Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Uşaqların kiber mühitdə müdafiəsi mövzusu müzakirə edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 4 iyun 2025-ci il tarixində insan alveri ilə mübarizə sahəsində “Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda dəyirmi masa keçirilib. Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd sağlam ruhlu, yaxşı təhsilli, xalqına, millətinə və dövlətinə sadiq bir nəslin formalaşdırılmasıdır. Bu sahədə koordinasiya və birgə fəaliyyətin əhəmiyyətini qeyd edən sədr müavini əlavə edib ki, bu istiqamətdə vətəndaş cəmiyyəti ilə əməkdaşlıq daha gücləndirilməli, kütləvi informasiya vasitələrinin, media nümayəndələrinin də potensialından səmərəli istifadə edilməlidir. Çıxışında müasir informasiya texnologiyalarının cəmiyyətə təsirindən danışan sədr müavini bildirib ki, uşaqların rəqəmsal təhlükələrdən müdafiəsi dövrün prioritetidir. Uşaqların rəqəmsal mühitdə müdafiəsi istiqamətində dövlət siyasətinin sistemli şəkildə həyata keçirildiyini vurğulayan A.Sofiyeva,bu sahədə görülən işlər və hüquqi çərçivə haqqında məlumat verib. O, həmçinin bildirib ki, uşaqların zərərli informasiyalardan qorunması sahəsində qəbul olunmuş qanunvericilik sənədləri bu istiqamətdə hüquqi tənzimləməni təmin edir. Çıxışının sonunda o, bu sahədə cəmiyyətin bütün təbəqələrinin – dövlət qurumlarının, media nümayəndələrinin və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığının vacibliyini vurğulayıb. Daha sonra “Uşaqların internet təhlükəsizliyi” mövzusunda sosial çarx nümayiş etdirilib. BMT-nin CEDAW Komitəsinin üzvü, Dr. Elgün Səfərov təqdimatla çıxış edərək, Azərbaycanda uşaqların süni intellektlə bağlı müdafiə mexanizmlərinin gücləndirilməsi haqqında fəaliyyət planı qəbul edilməsinin vacibliyini qeyd edib: “Nəzərə almalıyıq ki, insan alveri ilə bağlı yeni vasitələrdən istifadə etməklə törədilən cinayətlər qapıdadır. Bu, vacib siqnaldır. Uşaqlar sosial şəbəkələr vasitəsilə Azərbaycan dilində  ala biləcəyi məlumatlar azdır. Bununla bağlı hesab edirəm ki, qeyri-hökumət təşkilatları da iş aparmalıdırlar". Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Tofiq Cəfərli sosial medianın uşaqların gündəlik həyatındakı önəmindən danışıb. Nazirlik tərəfindən bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər barədə məlumat verən T.Cəfərli, nəzarət funksiyasının standartlara uyğun şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. ETX tərəfindən yayılması qadağan olunan informasiyalarla bağlı müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirildiyini bildirən rəis müavini, kibertəhdidlərlə mübarizə sahəsində qurumlar arasında koordinasiyalı fəaliyyətin həyata keçirildiyini bildirib.Təhlükəsiz internetin təmin olunmasının qarşıdakı dövr üçün əsas hədəf olduğunu vurğulayan rəis müavini, bunu  həm dövlətin, həm də cəmiyyətin birgə məsuliyyəti adlandırıb. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini, polis mayoru İmran Əliyev Nazirliyin bu sahədə gördüyü işləri diqqətə çatdırıb. Qeyd edib ki, kibercinayətkarlar uşaqlara dost kimi yaxınlaşaraq şəxsi məlumatlarını əldə edirlər. İ.Əliyev bu istiqamətdə media nümayəndələrinin də iştirakı ilə valideynlər üçün maarifləndirmə tədbirlərinin keçirilməsini vacib məsələ adlandırıb. O, uşaq axtarış sistemlərinin və xüsusi internet paketlərinin olmasının əhəmiyyətini diqqətə çatdırıb. Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov uşaqların real mühitdə olduğu kimi virtual aləmdə də təhlükələrlə qarşılaşdığını qeyd edib. O vurğulayıb ki, internet məkanında Azərbaycan dilində məzmunun artırılmasına ehtiyac var. Audiovizual Şurasının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı uşaqların kibertəhlükəsizliyi məsələsinin dövrümüz üçün aktual mövzu olduğunu diqqətə çatdırıb. O, Media haqqında Qanunda bu məsələ ilə bağlı mövcud olan bəndlərə diqqət çəkib. Maarifləndirmənin önəmini xüsusi qeyd edən Ayxan Sadıqlı, bu istiqamətdə media savadlılığının ən mühüm məsələ olduğunu əlavə edib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun mütəxəssisi Gülər Rzayeva haqqında danışılan mövzu ilə əlaqədar olaraq maarifləndirmə tədbirlərinin davamlı olmasının əhəmiyyətini qeyd edib. Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Məktəblinin dostu” layihəsinə diqqət çəkən G.Rzayeva, layihənin Bakı və regionlar da daxil olmaqla 78 məktəbdə 40 mindən çox məktəbliyə çatdığını qeyd edib. Dövlət Əmək Müfəttişliyi Xidməti Daxili nəzarət və normativ hüquqi sənədlərlə iş şöbəsinin müdir müavini Baxşiyeva Günel təqdimatla çıxış edərək uşaqların onlayn platformalarda əmək fəaliyyəti ilə bağlı qarşılaşa biləcəyi əsas təhlükələrə diqqət çəkib. O, rəqəmsal məkanda əmək istismarı riskləri və səbəbləri haqqında danışıb, bu istiqamətdə Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən işləri diqqətə çatdırıb. Dəyirmi masa uşaqların rəqəmsal təhlükələrdən qorunması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi və ictimai maarifləndirmə tədbirlərinin genişləndirilməsi barədə təklif və tövsiyələrin müzakirəsi ilə davam edib.

Ətraflı
Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Ailəm könüllüləri” ilə görüş keçirib

03 iyun 2025-ci il tarixində keçirilən görüşdə “Ailəm könüllüləri” proqramı çərçivəsində fəaliyyət göstərən könüllülərlə yanaşı, proqrama yeni qoşulan gənclər də iştirak ediblər. Görüş zamanı sədr müavini Aynur Sofiyeva dövlət komitəsinin gənclərin şəxsi və peşəkar inkişafına yönəlmiş təşəbbüslər həyata keçirdiyini vurğulayaraq, bu kimi layihələrin gənclərin ictimai həyata fəal inteqrasiyasında mühüm rol oynadığını qeyd edib. O, Komitənin təşkil etdiyi təlimlərin gənclərin bilik və bacarıqlarının artırılmasına, sosial məsuliyyət hissinin formalaşmasına xidmət etdiyini bildirib.  Aynur Sofiyeva çıxışında gənclərin Komitəyə verdikləri töhfəni yüksək qiymətləndirərək, onların təşəbbüskarlığını və fəallığını təqdir etdiyini söyləyib, göstərdikləri səylərə görə könüllülərə təşəkkürünü ifadə edib.  Görüşdə könüllülər təqdimatlarla çıxış edərək, fəaliyyətləri barədə ətraflı məlumat veriblər.  Davamında Komitənin könüllülərlə iş üzrə məsul əməkdaşları Rafiq Mahmudov və Dəniz Vəliyeva, proqram çərçivəsində həyata keçirilən tədbirlər və layihələr, eyni zamanda yeni qoşulmuş iştirakçılar barədə məruzə ilə çıxış ediblər.  Müzakirələrlə davam edən görüşdə təəssüratlarını bölüşən könüllülər, nəzəri biliklərin təkmilləşdirilməsində, eləcə də təcrübi bacarıqların əldə olunmasında Dövlət Komitəsindəki könüllülük fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, yaradılan şəraitə və dəstəyə görə təşəkkürlərini bildiriblər.  Yekunda könüllülük fəaliyyətini başa vuran gənclər sertifikatla təltif olunub.

Ətraflı
“Erkən evlilik və qohum evliliklərinin fəsadları” mövzusunda görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2025-ci ilin aprel-may ayları ərzində Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib. “Erkən evlilik və qohum evliliklərinin fəsadları” mövzusunda 187, 114, 179, 288, 185, 180 nömrəli tam orta məktəblərdə və “Tərəqqi” texniki-humanitar liseyində keçirilən görüşlərdən 900 nəfər iştirakçı faydalanıb. Görüşlərdə çıxışçı qismində Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşları Nailə İbrahimova, Rafiq Mahmudov və “Ailəm könüllüləri” proqramının iştirakçıları Suranə Cabbarova və Aydan Məmmədzadə iştirak ediblər. Görüş iştirakçılarına təqdimatla mövzu barədə ətraflı məlumat verilib, müzakirələr əsnasında şagirdlərlə birgə erkən evlilik və qohum evliliklərinin fəsadları barəsində fikirlər dinlənilib, eləcə də iştirakçılar qanunvericiliyə edilmiş son dəyişikliklərlə tanış edilib. Görüşlərdə “Çinartək qollarına sığındığımız böyük ailəmiz”, “Erkən nikaha son”, “Genofondumuzu qoruyaq” adlı sosial çarxlar nümayiş etdirilib.

Ətraflı
“Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirilib. 2 iyun 2025-ci il tarixində keçirilən dəyirmi masada il ərzində fəallığı ilə seçilən 100-ə yaxın uşaq iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu öndər Heydər Əliyev və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin, eyni zamanda müharibə qurbanı olmuş uşaqların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edib. Bu gün bütün dünyada uşaqların rifahı, hüquqlarının qorunması, onların firavan və layiqli həyatının təmin olunması məsələlərinin cəmiyyətin prioritet gündəmlərindən birini təşkil etdiyini vurğulayan Komitə sədri, onların sağlamlığı, təhlükəsizliyi, eləcə də bir şəxsiyyət və vətəndaş formalaşması üçün beynəlxalq ictimaiyyətin səylərini birləşdirdiyini əlavə edib. O, yer üzündə müxtəlif problemlərlə üzləşən, müharibə ilə qarşılaşan, valideynlərini və doğmalarını itirən uşaqların xüsusi diqqət mərkəzində olduğunu və bu problemlərin aradan qaldırılması üçün qlobal səfərbərliyin vacibliyini diqqətə çatdırıb. Azərbaycanda uşaqların rifahı və inkişafının dövlətin hər zaman diqqət mərkəzində olduğunu qeyd edən B.Muradova, ölkəmizin Uşaq hüquqları haqqında Konvensiyaya qoşulduqdan sonra bu prosesi müəyyən standartlar çərçivəsində və həmin sənəddən irəli gələn öhdəlikləri də nəzərə alaraq  yerinə yetirdiyini əlavə edib. Uşaqların həm öz hüquqlarının qorunması prosesində iştirakını, həm də təmsil etdiyi Azərbaycan uşaqlarının fikirlərini aidiyyəti istiqamətlərdə çatdırmaq üçün yaradılan Uşaq Səfirlər Məclisi platformasından faydalandığını dilə gətirən Komitə sədri, onları Məclisin yaradılmasının 5 illiyi münasibətilə təbrik edib və qeyd edib ki, onlar bu müddət ərzində təmsil etdikləri uşaqların səsi olmağı bacarıblar. Komitə sədri qeyd edib ki, “Mənim səsim – mənim hüquqlarım” adı cəmiyyətin fəal üzvünə çevrilən uşaqların fikirlərinin eşidilməsi, hüquqlarının tanıdılması istiqamətində səylərinin, eyni zamanda uşaqların yalnız qorunmalı yox, eyni zamanda dinlənilmək hüquqlarının olduğunu vurğulamağa xidmət edən bir platformadır. Bu gün qanunvericilik aspektləri, effektiv icra mexanizmlərinin yaradılması, eləcə də bu sahədə dövlət siyasətini həyata keçirən qurumların fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparacağıq: “Bu baxımdan sizin indiyəqədərki fəaliyyətiniz bundan sonra da qarşınıza yeni vəzifələr qoyur” – deyə B.Muradova əlavə edib.  Ölkədə uşaq siyasətinin həyata keçirilməsi sahəsində mövcud qanunvericilik bazasına diqqət çəkən Komitə sədri, bu əsasda bir sıra dövlət proqramları və fəaliyyət planlarının qəbul olunduğunu və ardıcıl şəkildə yerinə yetirildiyini bildirib. Hazırda ölkədə həm "Ailə Konsepsiyası" sənədi üzərində, həm də onun bir hissəsi ola biləcək uşaq hüquqlarının qorunması və təminatı məsələlərinə dair yeni sənədlərin hazırlandığını qeyd edən sədr, bu sənədlərə töhfə vermək üçün də gözəl imkanların yarandığını əlavə edib. Daha sonra “Uşaq hüquqları – hər bir uşaq üçün” adlı maarifləndirici video-çarx nümayiş etdirilib. Sonra təhsil və inkişaf, sağlamlıq, müdafiə, iştirak hüquqları istiqamətləri üzrə uşaqların təklif və tövsiyələri dinlənilib. Tədbir zamanı “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planı”na dair uşaqlar tərəfindən irəli sürülən təkliflərin müzakirəsi keçirilib, uşaq hüquqları ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib. Uşaq Səfirlər Məclisinin üzvləri Ömər Eyvazlı və Ayan Əhmədova Məclisin 5 illik hesabatını əks etdirən təqdimatla çıxış ediblər. Qeyd edilib ki, onlar fəaliyyətləri dövründə yüksək fəallıq nümayiş etdirərək həm layihələrdə, həm də təşəbbüslərdə nümunəvi çıxışları, liderlik bacarıqları ilə yadda qalıblar. Dövlət Komitəsinin sədri Bahar Muradova yekun nitqi ilə çıxış edərək, uşaqların fikir və təkliflərinə münasibət bildirib, onların qeyd etdiyi məqamların dövlət qurumlarının gələcək fəaliyyətində nəzərə alınacağına inamını ifadə edib. Uşaqları suveren hüquqlarını bərpa etmiş, qalib və zəfər ruhu ilə irəliyə baxan bir xalqın gələcəyi adlandıran B.Muradova, onlara gələcək həyatlarında uğurlar arzu edib.   Tədbirin sonunda 5 illiyini qeyd edən Uşaq Səfirlər Məclisinin yeni seçilmiş üzvlərinə vəsiqələr təqdim olunub və öz fəallığı ilə seçilən məzunları təşəkkürnamə ilə təltif edilib. Sonda xatirə fotosu çəkdirilib.

Ətraflı
Bahar Muradova Şuşada keçirilən beynəlxalq uşaq yaradıcılıq festivalında iştirak edib

1 iyun 2025-ci il tarixində Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib. Festivalın təşkilində məqsəd türkdilli xalqlardan olan uşaqları bir-birinin milli adət-ənənələri ilə tanış etmək, uşaqlar arasında dostluq, qardaşlıq, qarşılıqlı əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, onlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini iştirakçılara tanıtmaqdır. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan 300 nəfərə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edib.

Ətraflı
1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramı təşkil olunub

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xətai rayon icra hakiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı və Bakı şəhər Baş Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə konsert proqramı təşkil olunub. Konsert proqramında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova uşaqları bayram münasibətilə təbrik edib. B.Muradova qeyd edib ki, uşaq hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi cəmiyyətimizin ən vacib vəzifələrindən biridir. Hər bir uşağın sevgi, qayğı və diqqətə layiq olduğunu vurğulayan Komitə sədri onu da əlavə edib ki, hamımız onların xoşbəxt gələcəyi naminə birgə çalışmalı, birliyimizi və məsuliyyətimizi daim uca tutmalıyıq. Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində təşkil olunan və gözəl əhval-ruhiyyə ilə keçən konsert proqramında bir çox tanınmış incəsənət xadimi ilə yanaşı azyaşlılar da maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Rayonun təhsil və mədəniyyət müəssisələrinin şagirdlərinin, şəhid və qazi övladlarının da iştirak etdiyi tədbir böyük coşqu ilə davam edib.

Ətraflı
Regionlarda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə əyləncəli tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Zərdab, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən rayon idarə və müəssisələrlə birgə mərkəzlər, təhsil müəssisələri və istirahət parklarında “İnsan Hüquqları Aylığı” çərçivəsində və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqların dəb dünyası” adlı əyləncəli tədbirlər keçirilib. Tədbirlərdə uşaqların iştirakı ilə dəb nümayişi təşkil edilib, münsif qismində çıxış edən uşaqlar həmyaşıdlarının təqdimatını qiymətləndiriblər. İştirakçılarda xoş əhval-ruhiyyə yaradan tədbirlər uşaqların maraqlı rəqs nömrələri ilə də yadda qalıb. Yekunda uşaqlara təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Ətraflı
Milli Məclisin plenar iclasında gender bərabərliyi ilə bağlı 2024-cü il üzrə məlumat dinlənilib

30 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2024-cü il üzrə məlumatla çıxış edib. Məlumat, “Gender bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq, 3 əsas istiqaməti əhatə edib: 1. Gender bərabərliyinin təmin edilməsilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və dövlətin vəzifələri; 2. Gender bərabərliyinin müxtəlif sahələr üzrə təminatı; 3. 2024-cü ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələr. Deputatların müzakirələrindən sonra illik məlumat səsverməyə qoyularaq qəbul olunub. Hesabat:   “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-ci il üzrə  məlumatı  Çıxış:    Bahar Muradovanın çıxışı  Təqdimat: Gender hesabatı 2024 (təqdimat)  

Ətraflı
Regionlarda növbəti “açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 29 may 2025-ci il tarixində növbəti “açıq qapı” günü keçirilib. Bakı şəhəri Xəzər rayonunun Binə, Ağdam rayonunun Xındırıstan, Goranboy rayonunun Mənəşli, Hacıqabul rayonunun Qarasu, Qəbələ rayonunun Yemişanlı, Saatlı rayonunun Qaracalar, Sabirabad rayonunun Minbaşı, Zaqatala rayonunun Qandax, Zərdab rayonunun Şahhüseynli, Göygöl rayonunun Balçılı, İsmayıllı rayonunun Quşencə kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, psixoloji konsultasiya, aliment, əlilliyin müəyyən edilməsi, müalicə, sosial müavinətlər, işlə təmin olunma, yaşayış şəraitinin yaxşılaşdırılması, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması və ünsiyyət problemi ilə bağlı müraciətlər yer alıb. “Açıq qapı” günündə vətəndaşın müraciətləri dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.

Ətraflı