“Qərbi Azərbaycan Əsilli Gənclər: Tarixi Yurd və Ərazinin Milli Kimlik Məsələlərində yeri” adlı konfrans keçirilib

25 fevral 2025 09:19

Paylaş:

25 fevral 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Qərbi Azərbaycan İcmasının birgə əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycan Əsilli Gənclər: Tarixi Yurd və Ərazinin Milli Kimlik Məsələlərində Yeri” adlı konfrans keçirilib.

Konfransdan öncə “Qərbi Azərbaycan uşaqların gözü ilə” adlı sərgi nümayiş etdirilib.

Sonra Dövlət Himni səsləndirilib və Ulu öndər Heydər Əliyevin, eləcə də ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək bildirib ki, soydaşlarımız tarixi torpaqları olan Qərbi Azərbaycandan mərhələlərlə deportasiya olunub və bu proses zamanı ağır insan haqları pozuntularına məruz qalıblar.

Ə.Ələkbərli qeyd edib ki, minilliklər boyu formalaşmış maddi-mədəni irsimiz Qərbi Azərbaycandakı azərbaycanlıların izlərini silmək üçün məqsədyönlü şəkildə aparılan siyasət nəticəsində məhv edilib. Tarixi abidələr dağıdılıb, toponimlər dəyişdirilib, qəbiristanlıqlar yerlə-yeksan olunub, mədəniyyət nümunələrimiz saxtalaşdırılaraq başqa xalqlara aid edilib.

O, vurğulayıb ki, tarixi ədalətin bərpa edilməsi, soydaşlarımızın öz doğma yurdlarına geri qayıtmaları beynəlxalq hüquqa əsaslanan, legitim bir tələbdir. Bu gün uşaqların və gənclərin bu məsələlər haqqında məlumatlandırılması, onların tariximizi və hüquqlarımızı dərindən bilmələri gələcək mübarizənin uğurla davam etdirilməsi baxımından olduqca vacibdir.

Vurğulanıb ki, Qərbi Azərbaycan məsələsi yalnız deportasiya olunmuş insanların deyil, bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının problemidir. Bu səbəbdən hər bir vətəndaşımız bu məsələyə həssas yanaşmalı, tariximizin və mədəni irsimizin qorunmasına töhfəsini verməlidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında tədbirin əsas məqsədinin gənclərlə fikir mübadiləsi aparmaq, onların milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və gələcəyimiz üçün vacib məsələləri müzakirə etmək olduğunu bildirib.

O vurğulayıb ki, Azərbaycan gəncləri ölkənin inkişafında və milli maraqların qorunmasında mühüm yer tuturlar: “Biz dəfələrlə vətəndaş cəmiyyəti, siyasi partiyaların nümayəndələri və fəal gənclərlə birlikdə Qərbi Azərbaycan və Zəngəzur dəhlizi ilə bağlı həm beynəlxalq konfranslar çərçivəsində, həm də ölkə miqyaslı tədbirlərdə bu məsələləri qaldırmışıq və hesab edirik ki, gənclər bu prosesin fəal iştirakçısı olmalıdırlar”.

Bu gün də Qərbi Azərbaycan İcması ilə birlikdə təşkil etdiyimiz tədbirdə yenə də gənclər qarşısında çıxış etdiyini qeyd edən Komitə sədri, qarşıdakı dövrdə onların hansı məsələlərə diqqət etməsini, milli kimlik məsələsini, yurd və onun insanın formalaşmasındakı rolunu yenidən dəyərləndirilməsinə ehtiyac olduğunu onların diqqətinə çatdırılmasının vacibliyi vurğulayıb. Bildirib ki, məhz bununla başlanan işimiz Zəngəzura qayıdana, bu gənclərin qayıdıb orada öz ata-baba yurdlarına sahib çıxana qədər davam edəcək.

B. Muradova vurğulayıb ki, hədəflərimizə çatmaq üçün hər zaman olduğu kimi bu gün də doğru yoldayıq. İndi isə növbə Qərbi Azərbaycana qayıtmaqdır: “Mən inanıram ki növbəti qayıdışımız Qərbi Azərbaycana olacaq”- deyə o əlavə edib.

Ağsaqqallar Şurasının üzvü İlqar Abbasov Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb, bu prosesdə gənclərin üzərinə düşən məsuliyyətdən bəhs edib. O, bildirib ki, gənclərimiz tarixi yurd yerlərimizlə bağlı məlumatlı olmalı, milli kimlik məsələsində fəallıq göstərməli və bu həqiqətlərin dünya səviyyəsində tanıdılması üçün müxtəlif platformalarda fəal iştirak etməlidirlər.

Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Səbinə Xasayeva tarixi haqq və ədaləti özündə ehtiva etdiyi üçün Qərbi Azərbaycan məsələsini günümüzün ən aktual məsələlərindən adlandırıb. Bildirib ki, Qarabağ məsələsi həll olunduğu kimi, bir gün soydaşlarımız Qərbi Azərbaycana, öz doğma yurd-yuvalarına qayıdacaqlar. O, Qərbi Azərbaycan icmasının yaradıldığı qısa müddətdə nailiyyətlər qazanıldığı, müxtəlif istiqamətlərdə hədəflərə nail olunduğunu vurğulayıb və bundan sonra daha da ciddi addımlar atılacağına inamını ifadə edib. S.Xasıyeva, öz bacarıqları və imkanları çərçivəsində Qərbi Azərbaycan reallıqlarını dərindən öyrənərək, dünya ictimaiyyətinə çatdırmağın hər bir azərbaycanlının borcu olduğunu qeyd edib.

Digər çıxış edən Qərbi azərbaycanlı gənclər və uşaqlar, eləcə də Uşaq Səfirlər Məclisinin üzvləri Qərbi Azərbaycan torpaqlarını xalqımızın müstəqillik arzularını, milli mübarizə əzmini və qətiyyətini simvollaşdıran bir məkan adlandırıblar. Qeyd edilib ki, gənclərin tarixi yurdları ilə bağlı oynadıqları rol yalnız keçmişi yaşatmaqla məhdudlaşmır. Gələcəkdə daha çox gəncin bu məsələyə diqqət yetirməsi, tarixi mirasımızı qorumağa davam etməsi və milli şüuru daha da yüksəltməsi Azərbaycan xalqının gələcəyi üçün olduqca önəmlidir.

Çıxışlar dinlənildikdən sonra iştirakçılar öz fikirlərini səsləndiriblər. 

Yekunda çıxış edən Bahar Muradova uşaq və gəncləri Azərbaycanın ən qiymətli sərvəti və insan kapitalı adlandırıb. O, gənclərin Qərbi Azərbaycanla bağlı həqiqətləri öyrənərək beynəlxalq ictimaiyyətə çatdırmalarının, eləcə də bu məsələdə milli maraqları müdafiə etmək üçün üzərilərinə düşən tarixi məsuliyyəti dərk etmələrinin vacibliyini xüsusi vurğulayıb.

Qeyd edək ki, konfransın əsas məqsədi Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin uşaqlar və gənclər arasında təbliği, zəngin tarixi-mədəni irsinin təşviqi, bu istiqamətdə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər haqında məlumatlandırmaqdır.