Xocalı soyqırımından 33 il ötür

26 fevral 2025 11:43

Paylaş:

Bu faciə ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində həmişə bir vəhşilik aktı kimi yadda qalacaq.

Dövlət qurumları, xaricdə yaşayan soydaşlarımız, vətəndaş cəmiyyəti institutları, xüsusən, Heydər Əliyev Fondu Xocalı soyqırımının unudulmaması və beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün əzmlə fəaliyyət göstərmişlər. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” maarifləndirmə kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsi ilə bağlı məlumatlılıq artırılmış, bir sıra tədbirlər, təqdimatlar, sərgilər keçirilmiş, kitab və məqalələr dərc edilmişdir.

Uzun illər işğal altında qalan Xocalı şəhəri 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində ucaltdığı şanlı bayrağımız Azərbaycanın gücünü dünyaya bir daha nümayiş etdirdirərək, xalqımızın milli birlik və azadlıq uğrunda mübarizəsini əbədiləşdirdi.

Ötən il ilk dəfə olaraq soyqırımı qurbanlarının xatirəsi işğaldan azad olunmuş Xocalı şəhərində anıldı, mərasimdə iştirak edən Prezident cənab İlham Əliyev Xocalı Soyqırımı Memorialının təməlini qoydu.

Azad olunduqdan sonra qısa müddət ərzində Xocalı şəhərində bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir, şəhərin infrastrukturu yenidən qurulur. Xüsusilə ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təmir və yenidənqurmadan sonra istifadəyə verilən çoxmənzilli binalar əhalinin sevincinə səbəb olub.

Görüşlərdə Prezident qürur hissi ilə vurğulayıb ki, burada insanlar rahat, təhlükəsiz və xoşbəxt yaşaması üçün Azərbaycan dövləti bundan sonra da hər şeyi edəcəkdir: “Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz idi. Çünki müharibədən və işğaldan, Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, gənc insanlar həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar”.

Bir zamanlar yurdlarından didərgin düşən sakinlər artıq yenidən dirçələn doğma şəhərlərinə qayıdırlar, Xocalı səmasında dalğalanan şanlı bayrağımıza fəxr hissi ilə baxırlar.

Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq və Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.