönləndirmə formasındadır. - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? - Gənclərə tövsiyəmiz odur ki, ailə qurmaq qərarını düşünülmüş şəkildə versinlər. Sevgi kifayət deyil, hörmət, uyğunluq və məsuliyyət hissi vacibdir. Həyat yoldaşını yaxşı tanımaq, məqsədləri və gözləntiləri bölüşmək önəmlidir. Ailə qurmaq bir ömürlük qərardır və tələskənlik olmamalıdır. Qarşılıqlı hörmət, səbir və anlayış olmadan sağlam ailə qurmaq çətin olur. Ona görə də bu dəyərləri əvvəlcədən formalaşdırmaq vacibdir. Hörmətli Qarayevlər ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.

“Rəqəmsal mühitdə uşaqların müdafiəsi üzrə beynəlxalq siyasət və təcrübə mübadiləsi” mövzusunda konfrans davam edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin köməkçisi və mətbuat katibi Teymur Məmmədov konfrans çərçivəsində keçirilən “Uşaqların onlayn təhlükəsizliyinin təmin edilməsi üçün hüquqi və siyasi çərçivələr” adlı panel müzakirəsində çıxış edərək rəqəmsal texnologiyaların sürətli inkişafından qaynaqlanan risklərdən danışıb. Teymur Məmmədov bildirib ki, uşaqların, valideynlərin və müəllimlərin rəqəmsal savadlılığının artırılması risklərin qarşısının alınmasında mühüm rol oynayır. Bu istiqamətdə Azərbaycan Respublikasının “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanununun xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Komitə rəsmisi qeyd edib ki, qanun uşaqların fiziki, psixoloji və mənəvi inkişafına zərər verə biləcək informasiyadan qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edir. Eyni zamanda, uşağın mənafeyinin üstün tutulması prinsipi bütün tədbirlərin mərkəzində dayanmalıdır. Monitorinq və qiymətləndirmə mexanizmlərinin gücləndirilməsinin əhəmiyyətindən bəhs edən T. Məmmədov əlavə edib ki, qəbul edilən siyasətlərin təsiri mütəmadi ölçülməli, mövcud boşluqlar operativ şəkildə aradan qaldırılmalıdır. O, həmçinin vurğulayıb ki, rəqəmsal mühit sərhəd tanımadığından beynəlxalq əməkdaşlıq da bu sahədə mühüm rol oynayır. “Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır. “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” və “Uşaq hüquqları haqqında” Qanun bu sahədə sistemli yanaşmanı gücləndirir. Güclü qanunvericilik, effektiv icra, geniş maarifləndirmə və çoxtərəfli əməkdaşlıq birlikdə tətbiq olunduqda uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür”, - deyə o qeyd edib.

Bahar Muradova uşaqların rəqəmsal mühitdə müdafiəsi ilə bağlı mühüm mesajlar səsləndirib
Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə 21 aprel 2026-cı il tarixində Ankara şəhərində nazirlər səviyyəsində keçirilən dəyirmi masada rəqəmsal mühitdə uşaqların qorunması və gücləndirilməsi mövzusu müzakirə edilib. 17 ölkədən yüksək səviyyəli nümayəndələrin iştirak etdiyi dəyirmi masada Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təmsil edib. O çıxışında bildirib ki, rəqəmsal texnologiyalar artıq uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib və internetlə sosial media onların təhsilinə, düşüncəsinə və davranışına ciddi təsir göstərir.Kiberzorakılıq, şəxsi məlumatların sui-istifadəsi, zərərli kontentə çıxış və onlayn istismar artıq qlobal problemə çevrilib. Bu səbəbdən hüquqi çərçivələrin mövcudluğu kifayət deyil - əsas məsələ onların real və effektiv tətbiqidir. Burada dövlətin həm tənzimləyici, həm də qoruyucu və preventiv rolu xüsusi əhəmiyyət daşıyır. Komitə sədri qeyd edib ki, Azərbaycanda bu sahədə ardıcıl siyasət həyata keçirilir. Onun sözlərinə görə, uşaqların zərərli informasiyadan qorunması üçün hüquqi baza yaradılıb, kibertəhlükəsizlik strategiyaları tətbiq olunur və süni intellektlə bağlı normativ yanaşmalar hazırlanır. Eyni zamanda monitorinq və koordinasiya mexanizmləri gücləndirilir. B. Muradova vurğulayıb ki, uşaqların qorunması yalnız məhdudiyyətlərlə mümkün deyil, əsas diqqət onların gücləndirilməsinə yönəlməlidir. Bu məqsədlə dövlət qurumları, media və vətəndaş cəmiyyəti ilə birgə maarifləndirmə proqramları, təlimlər və innovativ təşəbbüslər həyata keçirilir. O, rəqəmsal təhlükəsizliyin ailədən başladığını və valideynlərin rəqəmsal savadlılığının artırılmasının bu baxımdan mühüm rol oynadığını diqqətə çatdırıb. Ailə daxilində açıq ünsiyyət və etimadın uşaqlar üçün ən effektiv qoruyucu mexanizm olduğunu bildirib. Çıxışında beynəlxalq əməkdaşlığın əhəmiyyətinə də toxunan B. Muradova qeyd edib ki, sərhədsiz rəqəmsal mühitdə BMT, Avropa Şurası və digər platformalar çərçivəsində əməkdaşlıq xüsusi rol oynayır. Müxtəlif ölkələrin, o cümlədən Türkiyə və Azərbaycanın təcrübəsi də göstərir ki, kompleks və birgə yanaşma effektiv həllər və nəticə əldə etməyə möhkəm əsaslar yaradır. Tədbirdə müxtəlif ölkələrdən yüksək səviyyəli rəsmilər də çıxış ediblər. Belə ki, Mahinur Özdemir Göktaş (Türkiyə), Claudia Bauer (Avstriya), Maya Morsy (Misir), Damir Gutić (Monteneqro), Imaan Sulaiman-Ibrahim (Nigeriya), Asma Jabri (Tunis), Mansurbek Polvonozoda Olloyorov (Özbəkistan), Tatjana Macura (Serbiya), Stéphanie Rist (Fransa, video müraciət) və Camilla Waltersson Grönvall (İsveç, video müraciət) tədbirdə çıxış edərək rəqəmsal platformalarda uşaqların təhlükəsizliyinin təmin edilməsi, zərərli informasiyadan qorunması və onların sağlam inkişafı üçün effektiv mexanizmlərin müəyyənləşdirilməsi və digər mövzular ilə bağlı fikirlərini səsələndiriblər.

Sağlam ətraf mühit, sağlam gələcək” mövzusunda maarifləndirici görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Qorxmaz Baxşıyev adına 179 və 182 nömrəli tam orta məktəblərdə “Sağlam ətraf mühit, sağlam gələcək” adlı maarifləndirici görüşlər keçirilib. Yuxarı sinif şagirdləri ilə keçirilən görüşlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssisləri Ülkər Camalova və Sevinc Bağırova çıxış ediblər. Çıxışçılar sağlam ətraf mühitin insanın həyatına, səhhətinə təsirindən, ekoloji mədəniyyət, ekoloji davranış və tullantıların düzgün idarə olunmasından danışıb, uşaqların ətraf mühitin qorunmasında fəal iştirak etmələrinin vacibliyini qeyd ediblər. Tədbirlərdə iştirakçılar üçün interaktiv müzakirələr təşkil olunub, suallar cavablandırılıb.
Məişət zorakılığının qarşısının alınması sahəsində yaradılan monitorinq və əlaqələndirmə qrupunun iclası keçirilib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli, 367 nömrəli Qərarına əsasən 17 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupunun 2026-cı ilin birinci rübünün yekununa dair iclası keçirilib. İclası monitorinq və əlaqələndirmə qrupunun rəhbəri, Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova açaraq gündəlikdə duran məsələlərin əhəmiyyətini diqqətə çatdırıb. Məişət zorakılığından zərərçəkmiş şəxslərin sığınacağa yerləşdirilməsi ilə bağlı qanunvericilikdə olan boşluqlar, məişət zorakılığı faktları və üç aylıq hesabat iclasın gündəliyində duran əsas məsələlərdən olub. Daha sonra məişət zorakılığından zərərçəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş 8 qeyri-dövlət yardım mərkəzinin rəhbərlərinin də iştirakı ilə keçirilən iclasda zərərçəkmiş şəxslərin sığınacağa yerləşdirilməsi ilə bağlı yaranan çətinliklər, yardım mərkəzlərinin maddi texniki təminatının gücləndirilməsinin zəruriliyi və müvəqqəti saxlama mərkəzlərinin yaradılması ilə bağlı geniş müzakirələr aparılıb. Monitorinq və əlaqələndirmə qrupunun üzvləri iclasın yekununda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli, 367 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”nın 4.1.3, 5.1.1-ci bəndlərini nəzərə alaraq, yuxarıda qeyd olunan məsələlərlə bağlı aidiyyəti dövlət orqanlarına tövsiyələrin göndərilməsini məqsədəmüvafiq hesab ediblər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi